Edebiyyat.az » Proza » Nemət Mətin – Yeni dünya (hekayə)

Nemət Mətin – Yeni dünya (hekayə)

Nemət Mətin – Yeni dünya (hekayə)
Proza
nemət
Müəllif:
20:03, 14 aprel 2020
1 977
0
Nemət Mətin – Yeni dünya (hekayə)

  

                                        


 

 -Çernobıl hadisələrən sonra insan ayağı dəyməyən yerlər yaşıllaşıb. Təbiət yenidən özünə gəlib. Heyvanlar, quşlar sərbəst şəkildə mübariz həyatları ilə baş-başa qalıblar. İnsanların olmadığı hər yer gözəlləşir.

 Əmim danışdıqca diqqətlə qulaq asırdım. Alnındakı qatları sayıb bitirə bilmədim. O, fikir etməkdən yorulmur. Bəlkə də yeganə məşğuliyyəti budur. 

 -İki adamın yaşadığı adada müharibə qaçılmazdır. Sülh sadəcə olaraq iki müharibə arasındakı fasilədir. Dövlət çevrilişləri, siyasət, mitinq, etiraz, zindan, atom bombaları, cinayət hadisələri, azon qatını deşən maşın tüstüsü, seçkilər. Bütün bu iyrənclikləri ağacdakı Koala düşünməyib. Və yaxud xəstə ceyran balasını ovlayaraq təbiətin təmizliyini qoruyan aslan fikirləşməyib. İnsan...

  Əmimin alnı tərlədikcə dəsmalına silirdi. Yeganə dinləyicisi mən olsam da, üzümə baxmırdı. Sanki göydə qanad çalan mələklərlə söhbət edirdi. Fikri-xəyalı uzaqlarda idi. Ona qulaq asmaqdan həm zövq alıram, həm də dəli olub olmadığını ürəyimdə götür-qoy edirəm. 

 -Nə üçün həyata gəlmişik? Dünyanı dəhşət xəstəliklər bürüyür. Bir günün içində çürüyüb məhv olursan. Gördüyün işlər puç olur. Yığdığın qızılları qohum-qonşu öz aralarında bölürlər.

 Boğazı quruyan əmimə çay süzdüm. Bir qurtum içib sözünə davam etdi. 

 -Mis kəşf olunduqdan sonra karroziyasından göy rəngi ala biliblər. Ona qədər rəssamlar göy üzünü yaşıl rəngdə çəkirdilər. Əlimizdə nə varsa odur. İnkişaf etdikcə nələr kəşf etmədik... İlk dəfə dişlədiyin meyvənin dadı beyninə həkk olur. Ondan qurtula bilmirsən. Görəsən insanlar belə şeyləri düşünürlər?

  Dinlənmək istədim. Amma, anladım ki, əmim sualı göydəki gözəgörünməz mələklərə verib. Bəlkə də sualı özünə ünvanlamışdı. Nə bilim. 

 -Ağır günlərdir. O gün küçənin ortasında orta yaşlı kişi qəfil yerə sərildi. Hamı başına toplaşdı. Koronavirusun gündəmdə olduğu vaxtda bu nə zibil idi? Onda belə düşündüm. Bir qadın qorxudan deyinməyə başladı:

 -Kömək edin də. Adam ölür. 

-Narahat olmayın. 103-ə zəng vurdum. Gəlirlər. 

-Mən də zəng vurdum. 

-Mən 102-yə zəng vurmuşam. 

Huşu özündən gedən adamın başına toplaşanların hər biri nəsə dedi. Yaxınlıqdakı uşaq xəstəxanasından həkim belə hallara öyrəşirmiş kimi yavaş-yavaş yaxınlaşdı. Xəstənin yanında diz atıb nəbzini yoxladı. Sonra naşatır spirti gətirərək ona iylətdi. Sifəti qızarmış adam bir az ayılıb yenidən söndü. Həkim gedəndə insanlar deyinməyə başladılar. Həkim əsəbindən dilə gəldi: 

-Əlimdən gələni etdim. Nə etməliyəm?!

 Kiminsə uzaqdan səsi gəldi:

 -Bir az tez gəlin də. Adam ölür burada. 

Telefonda danışırdı. Qəribədir ki, insanlar qeyri-adi hadisəni görən zaman reaksiya verməkdən çəkinirlər. Nəsə gözləyirlər. Polislər hadisə yerinə çatdılar. Uzanan adamı iki-üç şilləyə ayıltdılar. Sadəcə dəm imiş. Belə gündə adam dəm olmağa da qorxur. Hamı dağılışdı. Halı özünə qayıdan adam aşa-aşa mənə yaxınlaşıb rusca dedi:

 -Dostum, bu dünyada yaşamağa dəyər?

