Edebiyyat.az » Proza » Lalə Hüseynova - Məni Gözəl Xatırla

Lalə Hüseynova - Məni Gözəl Xatırla

Lalə Hüseynova - Məni Gözəl Xatırla
Proza
admin
Müəllif:
00:05, 02 iyun 2020
2 483
0
Lalə Hüseynova - Məni Gözəl Xatırla





Eşqi arayan bir eşq hekayəsi
Yazar: Lalə Hüseynova
Eşq nədir sizcə? Bəzən insanın özündən asılı olmadan , anidən daxilində qüvvətli, baş döndürücü bir hiss yaranır... Lakin , ayırd eləmək olmur bu hissin adı eşqmi yoxsa keçici həvəsdir... Və bir hiss də var ki, onun da adı bağlanmaq... Mənə elə gəlir bağlanmaq eşqə aparan bir yoldur.. Bağlanmağa aparan yol isə güvəndir.. Güvənərək birinə bağlanarsan, bağlandıqca eşqə düşərsən.. Yavaş-yavaş isə eşqin böyüyərsə deməli böyük sevgiyə çevrilər. Eşq tez bitən, sevgi isə ya ömür boyu bitməyən, ya da gec bitə bilən pak duyğulardandır.
Eşq insanı inkişaf elətdirər, gizli istedadlarını üzə çıxardar, izzət və ehtiram gətirər.
Nə gözəl demiş Mövlana Cəlaləddin Rumi:
Yaradılmışdan keç, Yaradana çat!
Aşiqsənsə, aşiqlərlə otur!
Birini sevərkən, qarşındakı sizi gözəl xatırlasın deyə qəlbində dərin yaralar açmayın.. Bəzi eşqlər qarşılıqsız, əl çatmaz olanda sevən şəxs, sevilmək istəmək əvəzinə qəlb qırıqlığı yaşayır.. Hər aşiqin başına gələn bir eşq hekayəsini məndə yaşadım.
Günəşli sabahların birində , məndə eşqə tutulanlardan oldum...
Ağlarkən içim,
Güldü gözlərim
Onunla hər şeyin başladığı o an ....
Yaxın rəfiqəmlə dərsdən sonra kinoya getməyi planlaşdırmışdıq. Uzun zamandır kinoteatrlara gedə bilmirdim.. Ora ən son məktəbdən sonra, universitetə qəbul üçün imtahan verdim və incəsənətə qəbul olma sevincini yaşayanda getdiyim idi. Ardından ailəmdə bəzi itkilər yaşadım.. Atamı itirmişdim.. Tam 2-ci kursun sonlarına yaxın zamanlarda.. Onu itirməklə sanki əzəmətli bir dağın vulkan püskürərkən dağılıb paramparça olması kimi bir şey oldu.. Yalnız deyildim... Anam, əkiz qardaşlarım da vardı.. Ata-hər bir qızın ilk aşiq olduğu, bütün varlığı ilə güvənərək, kürəyini rahatlıqla söykənəcəyi dayaqdır.. Atam xərçəng xəstəliyinin qurbanı oldu... Beynindəki şiş onu yetəri qədər yaşamağına imkan vermədi... Övladlarının xeyir işlərini görməyə maneə oldu... O xəstəlik atamın amansız qatili olmuşdu... Ona görə o xəstəliyə çox nifrət eləyirdim.. Vaxtsız atamı əlimdən aldığı üçün...
Atamı itirəndən sonra, anam xəstələnib yorğan döşəyə düşəsi oldu, qardaşlarım məndən 3 yaş kiçik olduğu üçün , evin yükü mənim çiynimə düşmüşdü. Valideynin vəzifəsi övladlarını dünyaya gətirəndən sonra onları , YARADANIN gücü ilə sağ-salamat böyütmək, tərbiyə vermək, oxutmaqdır... Həmin övladın vəzifəsi isə qarşıdakı həyatında yaşadığı zaman çərçivəsində həmin valideynin düşdüyü hər hansı bir çətinliyində ona dayaq durmasıdır.. Bunun özü də eşqdən qaynaqlanan bir şeydir.. Valideyn övladına eşqlə yanaşanda, mütləq o eşqin qarşılığını alır ( təbii ki, bəzi istisnalar olmaqla ) Mən də bu minvalla , anama və qardaşlarıma dayaq durmaq üçün həm işləyirdim, həmdə oxuyurdum. Qardaşlarım da sağ olsun, mənə dəstək olaraq onlar da həm oxuyub , həm də bir kafedə
offisiant kimi çalışırdılar. Anamda ALLAHA çox şükür nifrət elədiyim xərçəng xəstəliyi yox idi.. Sadəcə revmatizimlə əlaqədar, bir az təzyiqi olurdu..
