Edebiyyat.az » Proza » Amin Namazlı - İnsan ağacı

Amin Namazlı - İnsan ağacı

Amin Namazlı - İnsan ağacı
Proza
admin
Müəllif:
09:50, 26 dekabr 2020
1 596
0
Amin Namazlı - İnsan ağacı



  Bütün xəyallarımı işıqlı həyatın kölgəm adlı qaranlığında itirdim.
 Döş qəfəsimdə vuran laxtalanmış qan topasından axan  qanla sulanmış çinardakı yarpaq kimi idim. Bu çinardan asılan yarpağı  tanrının nəfəsindən başlanğıc götürmüş külək yırğalayırdı. Ağrılaradan sallanan bəhərimi sinəmə sıxıb çəyirdəyini hər şeydən  xəbərsiz vuran qəlbimin gözlərindən qıraqda üstünü bir qarış çirk tutmuş torpağın ağuşuna buraxdım. Ürəyimi sıxıb iki-üç damla qanı əlimlə eşələyib açdığım oyuqdakı çəyirdəyin üzərinə sıçratdım.
  Yaxınlığımda hənirti hiss elədim. Bir dəstə qarğa başımın üstünü aldı. Bir ağzı-ayırığı ağzını ayıra-ayıra əkdiyim çəyirdəyin həndəvərində fırlandı. Həmişə qartal caynaqlayan yerdən bulaq çıxmayacaq ki,qoy bir dəfə də qarğa caynaqlayan yerdən nəsə çıxsın. Qarğa ki,qartaldan yüz dəfə fəhimlidi... Qarğa yaş torpağı caynaqlayıb cəyirdəyi tapdı. Bir saniyə tərəddüd etmədən çəyirdəyi dimdilədi və hopp eliyib uddu . Bir-iki atdım dalın-dalın getdi və  arxası üstə yıxılıb çabalaya-çabalaya öldü. Digər qarğalar da başladılar üzlərini cırıb bayatı üstündə ağlamağa. Yəqin ölən qoca qarğa imiş ki,bayatı üstündə ağlayırdılar, cavan olsa bəlkə də hayku, sərbəst şeir üstündə ağlayardılar. Nə sayıqlayıram ee, hər şey bir yana bir an elə bildim ki, indi çadır qurub ehsan verəcəklər.Arvadlardan bir-ikisi halva çalacaq,kişilərdən də bəzisi qırğına çıxacaq ki,pendir çörək verək,yoxsa, xaşdama.Axırda da xaşdamada qərar tutub yeyib-içib ağlaşıb dağılaşacaqlar.Hələ üç-yeddini demirəm...Yox, qarğalar mərfətlicə ölən qarğanın üstünü çör-çöplə örtüb uçub getdilər.Yaxşıdıye,üstünü götürtmək dərdi yoxdu..Əgər qəbir demək olarsa,qəbirin üstündə yalnızca qara paltarlı qadın qarğa qaldı...Sonra o da uçub getdi.
  Qarğalar uçmağında, yas verməklərində dursun, sizə kimdən xəbər verim, özümdən. Nə yaxınlığımda çıraq var idi ki, sürtəm cin çıxa, nə  xalça nə də ağ-qara qoç  var idi ki, tərkində oturub çıxıb gedəm. Yenə qurban olaram özümüzünkülərə.Əfsanələrimizdə ilandan bol nəyimiz var?! Həmişə ilandan çəkmişik ondandır.Aslanla üzbəsurət döyüşə bilməyənlər əfsanələrdə aslan ovlayırlar..Yançaq tərəfimdən bir ilan dalını fırlaya-fırlaya,slikon dodağını qabağa çıxara-çıxara sürünmürdü, axı kasıblar sürünür, o, yürüyüşə çıxmışdı. Mən də aldandım əfsanələrimizə ki, indi dilinin altından qızıl çıxaracaq,verəcək mənə mən də şellənəcəm. Qızıl nə gəzir, çoxdan lombarda qoyub.Yenə cəhənnəm, özümüzünküdür də, düşdüm dalınca. Gəldik çıxdıq bir qəbrin başına. Ədəb-ərkanla deşik tapıb girdi qəbrin içinə. Görünür, mərhumu yenicə basdırıblar. Böyük ehtimal da ilan girib gözlərini  yeməyə. Bir də gördüm ki, ilan deyinə-deyinə çıxır ki, ”Bunun gözləri linzaya yaramır. Rəngindən xoşum gəlmədi”...
