Tofiq Abdindən şeirlər
* * *
bəlkə... bir daha şeir yazmadım
yazmamağımın min bir nədəni var
bəlkə
min birdən də çox
minindən biri
bu dünyadan gedəndə
onları tapşıra biləcəyim
kimsəm yox!!!!!!!!!
* * *
bu qorxu o tindəymiş
həmən qarşıma çıxdı
çıxıb bir yad gözündən
həmən içimə axdı
mən necə görməmişəm
mən necə kor olmuşam
bu yaşda bu qorxunu
içimə doldurmuşam
ha çapala, ha vuruş
ata bilmərəm onu
heç belə gözləmirdim
mən ömrümün sonunu
yazıq ömrümə yazıq
məni güdürmüş bu şər
atalar düz deyirmiş
qorxan gözə çöp düşər
* * *
bu yaşda sevmək üçün
havalanmaq gərəkdi
bu yaşda sevmək üçün
sevdalanmaq gərəkdi
o da mənim əlimdə
bu da mənim əlimdə
ortada ağlın gücü
adın mənim dilimdə
adına od düşəcək
içimdəki alovdan
üz tutacaqsan mənə
bir gün söküləndə dan
çətin gəlib çıxasan
ayrılığın içindən
durmusan durduğun yerdə,
yad adam var içində...
gəlib çıxa bilməzsən
ayrılıq yaşayırsan
sən elə gəlirsən ki,
gedənə oxşayırsan...
* * *
hara gedir bu məmləkət görəsən
gedir şellənə-şellənə
qarşıdan bir bəla gəlir
aman yellənə-yellənə
adamları adamlıqdan çıxıbdı
boyunbağı körpüləri taxıbdı
öz əliylə öz evini yıxıbdı
yollarını daş- kəsək yox
sular tutub
sular sellenə-sellənə
sözlərinə heç bir məhəl qoyan yox
təklənibdi bir kimsədən həyan yox
tikənindən dağıdanı daha çox
danışmağa dili də var
eşitmirlər
qalıb dillənə-dillənə
yaman uzun sürdü bu alış-veriş
zamana sığmayır bu vaxtsız gərdiş
xeyrə yozulmayır bu gediş-gəliş
bizsə qalmışıq ortada
hələ küllənə-küllənə
küçələri gül-çiçəyə bürünür
adamları yaşamır ki, sürünür
kimsə bilmir sabah necə görünür
gözlər ora millənib
qalıb millənə-millənə...
* * *
mən on il əvvəlki Tofiq deyiləm
heç beş il əvvəlki Tofiq deyiləm
gəlib dayanmışam bir ah içində
quş kimi çırpınnam günah içində
sevmək cəsarəti sıfırın altda
sevilməksə ondan bir aşağı
sabah duaları dilimdə şəkər
axşam duaları sabahı çəkər
titrək yarpaq kimi içim əsməkdə
bu yaşda, bu gündə bu əsarətdə
yenə də olanlar məni üzməkdə
mən on il əvvəlki Tofiq deyiləm
heç beş il əvvəlki Tofiq deyiləm
bəzən çiçəklər də incidir məni
yazıq böcəklər də incidir məni
nəymiş bu dünyanın bilinməz yeri
bu halla, bu günlə, bu ağrılarla
yeri tofiq abdin geriyə yeri
yeriyə bilsən
niyə gəlmişdin ki
niyə bezmisən
dünya elə buymuş
dözüb yaşa sən
* * *
Bir eldə doğuldum - mərkəzdən uzaq,
Üz tutub bir böyük şəhərə gəldim.
Başımı soxmaqçün gəzdim künc-bucaq,
Nə bir soyuq bildim, nə isti bildim.
Döydüm bir qapını, dedim ki, mənəm,
Gəlin tanış olaq, Tofiq Abdinəm!
Şairlik sevdası vardı başımda,
Bilmirdim dünyanın nizamı varmış.
Hardan biləydim ki, bu yolbaşında
İnsan öz-özünə bədbəxt olarmış -
Bəzən qoymadılar danışam, dinəm,
Gəlin tanış olaq, Tofiq Abdinəm!
Bəzən qaraladım tale yazanı,
özüm gedirdimsə bəxtin nə işi.
Sevdim şairlikdə Rəsul Rzanı,
sən demə başqaymış dövrün gərdişi –
İnanın, inanın peşman deyiləm,
Gəlin tanış olaq, Tofiq Abdinəm!
* * *
sevdim elə bildim ki
səni xoşbəxt edərəm
bilmədim ki nə vaxtsa
səni yalqız buraxıb
səndən öncə gedərəm.
bu sözləri yazanda
içimdə ayrılıqlar
illər öncə bir idik
indi isə ortada
yaşanmaz ayrılıq var.
titrək yarpaq bilirəm
uzanan əlimizi
güc yox tale tükənib
qınamaz kimsə bizi
mənsiz qalmağın da dərd
mənlə getməyin də dərd
gör nə gec anlamışam
dünya namərdmiş, namərd.
tez getsəm də bağışla
gec getsəm də bağışla
səni də bədbəxt etdim
bu bəxtlə, bu naxışla.