Universitetdə, mən Bahar ismində çox gözəl qəlbə məxsus bir qızla yaxın rəfiqə olduq.. Hətta rəfiqəlikdən də yaxın olduq.. Bacı olduq.. Onu da ailəmin bir üzvü kimi qəbul eləmişdim.. Bu da eşqdən qaynaqlanan bir şeydir.. İnsanın eşqi ən gözəl dosta da olanda həyat gözündə bir az da gözəl olur.. İnsanın həyatında Bahar kimi dostlar olanda , yaşamağın necə də gözəl olmasını anlayarsan... Bahar, mənim həm ən gözəl, həm də ən acı günlərimdə hər zaman yanımda olanlardan olub.
O , zehnimiz açılsın deyə uzun zamandır mənimlə kinoya getməyi arzulayırdı.. Nəhayət ki, həmin gün gəlib çatdı.. Seçdiyimiz film , baş rollarda Nejat İşler və Serenay Sarıkayanın oynadığı “ İkimizin Yerine “ filmi oldu.. Nejat İşlerin aktyorluğuna hər zaman heyran olmuşam.. Filmdə sevdiyim türk yazıçısı Nazim Hikmetin şeirini Serenay o qədər içdən söyləmişdi ki, mənim də kiməsə aşiq olmaq istəyim baş qaldırmışdı.. Həyati məsələlərə görə , heç sevgi deyilən şey başıma gəlməmişdi.
Seni düşünmek güzel şey, ümitli şey,
Dünyanın en güzel sesinden
En güzel şarkıyı dinlemek gibi bir şey...
Fakat artık ümit yetmiyor bana,
Ben artık şarkı dinlemek değil,
Şarkı söylemek istiyorum.
Nazım Hikmet Ran
Filmə o qədər dalıb getmişdim ki, qəfildən üzərimə qoyduğum partlamış qarğıdalı ilə dolu karton qab xəbərim olmadan yerə düşdü.. Bahar mənə:
-Miray, qarğıdalıların töküldü..
-Ahh, bunlar necə töküldülər..
Əyilib onları götürmək istəyəndə , bir oğlan qəfil əyilib mənə yardım eləməyə başladı. Oğlanın üzünə baxmadan:
-Təşəkkürlər.
-Xoşdur, Miray xanım.
Oğlan , mənim adımı çəkəndə birdən üzünə baxası oldum:
-Adımı haradan bilirsiniz?
-İndicə yanınızdakı xanım sizə səslənəndə eşitdim..
Xəfif gülümsəməm ilə:
-Anladım..
Oğlan da qarşılıqlı xəfif gülümsəmə ilə:
-Sevindim..Mən sizin adınızı təsadüfən bildim, siz isə heç bir təsadüf olmadan bilin ki, adım Nurlandır.
-İndi bununla nəsə deməyə çalışırsınız?
-VALLAH, mən bayaqdan sizi seyr eləyirdim.. Mənim filmim siz idiniz.. İndi də bu filmin adını bildim və birbaşa deyirəm ki, sizi tanımaq çox istərdim.
Mən Nurlanın belə tez-bazar tanış olmaq istəyini nədənsə isti qarşılamadım. Lakin, bir tərəfdən sözü uzatmadan dərhal mətləbə keçməsi səmimi gəldi..
Baharla, bir-birimizə kiçik qaş-göz eləyirdik. Nurlanın cavabı qarşısında susaraq filmə baxmağa davam elədik. Nurlanın isə diqqətinin üzərimdə olduğunun fərqindəydim. Bayaqdan filmə
daldığımdan kimin mənə baxmasından xəbərsiz idimsə , indi gözlərim filmdə olsa da istər-istəməz bütün diqqətim hiss etdirmədən onda idi.. Öz-özümə təəccüblənirdim.. İki kəlimə nəsə dedi deyə , mən niyə diqqətimi ona vermişdim.. Özümü bir an sevgiyə möhtac qalanlar kimi hiss elədim.. Əslində sevgisiz böyümədim ki... Atam, anam məni çox böyük və tərtəmiz sevgi içində böyütdülər.. Məndən sonra da qardaşlarımı elə böyütdülər.. Sevgilərimdən ən böyüyü olan , atamı itirdikdən sonra yenədə ailəmin digər üzvləri ilə aramdakı sevgi bitmədi.. Lakin , hər bir normal insan zamanı gəldiyində əks cins tərəfindən sevilib , bir qadın kimi səadətli olmağı arzulayar.. Görünür məndəki o zamanın gəlmə vaxtı gəlib çatıb..