  İndi fikir verirəm qəbrin üstünə düzülmüş qərənfillərin hamısının gövdəsini iki bölüblər...Görünür, bunu edən hər insin-cinsin dilini bilən adammış .Elə eliyib ki, gəlib qəbrin üstündəki qərənfilləri yığıb yenidən satmasınlar...Axı, hər qərəfilin öz taleyi  var.  Böyümək, çiçəkləmək, dərilmək, satılmaq, alınmaq sonda da bir qəbrin üstündə canını tapşırmaq...
   Dəvə kimi incəlib iynənin deşiyindən keçmədim ,amma kiçilib qırılmış qərənfil gövdəsindən içəri girdim. Hüceyrələrlə salamlaşdım, liflərlə dostlaşdım, arabir ayağım şirəyə yapışdı,axır gəlib bir dəhlizə çıxdım. Dəhlizə onlarla qapı açılırdı.Elə birinci qapını aralayıb özümü saldım içəri.
  Gözlərimi yumdum. Qollarımı aralayıb çiyinlərimin bərabərində tutdum. Eyniylə xaç formasına bənzər forma aldım.Sonra hazır olub gözlərimi açanda səhranın üstündən uçurdum,süzürdüm desəm daha məqsədə uyğun olar. Hərdən də qartal pəncəsiylə suyu yaran kimi baş barmağımı donqar burun kimi tutub ucunu quma salırdım. Barmağım qumda düz xətt cızır, düz xəttin hər yanı isə dalğa kimi axıb dağılırdı. Axı, səhralar da bir vaxt okean olublar, ya hələ olacaqlar... Süzdükcə barmağım isti qumun və sürətin təsirindən alışmağa başladı. Birdən gözümü açıb yumdum və artıq dənizin üstündən uçmağa başlamışdım. İndi də barmağımı suya saldıqca alışan,qızaran yerlər gah solazıyırdı gah da dəniz suyundakı duz qızarmış barmaqlarımla dırnağımın arasındakı yerə dolub məni yandırıb-yaxırdı. Az getdim, uz getdim, dərə-təpə düz getdim, iynə yarım yol keçdim gəldim çatdım söyüd ağacının altındakı çayxanaya.
 Çayxanada çalxoy paltar geyinmiş beş-altı gözü, burnu, əli-ayağı mayıf kişi oturub bir-birlərinin “ölümlərinə” vururdular. Yaxınlaşdıqca gördüm ki, bu adamlar çürüyüb əldən gedirlər...Salam verdim, yer-yerdən salamımı aldılar, məni gözləyirlərmiş kimi, elə belə də olmalıymış kimi biri dedi ki,”mən sənin yeddi nəsil əvvəlki babanam”.Axı,mən niyə bura gəlmişdim?! Olanları beynimdə var-gəl etmək üçün oturdum kişilərin yanında. Vəd olunan şərabdan da süzdüm. Sağlıq demək istəyəndə:
Kişilərdən biri:
Oğul bala,burda sağ adam var ki, bəyəm sağlığa da içəsən?! Özü burda olmayıb ürəyi burda olan adam da yoxdu ki, deyəsən belə. Yaxşı yaşayış olsa kim ölmək istəyər ki?!
-Baba, daha doğrusu ulu baba, bəs ölüm, ölümdən sonra,necə oldu bura gəldiniz?!
-Əvvəlcə vəziyyət yaxşıydı. öləndən bəri yığılmışıq burda, nərd çırpırıq. Ziyarətimizə də gələn olurdu sevinirdik. Sonra əl- ayaq kəsildi, qəbirimiz dağıdıldı. Neçə vaxtdı gül üzünə,gün üzünə həsrətik.
-Axı, sizi harada basdırıblar?!
Cavabı da özüm tapdım. İşğal olunmuş kəndimizdə...
Oturduğumuz yer güclü təkanla silkələndi.Böyük bir şirə damlası təpəsi aşağı qərənfilin kəsilmiş yerindən çölə çıxmağa can atırdı. Sonra da deyirlər hər hüceyrə bir kimya fabriki kimidir. Biri də bu damlaya demir ki, bəs,hara gedirsən. Salam əleyk eləməmiş damlanın özündən qabağa çıxan nazik şirə zolağı mənim əlimdən tutub damlanın tərkinə tulladı. Qərənfilin ortasına çatanda andır kimi necə götürmüşdülərsə elə də başqa bir qapının ağzında tulladılar. Mən fağır da naəlac qalıb özümü saldım qapıdan içəri...
