Edebiyyat.az » Proza » Orxan Kərimov - Vicdan sancısı.

Orxan Kərimov - Vicdan sancısı.

Orxan Kərimov - Vicdan sancısı.
Proza
admin
Müəllif:
17:07, 08 sentyabr 2021
2 112
0
Orxan Kərimov - Vicdan sancısı.



 Bu səhər yenə qəlbimdəki sancı ilə bərabər güzgüyə baxıram, “Daha neçə səhərim qalıb?”- deyə düşünürəm. Axı gözlər qəlbin aynasıdır.  Bu güzgüyə baxdığım nadir günlərdəndir. Çünki çox vaxt öz əksimə baxmağa belə cürət etmirəm. Ora baxarkən utanmaz, nifrət dolu və işə yaramaz birinin baxışları məni dəhşətə gətirir. Bu vəhşətəngiz baxışlar sanki mənə şeytanın qəhqəhəsini xatırladır. Vızbaş saçlarımı daramağı belə unutmuşam. Bu nəyin yasıdır, ya da kimin? Çox güman ki, elə mənim. Gecələr rabitəsiz cümlələrlə sayıqlayıb oyanmaqdan, demək olar ki, yata bilmirəm. Belə keçən gecələrdən sonra gözlərimin içi qanavuz rənginə dönür. Dərin bir ah çəkib, hamamdan islanmış ayaqlarımı sürüyə-sürüyə mətbəxə addımlayıram. Hər ah çəkəndən sonra ürəyimdəki sancı mənə nəyinsə işarəsini verir. 
Bəlkə vicdanımız elə ürəyimizdədir?! Mən bilirəm, dəqiq bilirəm. Yaşadığım 67 il ərzində əmin olduğum bir reallıq var ki, o da bu həyatda insanı iki şeyin məhv edə biləcəyidir.  Biri ümidin varlığı, digəri isə vicdanın yoxluğudur. Ona görə digərlərinə nisbətən daha tez ölən insanların ölüm səbəbi  ürək xəstəlikləridir. Çünki bəziləri gözləyəcək qədər ümidlidir, bəziləri isə gəlməyəcək qədər vicdansız. Vicdansız insanın ürək sancısı çox olur. Tibb kitablarında bu bilgini yazmırlar, bunu sadəcə yaşayaraq öyrənə bilərsiniz... Anladım. Bu o işarədəndir. 
Bəs dərmanlarım hanı? Hər səhər və axşam yeməkdən sonra içdiyim o  göy kapsullar niyə gözümə dəymir? Hə, deyəsən, çoxdan dərman içməkdən imtina edib , onları unitaza tökmüşəm. Onsuz da insanın dərman niyyəti ilə həyatına qəbul etdiyi nəsnələrin çoxu,   əslində, səni zəli kimi sovuran zəhərli böcəkdən başqa bir şey deyil. Rədd olsunlar. Əgər sağalmaq istəyirsənsə, boğazında düyünlənən şeyləri bağır, özü də var gücünlə, bəlkə onda...
Şüşəsi sınmış pəncərədən sarı yarpaqlar olan küçəyə gözucu baxıram. Bu gün hava niyə belə tutqundur, görəsən? Bəlkə də günəş var, ancaq mən onu görmürəm, daha onun işığının mənə göstərəcəyi heç nə qalmayıb. Mən çoxdan hansısa qumarbaz rus yazıçının tamamlamadığı əsərinin ikinci dərəcə obrazı kimi zibil qutusunda yandırılıb ölmüşəm.  Günəşin istisini onun gedişiylə itirmişdim. Onu qovduğum gün həyatım qaranlıq cəhənnəmə çevrilmişdi. Düz deyirlərmiş, hər bir insan öz cəhənnəmini özü yaradırmış. Şeytanın vəsvəsəsinə uyduqca, qalxışın meyxoşedici pillələri, əslində, səni zəbanilər olan qaranlığa endirən nərdivandır. Bütün bunları anlamaq üçün isə öncə şeytanı görməli, sonra onunla razılığa gəlməlisən. Ancaq mən bunu tövsiyə etmirəm. Çünki bu  tanrını qısqandıra bilər və qısqanmış tanrı qısqanan qadın kimi bir şeydir, sadəcə həyatını məhv edər. 
Deyəsən, səhərki sualın cavabını tapmışam. Bu sonuncu səhər, sonuncu payız, sonuncu sancı idi. Son dəfə onun rəsminə baxmaq üçün şkafın siyirməsini açmaq istədim, üç dəfə çəkəndən sonra kilidli olduğunu anladım. Səndən başqa heç kimin yaşamadığı evdə ,itirəcək dəyərli heç nəyi qalmayan və hətta qapını belə bağlamadan yatan insan rəsmin olduğu rəfi kilidləmişdi... 
Açarı boynumdakı boyunbağıdan çıxarıb kilidi açmağa çalışdım, heç vaxt , heç bir kilid belə çətin açılmamışdı. Nəhayət, rəsmi əlimdə idi. Bu, birlikdə olan ilk və son şəklimiz idi. Şəkil bir nüsxə olduğundan onda qalmasını istəmişdim, o isə gedişindən sonra ünvan qeyd olunmayan zərfdə mənə yollamışdı. Arxasını çevirdim “İlk xəyanət bağışlanmazdır. Çünki sonrakı xəyanətləri də qanlı zəncir halqaları kimi özüylə gətirir. Buna görə də səni bağışlayıram, xəyanətin isə əsla. İnşallah bir gün qəlbimdə yaratdığın yara sancısını sən də öz qəlbində hiss edərsən...”
Sakitcə yerə çökürəm, onun haqlı çıxdığını, ahının tutduğunu , kiməsə - ən uzaq və bəlkə də ən yad birinə çatdırmaq üçün , şəkilin arxasına cavab olaraq, bu günümü, düşüncələrimi və vicdanımın sancısını hiss etdiyimi yazıram...

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)