Görəsən Nurlanla bu şəkildə rastlantım , sadəcə bir təsadüfdür yoxsa Yaradan tərəfindən gəlmiş bir qismət? Ümumiyyətlə, həyatda təsadüf deyilən şey vardır? Həmişə işlətdiyim ifadələrdən biri budur – həyat bir alqoritmdirsə , təsadüflər də həyatın bir hissəsidir.. Lakin, digər tərəfdən də düşünmüşəm ki, əslində həyatımızda təsadüf deyilən bir şey yoxdur.. Nə yazılıbsa alnımıza, onu da yaşayırıq və yaşamalıyıq da.. Qismət Yaradandan gələr... Biz o qisməti ağlımızı dərindən işlədərək əlimizdən buraxmasaq səadətli ola bilərik..
Film bitdikdən sonra , kinozalın işıqları yananda Nurlanla simamızı diqqətlə müşahidə eləyə bildik. Siması xoşa gəlim idi.. Çox şirin, bir qədər yaraşıqlı və alicənab görünüşü vardı. Bir anda ikimiz gülümsəyərək gözlərimizə daldıq. Mən utancaq baxışlarımı yerə dikib , oturacaqdan qalxdım. Bahar da bu anı sezmişdi.. Uzun səssizlikdən sonra Nurlan sükutu pozdu:
-Mənimlə tanış olmağa cavab vermədiniz, lakin baxışlarınız sualımın cavabını vermiş oldu.
Nurlana bu dəfə tərs baxış ataraq:
-Siz deyəsən, çox bekarsınız..
-Bekarçılıq deyil ki.. Həyatda rastına çıxan hər gözəl şeyi vaxtında dəyərləndirməyə çalışıram.. Həyat çox qısadır..
Nurlanın bir an belə kövrək danışması bir az təsirləndirdi.. Bunu duyan Nurlan özünü sındırmadı:
-Yəni ümumi olaraq söylədim.. Nəysə, kövrək notlara toxunmadan mən sizə nömrəmi verirəm.. İstəsəniz zəng eləyə bilərsiniz.. İstəməsəniz də anlayışla qarşılayacam, narahat olmayın.
Nömrəsini bir kağıza yazıb mənə uzadıb:
-Hələlik..
Söyləyib zaldan çıxıb getdi. Ardınca da, Baharla düşüncəli halda zaldan çıxdıq. Bahar:
-Nə düşünürsən? Zəng eləyəcəksən?
-Yox, əlbəttə ki.. Qəribə oğlandır.. Yanğından mal qaçıran adamlar kimi ilk gördüyü saniyədə tanışlıq təklif eləyir..
Bahar:
-Ay qız, hər şeydə bir xeyir var.. Sənə demişdim axı mənim ara-sıra falçılığım tutur və düzgün proqnozlar verirəm.
-Yəni?
-Yənisi odur ki, məncə sən bu oğlanla şansını yoxlasan yaxşı olar. Bəlkə qismətin ola bilər.. Ürəyimə elə hiss doğub.
Eşqdən başqa bir şey könlümə yaddır,
Ömrümün quşuna sevgi qanaddır
Nizami Gəncəvi
Şekspirin bir gözəl sözü var : Düşüncələrin nədirsə , həyatın da odur. Həyatının gedişini dəyişmək istəyirsənsə , düşüncələrini dəyişdir. Yəni bu cümlə tam da mənə aiddir. Baharla ayrılıb evə gəldim, yeməyimi yeyib, anama qulluq elədim. Bütün işlərimi bitirdikdən sonra otağıma çəkildim, əlimə bir kitab alıb oxumaq istəyəndə yenə yadıma bu gün kinoteatrda tanış olduğum oğlan yadıma düşdü. Zəng eləyib-eləməmək arasında gedib-gəlirdim. Bu zaman Bahar zəng elədi:
-Nə var , nə yox? Zəng elədin oğlana?
-Xeyr, canım. Cəsarətim çatmır zəng eləməyə.. Sanki zəngimlə böyük cinayət işləmiş kimi olacam.
-Çox nahaq yerə elə düşünürsən..
-Anamgil bilərsə nə deyəcək?
-Heç nə deməyəcəklər.. Onlar da sənin xeyir işini görmək istəyərlər.. Sən bu oğlanla şansını yoxla, əgər ürəyinə yatmasa anangilə demədən bu mövzuyu bağlayarıq..
