Edebiyyat.az » Proza » ŞvartsMan - Ailə komediyası(hekayə)

ŞvartsMan - Ailə komediyası(hekayə)

ŞvartsMan - Ailə komediyası(hekayə)
Proza
admin
Müəllif:
14:15, 31 dekabr 2020
1 429
0
ŞvartsMan - Ailə komediyası(hekayə)




 Evlənənə kimi məhəbbət qəşəng görünür. Uzaqdan- uzağa darıxmalar, bəzənmələr, həyəcanlı görüşlər,  tez-tez görüntülü danışmaq, bir-birinə bədənlərinin ayıb yerlərini çəkib göndərmək, mesajlaşmaq. Və evlənirsən. Hər şey yox olur. Eyni evdə ölənə kimi birlikdə yaşamağa dövlət qarşısında söz vermək və imzanla təsdiqləmək. Evlilik yeganə həbsxanadır ki, öz istəyinlə ora düşürsən. Özü də kimisə öldürmədən, yalnız özünü öldürərək ora düşə bilərsən.
Komediya başlayır : eyni süfrədə yemək yemək, eyni tualetdə sıçmaq, eyni yataqda yatmaq, eyni insanla dəfələrlə, təkrar-təkrar sekslə məşğul olmaq. Artıq bir-biriniz üçün darıxmağa səbəb yox, amma bir-birinizdən bezməyə səbəb çox. Davalar çoxalır, əzizləmələr azalır. Sonda başa düşürsən ki, arvadın ləçərin öndə gedəni imiş, sən də oğraşın dal ayağı. 
Evə gəlirsən arvad mətbəxdə yemək bişirir:
-Yenə ət almadın? 
- Məncə, biz vegeterianlığa keçməliyik...
Arvad deyinir:
-Hə, bu da ət almamağın yeni bəhanəsi. 
-Yox, bəhanə deyil, sağlamlıqdır.
Uşaq qaça - qaça gəlir:
-Ata gəldi, ata gəldi! Ata, ət aldın?
-Yox, bala. Biz ananla beş dəqiqə əvvəl vegeterianlığa keçdik. 
-Vegetiyan nədi? Erməni əsgəri?
-Yox, ondan yaxşı bir şeydir. Heyvan əti və məhsulları yeməmək. 
-Bəs onları yeməsək necə doyarıq?
-Oğlum, biz doymaq üçün yox, yaşamaq üçün yeyirik. Vurmayım səni, get dərsini oxu, -arxasına yavaşca təpik vurursan. Arvada ilişirsən:
-Məşğul olmursan uşaqla. Belə gicbəsər suallar verir. 
-Uşaq düz deyir də. Ət yeməyəndə adam doymur. 
- Ay qız, biz mağara adamıyıq, ancaq ət yeyək? 
-Demirsən, pula qənaət edirəm ət almıram! Firəngizgil gəlmişdi, yadında, biabır elədin bizi. Ətli yemək bişirmədim, ağız büzdülər bizə. 
-Mənim evim ət kombinatı-zaddı? Bir dəfə gəldi, daha gəlməsin. Sən də yaman əsəbisən, nədir? Fikir vermişəm, biz çoxdandı sekslə məşğul olmuruq, bəlkə onun təsiridir? 
Elə bu vaxt uşaq qaça-qaça gəldi:
-Ata,seks nədir?Mamaya deyəndə eşitdim.
-Bax, qızı ofisə kekslə çay içmək adı ilə dəvət edəndən sonra baş verən hadisədir. Bildin? Get, bala, get! -başının arxasından yavaşca itələyirsən.
-Yess, kekslə çay içəcəyik! -uşaq sevinərək o biri otağa qaçır. 
-Bu uşağı müalicəyə göndərə bilmədik. -deyirsən. 
Arvad təzə xəbər verir:
-Məktəbdə fond pulu yığırlar. 
