Edebiyyat.az » Poeziya » Kənan Hacıdan şeirlər

Kənan Hacıdan şeirlər

Kənan Hacıdan şeirlər
Poeziya
admin
Müəllif:
07:19, 07 aprel 2022
1 457
0
Kənan Hacıdan şeirlər.




Təsəlli kolleksiyası

İbrahim Selə 

Zaman geriyə doğru axır,
gələcək keçmişə çevrilir, Sel. 
Köhnə Bakı indi bizə fotoşəkillərdən baxır,
keçmiş zamanın unudulmuş tinində təsbeh çevirir
qocalıb əldən düşmüş fel.
Hələ də Stalinin Qafqaza sevgisinə sığınmış 
bərbərlər, sürücülər, pinəçilər
onun  fotosunu üzlərinə tutub
arxa çevirirlər indiki zamana, gələcəyə. 
Onlar mətin bolşeviklərin nəvələridir,
ataları Leninin şəklini döydürmüşdü sinəyə,
onların yazılmamış qanunları vardı,
kommunizmə aparan yollar onları da özüylə apardı...
qocaların təsəlli kolleksiyasında 
indi tək bir cümlə asılıb çılpaq divarda:
sabah hər şey əvvəlki kimi ola bilər...    


Dodaqlanmayan saitlər

Qadın fəth olunmaq istəyir,
onun gücü təslimiyyətindədir,
atlı qadın pozası 
onu daha mükəmməl göstərir,
hər dəfəsində özünü təsdiqləyir,
qadın bir az da güclənir, 
kişi bir az da zəifləyir...
həzzin çığırtısı
dodaqlanmayan saitlər şəklində
çıxır ağzından,
doymaq bilmir cənnət meyvəsinin dadından
...və beləcə, yaranır insan.


Eşq və ölümün tarixi

Ayrılığın məbədində 
yan-yana uyuyur ölüm və eşq,
milyon illərdir hər kəs
öz xəyallarını yazır
dənizin əbədi açıq qalan səhifəsinə,
Ay işığının saçları dağılır dənizin sinəsinə.
Anubisin sehrli gözü Osirisi həyata qaytaranda
eşq və ölüm
milyon illik yuxudan
eyni vaxtda ayıldılar,
dənizlərin sirrini açıb-tökdü balıqlar...
Ayrılıq məbədi 
yeni qurbanlarını gözləyirdi.
Dəniz ləpə əllərini çırpdı dizlərinə:
Adamdan qurban olmaz!
Dəniz heç vaxt yanılmaz...
Aramızdakı dumanda itmiş buzqıran gəmilər,
onlar nə bilər
eşq ilə ölür bütün aşiqlər?!
Hələ də sevişirik yuxumuzdakı çarpayıda,
Ayrılıq məbədində
ölüm və eşq yan-yana uyuyur hələ də...



           *****
Gecələr yatmağa qoymaz səni 
gecikdiyin qatarların səsi...
küləyin izi qalar yuxularında,
uzaqlar keçmişə sürüklər səni,
ayrılıqdan sonra da yaşayar sevgi,
sən keçmişi təkrarlayarsan,
gözlədiyin qatar
gələcəkdə gözləyər səni... 


      Adam olmaq...

Qışda şaxtanın gücünə güc qatan,
dənizin qəzəbini körükləyən külək
yayda insanlara qarşı daha humanist olur, 
Günəş yayda qəddarlaşır, 
hərçənd biz hər gün üfüqdə
onun yolunu gözləyirik, bütün il boyu...
Küləş daxmaların damından
ya da bir çopur qayanın başından
dənizə daş atan uşaq, 
atdığın daş Günəşə dəyə bilər, 
nə olsun üfüqdə görünmür hələ...
Dəniz yayda daha amansız olur, 
hər gün qurban tələb edir əjdaha kimi,
yaşamağın bir yolu da üzməyi bacarmaqdır, 
axına qarşı üzəndə Günəş olursan, 
axınla üzəndə balıq, 
dənizdə batanda adam olursan...

Çilov adasında bir axşam

Elvin Rizvangil üçün

Çəhrayı üfüqlər kənd axşamlarının həyəcanıdır,
Günəşin müdafiə xəttidir. 
Ayağını əyləcə basmış "Kamaz" sürücüsü
sanki keçmək istəmir bir parça işığın üstündən,
əks halda qaranlıq çökər aləmə, 
Ada çevrilər büsbütün cəhənnəmə.
İşıq dirəkləri günahkar adamlar kimi
başları yerə dikili, içində tarıma çəkilmiş elektrik simi,
Günəşin qürubunu gözləyir onlar,
bir azdan öz varlıqlarıyla qürrələnəcəklər...
Çopur asfaltın canında Günəşin hərarəti
bəs edər ona səhərə qədər,
səhərə qədər işıq düşən yerlərdə
itirdiyi ömrün qırıntılarını axtarar
bir söz divanəsi,
heç olmaz bu işıqların başına dolanacaq pərvanəsi...
Suda ya quruda yaşadığını unudar,
bu yolda piyada keçidinin olmadığını
büsbütün unudar... 







Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)