Edebiyyat.az » Poeziya » Yafəs Türksəs - Oğlum Şəhriyara

Yafəs Türksəs - Oğlum Şəhriyara

Yafəs Türksəs - Oğlum Şəhriyara
Poeziya
Necef Esgerzade
Müəllif:
12:11, 11 may 2019
2 322
0
Oğlum Şəhriyara

Oğlum Şəhriyar necə də mənə oxşayır
Dünyaya təzədən gəlmək istəyimdən yaranıb o.
Arxada buraxdıgım səhvlərin çoxlugundan
yaranmışdı bu istək.
Ən xırda səhvlərin üstündə möhkəmcə döyərdim kiçik qardaşımı.
Çox hikkəliydim o zamanlar
Hikkəmi yelə verdi zaman
Əzə-əzə muma döndərdi məni.
İndi özündən kiçik qardaşını döyməyi qadagan eləmişəm oglum Şəhriyara.
Bənna atamın divara uygun axtardıgı qara daşın ən gözəlini mən tapardım,
Amma, həyatda yerimi tapa bilmədim.
İlk sevdiyim qızı qaçırmaq istəmədim,
Əvəzində bəxtimi əlimdən qaçırdım.
   Anamın son tikəsini də əlindən alardım
Sanardım gizlində  çoxlu yeməyi var!
     On yaşlı bacımla xəstə anamın
xalça toxumaqla qazandıgı çörək
acı  dadırdı boğazımda!
Kasıbçılıqdan xilasımıza yeganə ümüdümüz olan
Son kurs tələbəsi qardaşımın
Qəfil vəfatından sonra
Uçdu bu dünyanın bənnasına
bəslədiyim inam divarı!
      Sevdiyim qızların heç birini ala bilmədim
əlim çörəyə çatanacan uçub getdilər.
Dünyanın ən aşılmaz səddiymiş kasıbçıçıq.
      Oglumla eyni ölçülü paltar geyəndən
              əynim sevinməyib,
Özümə aldıgım təzə paltarları,
birinci ona uzadıram.
       Anası onun cibindəki
sevgi məktubunu cıranda
İçimdə qırıldı nəsə..!
O qədər yalanımı tutdu ki,
düzlüyü öyrədə bilmədim ona.
Neyləyim söz verdiyimi
edə bilmirdim..!

Həndəsə müəllimim Mütəllimə açıq məktub

Sən yaxşı adam idin Mütəllim müəllim
Ancaq tövsiyələrin həyatda yaramadı mənə.
Zəhmət həmişə bəhər vermirmiş                                                                                                                          
Bütün sevgilərin bünövrəsi maddiymiş.
Vətən dediyin sadəcə kəsik müstəviymiş...
Üçbucagın daxili bucaqlarının cəmi də
180 dərəcə deyilmiş. Heç dairə də 360 dərəcə deyilmiş.
Kütlə də sabit deyilmiş sən demə.
Dediklərinin hamısı yalan çıxdı.
Kütlənin də sabit olmadığı bu dünyada
nəyə güvənəsən, Mütəllim müəllim?
Deyirdin düz əyrini kəsər...
Axı əyri xətt, hər dəfə əyilib gəlib düz xətti kəsə bilir. Heç olmasa, həndəsədən çıxan
bu nəticəni görə bilmədin!
Nə deyim indi sənə, Mütəllim müəllim?!


Mömün ağac

Bir yol başlayıbdır allaha doğru
Bu ağac ən böyük mömündür elə.
Gözü yox birinin şöhrət payında
Nə acgözlüyü var, nə paxıllığı
Bəlkə buna görə belə xoşbəxtdir?
Nə ruzi dərdi var,  nə hicran qəmi.
Gündüzlər günəşlə qol-boyun olur
Dilləşir allahın küləkləriynən.
Gecələr boylanır aya, ulduza
Səsləşir allahın mələkləriynən.
Hər bahar qovuşur öz sevgisinə.
Bu ağac mənə də bir dua edə
Mənim də dil aça arzum, niyyətim.
Vallah bu ağacın budağı ollam
Göyərsə hər bahar, ilk məhəbbətim!

Kəndimə tələsirəm
 
Həsrətdən saçıma yayda qar yağır
Dərdlərin dərdirir qışda bənövşə.
Yolların tapdanıb yuxularımda
Alçam çiçəkləyir ildə yüz dəfə.
 
Daha itirmişəm vaxtı, zamanı
İçimdən dörd fəsil durnalar keçir.
Soyuq bulaqların kəsir fikrimi
Ayrılıq ömrümü oraq tək biçir.
 
Könlümü göynədən görüş yerləri
Olub yurd həsrəti, dönüb üstümə.
Ərikdə, gilasda yatıram gecə
Cırtdan uşaqlığım gəlir tüstümə.

Şığıyır anamın gözündən quş tək
başıma
yurdunda ölmək həsrəti.
Didərgin ruhlar da vurulub səfə
Yeriyir üstümə bir alay təki.
 
Qılınc duyğularım qınında qalmır
Daha hey asıram hey kəsirəm mən.
İndi nə səbrim var, nə də ki, vaxtım
Kəndim, görüşünə tələsirəm mən!

Son xəbərlər 
 
Görmüsünüzmü rəsmi masalarda sapından qaçan bayraqları?
Məmur papağındakı gerbin tənhalığını necə?`
Sevgisiz dodaqlarda üşüyən himnimizi
bürümək istəmisinizmi?
Hiss etmisinizmi əsgər nəğmələrinə necə bit düşür,
Ac əsgər qarnı kimi necə guruldayır hərbi marşlar?
Və yəqin ki, "Koroglu üverturası"nın sürüşən notlarını görən olmayıb məndən başqa!


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)