Əsəbləşib oğlunu çağırırsan:
-Cəmşid, ay Cəmşid. 
-Həə..
-Gəl bura!
Arvad deyinir:
-Bu uşağa da fərli ad qoymadın. Cəmşid! Yox bir Cəmdək. Belə də ad olar?!. Dedim sənə, Kamal qoyaq. Atavın sözünə qulaq asdın.
-Hə, Kamal qoyaq, adı ilə özü uyğun gəlsin. Ədə, məktəbdə fond pulu yığırlar?
-Hə, ata. Müəllim dedi.
-Hansı? O sinif rəhbəriniz Səlfiyyə müəllim? 
-Hə, ata... Ət yeməyəcəyik?
-Oğlum, özümüzdən zəif canlıları yemək olmaz. Əgər olarsa, yadplanetlilər də bizdən güclüdür, deməli, onlar da bizi yeyə bilər. Başa düşdün? Məntiq! Getdin.
-Bəsdi, uşağa gic-gic şeylər danışdın. 
-Bəlkə at əti yeyək? Uşağın müəllimi atbalaxanıma oxşayır, çağıraq qonaq? 
-Ehh, səncanı bəsdi, şit-şit danışdın. 
-Yox, reallıqdır. O bizim verdiklərimizi yeyib, indi biz də onu yeyək. Sən onun götünü görmüsən, adamın ağzına girir. Yüz faiz onun atla nəsə əlaqəsi var. 
***
Evli kişinin günlük yorğunluğunu çıxardığı yer rahat çarpayıdır. Gecədir. Deməli, arvadınla günü müzakirə edib yatmalısan. Arvad əlinə krem çəkir. 
-Uşaq yatdı?
-Hə. 
-Dünən bizi yatmağa qoymamışdı.-ata kimi gileylənirsən.
-Həkim dedi ki, Cəmşidin problemi parasomniyadır. 
-Xəstəliyin də adında "para-pul" varsa, işimiz asan olacaq. 
-Elə demə, həkim dedi ki, yetkinlik dövrünə keçəndə düzələcək. Sadəcə, səbrli olmalıyıq.
- Hə, hə. Keçən dəfə də mənə dedi ki, Aynştayn da doqquz yaşına kimi danışmayıb.  Sonra dahi oldu. Bəlkə sizin uşaq da dahi oldu. 
Arvad razılaşır:
-Gələn dəfə de, o həkimin yanına aparaq. Yaxşı təsəllidir. 
-Əla ... yumor hissi inkişaf edir, həri mem. 
-Bəs necə! Bura bax, yaddan çıxmamış deyim, sabah uşağı məktəbə sən apararsan.
-Mən niyə? Bu gün apardım. Sıra səndədir. 
-Sabah da apar, gələn dəfə mən aparacam. 
-Nolub, nə məsələdir? Düzünü de, mənə xəyanət edirsən?
-Ay allah, işə düşdük də. Əzizim, mənim vaxtım var xəyanətə? Uşaq, mətbəx, iş, qızlarla görüş. Heç kişi də arvadına belə deyər?
-Nə işin var bəs?
-Qızlarla loto oynayacağıq.
-Səncanı, bəsdir. O lotoda heç kim udmur. Antirikot qadınlar yığışıb qumar oynayırlar. Hər oyun 100 manat qoyursan, 10 oyundan sonra 1000 götürürsən. Elə itirdiyini qazanırsan da. Budur oyun?
-Biz də belə başımızı qatırıq da..
-"Cazda yalnız qızlar"ı "Qumarda yalnız qadınlar"a çevirmisiz. -paltarını soyunub yatağa girirsən. Arvadın da yatağa girir. 
-Rizvan, sən aparacaqsan da hə? 
-Hə, hə. Narahat olma,-yastığını düzəldərək deyirsən. -Uşaqla da vaxt keçirərəm. Xəyanət söhbəti zarafat idi. 
-Əlbəttə, yenə də gülməli olmayan zarafatların,-gülür. 
