Edebiyyat.az » Proza » Nemət Mətin – Ölüm rəqsi

Nemət Mətin – Ölüm rəqsi

Nemət Mətin – Ölüm rəqsi
Proza
nemət
Müəllif:
20:40, 22 may 2020
2 086
0
Nemət Mətin – Ölüm rəqsi

                                           

 

 

-Vazeh salam.

-Əleykümə salam.

-Hara gedirsən? 

-Ölməyə.

-Yenə?

-Bezmişəm...

Vazeh güclə gülümsəyib hər şeylə maraqlanan tanışından uzaqlaşdı. Yenə ölməyə gedirdi. Özünü ölümə hazırlayan fil kimi hiss edir, amma qəbristanlıq gəzmirdi.

 Vazeh hər gün ölməmişdən öncə bir bakal pivə içməsəydi ölə bilməzdi. Ölüm ondan küsüb gedər, bir daha geri dönməzdi. Hər gün müxtəlif ölkələrin mətbəxlərindən yemək sifariş verirdi. Bir gün ananas souzu ilə fransızsayağı ördək, o biri gün İtaliya mətbəxinin şahı olan spagetti. 

 "Hər günü son gün kimi yaşa" sözlərini əlinə döydürmüşdü. Hər gün bir işə baş qoşan Vazeh, son günlər ölməkdən bezmişdi. Axı, nə qədər ölmək olar?! Öz-özünə deyinirdi. Əvvəllər ölmək əyləncəli idi. Hər cür ölümü sınamışdı. Əlindən cürbəcür əclaflıqlar gəlirdi. Başqalarını düşünmədən onları zibilə salırdı. Bir gün maşın altına atırdı özünü, o biri gün binanın başından hoppanırdı. Keçən ayın altısı xarakiri etmişdi. Səhər açılanda heç nə olmamış kimi ayılırdı Vazeh. Artıq qohumu, dostu qalmamışdı. Onu basdırmaqdan, ona ağlamaqdan təngə gəlmişdilər.

 Otuz yaşın tamamında ad günü tortunun şamlarını üfləməmişdən öncə ürəyində arzu tutmağı ilə başlamışdı hər şey. "Hər cür ölümü dadmaq istəyirəm" - demişdi. Al, bu da sənə amansız gerçəklik...

 Hərdənbir pul qazanmaq üçün efirə çıxıb qəribə əhvalatını danışırdı. Qəzetlərdə, jurnallarda dərc olunurdu. Kitab da çap etdirmişdi. "Ölən adam" altında bir neçə ölkəyə səs salan kitabından gələn pullarla özünə dəbdəbəli ölüm hazırlayırdı. Yeməyi yemək, içməyi içmək, istirahəti istirahət...

 Vazeh yumoru sevən insan idi. "Necəsən" sualı verənlərə, "ölürəm" cavabını verirdi. "Mən ölüm" ən sevdiyi ifadə idi. Qohum-qonşu, tanış-biliş öləndə yasa gedirdisə də, acığa "o dünyasını görsün", "yeri behişt olsun" demirdi. Öz həyat devizini "mən ancaq öləndə yatacağam"dan dəyişərək "mən ancaq dirilməyəndə yatacağam" etmişdi... 

 Vazeh bu gün də ölməyə gedirdi. Ölüm yaxınlaşdıqca susuz qalmış gül kimi yavaş-yavaş gücdən düşürdü. Yaddaşı zəifləyirdi. Gözləri dumanlı görməyə başlayırdı. Amma ölümü gözləməyə hövsələsi çatmırdı. Onu çox vaxt tezləşdirirdi. 

 Deyirlər ölüm gələndə bir anda gəlir. Nə zaman olacağını bilmirsən. İşlərin yağ kimi getdiyi halda ürəyin tuta bilər. Qızının toyunda yemək boğazında da ilişib qala bilər. Vazeh ölməzliyi ilə barışmışdı. Hətta ölüm rəqsini də oynamışdı. Bahalı bir kəndir alıb düyünləmişdi. Tavandan keçirib stulu ayağının altından çəkmişdi. Ayaqları irəli-geri tez-tez hərəkət etdikcə, sanki ölüm rəqsi oynayırdı.

 Metroya minəndə dostu ilə rastlaşdı. Ağsaç dostu onu iki dəfə basdırıb. Üç dəfə isə   ayıldığının şahidi olub. Uzun hal-əhvaldan sonra dostu dedi:

- Vazeh, yenə ölüb dirilirsən?

-Hə.

-Can qardaşım. Səni basdırmaqdan yorulmuşam(gülür).

Acizanə gülümsəyən Vazeh deyir:

-Bilirsən, hamımız hər gün ölürük. Səhər isə dirilirik. Yaşamırıq. Hamımız bədbəxtik...

-Yaxşı olar. Fikir eləmə. Sən öləndə necə ayılırsan?

-Qaranlıqda işıq görürəm. Tunelin axırında bir lampa yanır. Ona doğru gedirəm. Çatanda ayılıram. O lampanı görməyənlər bir dəfəlik ölür...

-Bəs, adi insanlar nə üçün bir dəfə ölür?

-Mən ölüm düzünü de, bu sualları haradan tapırsan?

-Sadəcə özümə maraqlıdır.

-Məncə, siz ölümü həddindən artıq ciddiyə alırsınız. Hər işiniz belədir. Beş günlük dünyada kosmosda başqa planetləri kəşf etməyə, ərazilər zəbt etməyə, tonlarla qır-qızıl yığmağa can atırsınız...

Sağollaşıb hərə öz yoluna gedir. Vazeh Nərimanov parkına tərəf çıxır. O, bu dəfə gecədən plan qurmuşdu. Kimisə ölümdən qurtarıb ölmək. O düşünürdü ki, əsl ölümü başqasından alsa daha dirilməyəcək. Parkın qarşısından yolu keçməyə çalışan cavan bir qızı görür. Qulağında qulaqlıq var. Ani vəziyyətdə avtobus siqnal verir. Vazeh qızdan iki addım aralı olduğu üçün onu çiynindən tutaraq səkiyə dartır. Avtobus necə sürətlə gəlmişdisə, elə də yoluna davam edir. Olanlardan çaşmış qız qulaqlığı çıxaranda ağappaq idi. Vazeh isə ona baxıb gülümsəyirdi. İnsanı xilas edib. Qızın gözəlliyinə belə diqqət yetirə bilmir. Planı baş tutub. Artıq rahat ölə bilər. Axşam tərəfi pivə sifariş verərək pubların birində tək oturub ölümünü gözləyirdi...

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)