Edebiyyat.az » Proza » AİDƏ XANIMIN RAFİQ ƏLİYEVƏ İLK MƏKTUBU

AİDƏ XANIMIN RAFİQ ƏLİYEVƏ İLK MƏKTUBU

AİDƏ XANIMIN RAFİQ ƏLİYEVƏ İLK MƏKTUBU
Proza
nemət
Müəllif:
22:56, 18 aprel 2020
1 321
0
AİDƏ XANIMIN RAFİQ ƏLİYEVƏ İLK MƏKTUBU





Əzizim Rafiq, mənə həyat bəxş edən hər məktubda yazdıqlarını saf su kimi, ayrılığı mənə unutduran sehirli həyat cövhəri kimi içib sevinirəm və yaşayıram. Bilrəm ki, “unudulmamaq yaşamaqdır”.


Hər məktubda mənim yanıma tələsdiyini yazırsan, sonda da “görüşənədək” “möhürbənd”ini vurursan. Əzizim, istəmirəm ki, sən mənim yanıma belə tezliklə gələsən. Bilirəm, eynəyinin üstündən baxıb qaşlarını alnına tərəf qaldıraraq deyəcəksən: “niyə?” Deyimmi?
47 il o fani dünyada birgə yaşadıq, sevinc də gördük, qəm də, ən ümdəsi də sevgi . Bəyaz libasımda sənin kasıb evinə qədəmlərimi ilk dəfə basanda bu ev mənə dəbdəbəli saraydan gözəl göründü. Sənin qəlbindəki həyat eşqini, gözlərindəki işığı, ilahi sevginin çiçəkləndirdiyi duyğuları, hədəflərinin nişangahını həmin an görmüş, hiss etmişdim. Əl-ələ tutub beş qitəni gəzdik. Tanrı və sən mənə başımızı həmişə uca edəcək övladlar, nəvələr, dostlar, əziz insanlar bəxş etdiniz.
Sözümün canını deyim. 47 ildə bircə dəfə mənə məktub yazdınmı? Yox! Bilirəm, yenə deyəcəksən “Şərqdə sağ olan həyat yoldaşına” məktub yazmazlar. Bax, ona görə istəmirəm sən mənim yanıma gələsən. Haqq dünyamdakı hücrəm həmişə işıqlıdır, sizin dünyanızdan təmizdir, qapısı, pəncərəsi olmasa da havası safdır. Mən sonevimdə sənin məktublarınla, sənli yuxularla nəfəs alıram. Hər il ilahi bir qüvvə - ona cənnətin poçtalyonumu deyim, göyərçinimi, bilmirəm, mənə sənin həsrətinlə dolu məktublarını gətirir. İlahi, hər dəfə məktub alanda sevincimdən bilmirəm neyləyim. Məni yaşadan, darıxmağa qoymayan o məktubları dar hücrəmdə sinəmin sol tərəfinə - ürəyimin üstünə gəlmə vaxtlarına görə qat-qat yığmışam. Tez-tez yenidən oxuyuram. Əzbər bilirəm, amma oxumaqdan doymuram. Burda işim-gücüm çox olmur, asudəyəm, özün demişkən. Nə yaxşı ki, məktubları yazırsan. Oxuduqca sənin yanımda dayanıb heyranlıqla mənə baxdığını görürəm. Amma nədənsə üzündəki körpə təbəssümünü görə bilmirəm...
Hər məktubun hər cümləsini əzbərləmişəm. Bilirəm, buna heç bir şübhən yoxdu.
Başlayım birinci məktubdan: “Gözlərin buraxmır məni...” Əzizim, mənim gözlərim səni nə vaxt buraxıb ki? Heç vaxt da buraxmayacaq. “Məni tənha qoyub getmə!” deyənin gözlərindən qaçmaq mümkünmü?
İkinci məktubdan: “Əminəm, sən də düşünürsən ki, nə yaxşı bir yerdə deyilik”. Buna tam əmin ol ki, sən mənə buradan çox o boz-bulanıq dünyada lazımsan. Əli Kərim demişkən, o dünyanı sənin kimi insanların nə vaxtsa - yəqin ki, tezliklə sahmana salacağına inamını Tanrı da itirməyib. Sən mənim hər iki dünyamı sahmana salan ilahi varlıqsan!
Üçüncü məktubdan: “Yadındamı, yarızarafat-yarıciddi tez-tez mənə deyərdin ki, bu qədər kitab yazmısan, onun heç birini mənə ithaf etməmisən. Mən isə inandırmaq istəyirdim ki, Sərqdə sağ olan həyat yoldaşına əsər ithaf etmək qəbulolunmazdır. Sən isə zarafatla deyirdin: “Ölməyimimi gözləyirsən?”. Ay “Qərb təfəkkürlü, Şərq əxlaqlı“ İnsan, sən mənim ölməyimi istəmirdin, gözləmirdin, bilirəm. Amma neyləmək olar? Bu məktubların nəhəng əsərlərdir, lap elə qeyri-səlis məntiq kimi, metafizik təfəkkür kimi. Ay insafsız, o məktublardan ən mübhəmini, kodu, şifrəsi gizlinini o vaxtlar yazaydın da. Heç kimə göstərməzdim, heç sənə də. Mənim sirr saxlayan olduğumu bilirsən axı. Qəlbimdəkiləri səndən başqa kim bilirdi, kim görmüşdü ki?...
