Edebiyyat.az » Poeziya » Gülay Tahirli - Yenə ən kədərli günlərdən biri idi bu gün

Gülay Tahirli - Yenə ən kədərli günlərdən biri idi bu gün

Gülay Tahirli - Yenə ən kədərli günlərdən biri idi bu gün
Poeziya
admin
Müəllif:
22:52, 11 sentyabr 2023
761
0
Gülay Tahirli - Yenə ən kədərli günlərdən biri idi bu gün





Yenə ən kədərli günlərdən biri idi bu gün,

Daradım saçımı bircə-bircə, incə-incə,

Topladım arxadan,

Xoşum gəlmədi, açıb bir də topladım.

Geyindim ən gözəl paltarımı, oturdum evdə.


Yenə ən kədərli günlərdən biri idi bu gün,

Dəmlədim qəhvəmi, bol köpüklü, şəkərsiz,

Hərkəsləşmək keçdi könlümdən,

Çevirdim fincanı, falıma baxım,

Unutdum, qaldı eləcə.


Yenə ən kədərli günlərdən biri idi bu gün,

Playlistimdə olmayan mahnılardan tapdım,

Rəqs etdim doyunca.

Yana-yana qaldı kədərim,

Hiss etdirmədim, mən də yandım.

Yandım, amma dayandım!


Yenə ən kədərli günlərdən biri idi bu gün,

Savaşdım gözlərimlə, onlar qaçdı,

Mən tutub çəkdim yollardan,

Savaşdım sözlərimlə,

Boğa-boğa öldürdüm.

Savaşdım əllərimlə, yazılmadı o mesaj,

Çalınmadı o zəng.


Yenə ən kədərli günlərdən biri idi bu gün.

Gətirdim kitabımı,

Tutdum keçmişin qabağına, oxudum.

Səsli oxudum

Eşidilmək üçün özünü didən

Bütün səslərin acığına.


Yenə ən kədərli günlərdən biri idi bu gün,

Qucaqladım yastığımı,

Üzdü içindəki qaz lələkləri,

İnandılar nə vaxtsa

Təzədən quş olacaqlarına.

Onlar inandı, mən də inandım.


Yenə ən kədərli günlərdən biri idi bu gün.


11.09.2023

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)