-Əsl kişi qadının ona xəyanət edib-etməyəcəyini bilən adamdır. Əsl kişi, çox qadınla yatan yox, çox qadın tanıyan adamdır. 
Arvadı alqışlayır:
-Bravo, bravo. Böyük usta, böyük filosof. 
-Sağol, sağol. Arada ŞvartsMandan oxuyuruq da. 
Arvadınla doyunca gülürsən. 
-Səbinə, xəyanət məsələsi də düşüncə problemidir. Uşaqlığımdakı məhəllə dostlarının hamısı evlənib, uşaqları var. Arvadlarını çölə qoymurlar. Arvadları tək heç yerə gedə bilməz. Ya qaynana ilə, ya uşaqla getməlidir. Hələ Cekanı demirəm. Evinə telefon çəkdirməyib buna görə. Bizim kişilər niyə bu dərəcədə paranoik olublar!? Necə olur, öz malını tanımırsan? Yəni şübhələnirsənsə, evlənmə. Evlənmisənsə, şübhələnmə. Evli kişilərin problemi budur: gözləri daim başqasının arvadında. Elə başqasının da gözü sənin arvadındadı. Hər kəs svingerlər kimi bir-birlərinin arvadı ilə yatmaq istəyir. Nəticədə, hər kəs öz arvadı ilə yatır. 
Arvaddan söhbətə müdaxilə gəlir:
- Fikirləş: əlli kişi ilə yatan qadın əxlaqsız olur, bir kişi ilə yatan qadın əxlaqlı. Məsələ seksdirsə, onsuz da qadın əlli kişiylə də eyni hoqqadan çıxır, bir kişi ilə də. Niyə birində əxlaqsız, digərində əxlaqlı olur. Bəyəm, əxlaq kəmiyyət məsələsidir? 
-Nəsə çox danışdıq. Darıxmışam sənin üçün. 
Arvadını öpüb-qucaqlayırsan, döşlərini sıxıb  qara tumanını çıxardanda uşağın səsi gəlir:
-Mama!.. Mama!..
Arvadın tez tumanını düzəldir. Nazik gecə bluzka geyib uşağın otağına qaçır, sən də ardınca. 
Arvadın otağın işığını tez yandırıb uşağı qucağına alır:
-Canım mənim, nolub sənə? De, quzum. Qorxulu yuxu gördün?
-Hə, mama, həəə... -ağlayır. 
-Ağlama, biz burdayıq atanla. -arvadın oğlunu  tez-tez öpür sakitləşdirir. 
-İndi yaxşısan, oğlum? -soruşursan. Oğlun başıyla təsdiqləyir. Anasını qucaqlayıb deyir:
-Mama, bu gecə sənlə yatmaq istəyirəm..
-Canım, oğlum. Ananla mən yata bilmirəm, sən necə yataqcaqsan?
-Bəsdir, Rizvaaan! Zarafatın vaxtı deyil. Qurban olsun, maması buna, gedək birlikdə yataq. Mama, ata, sən. -Uşaq anasını razılıq əlaməti olaraq bərk qucaqlayır. 
Ata kimi narazısan. Arxalarından deyinirsən:
-Gedək, bala, gedək. Üçümüz birlikdə yataq trio seks olsun...
-Rizvan! Eşitdim!
-Yaxşı, yaxşı heç nə demədim. 
*** 
-Əzizim, biz çıxırıq. 
-Yaxşı, mən də bir azdan çıxacam, -arvadın yataq otağından səslənir. 
Oğlunla pilləkənləri düşürsən. Onun balaca əli sənin böyük əlinin içində gizlənir. O, sanki sənin oğlun deyil, sənin balacalığındır. 
Binadan çıxanda oğluna deyirsən:
-Yağış çiskinləyir... Kurtkanı bağla...
-Yaxşııı...
Sən onu hər dəfə məktəbə aparanda elə bil özünü məktəbə aparırsan. Yağış isə daha bərk çiskinləyir. 