Dördüncü məktubdan: “Ümid edirəm ki, məni cəhrayı paltarda qarşılayacaqsan”. Nigaran qalma, əzizim, ancaq bayram günlərində geyinirəm - səndən məktub alan gün. Heç köhnəlməyib, təravətini də itirməyib. Onun içinə sənli günlərimin ətri hopub. Bir də Ramiz Rövşənin dediyi qara paltarı geyməyi, sənin “Qara paltarlı qadın”ın olmağı heç vaxt arzulamadım. Tanrı məni anladı. Sənin də xoşun gələn cəhrayı paltarımı geyinib səni qarşılamağı da istəmirəm, bu mənim üçün ağırdır. Bir də mənim qara paltarım yoxdu, səni qarşılayım. “Tanrıya şükür”...
Beşinci məktubdan: ”Əlim çiynindədir, ruhunun qanadlarında. Sənə qovuşanda da əlim çiynində olacaq (axı sağlığında sən belə arzulamışdın)”. Əzizim, sənin əlin həmişə mənim çiynimdə olub və olacaq. Mən onda lap güclü oluram, qaranlıq hücrəmi də işıqlandırıram. Güclü və işıqlı olmasaydım, darısqal evimdə yaşaya bilməzdim. Məni yaşadan sənin işıqlı ürəyin, mehriban baxışların, sevgi pıçıltılı dodaqların, çiynimdəki əlin və ildə bir dəfə səbirsizliklə gözlədiyim, gəlmə vaxtını dəqiq bildiyim məktublarındı. Gözümü yolda qoyma, əzizim...
Altıncı məktubdan: ”Pəncərədən ayrılıram, soyuq yatağıma uzanıram, yeganə təsəllim olan yuxuda sənlə görüşmək üçün”. Əzizim, sən hər gecə mənimləsən, gündüzünə qıymıram, bilirəm, işlərin, qayğıların çoxdur. İstəyirsən səhərə kimi yuxuda sənin yanında olum. Onsuz da gecə-gündüz yatmaqdan bezmişəm, o qədər boş vaxtım var ki... İstəyirsən hər gecə yuxuda sənə məktub yazım? Amma yuxuda yazdığım məktubları mən cümlə-cümlə söyləyim, sən də vərəqlərə, yox ey, ürəyinə köçür. Qələmimi götürməmişəm bura gələndə. Bəlkə də götürmüşdüm, Tanrı qələmimi qırıb ki, hər gecə məktub yazıb səni narahat etməyim. Nə bilim? Sənə göndərdiyim ilk məktubu ürəyimin qanı ilə yazıram. Görürsənmi, sətirlər sevgi rəmzi qızılgülün ləçəkləri kim alqırmızıdır. “Tanrıya şükür”...
Yeddinci məktubdan: “Heç bilmədim hardan yol alıb gəldi bu ayrılıq”. Sən niyə tənha olursan ki, əzizim? Hər gecə birlikdə deyilikmi? Gündüz sənə əmanət qoyub gəldiyim övladlarımız, nəvələrimiz, sadiq dostlar, doğmalar səni tənha qoymurlar, bilirəm. Nə yaxşı ki, onlar var. Onu da bilirəm ki, xarici səfərlərdə həmişə sənlə birlikdə olduğumdan, indi yanında məni görməyəndə üzülürsən. Üzülmə, əzizim, “sən həmişə mənimləsən”...
Səkkizinci məktubdan: “Əzizim, yormayım ruhunu”. Əzizim, altıncı məktubda da “çox yormaq istəmirəm bu məktubu oxuyacaq ruhunu” yazırdın. Mənim ruhum bilirsən nə vaxt yorulacaq? Səndən hər il məktub almayanda, hər gecə yuxuma qonaq gəlməyəndə. Sən hər il məktub yaz, ruhum yaşasın, oyaq qalsın. Təki gözüm yolda qalmasın...
Doqquzuncu məktubdan: “Səni həyatda saxlamağa gücüm çatmadı, amma nə qədər varamsa, səni yaşadacağam”. Əzizim, mən tam əminəm ki, əbədi yaşayacağam. Çünki “unudulmayanlar ölmürlər”. Mən həmişə səninləyəm. Varlığım qədər inanıram ki, sən də belə düşünürsən. İntuisiyam mənə xəbər verdi ki, onuncu məktub da yoldadı, hələ mənə çatmayıb.
O məktubda nə yazılıb? Bilmirəm. Oxuyaram. Amma sənin hər doqquz məktubundan sonra məktub yazacağam. Məktublar yazmağı da öyrətdin mənə. Yaşayarıq, görərik. “Tanrıya şükür”...
“Ovcumuzdakı göz yaşlarını görməyə” tələsməyən, sənin mənə olan “borcunu qaytarmağı” heç vaxt arzulamayan, “hələlik, görüşənədək” demək istəməyən...
Sənin Aidən.


VAQİF OSMANOV. 17.04.2020.
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)