 -Yaşamaq çətindi. Amma lazımdı. 

Əlini havada yelləyən adam doxsan dərəcə çevrilib getdi. Onda mən anladım ki, ölümcül xəstəlik gələndə hamı vahiməyə düşdüyü üçün, bir-birinə kömək etməyə çalışırlar. Virusun yayılmağından qorxurlar. Özümə həm də sual etmişdim. Görəsən ömür boyu insanlıq üçün heç nə etmədən yüz il yaşamaq dəyərlidir, yoxsa otuz yaşda nəinki bir neçə insana, hətta bir ölkənin vətəndaşlarına yardım edərək cavan ölmək?

 Çiynimdə kobud əl hiss edib ayıldım.

 -Qulaq as, - deyə əmim dilləndi. Sənə bir ibrətamiz hekayə danışacağam. Özün hər şeyi anlayacaqsan. Bir gün şagird ustadının yanına gəlir. Ustad ayıq insan olduğu üçün sözə başlayır. -Yumrubaş, sözlü adama oxşayırsan. Buyur. 

-Ustad, nə üçün pişiklər pəncələri üstündə yerə düşürlər? Bel üstə yerə atsan da göydə fırlanıb rahat düşür. Bu tanrının möcüzəsidir?

 -Tanrının belə xırda işlərə baş qoşmağa vaxtı yoxdur. Tanrı sənin düşüncələrindir. Görünür düşüncələrinə əl gəzdirməlisən.

 -Ustad, sualım cavabsız qaldı. 

-Özün öyrənməlisən. Get araşdır və nəticəni mənə deyərsən!

 Beləliklə şagird ustadı ilə sağollaşıb pişik axtarışına çıxır. Bir boz pişiyi aldadaraq tuta bilir. Diz hündürlüyündə təpəyə yaxınlaşana qədər şagird pişiyi sığallayıb xırda doğranmış ət tikələrinə qonaq edir. Nəhayət təcrübə başlayır. Şagird ən azı 20 dəfə pişiyi tərsinə tutaraq təpədən yerə buraxır. Hər dəfə pişik göydə fırlanıb pəncələri üstündə yerə düşür. Şagird keçəl başını qaşıyır. Heç nə ağlına gəlmir. Yenidən ustadın yanına yollanır. Ustad şagirdi görən kimi gülümsəyir.

 -Hə yumrubaş, nə öyrəndin? 

-Heç nə, ustad! 

-Belə də bilirdim. Gəl ardımca. 

Ustad quş cəldliyi ilə ayağa qalxıb bayıra çıxır. Bir ağız söz demədən yaxınlıqdakı hündür təpəyə yollanır. Şagird də onun susduğunu görüb heç nə demir. Adam hündürlüyündə təpəyə çatanda sağ əlini şagirdinin çiyninə qoyub onunla üzbəüz dayanır. Və heç nə demədən şagirdi təpədən itələyir. Yumrubaş özünü itirmədən akrobatik hərəkətlə fırlanıb ayaq üstə yerə düşür. 

-Anladınmı? -deyə şagirdinə sual edir. Və cavabı gözləmədən söhbətin ardını gətirir. -Sən ayıq tərpəndin. Ayaqların üstündə yerə düşmək üçün göydə fırlandın. Pişiklərlə bunu öyrənə bilməzdin. Çünki onların bel üstə yerə düşüb onurğasını qıran pişik əjdadları yüz illər öncə ölüblər. Mübarizədə yalnız güclülər sağ qalır. Bu möcüzə deyil. Öyrəşmək, mübarizə aparmaq və sağ qalmaqdır...

  Ondan tər su axırdı. Sanki əmimin əynindəki maykanı suya salıb çıxarmısan. Mübarizə aparmaqdan danışır, amma özü tərinə qalib gələ bilmir. O gündən mən də əmim kimi fikirli adama çevrildim. Bilmirəm bu əyləncədir, yoxsa işgəncə. Bəlkə də əyləncəli işgəncədir...

 15 il keçib. İndi oturub qardaşımın oğlunun böyüməsini gözləyirəm ki, ona fikirləşməyi öyrədim. Məsələn, qardaşım oğluna deyəcəyəm:

 - Bizə filmlərdə cəfəngiyat göstərirlər. Terminator ağlayır. Robot ağlaya bilməz. Heç dünyanı da zəbt edə bilməz. Robotun nifrət hissi, dünyanı ələ keçirmək istəyi, ümumiyyətlə heç bir məqsədi yoxdur. O sadəcə insanın yerinə işləyə bilər. Gələcək budur. İnsan qul deyil. Bizim yerimizə robotlar işləyəcək. Yeni dünyaya xoş gəlmisən...

 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)