Bəhruz Xəlildən yeni şeirlər
Qağayılar dənizi balıqlardan,
dəniz ölmüş qağayılardan təmizləyir sahili...
İnsanlar sevdiyi yerləri ziyarət adıyla tapdalayır..!
Barmaqlarımın ucu tikan kimi sancır,
ilan zəhəriylə bəslənmiş sevgidən mərhəmət umur ürəyim.
Səni unudacağını hər gün unudur ürəyim..!
Əgər yanlmda olsaydın,
gül-çiçək fəslində kağızdan gəmi düzəldib bağışlayardım sənə!
**
Hərdən nə övlad, nə vətən
nə də sevgili ovudur..
Mən unuda bilmədiyim
məni çoxdan unudub
ya da indi unudur..!
Səhra çiçəyidir, səhra çiçəyi
ürəyim sinəmdə səhra çiçəyi..
Hansı ki səhrada çiçək nə gəzir?!
Nə nankor adamam, nə nankor adam
Dizimin altında torpağ dəqiqdir
dizimin üstündə çörək nə gəzir?!
İndi yaralıdı quş qanadlarım
onsuz uçmağa da göy üzü yoxdur..
İlahi, yenə də özün bilərsən
bağışla deməyə üzümüz yoxdur!
**
Səsimi içimə atıb susuram ürəyimdə,
sən isə anlayırsan, anlayırsan, bilirəm.
Sənə də keçib artıq, sənə də məndən keçib
bu lal dili danışmaq..
Bu uzun sükutunla danlayırsan, bilirəm..!
Danlayırsan bu lalı.
Ah çəkib susmaq ki var, çox ağrılı məqamdır,
bu elə bir dildir ki, ancaq sən anlayarsan..
Bu nədir gözlərində, bu nədir, heç yaraşmır.
Bir az da səbirli ol, ölərəm, ağlayarsan!
Kövrək barmaqlarına yazığım gəlir, qızım,
onunla torpaq üstə cırmaq atmaq günahdır.
Nə qədər ölməmişəm, qaç dəniz kənarına,
o kövrək barmağınla qum üstündə hərf yaz.
O kövrək barmağınla qəbir qazmaq günahdır.
İndi isə öpürəm, yat!
Gecə ötüb, sabahdır!
**
Əvvəl yaxşı idi belə deyildi-
Əvvəl sevinridim üç-dörd gündənbir..
İndi yaşadığım həyəcanlar da
ancaq qan təzyiqin oynada bilir.
Ax! Belə günlərin çoxundan bezdim.
Yatdım, görmədiyim yuxumdan bezdim.
Eh, bu başbəlası qarabasmalar-
Yenə əl çəkmirlər yaxamdan: bezdim..!
Bir də bu çiçəklər, gözəl çiçəklər
qadın əllərinə çox yaraşırlar...
Bir də qarışqalar, pis qarışqalar-
Məni ölü bilib nə, daraşırlar..!
**
Bax yenə də susuzluğum başladı
bəlkə elə şor torpaqdır tərkibim.
Noolsun ki, pəncərələr açığdı
noolsun ki, bağlı deyil qapılar.
Özüm boyda zindanıma təhkiməm.
Mən beləyəm: həftə-xəyal, sərsəri
mən beləyəm: işıq görcək sevinən.
Sən eləsən: gözlərində parıltı
sən eləsən
Mən də səni sevirəm!
Dağlar boyda "olmazlar" var ortada
quş deyilik, dağlar aşmaq çətindir!