ŞvartsMan - Sevilməyən adam (hekayə)
Əsgər yoldaşım Əlizadə Ümidə
2012-ci il dekabrın 30-u. Eskişehirdən İstanbula lisey dostum Ceyhunun dəvəti ilə getmişdim. Ceyhun dedi ki, Yeni ili gəl birlikdə qeyd edək. Heç nə. Avtobusa oturdum. Kamilkoçla (avtobusun firma adı) İstanbula hərəkət etdim. Saat axşam altı radələrində İstanbula çatdım. Avtobusdan düşdüm ki, hələ Ceyhun gəlməyib. Tez ona zəng elədim. Dedi ki, on-on beş dəqiqəyə gəlirəm. Həmişəki kimi yenə yalan danışırdı. Bildim ki, gec gələcək, ona görə bir dönər və ayran sifariş elədim. İstanbul-Essenler şəhərlərarası avtobus terminalı o qədər adamla dolu idi ki, Ceyhunun hayandan, hansı tərəfdən gələcəyini bilmirdim. Yeməyimi yeyəndən 5-10 dəqiqə sonra oturduğum yerdən qalxıb 5 türk lirası ödəyib çölə çıxmışdım ki, bu səfər Ceyhun doğrudan gəlmişdi. Elə sağa çevriləndə onu gördüm. Öpüşüb görüşdük, hal-ehval tutduq. Klassik azərbaycan gənclərinin salamlaşıb-görüşüb, hal-əhval tutmaq tərzi deyək buna. Aşağı-yuxarı nə demək istədiyimi başa düşdünüz. Xülasə, Ceyhun dedi “getdik evə”.
Avtobusa oturduq. Avtobus hərəkət edəndən sonra Ceyhun fikrini dəyişdi. Dedi, “Vaxtımız var, yolu uzadaq”. Və Karaköyə istiqamətləndik. Karaköyə çatandan sonra Mərmərə dənizindən gəmiylə Eminönüyə keçdik. Ordan tramvaya minib, Zeytunburnuna hərəkət elədik. Nəysə, gəlib evə çatdıq. Dörd mərtəbəli evin üçüncü mərtəbəsinə qalxdıq. Qapını döydük. 19-20 yaşlarında qıyıq göz bir oğlan qapını açdı. Bizi içəri dəvət elədi. Keçdik içəridə oturduq. Sonra həmin oğlan mənimlə dialoq qurmağa başladı. Türkmənistandan olduğunu dedi. Daha sonra incə və ürkək səsi ilə harada oxuduğunu dedi. Öyrəndim ki, İstanbul universiteti arxeoloji fakültəsinin birinci kursunda oxuyur. Mənim harada oxuduğumu və bir neçə sual-cavabdan sonra mənim nə içmək istədiyimi soruşdu. Oğlanın adı Dövlətdi. Bir az sonra çay gətirdi. Çay içib İstanbuldan, Türkmənistandan, Azərbaycandan danışmağa başladıq. Söhbətdən sonra dedi ki:
-Abiler, sizə yemək bişirim, varmı istədiyiniz bir yemək?
Dedik ki,”yok, güzel kardeşim, gönlünden ne geçiyorsa onu yap”.
Gülümsəyərək mətbəxə getdi. Sonra Ceyhunla danışmağa başladıq. Dedim:
-Alə, bu qaqaş hardan çıxdı?
Ceyhun da gülümsəyərək:
-Hamı hardan, o da ordan çıxdı...
Dedim:-Alə, məzələnmə, hardan tapmısan bunu?
-Heç nə. Universitetdən çıxırdım, gördüm ağacın dibində bir oğlan oturub. Hava soyuq idi. Fikirləşdim, bu soyuq havada niyə oturub ki?! Elə yaxınlaşdım ki, soruşum, kitabları yerdə, bağları açıq ayaqqabısı, dizlərini qucaqlamış, burnunun suyunu çəkərək, başını qaldırıb mənə baxırdı. Dedim ki, soyuqda burda niyə oturmusan? Həmişəki titrək səsi ilə “abi, ev arkadaşlarım beni evden kovdular” dedi, “benim kendime yetecek kadar param var, ama tekbaşına bir ev tutamayacağım için, ikinci gündür ki, dışarıdayım”. Heç nə demədim. Təkcə dedim, “dur getdik bizə”. Daha sonra 150 TL kirayə pulu verdiyini öyrəndim. Ona dedim ki, mənim evimdə qalarsan, təkcə kommunal xərcləri verərsən (kommunal xərclər təxminən 100-120 TL çıxırdı). Sevinərək razılaşdı. Elə o gündən buyana mənim evimdədir. Yemək bişirir, evi təmizləyir, səliqə-sahmana baxır.
