Edebiyyat.az » Proza » Nemət Mətin - Kölgədən çıxanlar

Nemət Mətin - Kölgədən çıxanlar

Nemət Mətin - Kölgədən çıxanlar
Proza
admin
Müəllif:
22:46, 24 avqust 2020
1 435
0
Nemət Mətin - Kölgədən çıxanlar








Alzheimer xəstələrinə ithaf olunur.


 Həyat gözəldir. Yaşadığım qəsəbə isə ondan da gözəldir. Ağaclar həmişə yaşıl olur. Güllər solmur, yollar dağılmır, evlər sökülmür. Günəş bizi üşüməyə belə qoymur.   
 İnsanlar mehribandırlar. Bir-birlərinə can deyib, can eşidirlər. Qonşularımızın ağzından söyüş nədir hələ eşitməmişəm. Qonşularımızın evindən nə su sızır, nə də eyvanından zibil atılır. Qapılar kilidlənmir, pəncərələr dəmir arakəsmələrlə örtülmür. Qonşumuz Asif ali təhsilli, sadə oğlandır. Tələbə olduğu üçün ona dəstək oluram. Onu görəndə gülümsəyir, ürək-dirək verirəm. Dostlaşmışıq. Hətta pişiyini də mənə həvalə edib dərsə gedir. 
 Dükanlarda oğurluq olmur, məktəblərdə avara uşaq tapmazsan, universitetlərdə gələcəyin potensial professorları yetişir. Təhsil gələcəyimizdir. Buna inanıram. 
 Kiçik qardaşım gah ağaclarda, damlarda gəzir, gah da çardağda, evdə şkafda gizlənir. Yəqin, ulu babalarından instinktiv olaraq mənimsəyib. Onlar dinozavr və digər vəhşi heyvanlardan, təbiətin təlatümlərindən gizlənirdilər, mağaralara çəkilirdilər. Qardaşıma heç nə ilə mane olmuram. Onu böyüklərin məzəmmətindən qoruyuram. İstədiyini edir. Dağıdır, sökür, qaçır, tullanır. Təbiəti öyrənir. Təcrübə aparır. Ona böyük ümidlərlə baxıram.
 Asif o gün bizə qonaq gəlmişdi. Kədərli idi. Səbəbini soruşanda "test imtahanları ləğv olunub" dedi. Mən bunu böyük sevinclə qarşıladım.
- Asif, nə danışırsan?! Mən sevindim.
- Nə üçün?
- Bilirsən, test imtahanları insanın beynini qurudur. Düşünməyə qoymur. Sənin qarşına variantlar qoyulmayanda seçə bilmirsən. Ən gözəli variantsız həyatdı. Özün qərar qəbul edirsən. Seçmirsən. Yaşayırsan...
 Asifi inandırmışdım. Sağollaşıb getdi. Arxasınca "xətrini çox istəyirəm" qışqırdım. Bilmədim eşitdi, yoxsa yox. Amma ürəyim rahatladı.

 Yol gedəndə kölgəmlə danışmağı sevirəm. O ən yaxın dostumdur. Hətta o qədər yaxınıq ki, ayaqlarımız bir yerdən kök alır. Gecələr getməsin deyə işığı yanılı qoyuram.
 Həyətimizdə üç ildir bir quş yumurta qoyub bala çıxarır. Onu hürkütmürük. Dən atıram ona tez-tez. Həyətimizə öyrəşib. İmkan olsa onu evdə də saxlayaram. Amma qorxuram evə öyrəşəndən sonra təbiətdə məhv olar. 

 Babamgilə vaxtaşırı gedirəm. Babamın atası məni çox istəyir. Otuz yaşım olmağına baxmayaraq mənimlə uşaq kimi davranır. Nənəmin anası isə mənimçün dadlı yeməklər bişirir.
 Bu gün hava işıqlıdır. Hardasa uzaqda bül-bül cəh-cəh vurur. Çiçək qoxusundan bihuş oluram. Həyət deyil cənnət bağıdır. Alma ağacları başdan başa sərgilənir. Günəşin al şəfəqləri alma ağacının yarpaqları arasından sızaraq gözümə düşür. Üzümə istilik bəxş edir. Dərindən nəfəs alıb kövrəlirəm. Uçmağa hazıram. İnsan xoşbəxt olarsa, uçmağı da öyrənər. Quş tək göy üzündə pərvaz edər.
 Qapı döyülür. Görəsən hansı bəxtəvər qonaqdır? Ayağa qalxıb qapıya tərəf tələsirəm. 
- Açıqdır, gir içəri. 
Asifin arıq silueti görünür.
- Gəl qardaş, gəl. 
 Asif üstümə qaçır. Məni qucaqlamaqdan ötrü darıxıb. Mənim gözəl qardaşım. Mənə çata çatda əlində bıçaq görünür. Qarnıma sancır bıçağı. İsti qan qarnımdan fışqırır. Üzüm gülür. Asifə sevgi dolu baxışlarla baxıram. Gözlərim yumulur...

***

 - Yaxından və uzaqdan gələnlər, bu gün mərhumun üç mərasimidir. Allahdan rəhmət diləyirik. Yeri pərqu olsun. Mərhumun ənvatına bir salavat zikr edək...
  Yas mərasimində iştirak edən insanlar fatihə oxuyub içəri keçirlər. Çadıra daxil olanlar yerlərinə əyləşir. Molla asta addımlarla baş tərəfə keçir. Söhbət qızışır. Mərhumun qonşusu yanında əyləşən nimdaş şalvar, köynək geyinmiş qoca kişiyə deyir:
- Yetim, xaraba qalmış qəsəbəni cənnət hesab edirdi. Elə bilirdi Asif dostudur. Asif hər dəfə onu söyəndə hirslənmir, əksinə qucaqlayıb sevinirdi. 
- Daha demə. Elə bilirdi babası, nənəsi sağdır. Bütün ölüləri diriltmişdi. Qışda nazik köynəklə gəzirdi. Sanki yay idi onun üçün hər fəsil.
 Molla işini bitirərək aşa girişdi. Yağlı ağzını siləndən sonra dilləndi:
- Mərhum dünyanı gözəl görürdü. O məsum bir insan idi. Allah rəhmət eləsin. Asif avara adam idi. Onu öldürüb evini yarmışdı. Yeri cənnət olsun.
 Qəfil qonaq gələn yağış damlaları çadırı döyəcləməyə başladı. Sanki mərhumun xoş nəfəsi idi. Hamını qarşılayıb bağrına basmaq üçün tələsirdi...
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)