Cavid Musadan yeni şeirlər
Buralar qaranlıqdır,dostum!
Burda göz-gözü görmür.
İşıqlıqda olanları biz görürük,
İşıqlıqda olanlar bizi görmür.
Buralar qaranlıqdır,dostum!
Gözlərim görür gecəni,
Gözlərim gündüzü görmür.
Burda üzlər qaralıbdır,
Burda üzlər-üzü görmür.
Buralar qaranlıqdır,dostum!
Möcüzələr işıqlıqda olarmış.
Gözlərim möcüzü görmür.
Buralar qaranlıqdır,dostum!
Qulaqlarım sözü eşidir,
Hamı bir-birində səhvi görür,
Hamı bir-birində düzü görmür.
Bilmirəm dostum, sən de.
Bəlkə mən səhv edirəm?!
Bəlkə hər yer işıqlıdır?!
Bəlkə gözlərim kordur,
Bəlkə gözlərim özü görmür?!
***
Yollar
Yollar
Mən yolları sevirəm.
Yollar yaşayan mələklərdir.
Yollar bitmir,
Yollar arzu - diləklərdir.
Torpaq yol yağışda islanar.
Günəşdə parıldamaz.
Yolunu tanıyan kəs,
Yarı yolda qalmaz.
Bir gecə yarısı,
bir də sübhün alaqaranlığında,
Yollar tənhadır.
Necə də sevinir Allah?!
Yollar ayaq səsləri eşidir, bir anlığında.
Sən yolu getmirsən,
Yollar səni aparır.
Sən mənzilə yetmirsən,
Yollar mənzilə varır.
***
Qorxuram
Hər gecəni qorxu ilə yaşayıram.
Hər sabahı qorxu ilə oyanıram.
Mən qorxunu yaşadıram.
Qorxu mənsiz qala bilmir.
Mənsiz nəfəs ala bilmir...
Günahsız insanların
taleyini izləməkdən, qorxuram...
Yalan deyil, düz deməkdən qorxuram.
İnsanlar vəhşiləşibdir,
Adamlara söz deməkdən qorxuram...
O qədər qorxuram ki,
Ağlımı da itirmişəm.
Döyüşən, dərdlərimə sinə gərən
Ruhumu da bitirmişəm.
Uçurumun kənarında dayanmışam.
Yaşamaqdan usanmışam.
Həyatım naxışlı drama bənzəyir.
Döyüşün ortasında,
Mühasirədə, köməksiz qalan
yaralı adama bənzəyir.
Ya öləcək, ya da gələcək...
Qulaqlarımda cingiltili səs deyir:
Bütün ölkə qorxudan əziyyət çəkir.
Ruhunu azad elə,
Azadlığı üçün çox həsrət çəkir.
Qalx ayağa, yürü...
Yürü yaxşı gələcəyə...
Hər şey yaxşı gələcək deyə...