Edebiyyat.az » Proza » Xanım Abdulla - Qatardaki vahimə

Xanım Abdulla - Qatardaki vahimə

Xanım Abdulla - Qatardaki vahimə
Proza
admin
Müəllif:
08:33, 16 oktyabr 2021
2 580
1
Xanım Abdulla - Qatardaki vahimə

 


 



  Yenə normal bir dərs sabahı dərsə getmək üçün hazırlaşırdım. Payızda yel vurmuş xəzan yarpaqları kimi mən də yuxudan ayıla bilmirdim. Birtəhər yatağımdan qalxdım. Səhər tezdən yemək yeyə bilmədiyim üçün, elə birbaşa hazırlaşıb evdən çıxdım. Xəfif əsən külək saçlarımı sığallayırdı. Səhər mehinin təsirindən bir çox insanın qəlbi kimi hava da soyuq idi. Nəhayət, dayanacağa gəlib çatdım. Avtobus gəldi. Mindim. Metroya doğru istiqamətdə hərəkət etməyə başladı. Qulaqcıqlarımı taxıb bir qədər də olsa real həyatdan uzaqlaşdım və xəyallar aləminin ağuşuna atıldım. O aləm ki, orada hər şey sirli və soraqlı idi. O aləm ki, bütün arzularım orada canlanmış halda idi. Çox çəkmədi ki, mən bu sirli soraqlı aləmdən ayrılmalı oldum. Çünki avtobus artıq metroya çatmışdı. Düşüb metroya doğru addımladım. Həmişəki səhər izdihamı, tez-tez addımlayan, işə gecikən insanlar, metronun kənarında dilənən dilənçilər həyatın iki üzü ilə də insanı tanış edirdi.   Bəli, Bakıda həyatın iki üzü var idi. Rutin həyatı, normal gəlirli işi olub və durmadan narazılıq edən insanlar, bir də heç bir işi olmayan və tüfeyli həyat tərzi sürən insanlar. Bu fikirlər dənizin çılğın ləpələri kimi məni öz ağuşuna almışdı. Lakin, ləpələr sanki anidən kəsildi. Çünki metroya düşərkən orta yaşda olan bir kişi məni çağırmağa başladı. Sakitcə:

-Hey, ay qız mənə bax... Ay qız...

 

 Mən qorxudan nə edəcəyimi bilmirdim, daxilimdə coşan qorxu  fırtınaları, evdən çıxarkən əsən sərin mehin yanında heçnə idi. Kişi kobud qabarlı əlləri ilə astaca qolumdan tutub mənimlə bir addımlamağa başladı. Ətrafda insan çox idi, "məni günahlandırarlar, nəsə desəm necə olar?!" deyə qorxudan heçnə edə bilmirdim. Amma özümdə cəsarət tapıb ilk gələn qatara mindim o da ardımca minən kimi qolumu kişinin qabarlı kobud əlindən dartdım, sanki bir bədheybətin ağzından qurtulmuş biri kimi qışqırmağa başladım. "Burax məni!" Ətrafdakılar maraq dolu nəzərlərə mənə baxdılar, mən də sözümə davam etdim. "Bu kişi məni narahat edir. Qolumdan yapışıb öz getdiyi istiqamətə aparır, məqsədi nədir bilmirəm və qolumu buraxmır." Kişi başı ilə etiraz etməyə başladı. Ağzını açmağa imkan vermədən "yalan deyir, inanmayın" -deyə qışqırdım. Həyəcanımı və qorxumu hiss etdiyindən qatarın içində olan digər bir cavan oğlan, kişinin qolundan tutub dedi: 

 -Hey, axmaq! Bilmirəm kimsən, nəçisən?! Və bu qızdan nə istəyirsən! Səni bir də bu ətraflarda görməyim. Qız da mənim uzaq qohumumdur. Əgər yenə belə bir şey yaşandığını eşidib bilsəm səni öz əllərimlə çırparam!

Oğlanın bədən quruluşundan hiss olunurdu ki, idmançıdır. Həmin kişi isə bunu duyub qorxusundan elə oradaca qatardan düşüb siçan kimi tez gözdən itdi. Mən oğlana təşəkkür edib yerimdə oturdum. Hadisənin şokundan çıxa bilmirdim, o kişi kim idi, məndən nə istəyirdi? Bəlkə çox yorğun idim deyə gözümə xəyal görünürdü?! Niyə o qədər insan içindən sırf mən?! 

  Çağırılmamış qonaq kimi beynimə gələn cavabsız suallarla boğuşurdum. Oturub qatarın Elmlər akademiyası stansiyasına çatmasını gözləyərkən  diqqət etdim və qatarda stansiyaların adlarının fərqli səsləndiyinin fərqinə vardım. Sanki qərib ölkəyə düşmüşdüm və oranın ana dilini bilməyən azərbaycanlı kimi idim. Bura haradır? Axı metroda belə bir stansiya yoxdur?! Bir qədər dayanıb hadisələri anlamağa çalışdım.

