Edebiyyat.az » Proza » Əfqan Əsgərovdan üç qısa hekayə

Əfqan Əsgərovdan üç qısa hekayə

Əfqan Əsgərovdan üç qısa hekayə
Proza
admin
Müəllif:
01:08, 04 mart 2021
2 179
1
Əfqan Əsgərovdan üç qısa hekayə






Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989)    

Əfqan Hacıağa oğlu Əsgərov 23 sentyabr 1929-cu ildə Şirvanın Qarabağlılar (indiki Salyan rayonunun Qarabağlı kəndi) kəndində anadan olub

1953-cü ildə universiteti bitirəndən mətbuatda çalışan Ə.Əsgərov jurnalist kimi ilk dəfə "Azərbaycan gəncləri" qəzetində fəaliyyətə başlayıb. Qəzetin səhifələrində bir-birinin ardınca maraqlı publisistik yazıları, oçerkləri, felyeton və hekayələri, hətta "Poçtalyon" kino-ssenarisi çap edilən Əfqan çox gənc yaşlarından oxucuların məhəbbətini qazana bilib. Əfqan Əsgərov eyni zamanda bu qəzetdə elan olunan gənclik mövzusunda səhnə əsəri müsabiqəsində iştirak edərək üçüncü mükafata layiq görülüb. Bundan sonra o, daha bir səhnə əsəri yazıb. Yaradıcılığa hekayələrlə başlayan Əfqan bu ilk səhnə əsərləri ilə şöhrət qazanıb və bir-birinin ardınca yazıçının "Gecikmisən" (1961), "Gözəllik sorağında" (1962), "Sən belə deyilsən" (1963), "Sarı əlcək" (1965) və başqa hekayə topluları nəşr edilib. Bir müddətdən sonra isə Moskvada ali ssenarist kursunda oxuyan Əfqan iki ildən sonra Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında redaktor kimi fəaliyyətini davam etdirib. Kinostudiyanın problemləri ilə bağlı "Kommunist" qəzetində məqalə ilə çıxş edən Əfqan Əsgərovun bu yazısı həmin vaxt Azərbaycan KP MK-nın şöbə müdiri Şıxəli Qurbanovun da iştirak etdiyi müşavirədə müzakirə olunub və Əfqana "Kommunist" qəzetində işləməyi məsləhət görüb. Beləliklə, Əfqan Əsgərov həmin qəzetdə ədəbiyyat şöbəsinin müdiri vəzifəsinə təyin edilib. 1989-cu ildə "Sovet kəndi" qəzetinin redaktoru olub. 1991-ci ildə Ali Sovetin orqanı olan "Həyat" qəzetinin baş redaktoru işləyib.

1 sentyabr 1989-cu ildə "Azərbaycan SSR əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb.

Əfqan Əsgərov istedadlı yazıçı və dramaturq kimi də məşhur olub. Onun qələmindən çıxan "Gülyanaq", "Katib", "Həsrət də bir vüsaldır", "Qartal əfsanəsi" romanları, "Dədə Bəhmən" trilogiyası, "Qozbel", "Məhəbbət ətirli qərənfilim", "Dünya gözəlliyindir", "O, daş deyildir" və başqa povestləri ədəbi nəsrimizin inkişafında mühüm əhəmiyyət kəsb edən əsərlərdən sayılır.

 


                                                 

 

 

                                                                        Ürək

  Mizrab və barmaqlar qızğın höcət edirdilər. Mizrab hirsindən qaralıb:

 -Tarı mən dilləndirirəm!-deyirdi.

  Barmaqlar isə mizrabı bərk-bərk sıxaraq:

 -Yox, biz dilləndiririk!-deyirdilər.

  Təkcə ürək dillənməyə qorxurdu. Qorxurdu ki, bu qara mizrab da, barmaqlar da onu görüb soruşaralar:

 -Sən kimsən?...

                                                                          Son

                       

                                                                 Dəniz və uşaq

  Sahildə oturub, qabarıb-enən dənizə tamaşa edirdim. Hava küləkli idi. Dəniz aramsız çalxalanır, dalğalar bir-birinin çiyninə qalxaraq, dişlərini ağarda-ağarda sahilə cumurdu.

  Bəzən bu dalğalar yüksələrək dağa dönür, dəniz yaralı şir kimi nərə çəkirdi. Coşqun dalğaların üzərində çılğınlıqla uçan qağayılar sanki dənizi daha da qızışdırırdılar.

  Mən dənizi dinləyə-dinləyə, məftun-məftun və sonsuz həsədlə seyr edirdim: dəniz hər şeydən böyük, dəniz hər şeydən güclü, əzəmətli görünürdü.

  Elə bu vaxt qağayıların səsindən də cingiltili bir səs, bir uşaq gülüşü məni xəyallardan ayırdı.Cəmi beş-altı yaşı olan bu oğlan ciblərinə yığdığı xırda daşları bir-bir dənizə atır, vəhşi dalğalara gülürdü.

  Uşaq gülür, dəniz isə hiddətindən kükrəyib uğuldayaraq, sahilə düz uşağın üstünə hücum çəkirdi.Uşaq gözünü belə qırpmır, daha ucadan gülərək, qəzəblənən dənizin uca dalğalarını daşa basırdı.

  Mən gah dənizə, gah da uşağa baxırdım. Bayaqdan əzəmətli görünən dənizin dağ yıxan dalğaları uşağa çatar-çatmaz əriyib, köpüyə dönürdü. Uşaq gülür, dəniz isə deyinən qarı kimi, bir yerdəcə əllərini ölçürdü.

                                                                              Son

 

                                                                Uşağın hökmü.

  Əl boyda bir körpə dünyaya gəldi. Yer üzüzün ən kiçik sakini köz açmamış ağladı. Havamıza yeni insan səsi qarışdı.

Mama sevincək:

-Oğlandır!- deyə xələt istədi.

  Bunu eşidən kənc ata ürəyində əzizləyə-əzizləyə:

 -Oğlum...-dedi.

  Balıqçı baba iri əllərini ovxaladı.:

 -Bir balıqçı da anadan oldu...

  Zabit əmi zər paqonlu köynəyinin yaxasını düymələdi:

 -Əskərlərimin biri də artdı...

  Müəllim onların hər ikisinə etiraz etdi:

 -O, birinci növbədə mənim şagirdimdir.

  Mübahisə çox uzandı, körpəyə ad tapmaq isə günlər, həftələr çəkdi.

  Lakin heç kəsin ağlına gəlmədi ki, bu əl boyda körpə onların hamısından qətiyyətlidir. O, özü ad almamış evdəkilərin hərəsinə bir ad vermişdi. Dünənki gəlin- ana, analar-nənə, dünənki gənc- ata, atalar- baba, kimi əmi, kimi dayı, kimi bibi, üçyaşlı bir qızcığaz da xala olmuşdu.

  Çarə nədir?

  Uşağın hökmü şah hökmüdür.

                                                                    Son

 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (1)