Nəysə, Ceyhunla söhbətimizi bitirdik. Bu arada Dövlət türkmən plovu bişirib gətirdi. Doğrudan da plov çox ləzzətli idi. Yedik-içdik, yatdıq. Səhər açılanda, yəni ayın 31-i durub gördüm ki, Dövlət evdə yoxdur, Ceka yatır. Stolun üstündə səhər yeməklik hər şey var. Dövlət hər şeyi hazırlamışdı. Özü də dərsə getmişdi. Ceyhunu oyatdım. Oturduq səhər yeməyi yedik, çıxdıq şəhərə. Günorta saat 15:15 radələrində Ceyhuna dedim ki: “ Ceka, canını yeyim, zəng elə Fatih universitetindəki tanıdığın qızlardan çağır da, axşam yeni ildir”. Elə Ceka dərhal zəng elədi. Danışdı, təşkil elədi. Daha sonra Dövlətə də zəng elədi. Dövlət artıq evdə olduğunu dedi. Ceyhun evdə nə çatışmadığını soruşdu. Dövlət evdə hər şeyin olduğunu və “abi, sizler yeni yılı nasıl karşılıyorsanız, ona göre tedarik yapın”.
Nəysə, Ceyhunla mağazaya girdik, lazım olan şeyləri alıb çıxdıq. Saat altı idi, evə gəlib çatdıq. Elə çatmışdıq ki, Dövlət bizim üçün çay qoymuşdu. Bayırda yetəri qədər soyuq var idi, çay içdik, söhbət etdik. Sonra növbəylə çimdik. Saat axşam 9-un yarısı idi. Qapı döyüldü. Gözlədiyimiz “Şərqi Avropa küləkləri” qapıdan bir-bir içəri girdilər. Əvvəlcə estoniyalı, sonra moldovalı, sonra isə litvalı gülümsəyərək içəri keçdilər. Ceka və mən “xoş gəlmisiniz” deyib onları salona dəvət etdik. Bayaqdan bizimlə salonda oturan Dövlət gələn qonaqları salamlamadan öz otağına keçmişdi. Biz də azərbaycanlı düşüncəsi ilə üç oğlana üç qız deyə təşkil etmişdik, amma Dövlət sözün əsl mənasında “diktator” Dövlət çıxdı.
Səhərə kimi qızlarla yedik-içdik, əyləndik. Cekanın çoxdan qalan playstation-1-ni o gün istifadə etdik. Daha sonra rumın əsilli moldovalı qız – hansı ki onun adı Ramona İoneskudur- məndən türkcə soruşdu ki, “o üçüncü ev arkadaşımız nerede?” Mən onun yetəri qədər dindar, namaz qılan, utancaq, soyuqqanlı, nəticə etibarilə, özünəqapanıq, qaynayıb qarışmayan adam olduğunu dedim.
Gecə saat bilmirəm neçə idi. Litvalı gənc, gözəl Lilya Kolsh ilə balkonda siqaret çəkməyə başladıq. 5-10 dəqiqə ərzində havanın da soyuq olmasına görə içəri keçdik. Mən litvalı gənc qızla Cekanın otağına keçdim. Orada bizim loru dildə desək, “min cür hoqqadan” çıxdıq. Xatırladığım bir şey var ki, şalvarım heç vaxt əynimdən çıxmayıb. Nə də ki, Lilyanın alt paltarını görmüşəm. Elə Cekanın otağında Lilya ilə yataqda yatıb qalmışam.
Oyandığımda hələ də sərxoşluğum var idi, saata baxdım, saat səhərə yaxın 4-ə on dəqiqə qalırdı. Salonda Ceyhun, Ramona və Kristin birlikdə yatmışdılar. Sonra getdim Dövlətin otağına. Yatağı qızdırıcıya yaxın uzanıb üstünə bir adyal örtüb yatırdı. Yatağının yanındakı stolun üstündə doğranmış bir portağal, iki mandarin, bir banan, qarışıq meyvə suyu, bir az çərəz və əl boyda üzərində yandırılmamış iki şam olan balaca tort var idi. Dövlət yeni ilə bax beləcə girmişdi!
Qayıdıb Cekanın otağına Lilyanın yanında yatdım. Qısacası, yeni ili belə qarşıladıq.
Nəysə, səhər açıldı. Qalxanda qızların heç birisi yox idi. Stolun üstündə bizim üçün səhər yeməyi həmişəki kimi hazır idi.
İnternet üzərindən Eskişehirə geri dönüş biletini hələ gəlməmişdən əvvəl almışdım. 10:45-də avtobusa biletim var idi. Dövlətlə sağollaşa bilmədən Cekayla avtovağzalın yolunu tutdum. Uzun sözün qısası, “gənclər şəhəri” olan Eskişehirə qayıdıb gəldim. Mənim üçün maraqlı qalan o oldu ki, tam bir ay sonra Ceyhunla telefonla danışarkən mənə Dövləti evindən uzaqlaşdırdığını dedi. Niyəsini soruşdum. Mənə bu cavabı verdi:
-Bilirsən dostum, qaynayıb-qarışmırdı, deyib-gülmürdü, məclislərdən uzaq qalırdı, varlığı ilə yoxluğu bilinmirdi, sakit idi, darıxdırıcı idi. Qısaca, xoşuma gəlmirdi. Sonra bir həftə ərzində ona bir neçə dəfə zəng elədim xəbər tutum ki, necədir? Nömrəsinə zəng çatmırdı. Yəqin ki, nömrəsini dəyişmişdi.
3 yanvar 2016
Tovuz rayonu (hərbi xidmətdə olarkən)