AZAD QARADƏRƏLİ - DÜNYA BİR ŞEİR BOYU QISALDI
(Yubiley yazısı vida yazısına dönüşərmiş)
Poeziya həmişə qadın cildində görünüb mənə. Başqa sözlə, qadını sənət bilmişəm onu.
Qız-qadınların milçələrlə hördüyü qurcuvaya, güləbətinə bənzədirəm şeiriyyəti.
Qurcuvanın naxışlarının sonlarında təkrarlanan rəng biçimi qafiyəyəni, yəni qafiyəli şeiri andırıb. Ağ-qara rənglərdən hörülən isə sərbəst şeirdir.
Qoy kişi şairlər məndən inciməsin: poeziyada bir qadın hüsnü var.
Bəlkə buna görə şairlər hərdəmxəyal olurlar... Bəlkə buna görə şairlər bir yerdə qərar tuta bilmirlər... Bəlkə buna görə şairlərin ipinin üstə odun yığmaq olmur... (Sonuncu bir az artıq oldu, amma olanı yazdım...)
Tanıdığım şairlərin, gördüyüm şairlərin, haqlarında eşitdiyim və oxuduğum şairlərin heç birinin fiziki həyatını bütöv görmədim. Ya zəlzələdən, ya vəlvələdən şairlərin harasındasa bir çatışmazlıq olub...
Bir şair komandirovka adıyla evdən çıxıb, düz bir həftə bir neçə rayonda gəzib, yeyib-içib, axırıncısında da dünyasını dəyişmişdi...
Başqa bir şair o qədər içirdi ki, gecə evə dönəndə öz qapılarını qonşununku ilə dəyişik salırdı... Elə o içkinin də badına getdi...
Başqa bir şair iki cümləlik səhvə görə məhşər ayağına çəkildi və sonunda iflic oldu... Ölüncən o əzabla yaşadı...
Bir başqası kişiyana duruşu ilə göz çıxartdı, axırda illər uzunu işsiz qalıb qürbətə düşdü. Hələ də ordadır...
Bir başqası işsizlikdən bezib kəndiri boğazına keçirdi...
Biri də o qədər şair idi ki, o qədər zəif iradəli idi ki, kimlə gəldi içirdi, hamı ona müştaq ikən ailəsi ondan üz çevirdi... Cavan getdi...
Qardaşım, mən bu aləmdə heç xoşbəxt şair görmədim... Xalq şairləri xaric... Onlar da ki... bədbəx kim, xoşbəxt kim, bilinməz ki burda...
...Onuncu sinifdə oxuyurdum. Deyəsən, rayona ədəbiyyatdan olimpiadaya getmişdik. Bir cavan oğlan qəstillə salona girəndə pıçhapıç düşdü:”Şair gəldi...”
Sonradan öyrənəcəm ki, bu gənc şair Vaqif Həmzəyevdir... Beləcə bu ilk gördüyüm şairin də ayaqları şikəst idi...
Bəli, Vaqifin ayaqları şikəst idi, amma onu daim ayaqda tutan, hamıdan yuxarıda saxlayan, göylərdə uçurdan bir qüvvə vardı: poeziya...
Həmişə belə olub: Tanrı verdiyini nəyinsə müqabilində verir. Bədəl ödəməlisən, yoxsa bunun nəyi vergidir ki...
Vergi demişkən, başqa sənətlərdə verginin az-çox olması önəmli deyil, amma poeziyada verginin dərəcəsi 100 şkalasından aşağı olmamalıdır!..
Bir həqiqət də var axı: təkcə vergi ilə iş bitmir. Biz tərəfdə dəbdə olan deyimdir: “Adamın gərək elmilə bərabər helmi də olsun.” Hə, şairin “helmi”nin üstünə elmi mütləq gəlməlisən...
Bir dəfə söhbətimiz əsnasında yuxarıda adını çəkdiyim şair - bu yazının qəhrəmanı demişdi: ad sarıdan da bəxtim gətirməyib...
Nəyə işarə vurduğunu bilməyə nə vardı ki?! Bir tərəfdə baş vəzir Molla Pənah Vaqif, o biri tərəfdə vəkil Vaqif Səmədoğlu, bir səfdə şairlər şairi Vaqif Bayatlı Odər, hələ hələ şeir qovğasında başını qılıncın ağzından güclə qurtaran Vaqif Bəhmənli...
