Məmməd İsmayıl - Hələ yaşamağa dəyər bir az da
Meşə cığırları dönüb bir çaya,
Torpaq yağışlardan bəhrələnibdir,
Necə gözəl olub təbiət, Allah -
Quru kötüklər də pöhrələnibdir!
Gəzmək istəyirəm dünyanı yazda
Hardasa, hardasa məni duyan var,
Hələ yaşamağa dəyər bir az da.
Təkliyi keçmişə ötürməliydim,
Ömrümə bir yoldaş götürməliydim.
Bacım arzudaydı,
anam murazda
Hardasa, hardasa məni sevən var,
Hələ yaşamağa dəyər bir az da.
Yollar eniş-yoxuş,
bələn-bələndi.
Yollar
min ildir ki, gedib gələndi.
Təzəydi,
köhnəydi,
nəydi, bilmədim,
Talada cığırlar qafiyələndi...
Dünən Bethoveni çaldılar sazda,
Hardasa, hardasa bizi duyan var,
Hələ yaşamağa dəyər bir az da.
Mənim bir gecikmiş məhəbbətim var,
Dönüb nağıllaşan həqiqətim var.
Səni səsləyirəm, ay ev yiyəsi,
Səsimə səs versin o tayda kim var.
Dodaqlarda donan bir busə kimi
Harda görünüb ki, sönə arzular.
Qıvrıla-qıvrıla bir gürzə kimi
Əsrin ovsununa yatıb Araz da.
Dünyanın işini nə bilmək olar
Hələ yaşamağa dəyər bir az da,
Hələ yaşamağa dəyər bir az da.