Nicat Hunalpdan yeni şeirlər
Bir ağrı var ürəyimin içində
Məlhəmi yox, davası yox, həbi yox,
Könlümün də şeir yazmaq təbi yox,
Bir ağrı var ürəyimin içində
Tanrı bilməz, Tanrı duymaz yerdəyəm,
Ruhum dalğın meyə uymaz yerdəyəm,
Tanrı məni göyə qoymaz, yerdəyəm
Bir ağrı var ürəyimin içində
Mən gecikdim yenə vallah bu köçə,
Doğma gəlmir daha bu yol, bu küçə,
Ağrılarla yaşayıram iç-içə,
Bir ağrı var ürəyimin içində
Mən nə hayda, bu dünya nə haydadı,
Ömür-günüm gah yasda, gah toydadı,
Mən çəkdiyim həsrət Araz boydadı,
Bir ağrı var ürəyimin içində
Saçlarıma daraq küsüb daramaz,
Məni daha bir dost-tanış aramaz,
Dinc qoymurki rahat qalam yaramaz,
Bir ağrı var ürəyimin içində
Atlar ataları hara apardı?
Torpağa qarışdı qılıncda, oxda,
Atlar ataları hara apardı?
Qulağımdan getmir o nalə, ahda,
Atlar ataları hara apardı?
Savaşlar görmüşdü o köhlən atlar,
Yalmanı qan görmüş o yüyən, atlar,
Ölümün üstünə yürüyən atlar,
Atlar ataları hara apardı?
Qaynadı savaşda, coşdu savaşda,
Min illər kükrədi qoşdu s avaşda,
Küləkdən itidi, quşdu savaşda,
Atlar ataları hara apardı?
Hardadı o murad, o baxt atları,
O mülk xaqanları, o taxt atları,
Tarixə çevirdi o vaxt atları,
Atlar ataları hara apardı?
Qılıncı qınında ölən igidlər,
Taleyi üzünə dönən igidlər,
Bilsəniz mənə də deyin igidlər,
Atlar ataları hara apardı?
Atlarla yaşıddı dünyanın yaşı,
Atlar savaşçının dostu, qardaşı,
Əyil qulağıma de, at yaddaşı,
Atlar ataları hara apardı?
Hayana ayrıldı bu yol, bu cığır,
Tarixin yükünü çəkmək nə ağır,
Dəli atım, köhlən atım bir çağır,
Atlar ataları hara apardı?
Cismi torpaq, ruhu göyün üzündə,
Nə təlaşlar, nə qorxular gözündə,
Atlar getdi ataların izində,
Atalar atları hara apardı?
Atlar ataları hara apardı?
Məndə bilmirəm qardaşım
Mən də bilmirəm qardaşım,
Bu gün ya sabah bilmirəm
Bizi kim çıxaracaq ki,
Ağ günə vallah bilmirəm
Əlimizin duzu varmı?
Alnımızda yazı varmı?
Qonşumuz Akif dayıda,
Kabablıq bir quzu varmı? Bilmirəm
Üzü bir biçimdə qalan,
Hamıdan xəbərsiz bir küçə,
Hər kəsdən uzaq bir dalan,
Qalıbmı? Bilmirəm
Məndə yaşamaq qorxusu,
Yuxum Əshabi Kəhf yuxusu,
Burnumda torpaq qoxusu,
Mənə yer varmı? Bilmirəm