Edebiyyat.az » Proza » Zərintac Həsənova - Qardələn.

Zərintac Həsənova - Qardələn.

Zərintac Həsənova - Qardələn.
Proza
admin
Müəllif:
19:36, 25 fevral 2021
1 853
0
Zərintac Həsənova - Qardələn.




 Axşamdan qalma qarlar örtmüşdü küçələri. Binaların, evlərin damları ağ xalçalara qucaq açmışdı. Şəhər sanki dünyanın ən məsum yaşayış yeriymiş kimi sakit bir gözəlliyə, səssiz bir kədərə bürünmüşdü. Bu mənzərəni izləyirdim - gözlərim yeni bir kəşf axtarırcasına.. Bir də insanlar vardı... Mənim kimi eyni mənzərəni görən və izləyən insanlar. Mənim görmədiyimi görən, mənim gördüyümü isə görə bilməyən insanlar. Lakin yağan qar hamıya yağırdı, elə deyilmi?

Dalğın halda pəncərədən aralanarkən əski şairlərin qış hüznünə bürünmüş kəlmələrini xatırladım. Özləmə sarılan yağmur şeirlərini, qar ilə ovunulan çarəsizlik misralarını xatırladım. Sanki yağmur dərin bir özləmi, qar isə çarəsizliyi təmsil edirdi, elə deyilmi? Biz ki təbiətin mənzərələrinə doymuruq, biz ki təbiətin hər köşəsində özümüzə ilham pərdəsi ya da təklikdən sığınmağa kölgələr axtarırıq. Qəribədir, sən öz insan yoldaşlarınla yola getmə, gəl özün kimi tənha ağacın yaşıl yarpaqlarında yeni sevinclər axtar. Ya da bir sahildə dindirə bilmədiyin daxili fırtınalarının yansımalarını dəniz dalğalarında görmək istə. Təbəssüm bəxş edə bilmədiyin insanların xəyalında bəzədiyin gözəl gülüşlərini soyuq qış ortasında yeni yaz çiçəyitək axtar. 

Yox, bu dəfə mən təbiətə sığınmaq istəmədim, qarlı-buzlu yolların üzərində gəzintiyə çıxmadım. Bu dəfə təbiəti özümdə deyil də, özümü təbiətdə görməyə çalışdım. Sadəcə qıraqdan səssiz-səmirsiz izlədim təbiətdə gizlənmiş olan insancıl izləri. Düşünürəm...

İndi görürük; coşqun payız yağışlarının israrla təmizlədiyi səmtlərə donmuş qar örtüldüyünü. Biz də az coşmamışdıq, az ağlamamışdıq üstümüzə dolu kimi yağan dərdlərin sızısından. Çöllərdə, küçələrdə yağış damlaları bəzən narın-narın, bəzən dinmək bilmədən sürətlə öz sözünü dediyi halda, bizim də dərdlərimiz kimi zaman incə-incə, kimi zaman ürək dəlirmiş kimi axırdı könlümüzə. Çiçək və ağaçların, qurumuş çöllərin yağmura ehtiyacı var, doğrudur. Lakin onu da bilirik ki, aramsız yağan leysan yağışlar da yaxşı nəticələr doğurmur. Haqsız dərdlər də insan üçün çox ağır deyilmi? Necə ki qurumuş çöllər həddindən artıq su ilə yuyularkən həssas bataqlıqlara, ya da yağmurun şiddətindən bezib vəfasız və münbit olmayan yerlərə dönüşə bilər. Ya da sulu torpaqların səbirlə yenidən qurumağını gözləyər - yenidən yaşarmaq üçün. Heç düşündünmü ki, ən çox əziyyəti dərdlərin əzabından qovrulduğumuz an deyil də, dərdlərdən qurtulub bir an nəfəs almışkən yeni özümüzü tanımağa çaba sərf etdiyimiz anlar çəkirik? Bu mübarizə o qədər mürəkkəb, o qədər çıxılmazdır ki...  Əlbəttə, zaman keçir, zaman keçdikcə mövsümlər dəyişir və yağmurun yuyub keçdiyi yolları bir müddət sonra bəmbəyaz qar örtüyü qucaqlayır. Bizim üstümüzə insafsızcasına yağan yağmurun şiddəti bitmiş, mübarizə bitmiş və yerini bir müddətlik məsum saflığın himayəsinə vermişdi. Mübarizə bitmişmiydi? Mübarizəmizi bitirməyə çalışarkən dərinlərdə bəzi şeyləri də - insancıl hisləri də bitirmişmiydik?Mübarizə yolumuz yağmurun, fırtınanın təsirindən coşub-daşmaq, yoxsa səssizcə bəyazlığın gəlişini gözləmək idi? Ya da bunun tam ortasında sallanan insanlar olurdu - bir tərəfi coşğun dəniz, bir tərəfi lal-dinməz səhra olan insanlar. Onlar, bəlkə də ən bəxtsizlər idi.. Hərçənd biz nə ilə mübarizə aparacağımızı seçə bilməsək də, necə mübarizə aparacağımızı seçə bilirdik

İştə o möhtəşəm səssizliyin hökmünə tabe olan məsum gözəllik! İştə qar. Pəncərədən izlədikdə dinmiş ruhumuzun süslədiyi yeni duyğular yaradan qar. Dərdlərdən qurtulmuş və mübarizənin sakit bitişini xəbər verən bir insan mənzərəsi: qar. Yazın necə gələcəyindən xəbəri olmayan, bir müddətlik taleyin hökmranlığına təslim olmuş insan. Yollar necə palçığı, qara ləkələri qar örtüyünün altında gizlədirdisə, biz də dərdlərimizi bürünmək istədiyimiz yeni insan surəti pərdəsində gizlədirdik. Düşünmürdük ki, qar hər şeyi örtsə də, Günəşin qarşısında əriyirdi. Düşünmürdük ki, hadisələrdən uzaqlaşsaq da, izlər bizdə qalırdı. 

