Edebiyyat.az » Proza » Fərhad Kərimli - Bir qucaq torpaq

Fərhad Kərimli - Bir qucaq torpaq

Fərhad Kərimli - Bir qucaq torpaq
Proza
admin
Müəllif:
22:58, 25 dekabr 2020
1 734
0
Fərhad Kərimli - Bir qucaq torpaq




Ovcumdakı torpaq barmaqlarımın arasından süzüldükcə torpaqdan gələn cənnət ətrini qoxlayıb ciyərlərimə çəkirəm. Hər nəfəs aldıqca bu ətri dərindən hiss edib ona qovuşmağımın sevincini daha ürəkdən yaşamaq üçün gözlərimi bərk-bərk yumuram. Gözlərimi sıxdıqca  aramla damcılayan göz yaşlarım ovcumdakı torpağa tökülür, cənnət qoxulu vətən torpağına sanki indiyədək qəlbimi didib-dağıdan həsrətin, nisgilin də ətrini qatır.

Gözümü açdım. Taxtadan düzəldilib torpağa perpendikulyar basdırılmış başdaşı bir qədər yana əyilmişdi. Başdaşını sığallayıb ehmalca düzəltdim, toz-torpağa bulaşmış əlimin arxasıyla gözümü sildim. Amma içimdən gələn ağlamağa, sızlamağa mane ola bilmədim. Göz yaşlarım indi də üstümə, torpağa tökülürdü. Dayandıra bilmədiyim ağlamaq maneəsiz olduğu üçün də hönkürtüyə çevrildi. Huşumu itirməyə doğru gedirdim. Daha özümü saxlamadım, başımı torpağa atıb hönkürtü ilə ağlamağa başladım.

Bura işğaldan təzəcə azad olunmuş Yağlıvənd kəndinin qəbirstanlığı idi. Ermənilər qəbirstanlığı dağıtsa da, xoşbəxtlikdən yerində nəsə tikməmişdilər. Kənd camaatı təxmini bilirdi ki, kimin atasının, kimin anasının, kimin qardaş-bacısının qəbri hardadır. Atam isə dəqiqliklə deyirdi ki, bura qağasının – yəni babamın qəbrinin yeridir. Hər kəs özününkünün qəbrinin baş tərəfinə bir taxta vurub üstünə öləninin adını yazmışdı. Bizim vurduğumuz taxtada belə yazılmışdı: “Sevindik K.”

Başımı atıb hönkürtü ilə ağladığım torpaq qağamın qəbrinin yerləşdiyi yer idi. Qəbirdən əsər-əlamət qalmasa da, ermənilərin ötən illər ərzində buranı şumlayıb-şumlamadıqlarından, qəbirləri çıxarıb başlarına nə oyun gətirdiklərindən xəbərimiz olmasa da, təskinlik tapırdıq. Çünki torpaqlar işğal altında olanda ziyarət etməyə bir daşımız belə yox idi, indi isə camaat tam dəqiq olmasa belə təxmin eləmişdi ki, kimin qəbri hardadır. Bu hamı üçün kifayət idi.

Torpaqlar işğaldan azad olunan kimi hamı geri qayıtmasa da, burnunun ucu el-oba üçün göynəyən, doğulub böyüdüyü torpaq gözündə cənnət olan, daim Vətən üçün hər şeyindən keçməyə razı olan adamlar vaxt itirmədən qayıtmışdılar. Ən sevindirici və təsirlisi o idi ki, hamı gələn kimi birinci qəbirstanlığa baş çəkmişdi. Dünən, demək olar ki, hamı öz yaxınının qəbrinin harda olduğunu təxmin etməyə çalışır, əvvəlki günləri yadlarına salıb çox keçməmiş tapır, tapan kimi də dizlərini yerə atıb hönkür-hömkür ağlayırdı. Yaşı yarını çoxdan keçmiş kişilər siqaret çəkir, çəkib qurtarandan sonra kötüyünü qəbirstanlığa atmır, söndürüb pencəklərinin, şalvarlarının cibinə qoyur, buradan aralaşandan sonra harasa atırdılar.

Dünən elə bizimkilər də – atam, anam, bacılarım və qardaşım, əmilərim və ailələri, mamalarım, bir sözlə, hamı burda idilər. Arvadlar ağlayır, torpağı öz balalarını qucaqlayantək qucaqlayır, Allaha dua və şükür edirdilər. Kişilərin yarısı siqaret çəkir, yarısı da diqqətlə gözlərini qıyaraq bu mənzərəni izləyirdilər. Mənsə lap uzaqdan hamısını izləyirdim. Təkcə bizimkiləri yox, qəbirstanlığa gəlmiş bütün camaatı.
 
Qəbirstanlıqdan kəndə qayıdanda qərara gəldik ki, sabah nənəmin də qəbrini Füzulinin işğaldan hələ nənəmin vəfatından xeyli əvvəl azad olunmuş kəndinin qəbirstanlığından çıxarıb babamın qəbrinin yanında basdıraq. Səhər tezdən biri bildiriş üçün icra hakimiyyətinə, biri maşın dalınca, biri molla dalınca – hərə bir iş üçün getmişdi. Mən isə qağamın qəbrinin üstünə gəlmişdim.

