Edebiyyat.az » Poeziya » Ələsgər Əhmədin yeni şeirləri

Ələsgər Əhmədin yeni şeirləri

Ələsgər Əhmədin yeni şeirləri
Poeziya
nemət
Müəllif:
19:36, 11 iyun 2019
3 623
0
Ələsgər Əhmədin yeni şeirləri




Keçmişimin hindu gözəli.

Deyirlər, 
insanın keçmişi daha xoşbəxtdi 
Bəlkə 20 il keçmişə qayıdaq:

Gözlərimin önündə soyunmuş ağac, 
Burnumu ehtiraslandıran, 
yarpaq qoxusu 
Qabırğamın sol yarımkürəsində, 
Adəmin qırmızı torpaq qorxusu 
Nəsə yanımdakı itin də,
hürməyi başqadı 
Sanki, bu hürmək 
Göydən sümük yağdırmaq üçün duadı

Elə burdan, 
bütün xatirələrdən başlayıram 
Doğum gününü də, 
ətir sevməyini də unudardımmı?
Təəssüf......
bacarmadım. 
Bacarmayım deyə, 
hamı bəxtə qatıldı 
Ən bahalı restoranlarda, 
terrorçular əyləşdi 
Ən gözəl ətirlər, 
"Parfumer" filmində satıldı
-məni baaa....
-bağışlayıram

15 yaşlı qızın makiyajından,
əlini qaldırıb oynanamaq mesajından bilinir 
"Mən evlənmək istəmirəm" etirazı 
Allah, 
onu məsciddə 
Sən isə, 
səni başqa qadınlarda unutmağımdan narazı 
Bir az qorxdum, 
qorxdum ki, hər şeyi bir cürə bilərik 
Uşaqları hədiyyəsiz oyunlardansa, 
şən klounların 
gözyaşlarıyla düşündürə bilərik 

Mənim atam ölmədi ki, 
sadəcə, 
anamın ona olan sadiqliyini yoxladı
Kaş görərdiz, 
görməliydiz
Anam, 
işdən qovulan şən klounlar kimi ağladı 

Qadın həbsxanasında,
gözəllik salonun güzgüsü də azad deyil 
Çöldən içəriyə baxanlar da, 
özlərini azad görmür 
Göy qurşağı çıxandan, 
yanımdakı it də hürmür
Deyəsən, 
yerdən insan skeletlər çıxaran Allahın, 
rəhmi də uzaq deyil 
Kaş görərdiz, 
görməliydiz 
Atamın qatilini tapmaq üçün, 
kimlərin üzünə qayıtdım, 
dayanmadım 
Bir kor qışqırdı ki, 
"Mən gördüm, 
mən gördüm, amma qulaqlarıma inanmadım"

Yolüstü, 
bir nəfəri də qucaqladım 
Qaşlarını çatmağıyla söylədi:
Alnımdakı qırmızı nöqtə, alın yazımdı 

Bir qədəh də süzün! 
Bir az da susun, 
eşidilsin melodram
Hələ də bilmirsiz ki, 
Mənə nə avropanın "qadın azadlığı"
nə də amerikanın "müharibələrə son"
deməyi lazımdı

Mən, 
hindu gözəlinin çiyninə qoyduğum, 
başımı axtarıram

Qaranlıq mesajlar 

Gecənin, 
vegetarian itləri hürməyə başlayanda 
Sevdiyin birinə yaz 
Yaz ki, "ağlında nə var?"
Səhər hansı havanı udmaq istəyərsən? 
Günəş hansı tərəfdən, 
bədənini izləsin 
Atan, bu gün dərsə getmə deyəndə, 
nə deyərsən? 
Anan hansı baxışıyla, 
dodağındakı göy qurşağını təmizləsin. 
Nə qədər eyni "sabahın xeyirlər"
eyni cavablar, 
eyni situasiyalar 
Hər birindən məcburiyyət qoxur 
Bir də, 
gözümüzdə kirlər 
Yəqin, 
suveren məmləkətlərdə su vermirlər.

Sən hələ də anlamırsan, 
unutmaq faciə deyil! 
Təbiət qanunudur 
Arılar çiçəkləri, 
fillər böcəkləri unudur. 
Xəyanətin imtahanı asandı 
Universitet cütlüklərinin, 
bütün xəyanətləri təkdi 
Amma əsil xəyanət-
Tolstoyu oxuyub, rektoru tərifləməkdi
Uşaq adları seçməyin, 
qəribədir
Deyəsən indidən, 
anamın sancılarına namizədsən
Sığallar xoş gəlir, 
qızım deyirlər 
-Sonra müharibələr-
Axı, şərq anaları 
dizlərini döyməkdənsə, 
qərb düşüncəli qızları döyürlər. 

