Edebiyyat.az » Proza » Nemət Mətin - Ən böyük hədiyyə

Nemət Mətin - Ən böyük hədiyyə

Nemət Mətin - Ən böyük hədiyyə
Proza
admin
Müəllif:
10:13, 29 noyabr 2020
1 230
0
Nemət Mətin - Ən böyük hədiyyə



 Babasından qalma sobanın yanında yelləncək kreslosunda əyləşən nimdaş geyimli, düm ağ saçlı, qırış üzlü Nizam Əfəndiyev kitab oxuyurdu. Yazıçı dostu, həmkarı Əflatun Nazimoğlunun hekayələr toplusu kitabı ona qış axşamında zövq verirdi. Arada gülümsəyir, arada əsəbləşirdi. Kitaba hopmuşdu. Obrazların həyatını yenidən  yaşayırdı. Qəfil gözlərini kitabdan çəkdi. Xatirə düşmüşdü yadına. Həmişə kitab oxuyarkən nə düşünürdüsə fikrini kitabdan ayırıb xəyallara dalırdı. Sonra yenidən kitabı vərəqləyirdi. Bu dəfə əsgərlik dönəmi yadına düşmüşdü. İyirmi iki yaşında könüllü olaraq müharibəyə yollanmışdı. Artıq bir ay idi ki, işğalda olan torpaqları azad etmək uğrunda ağır döyüşlər gedirdi. Baş leytinantını xatırladı. Dostlaşmışdılar o vaxt. Müharibə də qatar vaqonu kimidir. Kupe yoldaşını tanımırsan. Lakin yol sizi tanış edir. Yolda tanıyırsan adamı. Dəhşətli günlər yaşamış döyüşçülər nələr görmüşdülər. Birgə nələr yaşamışdılar. Yaralanmışdılar da, üstlərinə döyüş yoldaşlarının qanı da sıçramışdı, dünən bir yerdə çörək yedikləri əsgər yoldaşları bu gün yanlarında şəhid də olmuşdu. Belə çətin zamanda baş leytinantı ilə qardaş olmuşdu. Dünən gecə ağlasığmaz hücumlarından sonra düşmən xeyli itki verərərək geri çəkilməyə məcbur olur. Hamı yorulub. Müvəqqəti fasilə idi. Nə düşmən hücuma keçmirdi, nə də onlar. Nizamın ad günü idi. Baş leytinant xəbər tutanda ürəkdən sevinmiş və onu bağrına basmışdı. Bir saat sonra yanına çağırıb gülərüzlə söyləmişdi:
—Bu gün, gözəl qardaşım, sənin ad günündür. Oturduğum təpəni işğaldan azad etmişik. Ona görə də təpəyə sənin adını verirəm. Nizam təpəsi. Necə də gözəl səslənir. Kiçik hədiyyəm olsun sənə. 
 Nizam kövrək adam idi. Gözləri dolsa da formasının qoluna silib təşəkkürünü bildirmişdi.
 Xoş xəyallardan Nizamı telefon zəngi ayırdı. Tez-tələsik əsasını götürüb ayağa qalxdı. Asta-asta mətbəxə tərəf getdi. Telefonun dəstəyini qaldıranda o başdan qadın səsi eşitdi:
— Nizam müəllim, axşamınız xeyir olsun. Sizi "Ədəbiyyat və dünya" jurnalının baş redaktoru Gülşən Almuradova narahat edir. Üzürlü sayın. Lakin xoş xəbəri sizinlə bölüşməliydim. Siz ədəbiyyat üzrə nobel mükafatını qazanmısınız. Bütün dünya sizdən danışır. İlk xəbəri biz sizə verdik. Nə hisslər keçirirsiniz?
—Təşəkkür edirəm qızım, əlbəttə sevinirəm. 
—Sizin üçün böyük hədiyyə oldu. Elə deyilmi?
—Əslində ən böyük hədiyyəmi iyirmi iki yaşında almışam. Bir neçə saat sonra məni yaralı olduğuma görə təhlükəli ərazidən uzaqlaşdıran baş leytinantım şəhid olmuşdu. Öncə isə ad günümə görə düşmən tapdağından azad etdiyimiz təpəyə adımı vermişdi. Bundan böyük hədiyyə ola bilməz...
 Jurnalist təşəkkür edərək sağollaşandan sonra nobel mükafatçısı dəstəyi asdı. Nizam asta-asta yerinə qayıtdı. Pəncərədən görünən mənzərəyə tamaşa edəndə qar narın-narın yağmağa başladı...

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)