İlahə Səfərzadə - "Azyaşlı ana"
Proza
İlahə Səfərzadə - "Azyaşlı ana"
Evdən yenicə çıxmışdı. Az sonra edəcəklərini düşündükcə sanki qorxudan balaca ürəyi partlayacaqdı. Eyni zamanda, bir o qədər də cəsarətli idi. Elə bil hansısa adını bilib özünü görmədiyimiz qara bir qüvvə içinə girmişdi və onu bu işi görməyə sövq edirdi. Yalnız onda özünü az da olsa, rahatlıq tapacağına inandırmışdı.
Addımlarını yeyinlədib bağın içərilərinə doğru getdi. Birdən tərəddüdlü addımlarını saxlayıb nəfəs belə almadan qaranlıq bağın xəfif xışıltısına qulaq kəsildi. Nəfəsini saxlayıb bir neçə saniyə ərzində fikrini toplayaraq qərar verməyə çalışdı. Ayağının altındakı quru budaq qırıntıları qaranlıq və yarpaqsız ağaclarla müdhiş görüntü yaradan bağın vahimələndirici səssizliyini pozaraq sındılar. Həmin an yaxalanacağı qorxusu ilə dodağını dişlədi və isti qanın ürküdücü dadını bütünlüyü ilə hiss etdi.
Lənətə gəlmiş üzücü sükut bağın üstünə qara parça kimi enmişdi. Qucağındakı körpəyə diqqətlə baxdı. Ağacların arasından bağa sızan Ayın xəfif işığı uşağın məsum üzünü işıqlandırırdı. Az sonra günahdan yaranmış bu məsum varlığın həyatına son qoyacaqdı. Öz valideynləri onun həyatına son qoyduqları kimi!
On yeddi yaşlı ananın əlləri körpənin balaca nazik boğazında gəzdi. İsterikaya qapılmış onu gic gülmək tutdu. Özünü ələ alıb tez qorxu içində çevrilib artıq uzaqlaşdığı evə baxdı. Əlbəttə, o bunu edəcəkdi!
İndi o, anadan daha çox sanki öz qurbanının nəfəs aldığı son dəqiqələrə şahidlik etmək istəyən bir iblis idi. Bütün günahların toplandığı bir damla yaş gözündən körpənin üzünə düşdü, uşağı titrətdi.
Qucağındakı körpə dəqiqələr keçdikcə gözünə daha məsum, daha günahsız görünməyə başlamışdı. Bəs niyə məhz indi? Tam da onun həyatına son qoyacağı gün! Doqquz aydır ki, bu körpəni onu dünyaya gətirib öldürmək üçün bətnində saxlamışdı. Beləcə ona pislik edən insanlardan intiqam alacaqdı!
Hələ on yeddi yaşı vardı. Ancaq bu yaşında valideynlərinin zoru ilə özündən böyük kişiyə ərə verilmişdi. Onun yerinə yaşamalı olduğu həyatı müəyyənləşdirmişdilər. Az əvvəlki mərhəmət duyğusunu yenidən hiss edərək bu duyğunu boğmaq üçün evləndiyi günü xatırladı. Xatırladı ki, o da ən az valideynləri qədər qəddar ola bilsin. Heç tanımadığı, istəmədiyi adamla birgə yaşamaq və ondan asılı olmaq da ölümə bərabər deyildimi? Yox, deyildi. Çünki bu ona ölümdən daha betər görünmüşdü. Bəs həyat yoldaşının ona əşya kimi yanaşması, pozğun düşüncələri ilə ona işgəncə verməsi?!
Ona təcavüz olunmuşdu. Üstəlik, bu təcavüz təkcə cismani yox, həm də mənəvi təcavüz idi: Tanımadığı hansısa adam və ən pisi öz doğmaları tərəfindən...
Addımlarını sürətləndirib evdən bir az da irəli getməyə çalışdı. Üzünü çevirib getdikcə ondan uzaqlaşan və uzaqlaşdıqca qucağındakı körpəni ölümə bir az daha yaxınlaşdıran böyük evə baxdı. Özündən çox yaşlı, heç sevmədiyi və bu aylar içində yalnız məcburiyyət kimi gördüyü əri isti yatağında hər şeydən xəbərsiz bir şəkildə yatmışdı.
Qucağındakı uşaq qımıldanıb oyanmaq istədi. Sanki ani olaraq gözlərini açıb anasına gülümsədi. Körpənin yenidən yuxulaması üçün onu qollarında yellədi. Keçirdiyi sarsıntıdan bir addım belə ata bilməyib durduğu yerdə təxminən yarım saata yaxın dayandı. Körpəsi yenidən dərin yuxuya getmişdi. Onu bağrına basıb soyuq burnu ilə isti nəfəsini hiss etdi. Özünü toplayıb gözləri dolmuş halda yenidən evə qayıdıb körpəni öz yerində yatdırdı. Həmin gecə körpə oyanıb ona yenidən gülümsəsin deyə gözlərini belə qırpmadan saatlarca başında gözlədi...
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
LALƏ HÜSEYNOVA - SİRR
Fərid Muradzadə - Cəhənnəmdən qaçış.(novella)
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
Əlabbas Bağırov - Köhnə kişi