Baharla danışıqdan sonra, cəsarətlənib Nurlana sadəcə bunu yazdım:
-Salam, mənəm Miray..
Bir neçə dəqiqə keçdikdən sonra , Nurlandan cavab gəldi:
-Salam, Miray xanım. Nəhayət ki, sevindirdiniz məni.
-Təki həmişə sevinəsiniz..
-Mən elə bilirəm ki, bundan sonra hər şey əla olacaq.. Çünki sizinlə danışıram.
-Hələ bir-birimizi yaxşı tanımırıq.. Nə bilirsiniz hər şeyin əla olacağını?
-Mən elə düşünürəm.. Siz də belə düşünsəniz , yaxşı olar.
-Çalışaram..
Mən əslində aşiq olmaq yox, birinə gözü bağlı inanmaq istəyirəm.. Ailəmə inandığım qədər, Bahara inandığım qədər təsadüfən qarşıma çıxan Nurlanada inanmaq istəyirəm... Hər bir münasibətdə , güvən hər şeydən önəmlidir. Əgər güvən varsa, sevgi də yaranacaq...Məndə azdan-çoxdan həyatdan yaralar aldım... Həyatda qalanlar üçün həyat davam elədiyi üçün, ümid eləməyə güc toplayıb davam eləməlisən.
Bu dünya nərdivandı,
Qalxanda mehribandı,
Enəndə nə yamandı...
Görüşdük pillələrdə,
Yolun yarısında biz.
O qalxırdı bu dəmdə,
Mən enirdim xəbərsiz.
Onu arzularına
Qaldırırdı nərdivan,
Məni xatirələrə
Endirirdi
Bu zaman.
Birimiz-günçıxana,
Birimiz günbatana...
Qalxa bilməzdim daha,
Nə o güc,nə o taqət.
O da enə bilməzdi,-
Haqlı,haqsız
Vermişdi,öz hökmünü təbiət,
Gərək ya düşməyəydi
Bu görüş heç araya.
Ya o əvvəl gələydi,
Ya mən sonra dünyaya...
Nəriman Həsənzadə “ Nərdivan “
Günlər keçdikcə , Nurlanla bir-birimizi tanımaqla məşğul idik. Onunla bir çox bənzərliklərimiz vardı.. Həyata dair baxışlarımız belə eyni idi. Məndən iki yaş kiçik olsa da, çox dərin düşüncələrə malik idi.. Onun ailəsi anası, atası və bir qardaşından ibarət idi. Zamanla anası ilə də tanış olmaq şansımız oldu. Anası da özü kimi çox mehriban idi. Nurlanı tanıdıqca, özümü səadətliyin yeddinci qatında olduğumu hiss eləyirdim. Artıq onunla kinoteatrda qarşılaşmağımızı sıradan təsadüf deyil, Yaradanın mənə bəxş elədiyi mükafat olduğunu düşünürdüm. Sadə, alicənab, açıq sözlü, sevgi dolu idi. Çox qayğıma qalırdı..Artıq anamla qardaşlarıma da Nurlan barədə danışmışdım.. Onlar da Nurlanla tanış oldular, mənim qədər onlar da Nurlanı çox sevdilər.. Biz sevgili aşamasında olarkən, Nurlan əlində gül və balaca üzük qutusu ilə parkların birində görüşüb , qarşımda əyildi:
-Mənimlə evlənərsən, sevgilim?
Mən bir anlıq təəccübləndim:
-Canım, biz hələ yenicə sevgili aşamasındayıq. Nə bu tələsgənlik?
Nurlan bir az köksünü ötürdükdən sonra:
-Səni o qədər çox sevirəm ki, bir an öncə həyatımızı birləşdirmək çox istəyirəm.
-Məndə səni çox sevirəm.. Lakin, icazə ver bir az sevgili çağımızın dadını çıxardaq..
-Sən sadəcə cavabını ver... Bu dəqiqə evlənmərik.. Mənimlə bütün həyatını birləşdirmək istəyərsən?
Çox düşünmədən cavabımı verdim:
-Əlbəttə, istəyərəm.. Əlbəttə , sənə bütün qəlbimlə “ hə “ deyirəm..
Bu zaman Nurlan məni bağrına basdı:
-Təşəkkürlər...Sən dünyanın ən gözəl mələyisən ki, ALLAH qarşıma çıxartdı..
Söhbətimizin bu çağında Nurlanın telefonuna gələn zəng bir qədər üz-gözünü turşutmasına səbəb oldu. Mənim yanımda o zəngi açmadı və:
-Canım, mən təcili getməliyəm.. İşlə əlaqədar zəng gəldi.. Səni evə yola salım, yoxsa özün gedəcəksən?
