Edebiyyat.az » Proza » Fərid Muradzadə - Sarışın

Fərid Muradzadə - Sarışın

Fərid Muradzadə - Sarışın
Proza
admin
Müəllif:
21:05, 08 avqust 2024
461
0
Fərid Muradzadə - Sarışın



 Fəslin günahı yoxdur e, amma mən soyuq noyabra qarşı özümdə həmişə kin hiss etmişəm. Neynim, vallah özümdən asılı deyil. Mənim nələr yaşadığımı siz hardan biləsiniz ki?! Yarızarafat yarıciddi deyir-Nihad, sən də vaxt tapdın da görüşməyə. Bu soyuq hava heç mənim ürəyimə yatmır. Nəsə özümü birtəhər hiss edirəm. İyirmi altı il əvvəlki kimi. O məşum gecə məni , o vaxtkı on üç yaşlı qızı ruhuna qədər üşütmüşdü. İnan, qışda belə üşütmə hiss etmirəm, amma payızın son ayında həmişə aşkar və gizli titrəməm olur və gizli titrətməm çox dəhşətli keçir. Vallah, bunu sözlə ifadə edə bilmirəm. Bu gün nəsə olacaq e, əminəm. Iyirmi altı il əvvəl də belə qəribə hisslər keçirirdim. Nə isə… olan olacaq. Yazıdan qaçmaq mümkün deyil. Hə, sən müsahibəni al. Narahat olma. 

-Ay Sevil, sənin söhbətlərin əslində elə sual-cavaba ehtiyacı olmayan müsahibədir. Sağ ol.  Təklifimi qəbul etdin. Özümü qaçaraq sizə yetirdim. "Cəbhə xətti"layihımdə bu dəfəki yazı səndən olacaq. 

