Edebiyyat.az » Poeziya » Mahir Mehdidən üç yeni şeir

Mahir Mehdidən üç yeni şeir

Mahir Mehdidən üç yeni şeir
Poeziya
nemət
Müəllif:
21:38, 11 noyabr 2019
2 022
0
Mahir Mehdidən üç yeni şeir



... İçib, düşdü küçələrə,
şəhərin hər tini dəm... 
Bir şey
qalmadı üzümdə,
tək səndən ibarətəm.

Nömrələndi
rəqəm - rəqəm,
yoxdu heç kəsin adı.
Sevincim
məğlub ölkənin
maskalanmış paradı.

Gerçəkləşdirib
özümü,
uydurdum olanacan.
Qucağım bircə şairlik
ən son
fəxri xiyaban...

Özgə ağzıyla əl açıb,
dua elədim bir də.
Çıxıldı suçlarım,
məndən
bir şey qalmadı yerdə.

Bağlandı orta keçidlər,
sözə girdim qıraqdan.
Yoruldum,
Mahir Mehdini
hər gün
yatıb - durmaqdan.

Məndən bir sətir kənara
çıxammadı bu qələm...
Baxdım ki
yoxam yanımda,
öz əynimdə deyiləm.


***

... Dönüb
yevrey nəğməsinə,
min ildi susmur
bu azan.
Nəsə çatmadı üstümdə,
elə bil bir nəfər azam.

Görükdüyüm
sifət - maska,
mənimki deyil,
bu əl də.
Anladammadım özümü,
izahım yox heç bir dildə.

Yazıb,
sona yetişməmiş,
qurtardı söz bazarlığı.
Sinəm boş çoxluqla dolmuş
Mahir Mehdi
məzarlığı.

Leqallaşdı
bu yazıda
fikrin ən yasaq hissəsi...
Başdaşındakı rəqəmlər
bir ömrün son xülasəsi.

Alınmadı,
bu bədəndə
olduğum sayda dayanmaq. 
Bezdirdi məni hər səhər
eyni adamdan oyanmaq.


***

... Kaş,
başqa cür açılaydı
bir dəfə də
bu səhər, 
məsələn,
günəş
Qərbdən çıxaydı,
ya da
saatlar geri işləyəydi,
pozulaydı
günlərin düzümü... 
Güzgüyə baxanda
ayrı üz görəydim
öz üzümün yerinə...


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)