-Mən hələ bir az da oturmaq istəyirəm, gözəl hava var.
-Yaxşı, hələlik o zaman .. Zəngləşərik..
Nurlan tələsik mənimlə sağollaşıb getdi. Mənə bir az qəribə gəlsə də, lakin ona olan sonsuz güvənimdən dolayı ürəyimə qətiyyən mənfi düşüncələr gətirmirdim.. Nurlanın verdiyi üzüyü barmağıma taxıb onunla gələcəkdə daha da gözəl keçəcək günlərimizin xəyallarını qururdum.. Oturduğum skamyanın kənarında dörd qat bükülmüş kağız parçası gözümə dəydi. Daxilimdə yaranan qadın marağımdan dolayı, o kağızı açdım bir həkim resepti idi... Başlığında isə Nurlanın adı və soyadı yazılmışdı.. Həkimin yazdığı resept mənə çox tanış idi.. Eyni dərman resepti atamada yazılmışdı.. Başıma qaynar sular töküldü.. Yoxsa, Nurlan...
Sevgilim, mən öləndə,
Bir küncdə xısın-xısın
Ağlayacaqsanmı sən?
Kimin xarabasında
Bir damla yaşa dönüb
Düşəcəyəm gözündən?
Sevgilim, mən öləndə,
Soraq sənə gələndə,
Düşmən gözü güləndə,
Ağla, olanım, ağla,
Ağla, qalanım, ağla,
Ağla, mən ölüm, ağla...
Vaqif Səmədoğlu
Deməli, Nurlan da eyni ilə atam kimi o lənətə gəlmiş xəstəlikdən əziyyət çəkir?? Görəsən neçə müddətdir? Niyə məndən gizlədir?
Bunları düşünə-düşünə , Nurlana zəng elədim.. Telefonu açdığında:
-Ürəyim? Darıxdınmı yoxsa?
-Sən bu dəqiqə haradasan?
-Niyə soruşursan?
-Sualıma sualla cavab vermə.. Haradasan , dərhal yerini söylə.. Və doğru söylə, yoxsa məni əbədi olaraq itirəcəksən..
Sözlərimin Nurlana çox pis təsir elədiyini hiss eləmişdim və o, boynu bükük halda mənə bir həkimin iş ünvanını söylədi.. Bir neçə dəqiqəyə Nurlanın dediyi xəstəxanaya gəldim.. Nurlanla üzləşəndə, skamyada tapdığım resepti ona uzatdım:
-Bunu düşürmüsən..
Donuq halda mənə baxdı.. Nə deyəcəyini bilmirdi..
-Atam da bu xəstəliyin qurbanı oldu.. O xəstəlik atamı əlimdən alandan sonra , ona nifrət elədim.. Kim onu sevər ki, onsuzda.. Amma ən sevdiklərini əlindən alanda daha da nifrət eləməyə başlayırsan...
Nurlan hər şeyi bildiyimi anlamışdı:
-ALLAH rəhmət eləsin, atana.. İstəyirsənsə, bundan sonra mənimlə bir daha görüşmə.. Ölüb-ölməməyim barədə də heç bir məlumatın olmasın.. Bir də mənim fikrimi çəkib üzülmə..
-Sən bunu məndən gizlətməklə üzdün..
-Çünki, xəstəliyimi bilib məndən ayrılmağından qorxdum.
-Kişi qorxaq olmaz, ürəkli olar..
-Gördüyün kimi qorxaq çıxdım.. Buyurub, ayrıla bilərsən.. Səni üzdüyüm üçün də üzr istəyirəm.. Mən sadəcə ölümdən öncə kiçik səadətlik yaşamaq istədim.. Görünür qismət deyilmiş.. Mən ölümü dörd gözlə gözləməliyəm..
-Nurlannn... Sən ölməyəcəksən.. Hər xərçəng xəstəsi ölmür.. Sağalanlar da var.. Mən qoymayacam sən də atam kimi əllərimdən uçub gedəsən.. Belə şey olmayacaq.. Eşidirsən?
-Heç nə alınmayacaq.. Vecimə belə deyil..
-Özünü düşünmürsən, bəs ailəni də düşünmürsən? Ananla atanın xəbəri var?
-Xəbərləri var.. Onlar da məni tənbehləməkdən yorulublar..
-Eybi yox, bundan sonra sən məni dinləməlisən!! Atam kimi səni də bu xəstəlikdən itirmək istəmirəm. Mənə bu işgəncəni vermə.. Mən səni tanıdığım gündən çox səadətli idim. Bir xəstəliyə görə səni yarı yolda qoyacağımı necə düşünürsən?