Əlamətdar günləri də xoşlamıram. 
Başa sala bilmirəm ki, 
doğum gününü təbrik etməməyim-
səni itirmək qorxusudu 
Mənim nəs rəqəmim 14dü 
Yandırıldığın gün, 
hədiyyən bir ovuc sudu.
Bilmədiyin şeylər çoxdu. 
Yalanı güllə edərlər ki, 
qan qulağından gəlsin 
Üstəlik, 
Yalan danışanların burnu uzanır, 
o qədər danışıram ki, 
qoxun yaxından gəlsin. 

Yenə də, 
dünyanı bir ox fırladır 
Bütün yataq xəstələri, 
seksin azadlıq olduğunu düşünür 
Kleopatranı gözəlliyi, 
piramidaları Sezarın hikkəsi yıxır 
Adlarını bilmədiyimiz meşələrdə
Adamlardan ağac asırlar 
Göydə, 
hansısa qadının gözlərini bağlayırsan
Yerdən, 
başı papaqlı kişilər çıxır 
Ambulans sürücülərinin, 
boynundan tıxac asırlar.

Elçi gələnlərin hamısını zəhərləyirsən 
Qəndlərinə də, 
qarışqalar daraşmır. 

Yaza- yaza düşünürəm
Kaş bir telefonum ola, 
şəkil çəkib, göndərəm 
Yaza ki; Qandalların yaraşmır!


Sevgisizlər günü


İçimdə lalların orkestrası alqışlanır
Korların gözlərini qırpmağıyla
Əziz Valentin,
evimin başıma uçması,
qapını çırpmağıyla eyni günə düşdü
Balaca hədiyyə qutusunda,
arzularım böyümüşdü
Həyatda ölümdən başqa,
yeniliklər də var
Özü də bilmədiyimiz qədərdi
Müqəddəsliyinə geciksəm də,
6 dəqiqə yarım
Benedikt, Henrini kral kimi tanıdı
O isə zəngimi açıb,
"buyurun, kimdi" deyə, cavab verdi
Kaponenin rəqibi qətlə yetirildi,
mənimsə xəyallarım

Artıq,
evimizi dəyişsək də,
qonaqlar dəyişməyəcək
Gəlib- gedənə qapı açmaqdan,
açarımızı itirdik.
Birimiz, hamımızı itirdik
"Zirvə" arzusuyla qalxsaq da,
yıxıldıq göydələndən
Paklar diyarından barıt qoxusu gələndən,
"hindi"lər avropaya inteqrasiyadan danışdı
Bircə onun,
kinini gülləliyə bilmədik
Müharibələr barışdı
- ölmədik-

Məni nə, bahalı içkilər sərxoş etdi,
nə qadağan olunmuş narkotik vasitələri,
aludəçi
Hər gün gözümün önündən keçir
Gözləri mavi,
donu qırmızı,
saçları yaşıl
gecənin cismləriylə daranmış
"onu düşünməyim" hər qadının xoşuna gəlir
Deyəsən əcdadları,
Rost çayının ətrafında yaranmış.

Atam əməliyyatdaykən,
anam demişdi ki;
Qayıdır, hamı qayıdır.

Əslində ondan da çox şey istəmirəm
və mən də bilirəm ki:

Adları sinonim olan, 
bütün xoşbəxtliklər barmaq sayıdı
Onları da, 
barmaqları qapı arasında qalanlar sayır 
Bu tərəflərə yolu düşə-
dodaqları əsə- əsə deyə ki, 
MƏLİK YAŞAYIR. 

Yenə, monoton gözləntilər,
pəncərələr açıq,
otaqlar süs
Umduğum yerdən,
bıçaqlanacağımı düşünməmişdim
Öpdüyü dodaqlarımdan,
bu sallandı
"Sən də mi, Brütüs?"

İndi ən lazımsız anda gəlib
sual vermək həyacanıyla,
baxır gözlərimin içinə
Pəncərədən tullanmaq istəyəndə, 
dizlərini qoruyan qız haqqında nə deyə bilərsən? 

-Heç nə-

Bu yaxınlarda yazılmağa başladı,
dilimizin ucundakı "uzaqlıq" janrı
Sən qərar ver,
Mən niyə?
Qara dərili birini görüb,
gülən birinə
Yanımda ağ gəlinliklə,
ağ günə çıxmağı arzulayım ki, Tanrı?
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)