 Ayağım boşluğa düşdü. Qaranlıq, qaranlıq, qaranlıq... Otağı boş bilib kor-peşiman çıxmaq istəyəndə başıma quş nəcisi düşdü. Başımı yuxarı qaldıranda ağzım özüm boyda aralı qaldı. Buranın ağacları üstdən aşağı bitib,insanları da həmçinin...
 Deyilənə görə, irəliki zamanlarda bir şəhər var imiş.Bu şəhərin hər şeyi yerli-yerində imiş, intəhası bu şəhərin sakinlərinin bir eyibləri varmış.Tanrı insanlara yatarkən kürəyi üstə yatmağı buyurur, amma,  bu xalqın sakinləri bu buyruğu qulaqardına vuraraq üzüquylu yatırmış.
Bir gün məleykələrdən biri cürət edib tanrıdan soruşur ki, bəs, niyə bu xalqı cəzalandırmır?! Tanrı isə bu suala belə cavab verir:”Bu şəhərdə bir balaca körpə var.O körpə hələ balacadır deyə ağzı üstə çevrilə bilmir, o körpənin xətrinə bu şəhərə hələlik toxunmuram.
Aylar keçir, körpə böyüyür. Böyüyüb ağzı üstünə çevrilən zaman tanrı bu şəhəri ağacı köklü-köməcli çıxaran kimi yerindən qoparıb tərsinə çevirir...
Qapı sifətimə qapanır. Özümü yenidən kolidorda tapıram...
Burnuma təzə salınmış yuxa ətri gəldi. Mən də bekar adam, burnumu qaz kimi qabağa tuta- tuta gəldim düz axrıncı qapının ağzına. Qapının ağzını göy ot basmışdı...
Yaylaq...Bir qarı binələrinin qabağında sac asıb. Xəmiri  kündələyib yayır, sərir sacın üstünə. Əlinəki oxlovun ucuyla da tez-tez yuxanı çevirir ki, yanmasın.Beyqafıl, balaca nəvəsi qaça-qaça özünü arvadın yanına yetirir. Deyirlər, o vaxt bəzi adamlar uşaqların şalvarların arxa hissəsini kəsirmiş ki, böyük bayıra rahat çıxa bilsinlər.Uşaq elə nənəsinin yanındaca sinib qoyun qığlayan kimi oraları batırır. Arvad döyükür o tərəf-bu tərəfə bu nəcisi təmizləməyə şey axtarır. Əlini atır yuxadan birini götürür və nəcisi ona bükür. Bu zaman göy qübbə silkələnir.Yer-göy toqquşmağa, miyon illərin həsrətli sevgilisi qovuşmağa can atır. Dağlar dərəyə dönür. Çörək isə göylərə çəkilir... Bütün məxluqat öz dilində bu dağın-daşın,yerin-göyün sahibinə yalvarır. İtlər ulaşır, pişiklər miyoldaşır.Tanrı bu heyvanların duasını eşidir və dünyaya rəhm edir. O vaxtdan həmişə deyərlərmiş, yediyimiz çörək itlərin-pişiklərin payıdır.
Həmin arvad bu otaqdadır. Bilmirəm neçə yaşı olar, amma dəhşət qocadır. Ağzı az qalır yerə dəysin. Amma hey yuxa yayıb sacda bişirir. Heç dayanmadan .Eləbil, o arvad yuxa salmağı dayandırıb yerlə birləşəndə, dünyadan çörək əbədi göylərə qalxacaq. 
Bütün gördüklərin şüşə kimi çilikləndi,ətrafa yayıldı.Gözəgörünməz qüvvə məni götürüb mitil kimi tulladı qarğanın qəbrinin üstünə...
Qarğanın qəbrinin üstündən ağac qalxırdı. Sən demə, ömür çəyirdəyimin ağaca çevrilməsi üçün can almaq gərəkliymiş. Bəlkə də tumumuz zəhərlidir. Görəsən, neçə candan sonra ərşə çatacaq bu ağac?! Adı nədir bu ağacın?!
Gözəgörünməz qüvvə pıçıldadı: İnsan Ağacı !

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)