Edebiyyat.az » Poeziya » Yuz Aleşkovski (1929-2022) - Stalin haqqında nəğmə

Yuz Aleşkovski (1929-2022) - Stalin haqqında nəğmə

Yuz Aleşkovski (1929-2022) - Stalin haqqında nəğmə
Poeziya
admin
Müəllif:
16:50, 23 sentyabr 2023
377
0
Yuz Aleşkovski (1929-2022) - Stalin haqqında nəğmə






 


Sizin, yoldaş Stalin, ağlınıza söz olmaz –
Siz böyük alimsiniz, yox dünyada tayınız.
Mən yazıqsa adicə bir sovet dustağıyam,
Bir bezin qırağıyıq elə burda hamımız.

İndiyəcən bilmirəm, vallah, günahım nədi,
Amma prokurorlar çox güman ki, haqlıdır.
Çarın bir vaxt sizləri sürgünə göndərdiyi
O uzaq Turuxanda əlim-qolum bağlıdır.

Götürdük boynumuza qoyulan hər günahı,
Məşəqqətli taleyin hər cür oduna yandıq.
Yox, bizi qınamayın, yoldaş Stalin, axı
Biz sizə özümüzdən daha çox inanırdıq.

Və budur, oturmuşam indi də Turuxanda,
Keşikçilər it kimi quduzlaşıb, bədləşib.
Çox da qanmaz deyiləm, bilirəm bu yaxında
Sinfi mübarizəmiz ciddiləşib, sərtləşib.

Hər tərəf qar-yağışdı, hünüdü, mığmığadı,
Bax, bu uzaq Tayqada belə keçir günümüz.
Bir vaxtlar qığılcımdan törətdiyiniz odun
İstisinə qızınır canımız gecə-gündüz.

 

Ürəyimiz sızlayır bu qarda, bu şaxtada,
Gündüzlər gözümüzlə görürük cəhənnəmi.
Ölü kimi yatırıq gecələr quru taxtda,
Yuxumuz qaçaq deyil bəzi rəhbərlər kimi.

Yuxumuza girirsiz kiteldə, boz kepkada –
Partiyanın sütunu, ölkəmizin dayağı!
Biz də divan tuturuq meşələrə Tayqada,
Burda qırıb-çatırıq lap Stalinsayağı.

Dünən iki marksisti gömdük qara torpağa,
Bürüdük al qumaşa bir cüt cansız cəsədi.
Biri sağçıydı, hərdən meyillənirdi sağa,
O birinin bilmədik amma günahı nədi.

Son nəfəsdə dikəlib pıçıldadı o yazıq
Və sizə ünvanladı son sözü, son kəlməni:
İstəyir öz işinə bir də baxılmasını –
Dedi ki, bəs “Stalin başbiləndi, kəllədi!”

Sizə min il yaşamaq arzulamaqdır peşəm!
Yoldaş Stalin, burda canım çıxsa da, ancaq
İnanıram ürəkdən: adambaşına düşən
Çuqun, polad sarıdan bir korluq olmayacaq.

Çevirəni Mahir N. Qarayev

P.S. 

Ömrünün bir neçə ilini həbs düşərgəsində keçirən, düşərgə şeirlərinə mahnılar bəstələyib ifa edən Yuz Aleşkovskinin bu məşhur nəğməsinin mətni 1978-ci ildə “Metropol” almanaxında dərc olunandan sonra müəllif ölkəni tərk etmək məcburiyyətində qalıb, Amerikaya mühacirət edib və ötən il ABŞ-ın Florida ştatında dünyasını dəyişib. 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)