Edebiyyat.az » Poeziya » Əlizadə Nuri - Şeirlər

Əlizadə Nuri - Şeirlər

Əlizadə Nuri - Şeirlər
Poeziya
nemət
Müəllif:
20:41, 24 noyabr 2019
5 375
0
Əlizadə Nuri - Şeirlər






Mənim pəncərəmdə ağlayan yağış


Bir az qəribəsən, bir az da qərib.
Bəlkə tanrı səni buluddan dərib?
Bəlkə son məktubsan,- o qız göndərib,-
Mənim pəncərəmdə ağlayan yağış?

Bəlkə pəncərəmə qış gətirmisən?
Bəlkə bir yaralı quş gətirmisən?
Bəlkə gözlərimə yaş gətirmisən,-
Mənim pəncərəmdə ağlayan yağış?.

Gecəni əynimdə çuxa biləydim.
Səni ürəyimə yığa biləydim...
Tutub əllərini sıxa biləydim,-
Mənim pəncərəmdə ağlayan yağış...

Bəlkə bu gecənin nəğməsi sənsən?
Soyumuş evimin nəfəsi sənsən.
...Mənim pəncərəmin pərdəsi sənsən,-
Mənim pəncərəmdə ağlayan yağış...




Ayı pəncərəndə tül eyləyərdim...

Eşitsəm, haçansa ağlamısan sən,
Tapıb göz yaşını ləl eyləyərdim.
Bir dəfə yanıma qayıtsın deyə,
Yüz dəfə yoluna əl eyləyərdim...

Ömür azaldıqca,arzular artır.
Mən sənə qədərəm...yoxdu ki, ardım.
Sənə ulduzlardan bir ev qurardım,-
Ayı pəncərəndə tül eyləyərdim...

Sevgim səngər olar,- sipər istəsən.
Min ollam,- sən bircə nəfər istəsən...
Eşitsəm, harasa səfər üstəsən,-
Mən öz gözlərimi yol eyləyərdim...

Aydan arı olmaq ar gəlir sənə?
Ağ don istəyirdin- qar gəlir sənə...
Görsəm ki, yer üzü dar gəlir sənə,
Suları qurudub çöl eyləyərdim...




Gecə şikəstəsi

Yüz quş göydə vurulur,
Şükür, biri sağ düşür.
Nədən qara buludlar,
Göydən yerə ağ düşür?

Ümidi şikəstlərin
Ürəyi şikəstədi.
Günəş niyə saralıb,
Yoxsa, o da xəstədi?!

Hara qoyum bu qəmi?-
Əlim gəlmir atmağa.
Hansı yalanı seçim,
Özümü aldatmağa?!

...Yağış, gəl rəsmimi çək,
Sonra yaz arxasını:-
Bir az gözlə, bağlayım
Dərdimin yaxasını...

...Ver əlini, nə olsun,
Qara qulam, ilahi?
Quruda üzsəm də mən,
Boğuluram, ilahi...




İlahi, bir qadın sevirdi məni...

Dünya bir qadındı, - daş- qaşıydı o.
Gözümə yığdığım göz yaşıydı o.
Sevdiyim bir gülün adaşıydı o,-
İlahi, bir qadın sevirdi məni.

Bəlkə bir yağışın içində qaldı...
Mən bəndə, o, allah gücündə qaldı.
Getdi...barmaqlarım saçında qaldı...
İlahi, bir qadın sevirdi məni.

Mən də bu dərdinəm, yadın deyiləm,
Bəlkə tanrı idi, qadın deyirəm?!
Dayanın,- mən onun adın deyirəm,-
İlahi, bir qadın sevirdi məni...

Bəlkə suya dönüb, bulaqdan baxır?
Bəlkə yanımdadı,- qıraqdan baxır?..
Bəlkə bu yazdığım varaqdan baxır?-
İlahi, bir qadın sevirdi məni...

Axı neyləyəydi bir naşıyla o?
Getdi kədər adlı sirdaşıyla o...
Qoydu imzasını göz yaşıyla o,-
İlahi, bir qadın sevirdi məni..

Sıxmışam sinəmə xatirəsini,
Yağışlar yadıma salır səsini. 
İlahi, haçansa rastıma çıxsa,
Ona bağışlaram son nəfəsimi...
İlahi, bir qadın sevirdi məni...


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)