 Qatar dayandı və  "qapılar bağlanır, növbəti stansiya İlığım" deyə anons verildi. Bu anda başımdan aşağı qaynar sular tökülməyə başladı, sanki. Qatar gəlib "İlığım" stansiyasında saxladı. Növbəti stansiyanın adı isə "Dostluq" idi. Və sonuncu stansiya ora idi. Düşündüm ki, gəlib sonuncu stansiyada düşüb geri qayıdaram. Bir yandan da dərsə gecikirdim. Həm səhər tezdən başıma gələn hadisə, həm itmiş olmağım, həm də hansı stansiyada olmağım, bütün bunlar beynimi dumanlı bir yaz səhəri kimi bulanıqlaşdırdı. Bir yandan da dərsə görə narahatam ki, müəllim qayıb yazacaq. Yay günündə anidən yağan narın yağış kimi eyni anda dörd fəsli yaşayırdım. Bildiyim və getdiyim digər stansiyalardan fərqli olaraq bu stansiyalar daha köhnə və ürəksıxıcı idi. Mat yaşıl rəng ilə rənglənmişdi. Divarlarda bəzi hissələrdə rənglər tökülmüşdü hətta. Tez-tələsik vaqondan düşdüm. Ətrafda çox adam yox idi. Bir nəfər yaşlı xadimə gördüm. Xadiməyə yaxınlaşdım. "Xala salam, mən <<Elmlər akademiyası>>na buradan geri necə qayıda bilərəm?" 

 Xala "get orada əyləşən polisdən soruş, mən bilmirəm, ay bala" -deyə cavab verdi. Mən daha da qorxmağa başladım. Qorxudan ürəyimin atışları tezləşir, gözlərim qaranlıq götürürdü. Orada əyləşən polisə yaxınlaşdım. Polis yaxınlaşdığımı görüb təkidlə gözlə, bir azdan gələrsən deyib, kepkasını üzünə qoyaraq yatmaq istədi. Mən buna imkan vermədim. Yenə çağırdım. Bura haradır? Mən geri necə qayıda bilərəm? Polis ona imkan verməyəcəyimi bildi və məni digər polis yoldaşının yanına, kamera otağına yönləndirdi. Kamera otağındakı polisə yaxınlaşdım. Təcili surətdə geri dönməli olduğumu və dərsə gəcikəcəyimi dedim. Polis qəribə nəzərlərlə məni süzdükdən sonra, "siz gəldiyiniz vaqonlarda geri dönmək mümkün deyil, çünki buradakı qatarlar fərdi daxili stansiyalara gedir." Gərək gözləyəsiniz və axşam bura bağlananda personalın getdiyi avtobusla gedəsiniz, oradan avtovağzala keçib geri qayıda bilərsiniz. Mən ağlamağa başladım. Necə yəni? Bu nə stansiyalar idi? Mən necə "Gənclik" stansiyasından anidən "Dostluq" stansiyasına gəlib çıxmışdım. Polis ağladığımı görüb məni sakitləşdirməyə cəhd etdi və dedi: "Narahat olma, əgər dərsə geciksən biz arayış verərik qayıb limitinə düşməzsən, ya da alt qrupda oturarsan." Mən ağlamağa davam edərək "Xeyir, xeyir olmaz mən kəsilə bilmərəm" dedim. Digər polisin yanından sənədlərini götürməyə gəlmiş bir avtobus sürücüsü çıxıb ağladığımı gördü. Mənə yaxınlaşıb "Bayaqdan dediklərini eşidirdim, ağlama, əgər istəsən yola çıxanda mənlə gedə bilərsən" - dedi. Nə edəcəyimi bilmirdim. 

 Dənizin ortasında alışmış gəmi kimi çarəsiz idim. Ətrafımda o qədər insan var idi, amma, heç kim kömək edə bilmirdi. Əsaslandıra bilmirdim başıma gələnləri. Hansı stansiyalara gəlib çıxmışdım?! Necə olmuşdu bu?! Yenə də anlaya bilmirdim. Dostuma zəng etməyi qərar aldım. Zəngi açdı. Ona olub keçənləri qısa şəkildə nağıl etdim. Əvvəl inanmaq istəmədi, amma, ağladığımı eşidib vəziyyətin ciddiliyini anladı. Dostum "axşamı gözləməkdənsə, taksi çağır elə qayıt gəl" -dedi. Elə yerdə idim ki, oranı təsvir etmək mənim üçün çox çətin idi. Tərk edilmiş məkanlar, köhnə vaqonlar, quraqlıq yerlər, nə bir kimsə, nə də geriyə getməyə yol yox idi. Dostumla danışandan sonra yığıb taksi çağırmaq istəyirdim. Birdən telefon çox isindi. O qədər isindi ki, qulağımda saxlaya bilmədim və qulağımdan çəkib ekrana baxdım. Ekrandan çox parlaq bir işıq yanmağa başladı və ətrafa yayıldı. Bu işıq o qədər parıltılı idi ki, işığın təsirindən ətrafı görə bilmirdim. Hər yer ağappaq işıq idi. Gözlərim işığın parıltısından qamaşdı. Yanımdakı metro işçiləri də əllərini gözlərinə tutaraq təəccüblə nə baş verdiyini anlamağa çalışırdı və bu anda telefonumun zəngli saatı vurmağa başladı.

 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (1)