Edebiyyat.az » Proza » Nemət Mətin - Uçulmuş ev

Nemət Mətin - Uçulmuş ev

Nemət Mətin - Uçulmuş ev
Proza
admin
Müəllif:
00:25, 28 oktyabr 2021
1 196
0
Nemət Mətin - Uçulmuş ev

 



  Dəniz kənarında yerləşən iri hasarlı, villalı, hovuzlu bağların arasında itib-batan bir uçulmuş ev vardı. Həmişə bibimgilin bağına gedəndə o bağa tamaşa edirdim. Çünki bu uçulmuş evdən sonra dəniz görünürdü. Dənizdən gələn şaxta onların taxta evciyininin sökülmüş damından xəbərsiz qonaq gəlirdi. Gecələr çirkli yorğandan boylanan beş uşaq və ata ac qarınlarını doyurmaq üçün ananın yolunu gözləyirdi. Ana yorğun halda gecənin bir aləmi sınmış qapını cırıldadıb içəri keçəndə uşaqlar sevinərək “urra” qışqırırdı. Sahildəki kafeni işlədən yekəqarın kişi eşşək kimi işlətdiyi ananı arabir keyfi istəyəndə öz bağına da aparırdı. Ona görə ana kafedəki yeməklərin qalıqlarını yığıb evə gətirəndə kafenin sahibi göz yumurdu. Uşaqlar sevinə-sevinə yeməkləri gözünə təpirdi. Ata isə qocalıb əldən düşmüşdü. And içmək üçün damağında bir cüt diş saxlayan ata uşaqların iştahla yemək yeməsinə tamaşa edəndə boz gözləri işıldayırdı.

 Ana sübh tezdən evdən çıxır, bir də ay tam yuxarı qalxanda qayıdırdı. Uşaqlar atanın umuduna qalmışdı. Ata uşaqları yay-qış dənizdə çimdirirdi. Qara, keçəl uşaqlar yiyəsiz bağlardan meyvə, dəmir, su, taxta oğrayıb gətirirdilər. Digər bağ sahibləri gündə bir qab biş-düşdən kasıb ailəyə pay göndərirdi. Ata qonşu bağdakı Mirəhməd kişini hər gün görməyə gəlirdi. Həyatdan gileylənmək, dərdini danışmaq üçün...

 Uşaqlar düz divara dırmaşırdı. Onlara tərbiyə verməli olan ata çoxdan gücdən düşmümdü. Hərdən bir bərk əsəbləşəndə nadinclik edən övladının götünə şapalaq ilişdirirdi. Amma heç bir xeyiri yox idi. Uşaqlar çoxdan həyatla mübarizə aparmağı öyrənmişdilər. Beş-altı küçük də arxalarınca düşüb onları izləyirdi. Acından qarnı kürəyinə yapışan küçüklər bir tikə çörək üçün biri-birini didirdi. 

 Qonşulardan kiminsə qonağı gələndə kabab bişirilirdi. Həmin gün uşaqlar üçün bayram sayılırdı. Qonşunun hasarından ağızdan su axa-axa kababın qızarılmasına tamaşa edirdilər. Kababın əvəzolunmaz qoxusu onları zombi kimi həmin qapıya aparırdı. Qış ayları onlar üçün ən ağır aylar idi. Qonşular köçüb şəhərdəki evlərinə getdiyindən təkcə analarına ümid qalırdı. O da qışda qab yumaqla pul qazanırdı. Uşaqlara görə dövlətin ayırdığı pul isə ən vacib şeylərə xərclənirdi. Çörək, kartof və hərdən kolbasa...

 Günlərin bir günü Mirəhməd bağı təmir etmək üçün yenidən bağa gəlir. Uşaqlarını bağlara dilənməyə göndərən ata Mirəhmədi uzaqdan görüb salamladı. Mirəhməd sağ əlini asta-asta qaldırıb ona gəlməyini işarə etdi. Ata darıxdığından tez-tələsik gəldi. Mirəhmədə kömək etdikdən sonra bir süfrə arxasına əyləşdilər. Ata çoxdandı içmirdi deyə iki qədəhi boşaldan kimi kefləndi. Açıb ürəyini boşaltdı. 