“Kimin bəxti gətirmişdi ki, ay Vaqif?” – dedim. Doğrudan e, elə bu dörd Vaqifdən üçü ölümlə kəllə-kəlləyə gəlmişdi zaman-zaman, dördüncüsünü də yuxarıda yazdım – vəzifəsini verməklə ucuz qurtuldu...
Şairə vergi veriləndə qarşılığında alınanlar ağır basıb həmişə...
***
Bir az yuxarıda şair Vaqif Həmzəyevin adını çəkdim. O təpədən dırnağa şair doğulmuşdu. Amma doğulmuşdu. Tanrı onun başqa imkanlarını almışdı. Şair manevr edə bilmir, bir yerdən başqa yerə gedəndə əziyyət çəkir, dostları ilə daimi ünsiyyətdə ola bilmirdi. Amma nə yaxşı ki, facebook var. Vaqif, təxminən on-on iki il əvvəl yazdı ki, qağa, bir kitab hazırlamışam, istəyirəm sən redəktə edəsən. Razılaşdıq. Hələ sən deyən internetin imkanlarından geniş istifadə edə bilmirdi. Kağızda yazılmış variantı iş yerimə gətirdi. Oxudum, oxuduqca kövrəldim. Şairi yurd niskili çox sıxmış, şeirlərində az qala monotonluq yaratmışdı. Amma bu monotonluqda da gözəldi Vaqifin duyğuları:
...Zaman bizi niyə əydi?
Həm də döyə-döyə əydi.
Hələ yenə əyhaəydi -
Bəxti əyri bitən deyim,
Sənə necə vətən deyim?!
Varımızı itlər yeyir,
Yaxamızı bitlər yeyir,
Canımızı dərdlər yeyir,
Dərd içində itən deyim -
Sənə necə vətən deyim?!
Dərd içində can üzürəm,
Vətəndə vətən gəzirəm.
Sən əsirsən,mən əsirəm -
Bəxtim bəxtinə tən deyim,
Sənə necə vətən deyim?!
Bəzi xoşuma gəlməyən yerləri qaralamışdım. Üstünü vurmadan baxaram dedi. Bəzi yerlərdə sözlərin altından xətt çəkmişdim. Bəs bu nədi dedi? Dedim bunlar əla deməkdir!
Bəzi yerlərdə ox işarəsi vardı. “Bu oxları da maa atmısan, qağa?” dedi və gülüşdük.
Gəl gedək bir az xumarlanaq dedi və o gün uzun ayrılıqdan sonra Vaqiflə çörək kəsdik, qədəh toqquşdurduq... Yemək əsnasında o oxlardan söz saldım. “Vaqif, səndən əvvəlki Vaqiflər poeziyaya bir yenilik gətirdilər, köhnə şeirin yaxasından medal kimi asılıb qalmadılar. Modern düşüncə, modern təfəkkür poeziyanın da diriliyinin şərtidir. Bir az dəyişmək, bir az yeniləşmək zamanıdır. Nəinki iyirmi il əvvəlin təfəkkürü ilə yazmaq, heç bir il əvvəlinki ilə də yazmaq olmaz... Həyat, kainat, çevrəmiz sürətlə dəyişir... Biz dəyişimə məhkumuq...”
Yenə gülüb “mən köhnə kişiyəm, qağa, məni dəyişəmməzsən” dedi və dərindən ah çəkdi. Sonra şairliyi başına vurdu, bəlkə də bədahətən dedi bu misraları:
Yaş ayrı söz deyir,ürək ayrı söz,
Gənclik eşqi qalıb qəlbin içində.
Bizim qatarımız metallom kimi
Çoxdan əridilib Domna peçində.
Hə, bir yenilik olmuşdu Vaqifdə: İmzasını Vaqif Zəngilanlı eləmişdi. Ərklə irad tutdum. Əbülfəz Naxçıvanlıdan başqa bir rayonun adını təxəllüs kimi işlədən şair var? Məncə, bir təhər çıxır. Gəl belə edək: atanın gül kimi adı var və bu şair adına daha çox yaraşar – Vaqif Qüdrət!