Bir yol ayrıcına bənzəyir həyat,
Yaramaz həyatın üstündə əsmək.
Cəsarət istəyir, bir də ehtiyat,
Nə ləngimək olar, nə də tələsmək.
Ehtiyat elədim orda ki, bir vaxt,
Cəsarət hər şeyə, məncə, dəyərdi.
Cəsarət göstərdim orda ki, ancaq,
Adi bir ehtiyat bəs eləyərdi.
Bu dünya qəribə bir əyləncədir,
Dünya sərt, mən bəzən uşaqxasiyyət.
Yaşadım, bilmədim bu dünya nədir,
Bilmədim, dünyada nədir səadət.
Kədərim dünyanın vecinə deyil,
Sevincim necə bəs, düşürmü yada?
Bəlkə dünya üçün, bu - heç nə deyil,
Nə qədər sevinc var, qəm var dünyada.
Dünya sərgisində göründüm, yetər,
Həqiqət dedim mən ”yalan dünya”ya,
Dünyanı əyləncə hesab edənlər,
Əylənib baxsınlar bir an dünyaya.
Nəriman Həsənzadə
Sən demə, Nurlanın beynindəki şiş mənimlə tanış olduğu vaxtdan yaranıbmış.. Məgər acısını gizlətmək üçün , gülümsəyirmiş.. Məni pozitiv motivasiyalara kökləyirdi.. Halbuki , özünə həmdərd lazım imiş.. Hazırda dünyada neçə milyonlarla insan , xərçəng xəstəliyindən əziyyət çəkir.. Mən bu xəstəliyə atamı əlimizdən aldığı üçün səssiz qatil adlandırsam da, yaxşı bilirəm ki, hər xəstəliyin üzərinə getmədikcə o sizə qalib gələcək.. Mənim atam o xəstəliyin üzərinə vaxtında getmədiyi üçün ona qalib gələ bilmədi. Lakin, bu düzgün deyil.. Bu xəstəliyə yoluxan kimi ruhdan düşməyin, müalicəsi bir qədər yorucu olsa da yenə də mübarizə aparmaqdan vazkeçməyin.
Nurlanın valideynləri də xəstəliyini məndən gizlətdiyi üçün tənbehləyirdilər.. Lakin, indi onu tənbehləmək əvəzinə güclü sevgimizlə motivasiya verib yaşatmalıyıq.. Yuxarıda Allah , yerdə isə biz onu mütləq yaşatmalıyıq.. Hər şey sevgi ilə gözəldir.. Boşuna deməyiblər dünyanı yalnız sevgi xilas eləyə bilər. Məhz buna rəğmən, bütün ailə onun başına pərvanətək dolanırdıq... Əməliyyat olunması üçün külli miqdarda pul toplamağa çalışırdıq, ondan-bundan borc almaqla..
Bizsiz də həyat vardı,
Boş qalmazdı yerimiz ;
Qiyamətmi qopardı,
İkimizdən birimiz
Dünyaya gəlməsəydik?!
Hamlet İsaxanlı
Sevgi insanın ürəyində qopan səssiz fəryaddır. Bəzən bunu sevdiyimiz insanlar da hiss etmir. İçin yanarkən üşümək, ürəyin qan aglarkən gülmək, darıxıb da sevdiyini görə bilməmək.. İşdə eşq bu olsa gərək! Bəli, Nurlanım üçün darıxırdım.. Yəni onunla keçirdiyim rəngarəngli günlərim üçün darıxırdım..Amma həyat hər zaman rəngarəng ola bilmir. Bəzən həyatda heç rəngin olmadığını düşünmək gərəkir.. Göy qurşağı kimi rəngli olmamasını düşünməyi həyat vadar eləyər. Nurlanla yenidən o rəngli günləri yaşamaq üçün hər gün ona sevgi dolu motivasiyalar verirdim..
Külli miqdarda vəsait əldə elədikdən sonra Nurlanın əməliyyatının vaxtı təyin olundu. Sabah səhər 9-da əməliyyat olunacaqdı. Hər birimiz ürəyimizdə onun üçün nə qədər həyəcan keçirsəkdə ona heç bir şey yansıtmayaq deyə əməliyyatdan sonra hər şeyin daha da gözəl olacağına dair ümidlər verirdik.. Hər birimiz əllərimizi Allaha doğru qaldırıb Nurlan üçün dualar oxuyurduq.. Mənim anam və qardaşlarım, Nurlanın anası ilə atası, qardaşı Murad hər Namaz dualarında Nurlanın adı heç unudulmurdu.. Hətta bacım kimi doğmam olan, Bahar da Nurlan üçün sidq ürəklə dualar oxuyurdu.. Duaların da gücü böyükdür, əgər qəlbdən diləsən.. Duanı da böyük sevgi ilə eləyəndə , Allah tərəfindən qəbul olunaraq səni çox gözəl şəkildə mükafatlandırır.. Səbr və dua eləmək Allahın qulundan dar zamanlarında istədiyi ən gözəl şeylərdir.