-Ata...
-Hə...
-Müəllim keçən dəfə Fuadı cəzalandırdı. 
-Nə üçün? 
-Yalan danışdığı üçün. Lövhə qarşısına çıxardıb ona dedi ki, bir də yalan danışmayacaq. Qulağından tutub bərk sıxırdı. Qulağı ağrıyırdı. Axırda üzr istədi Fuad. 
Oğlunu yolun qırağına çəkib dayanırsan. Dizlərini qatlayıb oğlunla eyni boyda olursan. 
-Oğlum, həyat elədir ki, həmişə yaxşı şeylər görməyə bilərsən. Müəllim sinif yoldaşını hamının yanında pərt etməməli idi. Bəzən insanlar bizdən ona görə yalan danışmamağı istəyirlər ki, özləri bizə rahat yalan danışsınlar. Bəzən bir yalan bir insanın həyatını xilas edə bilər. Sən kim olursan ol, düzgün olanı elə. 
-Bəs düzgün olan nədir?
Ayaqüstə durub yola davam edirsən. 
-Qarşındakını başa düşmək. Niyə belə etdiyini anlamaq. İnsanları Fuad kimi günahlandırmağa nə var ki! Əsas insanın gözlərinə baxanda ürəyini görə biləsən. 
-Ürəyini görə bilmək?
-Hə...
-Sən mamanın ürəyini görə bilmişdin?
Gülümsəyirsən:
-Əgər elə olmasaydı, indi əlindən başqa adam tuturdu.
Birinci sinifə gedən oğlun sevindiyindən əlini tutduğun sol əlindən öpür. Sən yenə gülümsəyirsən və saçını sığallayıb özünə sıxırsan. 
-Bax, indi yolu keçirik. Əlimi bərk tut. 
-Yaxşı, ata.
-Tez, bir az tez gəl...
Yolu keçəndən sonra oğlun birdən soruşur:
-Ata, mən qəribəyəm, hə?
-Kim dedi ki?
-Yox, nəsə qəribəyəm, normal deyiləm.
-Elə deyil.
-Gecələr narahatam, uşaqlarla oynaya bilmirəm, diqqətim tez dağılır. Nəsə normal deyiləm. 
Dərindən nəfəs alıb ata kimi danışırsan:
-Bax, elə deyil. Sənin bir əlində beş barmaq var, hə? Hamının əlində beş barmaq var. Atada, məsələn, altı barmaqdır. Onda ata anormal, qəribədir? Sadəcə fərqlidir. İndi əksinə düşünək. Hamının bir əlində altı barmaq var, amma atada beş barmaq. Mənim beş barmağım var ha, amma yenə də insanlar mənə qəribə baxacaq. Çünki onlar kimi deyiləm. Bunun adı, sadəcə, fərqli olmaqdır, oğlum, fərqli olmaq!
-Hə, fərqli olmaq...Fərqli olmaq pis deyil,hə?
-Pis deyil..-gülümsəyirsən. -Gəlib məktəbə çatdıq. Atanı qucaqla. 
-Sağol, ata.
Əl sallayırsan arxasınca. 
Oğlun məktəbin qapısına yaxınlaşanda arxaya çevrilib sənə baxır:
-Biz həmişə səninləyik, ata...
-Bilirəm... -gülümsəyirsən, amma birdən oğlunun bu sözlərindən qəribə olursan.
İşdən evə qayıdırsan. Yağış günorta kəsmişdi, axşam yenə yağmağa başladı.Evə tələsirsən. Uşağı məktəbdən arvadın götürəcəkdi. İndi onlar evdədirlər. Yolda arvadına zəng edirsən, telefonu götürmür. Yaşadığın köhnə binaya daxil olub pilləkənləri çıxırsan. Pilləkənlər iki cür olur: yüngül və ağır. Yüngül pilləkənləri çıxmaq asan, düşmək çətindir. Elə ağır pilləkənlər var ki, qalxanda çətindir, tez yorulursan, düşəndə özü səni itələyir. Mənim binamın pilləkənləri ağırdır. Təsadüfən ikinci mərtəbədə divarda qırmızı rənglə yazılan sözləri görürsən: « Ailə - insan həyatının komediyasıdır; üçpərdəli komediyası». Fikirləşirsən ki, binada yaşayan gənc yazıçılardan biri yazıb. 