-Mirəhməd kişi, mənim adım heç də İsmayıl deyil. O vaxt Albaniyada yüksək vəzifədə işləyirdim. Pulumu balta kəsmirdi. Bir gün başıma arxadan nəsə vurdular. Huşumu itirdim. Gözümü açanda bu gördüyün uçulmuş daxmada tapdım özümü. Hələ evə bir balaca əl gəzdirmişəm. Əvvəl heç yaşamaq mümkün deyildi. 

-İsmayıl, yalan danışma. Albaniya hara, sən hara...

-İnanmırsan, bax! 

O, cibindəki köhnə vəsiqəni çıxarıb göstərdi.

Adım gördüyün kimi Xoskendi. V əsrdə yaşamış alban xristian ruhanisinin adından götürülüb. Qədim türkcədə koçken - qartal deməkdir. Mənə bir tamaşa elə. Olsa-olsa qaşqaldaq olaram.

Uğunub özündən getdi. Mirəhmədi də gülmək tutdu.

-Nə əcəb, ölkənə qayıtmırsan?

-Qorxuram. Həm pasportum köhnədir, həm də uşaqları qoyub gedə bilmərəm. Müraciət etsəm də işimə hələ də baxılır. 

Xeyli susdu. Stolun üstündəki zəngli saat çıqqıldadıqca ürək sıxılırdı. Gözlərini bir nöqtəyə zilləyən İsmayıl yenidən başladı, nə başladı?!

-Yoldaşım altıncı uşağı gözləyir. Bir ucdan doğur. Heç məndə hay yoxdur. Bilirəm ki, uşaqların əksəriyyətinin atası mən deyiləm. Neyləmək olar, mənimki də belə gətirib…

 Mirəhməd udqundu. Nə deyəcəyini, necə təsəlli verəcəyini bilmədi. İsmayıl təsəlli də gözləmirdi. Sözünə davam etdi:

-Heç nə demə. Mən taleyimlə barışmışam. Gecələr əsəbləşib özümdən çıxıram. Arvad itin sözünü deyir mənə. Yəqin, eşitmiş olarsan. 

 Mirəhmədin gözlərindən yaş axdıqca silirdi. İsmayılın ağlamağa heyi qalmamışdı. Həyatda hər şeyi görmüşdü. Bütün hisləri kötüksüz ağac kimi qurumuşdu.

 Həmin məclisdən sonra Mirəhməd İsmayılla bir süfrəyə oturanda içkini gətirmirdi. 

 Günlər beləcə aylara qarışıb uçub gedirdi. Mirəhməd kişinin gözləri zəif görür, qulağı zəif eşidirdi. İsmayıl isə uşaqları sabaha sağ çıxartmaq üçün əlləşirdi. Lakin sənədləri olmadığından heç yerə işə düzələ bilmirdi. Lap düzəlsəydi belə, uşaqlara kim baxacaqdı?

 Bir gün Mirəhmədin küçə qapısı döyüldü. Qapıya çıxan Mirəhməd karıxdı. İsmayılın arvadı, altı uşaq anası ağlaya-ağlaya nəsə deyirdi. Mirəhməd heç nə anlamadı. Onu sakitləşdirib bir daha soruşdu:

-Nə olub, ay qız?

-İsmayıl yoxa çıxıb.

 Mirəhməd qocaldığı üçün onu axtara bilməzdi. Güclə ayaqlarını tərpədirdi. Polis çağırdı. Bir gün axtarışdan sonra İsmayılın cəsədini dəniz qırağında tapdılar. Qayalar arasında şişmiş cəsədi ləpə döyürdü…

 Bir həftə keçməmiş İsmayılın arvadı torpağı satdı. Xeyli pul eləmişdi. Ucuz yerdən hazır ev aldılar. Qalan pulu isə xımır-xımır yeyirdilər. Uşaqlar böyümüşdü. Artıq dördü işləyirdi. Biri bazarda araba dartır, biri göyərti satır, biri konduktor işləyir, biri də bağban idi. Atalarının yoxluğunu az da olsa hiss edirdilər. Qayğısız uşaqlıq illərini həsrətlə xatırlayırdılar.

 İsmayılın bağını varlı adam almışdı. Yerində iri bir malikanə tikdirmişdi. Hasarı o qədər hündür idi ki, daha dəniz də görünmürdü…

 

 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)