Qağamı ancaq şəkillərdə görmüşdüm. Haqqında təkcə öz övladları yox, bütün qohumları, tanışları, kənçiləri danışırdı. Bircə nəfər də mənfi rəy bildirməmişdi. Deyilənlərə görə, bütün kənd camaatı deyirmiş ki, hamı bir yana, qağam bir yana. Çox ağır kişi olubmuş. Çox danışan da olmayıb. Ailədə, qohum-əqrəbada sözünü yerə salan, sözünün üstünə söz deyən, sözünü eşitməyən adam olmayıb. Evə gəlməmişdən əvvəl atın nalının səsinə bütün evdəkilər qaçıb çıxarmış çölə. Evə çatmağına hələ dəqiqələr qalsa da, heç kim yerindən tərpənməz, gəlib çatan kimi də, oğlunun biri atın başın tutar, biri düşməsinə kömək eləyər, o biri atın yəhərini alıb atı gəzdirər, başqası da su gətirərmiş ki, əlin yusun. Bütün kənd camaatı onu görən kimi söhbətlərinə ara verər, içəri daxil olan kimi ayağa durarmışlar.

Qağamı təkcə bu xüsusiyyətlərinə görə çox istəmirdim. Bir dəfə qış sərt gəldiyinə görə dostu 50 qoyununu qağamın sürüsünə qatıb ki, bu qışdan çıxarda bilsin. Qağam da etiraz eləməyib. Bədbəxtlikdən dostunun qoyunun 30-a yaxını qışda qırılıb. Yaz qabağı qağam 80 qoyun-quzu təhvil verib dostuna ki, 50 baş sən vermişdin, 30 baş quzu da bu qış doğulub. Dostu heç nə demədən sürünü qatıb qabağına aparıb. Bir neçə gündən sonra geri qayıdıb ki, bəs bu qoyunun çoxu heç mənim deyil, dəyişik düşübsə, heç nə olmaz. Mən tanıyıram, icazə ver dəyişim. Qağam da məsələni açıb danışıb ki, sənin 30 qoyunun qırılıb. Mən də öz qoyunlarmı verdim əvəzində. Dostu narazılıq eləyib ki, olmaz belə. Qırılıb-qırılıb də, canın sağ olsun. Öz qoyunlarını götür, heç nə olmaz. Qağam razılaşmayıb. Dostu nə qədər təkid eləsə də, mümkün olmayıb. Sırf belə bir kişi olduğu üçün qağam mənim üçün böyük adamdır.

İndi dünyanın ən cənnət torpağı olan Yağlıvəndin ən cənnət torpağı, mənimçün, elə bu qəbirstanlıqdır. Çünki bu torpaq altında yatan bütün kişilər mərd, qadınlar comərd adamlardı.
 