“ ALLAHIM ... O əllər ki, sənin dərgahına dua etmək üçün qalxır , o, əlləri naümüd əliboş geri qaytarma “
Mən bütün ailəni evlərinə göndərmişdim, özüm xəstəxanada tək qalmışdım.. Sevdiyim insanın əlini bir an olsun buraxmamışdım.. Nurlan:
-Miray..
-Aycan?
-Məni gözəl xatırla..
-Eh Nurlan, nə danışırsan...
-Miray, xahiş eləyirəm sözümü kəsmədən dinlə.. Sən özün də çox gözəl bilirsən ki, çətin əməliyyatdır. O əməliyyatdan sağ çıxmağım sual altındadır.. Çox riskli əməliyyatdır.. Heç birimiz uşaq deyilik.. Ona görə icazə ver, sənə qəlbimdə qalan sözlərimi indidən söyləyim.. Bəlkə bu gün son dəfə gördün məni..
Nurlanın bu sözləri məni istər-istəməz ürkütməyə başladı.. Gözlərimdən gilə-gilə yaşlar süzüldü...İçimi çəkə-çəkə:
-Nolar belə şeylər danışma.. Qurban olum.. Sən o əməliyyatdan sağ çıxacaqsan və bununla da mənim igid əsgərim olacaqsan. Mən buna bütün qəlbimlə inanıram..
Nurlan mənim yanağıma süzülən yaşları əlləri ilə xəfifcə silərək alnımdan öpdü:
-Sevgilim, məni gözəl xatırla.. Mən həyatımda sənin qədər heç kimi çox sevmədim.. İnan mənə.. Sən həyatımın möcüzəsisən... Yaradan tərəfindən mənə bəxş olunan ən gözəl mükafatımsan... Səni o qədər çox sevirəm ki... Gözlərindən süzülən yaşlarına belə qıya bilmərəm...
-Nurlanım... Biz bir-birimiz üçün Yaradan tərəfindən bəxş olunan mükafatıq. O, bizi boşuna qarşılaşdırmadı. Biz bir-birimizin qismətiyiq.. İkimiz də sabahkı imtahandan uğurla çıxacağıq.. Sənin əməliyyatın ikimiz üçün böyük həyati imtahanlarından biridir, bəlkə də ən başlanğıcıdır.. Sonun ən başlanğıcıdır.. Biz sabahdan yepyeni vərəq açacayıq həyatımız üçün..
-Mirayım... Yenədə qeyd eləmək istəyirəm ki, əgər sabah mənə bir şeylər olarsa məni gözəl xatırla... Məndən sonra həyatına daha da yaxşı insan çıxsın, onunla həyatını birləşdir, səadətli ol.. Mən sənə xəstəliyimlə çox böyük üzüntü verdim.. Beləsi bir daha qarşına çıxmasın..
-Nurlan, xahiş eləyirəm belə danışma.. Mənə sən heç bir üzüntü gətirmədin. Sən sadəcə xəstəliyini gizlətməklə bir az üzdün.. Amma keçdi... Qətiyyən, səndən sonra heç kimi həyatıma daxil eləməyəcəm.. Mənim ölənə qədər tək eşqim sən olacaqsan..Sən mənim tək günəşimsən ... And olsun o Uca Rəbbimə..
Nurlanla bir-birimizə möhkəmcə sarıldıq:
-Sən yaşayacaqsan... Sonra biz evlənəcəyik.. Gül kimi balalarımız olacaq.. Onları sevgimizlə böyüdəcəyik.. Sevgimizin bəhrələri olacaq bizim gül balalarımız.. Bərabər çoxlu bayramlar, ad günləri, şənliklər keçirəcəyik.. Daha sonra onları universitet tələbələri kimi görüb qeyd eləyəcəyik.. Ardından övladlarımızın toylarını edəcəyik.. Ona görə bəy əfəndi, sənin hələ ölməyinə çox var.. Məni səninlə bağlı olan xəyallarımla, arzularımla yarım buraxıb getməyə ixtiyarın yoxdur..
