Dilarə Süleyman Çarıqçı - Şeirlər
Poeziya
Dilarə Süleyman Çarıqçı - Şeirlər
BAĞIŞLA
Ürəyimin başında çırmanıb oturub qəm,
Qulağıma sükutu bağırıb,batırıb qəm,
Ilə dönüb saniyəm,əsrə dönüb dəqiqəm,
Həsrətə alışmağı bacarmadım,bağışla!
Daşı dəlib yol açan çiçək kimidir ümid,
Dilində yuva qurar heç çəkməyəcəyin ad,
Qəlb yoldaşım sən oldun,yol yoldaşımsa həyat,
Talelə barışmağı bacarmadım,bağışla!
Qınaq olum yadlara ,çoxu qınasın məni,
Sevgimə əmin olsun həyat,sınasın məni,
Dünyanın bir ucundan çağırsın səsin məni,
Bəxtimə qarışmağı bacarmadım,bağışla!
Gizlidə axan yaşa hesab tutar mələklər,
Qəribsəmiş tellərə təsəllidir küləklər,
Gözləyirəm adını yanımda çəkəcəklər,
Mən özüm soruşmağı bacarmadım ,bağışla!
Dilarə Süleymanın bitməz həsrət sınağı,
Gözləyər haqqı çatan,əl çatmayan qonağı,
Həmdəm bilib qələmi,dost eylədim varağı,
Durub yollar aşmağı bacarmadım,bağışla!
TÖVBƏ
Dünya malı,hesab günü çatmayacaqsan dadıma,
Hər nemətin haqqı körük olacaqdır fəryadıma.
Qırdığım qəlb,aldığım ah,yediyim haram qatilim,
Bircə zərrə yaxşılığım varsa gələr imdadıma.
Dinlədiyim ,danışdığım qeybət duracaq üzümə,
Danışdığım yalan kəlmə odun olacaq oduma,
Tövbə,tövbə ,tövbə deyib etiraf etdim günahı,
Mərhəməti sonsuz olan Tanrım yetişsin dadıma.
Nəfsim içimdə yalquzaq, sürüklər günaha məni,
Sığınaraq imanıma,silahlandım inadıma!
Tərk elə,düş gözümdən ey dünya,burax ruhumu tək,
Hər yol Rəbbimə dönəcək,xilaf olmayım andıma.
Dilarə,eşqin adı var,cəzası var,həsrəti var,
Yol uzaqdır,yük eyləmə bu dünyanı qanadıma!
YAĞIŞ
Nələr pıçıldayır,nələr danışır,
Mənimlə dərdləşir asta bu yağış,
Ruhumda səslənən sözə qovuşur,
Bəmdən cilvələnən bəstə bu yağış.
Buludun kefini pozub küləklər,
Sevinir ağaclar,yamyaşıl ləklər,
Ruzi göndərirlər bizə mələklər,
Nazlanır yarpağın üstə bu yağış.
Kiminin damından evinə yağır,
Kiminin ruhuna,qəlbinə yağır,
Bu tənha çiçəyin dibinə yağır,
Çevrilir sirdaşa,dosta bu yağış.
Süzülür gözümün pəncərəsindən,
Diksinir göylərin kükrəməsindən,
Həsrət gilələnir yağış səsindən,
Mənim tək hicrandan xəstə bu yağış
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ (roman) İKİNCİ HİSSƏ
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Rafiq Tağı - Qatilə didaktika dərsləri (hekayə)
Azad Qaradərəli : "MORQ ÇİÇƏKLƏRİ" (romandan parça)