Sizə Qardələn çiçəyinin hekayəsini danışım. Elmi adı “Galanthus” (yəni, süd damcı) olan Qar çiçəyi. Ləçəkləri damlalara bənzəyən bu çiçək qaranlığın başlanğıcı ilə bağlanır və bir damla südə çox oxşayır. Qış mövsümünün sonlarında, yazın ilk gəlişi ilə açır. Sanki kəşf edilməyi gözləyən gözəl bir qəlbi xatırladır; mövsümünü gözləyir, tapılmağı və arzu edilməyi. Lakin bu çiçək qarı dəlib çıxarkən Günəşi gördüyü zaman ölür. Çiçək haqqında rəvayətdə deyilir ki, çiçək heç bir zaman görməsə də, Günəşi görəcəyi zaman öləcəyini bilir, amma bu arzu tərk etmir onu. Bu hekayədən belə bir deyim yaranır: “Qar çiçəyi kimi cəsarətli ol.” Beləliklə, bu, əqidəsindən dönməyən insanların hekayəsinə çevrilir. Ona görə də yaz fəsli arzunun və cəsarətin fəslidir. 

Qarın hüzurundan, sükutundan sıxılıb yazdan bir iz ararcasına çiçəklər axtarırıq. Təbiətin yeni cismidir axı yaz. Dərdlərdən qurtulan insanın yeni evidir çiçək görünüşlü bircə gülüş, bircə sevinc. Nələri qoyduq arxada, hansı izlərlə qaldıq -  bütün bunların fərqində olmazkən yeniliklər uğrunda azacıq belə şübhə olmadan, içimizdə sonsuz ümid daşıyarcasına necə qaçırıq, İlahi! Sanki sevinc dünyada məhdudmuş, xoşbəxtlik bizə heç yetməcəkmiş kimi. Ya da yeni dərdlər bizi heç bulmayacaqmış kimi. Təbiətdən fərqimizi düşün. Düşünsənə, təbiət özü çiçəklər-güllər açılsın deyə uğraşarkən biz çoxdan doğmuş güllərin arayışındayıq. Biz öz əməlimizdən pay almayan hazırlara qonuruq kəpənək tək. Amma dünya nankordur, əzizim! O, kədəri ən dərinimizə kök salana qədər yaşatmırmı bizə? Həm də sonra, yenidən əzilmiş köklər üzərində bərəkətli bir ağac yaşarmasını tələb etmirmi? 

Mən necə olum ki, dərdlərimi məğrur yaşayıb, öz kədərimin təsirindən başqalarının ovcuna üzüntülər qoymayım. Kimsə əlimi buraxmış deyə yarı yolda irəliləməkdən qorxub başqalarını məcburi tənhalıqlara həbs etməyim. Sevdiklərimin üzündə həsrət qaldığım təbəssüm dolu baxışların əksiymiş kimi yaz çiçəklərinə uzun-uzun baxmayım. Necə edim ki, bir çiçəklik baxışı çovğunlar əritməsin? Həyatın bizə tanış olmayan hər toxunuşu qapımızı döyərkən qorxmayaq. Qapımızı qorxusuzca açdığımız zamanlar peşmançılıq zindanına dönüşməsin. Necə edim ki, bütün mübarizələrdən, nəşələrdən, acılardan – həyatın mürəkkəb və çaxnaşmalı dönmələrindən geriyə qalan MƏN'i tanımaqdan utanmayım? Necə edim ki, seçimlərimin mənfi nəticələri ancaq mənə əzab versin və xoş nəticələrin ətri hər bir yaxınımı bürüsün?

Qardələn mi olaq? Necə bir Qardələn olaq? Hansı arzuyla qarı dələn, hansı istək üçün cəsarətlə önə çıxan birər Qardələnlər olaq? Sevməyin cəsarətinə sahib olub, sevilərkən qarın altında gizlənməyək, məsələn. Kədəri tam həzm etməmiş yalançı sevinclərlə önə atılmayaq. Qar çiçəyi kimi doğru zamanın nişanələrini gözləyək, amma heç gecikməyək. Ölümə nə tələsmək, nə də gecikmək olmaz axı! Fəqət nə üçün və hansı məqsəd üçün Qar çiçəyitək ölmək müqəddəsdir, heç düşündünmü?

Nə dedi Qardələn? – Heç bir zaman arzunu tərk etmə. Əgər bir işıq varsa sonunda, ölüm də xoşdur, qaranlıqlar da.

Soyuq, qarlı gün;

duyğular coşmuşdu,

yağmurun dərin özləmi

bir qış çarəsizliyinə

qovuşmuşdu..

 

 


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)