Deyəsən, ürəyindən olmuşdu. Vəcdlə “oğulsan, e!” deyib razılaşdı. Beləcə yeni kitabını – “Bir ömür həsrət”i (bu adı da kitaba mən qoymuşdum, bir şeirinin adıydı) Vaqif Qüdrət imzasıyla naşir dostum Hidayətin “Nərgiz” nəşriyyatında çap elədik.
Başqa bir dostum Avdı Qoşqarın canı sağ olsun, xahiş etdim, Vaqifdən televiziyada yaxşı bir veriliş hazırladı. Mən də radio üçün 30 dəqiqəlik bir veriliş verdim efirə. Şairin 65 illik yaşını beləcə qutladıq.
Vaqif xeyli gümrahlaşmışdı. Telefonda “məni yazıya sən qaytardın” deyirdi. Və yeni yazdığı bir şeiri oxudu. Bu misralar hələ indi də yadımdadır:
Eşqinlə dil açan ilhamım susub,
Lap qaçaq düşmüşəm yazı masamdan.
Sən məndən küsmüsən, ilham da küsüb,
Sən barış, məni də barışdır onnan.
Sonra “Yazı” dərgisi çıxdı və Vaqifin şeirlərinə də yer verdik. Dərgini göndərdiyim günün axşamı zəng elədi:”Ölmədik, bu günü də gördük! Bu dərgini allah bizə nicat yolu kimi göndərib... Bu, hamımıza stimuldur...”
Sonra iş-güc , yazı-pozu, ailə, ev-eşik qayğıları başımı qatdı, Vaqiflə görüşə bilmədim. Hərdən telefonla danışdıq, facebookda yazışdıq... Lab bu yaxınlarda yazdı ki, ay qağa, bu il 75 yaşım olur, nə deyirsən, bəlkə bir görüşək?
Dedim, baş üstə. Haçan desən, mən hazır. Hətta bu yazının girişindəki cümlələri də elə onun 75 yaşına yazacaqdım, amma qismət deyilmiş...
Və lap bu günlərdə ağır xəbər üzdü məni: dostum Vaqif Qüdrət vəfat edib...
Hönkürmək keçdi içimdən. Amma elə yerdəydim ki, onu da edə bilmədim. Yanımdakı həmdəmim “noldu?” sorunca, “dünya bir şeir boyu qısaldı” deyə bildim yalnızca...
Bir şeirində yazdığı kimi, yubileyində görüşəcəkdik, yasında görüşdük:
Tamarzı qalmışıq bir-birimizə,
Görüş yerimizdir xeyir-şərimiz.
"Toylarda görüşək" desək də ancaq
Yenə də yaslarda görüşürük biz.
Bu qeydi isə sənin faceebok səhifəndən aldım: “Yaşamağa can atır, ölməyə də tələsir.” (A.S.Puşkin)
Yerin pərqu olsun, dost! Zəngilansız, doğma Alıbəylisiz ruhun narahatdır, bilirəm. Amma bir xoşbəxtliyin var ki, heç olmasa ruhun o doğma yerlərə gedə biləcək. Özünün də, ruhunun da səfəriiniz mübarək, şair!
S.A.(Söz ardı)
Zəngilanlı günlərimizdə redaktor müavini işlədiyim “Kənd həyatı” qəzetində “Çinar” adlı ədəbi birlik yaratmışdıq. Birliyin növbəti toplamtısına fəxri sədr Eldar Baxış da təşrif gətirmişdi. Vaqif çıxış edib dedi ki, bura gələndə yaşlı bir raykom şairi qabağımı kəsib dedi ki, sənin onların yanında nə işin var? Dedim, mən də cavanların yanına gedirəm ki, qocalmayım.
Eldara ləzzət elədi bu sözlər. Həmin gün Vaqifgilə qonaq getdik. Alıbəylidəki evində yediyimiz kabab, içdiyimiz tut arağı və Vaqifin ailəsinin qonaqpərvərliyi könlümüzü xoş elədi... Bu yazını yazanda təsadüfən Vaqifin Eldarla şəkli əlimə keçdi. Ruhları şad olsun.
09.02.2020