Edebiyyat.az » Poeziya » Əlibala Əhmədov - Yem olmuş arzular

Əlibala Əhmədov - Yem olmuş arzular

Əlibala Əhmədov - Yem olmuş arzular
Poeziya
Necef Esgerzade
Müəllif:
18:36, 24 dekabr 2019
1 761
0

BAŞ VERƏN HƏR ŞEY

Rəngsiz daşlara nə qədər külək toxunsa da,
Nə qədər səs və hərəkət sarmaşsa da
gün içindən keçirdiyimiz ömür parçasının üstünə,
Tapmırıq, axtardığımızı....
Uğunuruq, boşluqda....
Qarışan gerçəklərin qatılığında itirik....
 
Tələsir, hər şey.
Yüksək cərəyan var sanki, yaşamaq bədbəxtliyinə tutulan bütün canlılar üzərində
Bəlkə də düşünməyə vaxt tapmırıq deyə düşünürəm bəzən
qopmaq üçün
Səhər açılmalı və bu qədər adam addım atmalıdır,
Səhər açılmalı və bu qədər maşın
mənasız, boz yollarda
dövrə vurmalıdır.....
 
Eləsə, bu böyük burulğan içində ölsək, nəsə qalmaz, bizə....
Bir şey dəyişməz.....
Bu dövriyyələr içində itib lillənər hekayəmiz,
bir bəyaz kağız kimi....
Demək yaşamaq,
Demək bu maşınlar içində
Demək bu adamlar içində
öz kədərini duymaq
 
hər şeyin tək mənasıdır
 
Getdikcə qırmızı nar qabığı qara torpağa qarışan kimi
Bu puçluq gerçəyi ürəyimizə işləyəcək....
 
.......Ölən işıqların
sulara dalan nurların
Və sevgilərin - bir qadın həsrətinin
bir qadının sevincinin
Soyuq içində gülən o iri qəlb bəbəklərinin
xatirəsi incidir, adamı....
 
Amma bilirsən, artıq bilirsən ki
 
tam mənasız olmağa
 
bir gün yarılan odundan kənara düşmüş parça kimi
 
puç olub mənasızlaşmağa
 
artıq çox az qalıb....
 
YEM OLMUŞ GERÇƏKLƏR
 
Ümidlərini nələrin böldüyünü bilmədin,
Dağılmış pendir kimi qırılıb - səpələndiyini gördün, sadəcə....
Sulardan xeyir,
Küləklərdən müjdə kəsildi,
Maşınlardan, insanlardan,
yaşantılardan qalan puçluq oldu, hər şey.
 
Cənnət yarpağı kimi heçnə əsmədi ruhunda....
 
Heçnə o yarpağın üstünə yağan yağış ola bilmədi.
 
Ümidlərini nələrin böldüyünü bilmədin,
Getdiyin yollarda nələrin öldüyünü
Nələrin itirildiyini
sovuşub getdiyini bilmədin.
Günlər birdən - birə taxta kimi quru oldu,
Mənasız oldu axtarmaq,
ağrımaq mənasız oldu
evinə ərzaq almaq kimi yaşamağa başladın hər şeyi....
 
Zamanda atılan qabıq oldu, tədricən bunlar....
 
Sarı qayıqda durulan su
qəlbin ovuclarında xoşbəxtlik
ruhun əllərində sevinc
çıxmadı ömürlə birgə
daha hündür təpələrə
ömür qopuq dəri kimi mənasızlığa sallanarkən
öz həsrəti çəkilən düzənliklərdə axmadı.....
 
Karton qutu kimi - sarı
Gün altında daş kimi bezmiş
səssiz, dilsizdir, varlıq.
Və artıq qəlb də
Və artıq ruh da öz səsindən imtina edib.
 
Ağrılarıyla nələrin puç olacağını öyrənir.

Bircə ümidlərini -  nələrin böldüyünü bilmədi.....
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)