* * *
məni sevmək nə böyük bəla imiş
alnınıza ay doğdu sevmədiniz
güllər yağdı başınıza sevmədiniz
bu güllərlə çıxdım sizin qarşınıza
sevmədiniz
mən neyləyim
məni sevmək nə böyük bəla imiş
bu yaşımda şeir yazdım sevilməkçin
mənə imkan yaratdınız əyilməkçin
qarşınızda boynu bükük dayandım
dırnaq boyda şəfqət üçün
qapınıza dayandım
bu vətənin havasını çox gördünüz
düz üstümə yeridiniz
sonra məni qınadınız
Allah mənə bel vermişdi
qarşınızda dik durmağa
ömrüm boyu əymək üçün sınadınız
içimdəki dözüm məni sınamadı
evimdəki iki gözüm sınamadı
bəlkə onlar sınasaydı
öyrəşərdim beli bükük yaşamağa
sizin kimi onun,bunun yüklərini daşımağa
mənə olan qəsdiniz nə
niyə qənim kəsilmisiz
Allah verən bu ömürə.
* * *
bu dünyaya düşəli
getmək günün gözlədim
dərdimi danışmadım
günahımı gizlədim
yaşamaq bu imişsə
demək yalanam yalan
nə məni satan oldu
nə də ki məni alan
qarşımda bir daş divar
bundan o yana yol yox
ha çırpın bu üzündə
o üzdə gözləyən çox
görəsən tanıyarlar
səsimi çıxarmasam
bəlkə də qınayarlar
neçə illərdi yoxam
mənmi vəfasız çıxdım
onlarmı vəfasızdı
əgər son bu imişsə
bu yazı nə yazıdı
* * *
sənə ağırlığım yox
bu ömür mənim ömrüm
niyə tələsirsən ki
mən səndən qabaq ölüm.
sənə elə gəlir ki
çox yaşadım deyəsən
mənlik deyil bu işlər
bunları bilməlisən.
içimdə çiçək açıb
ayrılığın qorxusu
sanki ərşə çəkilib
gözlərimin yuxusu
canım ruhum həyatım
səni kimə tapşırım
sən çağrılmaz bayatım
bayatıtək yaşarım.
gəlmişəm gedəcəyəm
qalası deyiləm ki
məni üzmək nə verir
axı niyə ölüm ki...
* * *
nə yaşadım yaşamışam
bundan sonrası Allahın
güman üstdə köklənmişəm
yarı dərdin yarı ahın
dualarla yatıb qalxmaq
indi ömrümün mayası
məndən o yanda yaşayır
ömrümün böyük yarısı
baxıram yaşanan yola
"çoxu getdi, azı qaldı"
nə mənlikdi nə də sizlik
kimdisə qapımı çaldı
aman tanrım kimdi görən
hansı əsrdən yol gəlib
ya qapını yanlış salıb
ya məni tanışmı bilib
* * *
indi baxıb görürəm ki
nə mən deyən oldun sən
nə sən deyən oldum mən
bu yol hara uzanacaq
bu yol harda bitər görən.
nə mən gözlərdim bu günü
nə sən gözlərdin bu günü
hədər yaşadın ömrünü
hədər yaşadım ömrümü.
bir acıq var bu şeirdə
ünvanını tapammıram
səndən ayrı bir ömürü
ömür kimi yaşamıram
bəs niyə içimiz dolu
acıqla, heyflə dərdlə
yüz kərə dedim mən sənə
mənə itirdiyin ömrü
yaşamısan sən hədərlə
artıq gecdi döz bu zülmə
hələ buna nə var gülüm
məzarımın üstündəki otlara
baxıb ağlarsan
zülüm-zülüm
bəlkə belə də olmadı
gözündə yaş qalmaz olar
hələ sağam düşünürəm
sonrası nə olar olar.
* * *
zaman-zaman nə havadı içimdə
bu türkümü bayatımı ağımı
alıb bütün ovqatımı əlimdən
qaralığa qərq eləyər ağımı
ağac idim budağımı vurdular
sonra gəlib əhvalımı sordular
uzun illər öncələri qırdılar
pərvazlanan qolumu qanadımı
nə sevdadı bu içimdə göyərən
hara qaçım bu sevdanın əlindən
bu nə dünya gəlib onda durdum mən
kimsə sevməz mənim kimi adamı
içim sızlar sızıltısı o yanlıq
mən etmədim kimlərəsə yamanlıq
yazıq könlüm yazıq oldu çox yazıq
görən kimə tapşırım mənim adımı
bu sızıltı xəstə qasım havası
yoxa çıxdı içimin gur davası
bu hal məni yıxasıdı yıxası
bir bəndə yox alsın mənim qadamı.