Nurlan xəfif təbəssüm qondurdu nurlu simasına. Bir qədər susduqdan sonra :
-Bəlkə Baharın da toyunu görəsi olduq..
-Doğurdan?
-Hə, qardaşım Muradın Bahardan xoşu gəlir..
Mən bu xəbərə Bahar üçün çox sevinmişdim. Çünki Murad da Nurlan qədər çox yaxşı oğlandır və Bahara da layiq olduğunu düşünürdüm. Bir tərəfdən də, əgər Bahar Murad ilə evlənmiş olsa mənim eltim olacaqdı.. İkimiz bir-birimizə daha da yaxın olardıq.
Mən Nurlana:
-Görürsən, bizim nə qədər işlərimiz var? Ona görə də bu işləri üstümüzə atıb heç yerə gedə bilmərsən..
Zarafatyana Nurlanı belə tənbehlədim.. Hər zarafatda bir həqiqət olar.. Yəni, bu sözlərimi zarafat olaraq söyləsəm də , həqiqətən də səhərki ağır əməliyyatdan Rəbbimizin köməyi ilə sağ-salamat çıxmağını böyük səbirsizliklə gözləyirdim.. Ailəlikcə bu anı səbirsizliklə gözləyirdik.
Hər üfüqdə bir həvəs, hər bucaqda bir umud,
İnsanlar daha mə’sud.
Duyğular daha incə, fikirlər daha dərin,
Ürəklər daha sərin.
İnsanların vüqarı, tələbi daha yüksək,
Yolumuzdan daş, kəsək,
Təmizlənmiş bir az da.
Mikayıl Müşfiq “ Yenə o bağ olaydı “
Mən Nurlanın əlini heç buraxmadan çarpayısının böyründəki stulda mürgülədim.. Nurlanı isə həyəcandan yuxu gözünə getmirdi.
Tam imkansız dediyin anda Allah elə bir qapı açar ... Yetər ki, inanmaqdan vazkeçmə. Səhər 8-də hamımız oyandıq.. Mənim anamgil və Nurlanın anasıgil də xəstəxanaya gəldilər. Saat 9 radələrində , Nurlan əməliyyata girdi. Əməliyyata girdiyi andan, hamımız xəstəxananın dəhlizində əllərimizi Uca Rəbbimizə qaldırıb dualarımızı bir saniyə olsun əsirgəmirdik.. 2 saat keçənə qədər özümüzdən keçdik..
2 saatdan sonra, Nurlanı əməliyyat eləyən həkim , əməliyyat bitər-bitməz yorğun halda bizə tərəf gəldi:
-Gözünüz aydın.. Bu ağır əməliyyat axır ki, bitdi.. Çox əziyyət çəkdik, çox yorulduq və şükürlər olsun əziyyətimiz boşa çıxmadı. Xəstəmizin əməliyyatı uğurlu oldu..
Sevincimizin həddi-hüdudu olmadı.. Çox şükür , Rəbbimiz sidq ürəklə dilədiyimiz dualarımızı qəbul elədi.. Nurlanımızı bizə bağışladı.
Aradan 1 il keçdi
Nurlanla sadə və gözəl keçən toyumuzdan sonra, bal ayı üçün Türkiyənin Bodrum şəhərinə yollandıq.. Nurlan özünü əvvəlki illərdən də gümrah hiss eləyirdi.. Həyatımızda daha da rəngli günlər yaşanırdı. Bal ayından döndükdən sonra isə, Baharla Muradın xeyir işlərində iştirak elədik.. Onların da arasında bir-birinə qarşı tərtəmiz duyğuları vardı. Nəhayət ki, onlar da bizim kimi bir-birinə qovuşa bildilər... Zaman keçdikcə, bizim nur topu kimi qızımız, Bahargilin isə nur topu kimi oğlu oldu.
Bu müddət ərzində mən yazarlıq işimlə məşğul olurdum.. “ Məni gözəl xatırla “ isimli bir motivasiya ilə zəngin roman yazmaqla məşğul idim.. Yoldaşım Nurlan , əməliyyata getməzdən əvvəl mənə bu kəliməni söyləyəndən ağlıma dolaşmışdı. Gələcəkdə belə isimli nəsə bir şeylər yazmağı düşünürdüm. Burada, xərçəng xəstəliyindən əziyyət çəkənlər üçün sevgi dolu motivasiya mesajları verəsi oldum.
Səadətli yaşamağınız üçün , başınıza gələn hər çətinliyinizin öhdəsindən sevgi ilə qələbə çalmağa çalışın...
SoN

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)