Qapını açıb evə girirsən. Heç kim yoxdur. Arvadının nömrəsini yığırsan. Evdən zəng səsi gəlir. Telefonu evdə qalıbmış. Bilmirsən nə edəsən. Ağlına Pərvizə zəng etmək gəlir. 
-Salam, Pərviz. 
-Salam, Rizvan. Necəsən?
-Pis. Səbinə və Cəmşid yoxdurlar. 
-Evdəsən? 
-Hə, evdəyəm, amma onlar yoxdurlar. 
-Rizvan, sakitləş... bilirsən...
-Səncanı, Pərviz arvadından soruş, birlikdə deyildilər?
-Yaxşı, gözlə...Yox, deyir, görüşməyiblər.  
-Çox narahatam, Pərviz, çooox. 
-Rizvan, narahat olma. Yadındadır, keçən il də belə olmuşdu? Sonra hər şey yaxşı oldu. Hər şeyi başa düşdün. 
Qəfil telefonu söndürürsən. Tanış və qohumlara zəng edirsən, xəbər yoxdur. Beyninə şübhəli fikirlər gəlir: « Mənim oğlum hara yoxa çıxıb? Yəni arvadım oğlumu götürüb qaçıb? Axı niyə qaçsın? Yoxsa başlarına bədbəxt hadisə gəlib?» 
Tez evdən çıxıb məktəbə qaçırsan. Yağış sənin qaçışının acığına daha bərk yağır. Sən qaçırsan, qaçırsan. Ayaqların gölməçələrə girib yaş olur. Məktəbin həyətinə çatıb qapını döyürsən. Mühafizəçi qapını açır.
-Salam, Pərviz bəy. Necəsiz?
-Salam! Mənim oğlumu kimsə gəlib götürməyib?
-Anası götürdü. Səbinə xanım.
-Axı əlaqə..  əlaqə saxlayıram yoxdular... yoxdular...
-Rizvan bəy, yadınızdadır, keçən il də belə olmuşdu. Sonra hər şey yaxşı oldu. 
-Necə yaxşı oldu?! Mən ailəmi tapa bilmirəm!! 
-Evə gedin, Rizvan bəy, evə gedin. Tamam yaş olmusuz, -qırx yaşlarındakı mühafizəçi kişinin sənə baxan kədərli baxışlarını görmürsən. 
Heç nə başa düşməyərək yorğun evə çatdın. Yağış da kəsmişdi. Sən isə kədərlisən. Çarəsizlikdən gözlərin dolub.Göz yaşlarını saxlamaqdan gözlərin qızarıb.  Sanki boş evində qaranlıq musiqi səslənir: «Dark Pian -Pain (Original Composition)». İçini qəribə bir tərkedilmişlik bürüdü. Qorxdun. Öz tənhalığından qorxdun. Tək yaşamaqdan, tək ölməkdən. 
Ayaqlarını sürüyərək çarpayıda oturdun. Əllərinin içini birləşdirib ayaqlarının arasında sıxdın. Bərk sıxdın. Siyirmənin üzərində arvadın və oğlunun birlikdə gülümsəyən şəklinə baxıb ağlamağa başladın. Çəkdiyin əzabdan titrəyərək ağladın. Ağladıqca dərk etdin ki, ailən iki il əvvəl yol qəzasında ölüb. Sən, sadəcə, bu ailə adlı üçpərdəli komediyanın sağ qalan personajısan. 

28-30 dekabr, 2020-ci il

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)