Edebiyyat.az » Poeziya » Habil Yaşar - Ümidsizlik nəğməsi

Habil Yaşar - Ümidsizlik nəğməsi

Habil Yaşar - Ümidsizlik nəğməsi
Poeziya
admin
Müəllif:
18:25, 12 may 2022
3 314
1
Habil Yaşar - Ümidsizlik nəğməsi



Zibilqabı yanında,

zibillik eşələyən,

qoca, nurani kişi,

Yamanca deyinirdi.

O, bəzən gülümsəyir,

bəzənsə...


Ah, mənim amansız qara taleyim,

Məni məhrum etdi işıqlarından. 

Yoluma daş qoydu bu həyat mənim,

Heç üzüm gülmədi uşaqlığımdan.


Ey cansız və ruhsuz, kor zibilqabı,

Bilirəm zərrə də duymursan məni.

Bəlkə də hissimdə yanılıram mən,

Məni məndən yaxşı anlayanım sən…



Hər gün ətrafında fırlandıqca mən.

Sən mənə baxırsan oyuncaq kimi. 

Halbuki mənim də xəyallarımda, 

Gələcək var idi çox parlaq kimi. 


Sənin ətrafında fırlanan kimi, 

Mənim dörd yanımda  tamaşaçılar, 

Belə fırlanardı xəyallarımda, 

Ah, mənə qıymadı xəyallarım da. 


Gözlərim kor ola görməyəydi kaş, 

Qaranlıq dünyamın qaranlığını. 

Ya məni heç anam doğmayaydı kaş, 

Ya da ki, doğaydı bəxtəvər kimi... 


Ah, yenə anamı qınayıram mən, 

Yazığın özü də  bədbəxt adamdı. 

Taleyin amansız sınaqlarından, 

Onun da heç üzü gülmədi əfsus…

İndi torpaq altda qəm çəkir yenə, 

Bu bədbəxt oğlunun bədbəxtliyinə. 


Həm cansız, həm ruhsuz yarandığından, 

Bəlkə də xoşbəxtsən ey zibilqabı, 

Nə bilim bəlkə də elə deyilsən… 

Olmaya  mənim tək gileylənirsən, 

Sən də taleyinin dönüklüyündən. 


Bu ara adamlar keçir yanından, 

Kinayə baxışlar, kəskin baxışlar. 

Fələyin rəhmsiz oyunlarından, 

Min qat daha  betər öldürür onu…


Bumudur  ədalət? bumudur həyat? 

Hər an bir-birindən daha narahat. 


O, baxır ətrafa gözlərində qəm, 

Adamlar şeytan tək görünür ona. 

Yer üzü deyilən sanki cəhənnəm, 

Yox “sanki” artıqdır, özüdür ki, var, 

Elə cəhənnəmin özüdür ki, var... 


Keçir əllərinə neçə cür əşya, 

Hər əşya kimsədən bir xatirədir. 

Qəfildən əlinə toxunan nəsə, 

Onu yerindəcə yaman titrədir. 


Astaca qaldırır onu göylərə, 

Baxır həsrət dolu, intizar dolu. 

Onsuz fəsillərə, onsuz illərə, 

O, qədəm qoyurdu ahuzar dolu. 


Qabarlı əlləri toxunur simə, 

Azacıq musiqi səsləndirərkən, 

Hönkürtü qoparıb yıxılır yerə, 

Ağlayır məhv olmuş o ümidlərə. 


Ancaq skripka da düşmür əlindən, 

Bağrına basaraq qucaqlamışdır. 

Onun qoxusuyla, musiqisiylə, 

Cənnəti dünyada o yaşamışdır. 


Yenidən adamlar keçir yanından, 

Necə də duyğusuz, ruhsuz və cansız. 

Ölmüş ürəklərə təsir edərmi? 

Musiqi sədası, insan həyatı, 

Bax budur həyatın sonsuz təzadı. 


Bir anlıq xəyala qapılır qoca, 

O, böyük səhnədə cürətə gəlir. 

Kiçikdən böyüyə  tamaşaçılar,

Musiqi səsindən heyrətə gəlir. 

Mələklər də səsin seyrinə gəlir. 


Onun taleyinin gözləri kimi, 

Ətrafda bərq vurur rənglər, işıqlar. 

Dünya nə gözəldi, necə gözəldi, 

Onun hər anında bir yaraşıq var. 



Hər kəsdən bəxtiyar bir insan kimi, 

Unudub kədəri, unudub qəmi, 

Taleyə təşəkkür eləyir qoca. 

Başı zirvələrdən daha da uca. 

Ona yaraşardı ah bu ucalıq, 

Bəlkə də şansı var, amma qocalıq, 

Həm taqət, həm  gücdən salmışdı onu…

Yox, yox yanılıram gülərsə gözlər, 

O qüvvət, o taqət qayıda bilər. 

Qocalıq da özün cavanlaşdırar, 

Əksinə, 

Cavanlıq da özün qocalaşdırar. 


Bax budur həqiqət, budur reallıq, 

Fərqi nə qocalıq, yoxsa cavanlıq. 



Anidən bir cavan tutur qolundan, 

Ayırır gül kimi xəyallarından. 

Bax beləcə bitir nağılın sonu, 

Azacıq sevincə tab gətirməyib, 

Tale xoşbəxtikdən ayırır onu. 

Yenidən qayıdıb bu cəhənnəmə, 

Qərq olur amansız kədərə-qəmə. 

Dünya başdan-başa düşür gözündən, 

Bir tək skripka, o sirli alət,

Azacıq da olsun düşmür gözündən. 

Sıxıb əlləriylə yoxlayır onu,  

Körpə tək sevgiylə qoxlayır onu. 


Gözünün işığı,  bircə dənəsi, 

Amansız taleyin xoş hədiyyəsi, 

Məhz bu  skripka mübaliğəsiz, 

Yeganə səbəbdir xoşbəxtliyinə. 

Əlini göylərə qaldırıb yenə, 

Şükürlər eləyir yaradanına, 

Ən böyük sevinci bəxş edib ona. 


Yük götürüldü canımdan, unuduldu qayğılar. 

İlahi xoşbəxtliyim bu şeirlə yaşandı.

Ah necə də gözəldir kama yetmiş arzular, 

Zamanın özü belə müvəqqəti dayandı


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (1)