Ağlayıb doydum deyəsən. Ya huşumu itirmişdim, ya özümdən getmişdim, nə idisə, özümə gəldim. Başımı qaldıranda qarşımda balaca bir qız dayanmışdı. Ona baxdığımı görüb gülümsəməyə, parıldayan gözləri ilə sanki öz kiçik ürəyindəki sevgidən mənə də pay verməyə çalışırdı. Qızı ilk dəfə görsəm də, tanıyırdım. İşğal vaxtı ermənilər saçından asdığı qız idi. Qızın saçlarını dibindən ucuna doğru izləməyə başladım. Çiyinlərinə çatanda gözlərim qeyri-ixtiyari arxaya sataşdı. Arxadan bizə tərəf gələn xalanı da ilk dəfə görsəm də, tanıdım. Qoltuğuna vurduğu torba ilə bazardan nəsə almağa gedəndə ermənilərin atdığı bomba ilə bir qolu dirsəkdən yuxarı qırılıb yerə düşən Quba xala idi. Qırılmış qolunu qoltuğuna vurub gəlmişdi. Ətrafa nəzər saldıqca gördüm ki, burda tək deyilmişəm. Bir az aralıdan axsaya-axsaya gələn Mahmud idi. Mahmud qaçhaqaç vaxtı yaralandığı üçün atası belinə alıb aparırmış. Mahmud görüb ki, atası onu da apardığı üçün ləngiyir, belə getsə, ermənilər gəlib çatacaq. Anası, bacıları, balaca qardaşı da əsir düşməmək üçün özünü atır atasının belindən yerə və atasına qışqırır ki, məni qoyun gedin. Atası nə qədər oğlunu aparmaq istəsə də, oğlu deyir ki, gələn deyiləm, get. Mənə görə hamınız əsir düşməyin. Atası məcbur olub getmək istəyir. Birdən dayanıb geri dönür. Oğlu hələ sağ olduğu üçün ermənilər onun başına min oyun gətirə bilərdilər. İşgəncələrdən sonra onsuz da öldürəcəkdilər. Bu düşüncələrlə çiyndəki tüfəngi aşırıb oğlunu nişan alır. Mahmud da atasının niyyətini başa düşüb gözlərini yumur... Atəş... Mahmudun yanında gələn isə ermənilərin əsir götürdükləri, daha sonra insanın dərisi olmadan neçə saniyə yaşaya biləcəyini öyrənmək üçün dərisini soyduqları qadın idi. Onun yanındakı barmaqlarını bir-bir kəsib ağzına saldıqları kişi idi. Onlardan sağda isə bütün camaatı çıxarıb özü kənddə qalan, son gülləsinə qədər vuruşan, daha sonra ermənilərin əlinə keçməmək üçün son gülləsini öz başına vuran mərd döyüşçü idi. Daha neçə-neçə dünyanın ən iztirablı ölümünü dadan insanlar idilər. Onlar yaxınlaşdıqca mən torpağa batırdım sanki. Damağımda düyünlənib qalan nə idisə, udquna bilmirdim. Əllərim titrəyir, dişlərim şaqqıldayır, ürəyim partlayacaq kimi döyünürdü. Birdən kimsə əlini çiynimə qoydu. Qeyri-ixtiyari çönəndə günün qabağını enli kürəyi ilə alan, əsalətli baxışları, nəvazişli gülümsəməsi, iftixarlı duruşu ilə  mənə baxan şəhid general Polad Həşimovu gördüm. Görməyimlə ölməyim bir oldu. Buna ona görə ölmək deyirəm ki, keçirdiyim hissləri ifadə edəcək başqa bir söz, başqa bir termin, başqa bir ifadə tapa bilmirdim. Bu yerdə sanki dünya öz oxu ətrafında fırlanmağa ara vermiş, çaylar axmağı, dənizlər coşmağı, küləklər əsməyi, buludlar yağmağı dayandırmışdı. Təkcə fiziki dünyam yox, mənəvi dünyam da dayanmışdı. Sanki Dostoyevski heç zaman qumar oynamamış, Şekspir “Hamlet”i yazmamış, Üzeyir Hacıbəyli “Koroğlu” operasını bəstələməmişdi. Çünki ruhumu cuşa gətirən bunlar idi və indi bunlar yox idisə, deməli ruhum da yox idi. Polad Həşimov məni qaldırıb iki əli ilə çiyinlərimdən tutdu. Ətrafdakılar getdikcə yaxınlaşır, dövrəmizdə dairəvi şəkildə sıxlaşırdılar. Polad Həşimovun qarşısında tir-tir titrəsəm də, bir tərəfdən də onu qucaqlamaq, bərk-bərk boynuna sarılmaq, Vətən qoxuyan ətrini sinəmə sıxıb ağlamaq istəyirdim. Ağlamaq... Ruhum bədənimi tərk edənə qədər ağlayıb dərin yuxuya getmək... Çiyinlərimdən sıxan kimi bu yuxudan ayıldım. Ətrafa nəzər salıb həmin insanları göstərdi və sözə başladı:
¬– Ağlama, daha ağlamaq yox, gülmək vaxtıdır. Bunca ağlamaq yetər. Torpaqlarımız azad olundu, düşmən məhv edildi, – deyib sağ əlinin baş barmağıyla gözümdən süzülüb yanaqlarıma axan göz yaşımı sildi, – Bu insanları görürsən? – deyə mərhəmət və qeyrət dolu baxışlarla yenə də ətrafı süzdü, – bu insanların indiyə qədər ruhları bədənlərindən ayrılmamışdı, ruh ayrılmadıqda isə insan ölmür. Onlar ölməmişdilər. Onlar neçə illər idi ki, bizi, sizi gözləyirdilər. Torpaqları azad edib düşməni məğlub etdiyimiz, onların qisasını aldığımız, ruhlarını şad etdiyimiz günü gözləyirdilər. Hər gecə ruhları bədənlərindən ayrılmaq istəsə də, alınmamış qisasımız buna imkan vermirdi. Hər gecə onların ruhu öz sahiblərinə min bir əzab yaşadır, olmazın məşəqqətlərini çəkdirirdi. Bu gün isə ordumuz min illərdir var olan dünyanın ən gözəl qələbəsini qazanaraq onların da ruhunu azadlığa qovuşdurdu. 

Sağ əli ilə çiynimə qayğıkeşliklə 3 dəfə vurub aralaşmaq istəyirdi ki, özümü saxlaya bilməyib onu özümə tərəf çəkdim və möhkəmcə qucaqladım. Gözlərimi bərk-bərk yumdum, içimdən gələn ağlamağa, sızlamağa mane ola bilmədim. Göz yaşlarım indi də cənab generalın üstünə tökülürdü. İçimdən gələn ağlamağı dayandıra bilmədim, maneəsiz olduğu üçün də hönkürtüyə çevrildi. Huşumu itirməyə doğru gedirdim. Daha özümü saxlamadım, daha da möhkəm qucaqlayıb hönkürtü ilə ağlamağa başladım. Ağlayıb doydum deyəsən. Ya huşumu itirmişdim, ya özümdən getmişdim, nə idisə, özümə gəldim. Başımı qaldıranda qarşımda atam dayanmışdı. Ətrafda da əmilərim, qohumlarım. Arxada da böyük maşın. Nənəmi gətirmişdilər...

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)