Xəyalə Quliyevadan şeirlər
Poeziya
Məni məndən yaxşı tanıyırsan deyilmi?
Onda sabah mənim harda olacağımı de
Mən bilən,
Sənin icazənlədir yaşamaq, ölmək
Sabah nəfəs alacağımı
çox istəyərdim bilmək
Sabah Günəş doğacağmı ömrümə?
Ya elə Ay ilə
Vidalaşacam həyat ilə?
Birdə görəcəmmi yağışı, qarı?
Bir də güləcəmmi barı?...
05.12.2021
****
Gülməyin özü də şücaətdir!
İndi insanların üzü gülmür heç.
Hayana çevirsən başını
Bu da gülmür, bunu keç!
Bu da qaşqabaqlıdır.
Bunun da çatılıb qaşı,
Bu da dəymədüşərdir,
Hirsdən ağarıb başı
Bunun da cibi boşdur,
tamam bitibdir maaşı
Bir körpə də boylanır,
anasının qoynundan
Baxır oyan-bu yana
Gülə-gülə gözləri.
Heç kim baxmır körpəyə
Biri telefonladır
Birinin də dikilib ayağına gözləri
Biri fikirləşir ki, sabah pul verməliyəm
Pul verən, vaxta xəsislik edib,
niyə belə az verib?
Biri fikirləşir ki, mirasa qalmış xərçəng
Nə vaxt mənim canıma belə metastaz verib?
Biri fikirləşir ki, qonşum yaman qazanır
O biri düşünür ki, niyə onun qonşusu
Qohumundan qız alır?
Biri fikiləşir ki, pulum olsaydı maşın alardım
O biri heç nə fikirləşmir
Tənhalıqdan ölümə gedir addım-addım...
Kaş ki, onlar o körpəni görəydilər
Onunla bir güləydilər
Onun gözlərinə baxardılar
Tanrı da bu gülüşü yazaydı öz dəftərinə
Bəlkə günə çıxardılar...
05.12.21
****
Həyatı addım-addım
Pillə-pillə gedirəm
Yuxarımı çıxıram?
Aşağımı enirəm?
Düzü mən də bilmirəm...
Amma ümidlərlə, arzularla yaşadım
Məğlub oldum, getmədim mən,
Lap yenidən başladım.
Hər günümə Günəş doğdu ümidlərimdən,
Hər gecəmi xəyallarla başa vurdum mən.
Hər çətini asan etdim,
Ümid verdim özümə
Ümidlərim bir nur oldu, yağdı Göyün üzünə...
Səma kimi geniş etdim qəlbimi
Heyf amma çox gec bildim qədrimi.
05.12.21
****
Vertolyot qəzasında həyatını itimiş əzizlərin ruhuna ithaf edirəm!
Başın sağ olsun Vətən!
Sənə canın qurban deyən igidlər
Bu gün qurban getdilər!
Yaşayarkən uca tutub adını
Hər an sənin keşiyində durdular
Bu gün şəhid oldular...
Cavan-cavan vücudlar
Nə xəstəlik tapdılar,
Nə saralıb soldular,
Bir qara an içində
Yanaraq kül oldular!
Bu gündən beşik olar onlara sənin sinən
Qoru onları sən də
İsti et qucağını
Onlar keşik çəkərək
Qoymadılar ki, sönsün
Vətən sənin odunu, istini, ocağını
Sən də Vətən unutma Səma igidlərini
Yağışlara, qarlara səslən ki, yağmasınlar
Küləklərə söylə ki, əsməsin qışdan-yaya
Qonaqların şahlardır, igidlərdir bu gecə
Çətin, bir də onlardan gələ bilə dünyaya...
30.11.2021
****
Bu gecə evinə od düşən anaların
Ahı göyü dələcək...
Hayqıracaq cahana:
“Balam nə vaxt gələcək?
Nə vaxt göydən enəcək?
Səmalarda qalacaq bundan sonra gözləri
Balam səmada qaldı
Səma aldı balamı!
Buludlara həkk oldu onun ayaq izləri
Səma, geri ver mənə
Balamı qaytar geri!
And verirəm mən sənə bütün müqəddəsləri
Balamın bircə teli
Əlimə gələydi kaş
Sonra istəsə lap
Səmadan yağardı daş...”
01.12.21
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun: