Edebiyyat.az » Proza » Nemət Mətin - "Tarzan və sümüklər"

Nemət Mətin - "Tarzan və sümüklər"

Nemət Mətin - "Tarzan və sümüklər"
Proza
admin
Müəllif:
15:52, 04 yanvar 2021
1 233
0
Nemət Mətin - "Tarzan və sümüklər"

 




 

 Bir yaz axşamı bağda iş yoldaşlarımla kabab çəkmişdik. Məclisin axırında sümükləri qəzetə büküb apardım. Axı, həyətdəki it məni görəndə dili bir metrə bayıra çıxacaq. Quyruğunu bulayaraq sevinclə qarşılayacaq. Əli boş gedə bilməzdim. Elə də oldu. Həyətin qapısına açarı salan kimi itin səsi gəldi. Məni tanıdığına işarə edərək hürdü. Sözün düzü mən də sevindim. İt məni tanımışdı. Darvazanın qapısı aralanan kimi üstümə qaçıb ayaqlarımı iylədi. Sonra ön ayaqlarını qaldıraraq mənə söykədi. Kəsilmiş quyruğu isə bayaqdan dəcəl uşaq kimi fır-fır fırlanırdı. Dili o qədər uzanmışdı ki, elə bildim bu dəqiqə ağzından sürüşüb düşəcək...

 Bir bükülmüş qəzet dolusu sümüyü qarşısına qoyan kimi girişdi, nə girişdi. Az qalırdı göz qapaqları ilə də sümüyü udsun. Bir müddət belə davam elədi. Sümük çox olduğu üçün hamısını yeyə bilməyəcəkdi. İri və ətli sümükləri yeməyə davam elədi. Doyduğunu hiss etdim. Ayaqlarını qarnına yığıb oturdu. Bir dolu qab su da qoymuşdum onun üçün. Bir-iki qurtum içdi. Daha nə ac idi, nə də susuz. Xeyli müddət sümüklərə baxdı. Ortada qala bilməzdi. İt həmişəki kimi torpağı qazaraq seçdiyi sümükləri basdırdı. Amma yenə sümüklər qalmışdı. Sonra yavaş-yavaş qapıya yaxınlaşdı. Küçəyə çıxmağa can atırdı. Yaxınlaşıb qapını açdım. Marağıma səbəb oldu. Görəsən it nə etmək istəyir?

 

                                                                                            ***

 

 Qonşuluqda kasıb bir ailə var idi. Kasıbçılığa səbəb özləri idi. Heç kim işləmək istəmirdi. Ordan-burdan xırda işlərdən beş-üç manat qazanmaqla böyük külfət saxlamaq çətindir. Qaz və işıq sayğacına gecələr “barmaq” etməklə pulsuz istifadə edirdilər. Hər səhər yenə normal vəziyyətinə qaytarırdılar. Bütün yeməkləri gecə bişirirdilər. Gecələr çimirdilər. Gündüz isə ata quş uçurdur, ana paltar sərir, uşaqlar isə küçədə oynayırdılar. Belə bir ailə it də saxlayırdı. Daha doğrusu it sürgün həyatı yaşayırdı. İtə yavan çörək verirdilər. İt bir dəri idi, bir də sümük. Hürməyə heyi yox idi. Belə bir itlə mənim ətli, budlu, qarınlı xoşbəxt itim “dostluq” edirdi. Maşınların arxasınca da bir yerdə qaçırdılar. 

 Qonşu itin adını Qara qoymuşdu. Doğurdan da adı üstündə idi. İt sahibləri kimi qara gündə yaşayırdı.  İtimin adı isə Tarzan idi. Hündürə tullanmağı xoşladığına görə bu adı qoymuşdum ona. Həyətdə məndən başqa itin qeydinə qalan yox idi desəm, yalan olar. Anam hər həftə Tarzanı çimizdirir, qurulayır və hətta qulağına kimi təmizləyib bit dərmanı vururdu. Qara isə bitin içində üzürdü. Özünü dişləməkdən həzz alırdı. Bitlər isə ona yatmağa belə imkan vermirdilər. Tarzan basdırma edilmiş kabab sümüklərini yeyib, doyub gizlətdikdən sonra, yerdə qalan sümükləri həyətdə qoyaraq bayıra çıxdı. Qonşu itin, yəni Qaranın yanına getdi. Mənə elə gəldi ki, onlar bir- birlərinə nəsə dedilər. Tarzan geri qayıdanda qapını qıfılladım. O bu hərəkətimə məhəl qoymadan kabab sümüklərinin yanına cumdu. Üç iri sümüyü güc-bəla ilə qapıb qapının yanına gətirdi və başını qaldıraraq mənə baxdı. İlahi, itin gözlərində kədər gördüm. Sanki orada bir cümlə yazılmışdı:

“Qapını aç”

Özümdən ixtiyarsız qapının kilidini açdım. Tarzan darvazanın yaxınlığında gözləyən Qaraya çatanda sümükləri ağzından buraxdı. Sümüklər yerə səpələndi. Qara acgözlüklə sümükləri xırçıldadıb yedi. Qara sanki gülümsəyirdi. Gözləri par-par yanırdı. Xeyli təsirlənmişdim. İtimlə fəxr etdim. Yanıma gələndə onu tumarladım. Həyətə daxil olanda Tarzan ayaqlarım arasında həyətə qaçdı.

 

                                                                             ***

 

—Namiq, oyan!

—Nə olub e?!

—Daha nə olacaq, Tarzan qaçıb. 

 Göz qapaqlarım geniş açıldı. Yerimdən əmr eşidən əsgər təki qalxdım. 

—Necə yəni itib?

—Qapı açıq qalıb deyə Tarzan qaçıb.

Anamdan daha heç nə soruşmadan evdən çıxdım. “Tarzan, Tarzan” qışqıra-qışqıra küçələri gəzdim. Kəndi o baş, bu baş axtardım. Səhər evdən çıxan mən bir də gecə yorğun halda qayıtdım. Onu tapa bilmədim. Sayta elan da verdim. Məni tanıyanlara şəklini də göstərdim. Birdən görüb eləyən olar... Amma çi fayda. Sanki it yoxa çıxmışdı. Qeyb olub itlərin cənnətinə yollanmışdı. Allah bilir, haradadır. 

 Hələ də ümidim var idi. Baxmayaraq ki, söhbətin üstündən beş ay keçmişdi. Düşünürəm ki, Koker spaniel növündən olan ov itini küçədə görən kimsə sevinib. Baha qiymətə satacağına ümid edərək özü ilə aparıb. Tarzan hələ bakir idi. Heç vaxt dişi it üzü görməmişdi. Həyətdən qaçmağı da bu səbəbdən ola bilərdi. Ah, ağılsız başım. Vaxtında nə üçün onu cütləşdirmədin, ay Namiq?!

  Günlərin bir günü fikirli halda işə gedərkən Tarzanı gördüm. Yolun o tərəfində şam ağacının dibini iyləyirdi. Qışdırdım:

Tarzan... Tarzan... Tarzan...

Hay vermədi. Heç diqqətini də cəlb etmədi səsim. Quyruğuna diqqət yetirəndə pərişan oldum. O deyilmiş. Tarzanımın quyruğunu bala olanda kəsmişdilər. Mən onu qucağımda evə gətirəndə ürəyinin döyüntüsünü hiss etmişdim. Balaca quyruğu da tərpəndikcə əlimə dəyirdi. Bir neçə dəqiqə itə baxdım. Sonra çevrilib getdim...

 

 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)