Hava soyuq idi. Külək adamı daha çox üşüdürdü. Gözləri bir nöqtəyə zillənmiş qadın sükut içində idi. Xəyalən Qərbi Azərbaycanın Ağbaba mahalının Amasiya rayonuna səyahət etmişdi. Orda onun ömrünün ən şirin və ən acı xatirələri vardı, amma onun ən dəhşətli xatirələri qaynar döyüş bölgələrindən idi. O gecə də hava soyuq idi. Neçə gün idi ki, ermənilər orda yaşayan azərbaycanlılara qarşı güc tətbiq edir, insanları alçaldır, öldürür və yüzillərlə burda yaşayan insanları öz yurdlarından qovurdular. Əliyalın insanlar ailələrinə zərər dəyməsin deyə illərlə qurub -düzəltdikləri ,min bir zəhmətlə əldə etdikləri mal-mülklərindən heç nə götürmədən kimi qohum-əqrabasına sığınmaq üçün kimi də gedəcək, güman edəcək yeri  olmadan belə başlarını götürüb gedirdilər. Təlaş içində olan insanlar məlum nöqtədən məchul nöqtəyə doğru hərəkət edirdilər.  Məchulluğun özü belə qorxunc idi, amma burdan daha etibarlı hesab olunurdu. Məlum nöqtədə dəhşət, alçalmaq, təhqir edilmək, döyülmək, öldürülmək qorxusu, məchul nöqtədə isə məşəqqət və ümid vardı. O gecə onlar titrəyə-titrəyə, qorxa-qorxa, ölüm və məşəqqət görə-görə yola çıxdılar. Ümid bir çırağa dönmüş onların qaranlıq yollarına közərən işıq saçmış, üşüyən qəlblərini qızındırmışdı.Onların qaçqın köçü Sumqayıt şəhərinə qədər gəldi və ailə burda kök saldı. Hər şey yenidən sıfırdan başladı. Sevilin həyatının yeni səhifəsi açılmışdı. Artıq on altı yaşı vardı. Yurd-yuvalarından qovulmaları, düşmənin Azərbaycan ərazisinə təcavüzü, dünya ictimaiyyətinə özlərini məsum xalq kimi tanıdan, "Miatsum" deyib bağıran, azərbaycanlılara alçaqcasına divan tutan ermənilərin qəddarlığı, amansızlığı onu olduqca narahat edir, qəlbində düşmənə qarşı nifrət və intiqam hissini artırırdı. Bər-bəzək həvəsində olan, rahat həyat sürən qız tay-tuşlarından fərqli idi Sevil. Zinyət əşyaları, bəzək-düzək, ənlik-kirşan ona yad idi. O ölüm görmüşdü, yurdundan qovulmuşdu. O qaranlıq bir gecədə qorxulu, əzablı, məşəqqətli məchul yolçuluğa çıxmış,  ümidini itirməmiş və məhz o gün ürəyində bir and içmiş, özü ilə əhd bağlamış vətənpərvər birisi idi. Hər şəhid xəbəri gələndə onun dünyası tar-mar olurdu. Mart ayı idi. Bu aya el arasında boz ay da deyilir. Elə boz-bulanıq bir hava idi. Ağdam rayonunda yenicə formalaşan "N"saylı hərbi hissənin Nəzarət Buraxılış Məntəqəsinin önündə gənc bir qız dayanıb israrla hərbi hissə komandirini görmək istədiyini deyirdi. Orta yaş giziri maraq bürümüşdü. On altı-on yeddi yaşlı bu qızın od-alovun içində nə işi var? Bunun tayları dərs oxuyur, özünə bəzək-düzək vurur, gələcəyinin xəyallarını qurur. Bu isə durub burda söz güləşdirir. Nəhayət onu komandirin qəbuluna apardılar. Hərbi hissə komandiri sakitcə onu dinləyir və ürəyində balacaboy, sarışın, vətənpərvər və böyük ürək sahibi olan Sevili alqışlayırdı. Hərdən də öz-özünə"kaş hər kəsin belə ürəyi ola! -deyirdi. Komandir onu sona qədər səbrlə dinlədi, lakin qızı hərbi hissəyə qəbul etmədi. Bir anlıq komandirin enli çiyinləri bu çəlimsiz, sarışın, balacaboy qızın məsuliyyət yükündən titrədi. Bu qız namus simvolu idi. Onu bura götürə bilməzdi komandir. Yuxarı komandanlığa məruzə edildi və Sevil ordan Bakıya qaytarılıb C.Naxçıvanski adına hərbi liseyə qoyuldu. Lakin cəbhə sehirli bir qüvvə kimi onu özünə çəkirdi. Sevil döyüşmək, düşməndən intiqam almaq istəyirdi. O qisas adlı bir atəşə qalanmışdı. Üç ay sonra o hərbi məktəbdən qaçıb döyüş bölgəsinə yollandı. Bu dəfə Sevil polkovnik-leytenant Şirin Mirzəyevin batalyonunda xidmətə başladı. Sevil on altı yaşında tankçı oldu. O gündən başladı Sevilin kitablara sığmayacaq acılı xatirələrə dolu döyüşçü yolu. İlk döyüşü Ballı qaya istiqamətində oldu. O gecə düşmən üzərinə hücum əmri verilmişdi, lakin əsgərlərimiz mühasirəyə düşmüşdülər və hücuma keçib tələyə düşən əsgərləri xilas etmək lazım idi. Sərkərdəlik qabiliyyəti hər kəsdə olmur. Polkovnik-leytenant Şirin Mirzəyevin komandanlıq qabiliyyəti orda mühasirəyə düşmüş əsgərləri xilas etdi. Xilasetmə taktikası düzgün qurulmuş və doğru icra edilmişdi. Həyəcanlı idi. Real döyüşdə tank idarə etmiş, düşmənə xətər yetirmişdi. Xilas edilən hər bir əsgər üçün sevinirdi. Sırxavənd körpüsünə çatanda sanki tankı arxası üstə çevirdilər. Hər şey bir andaca baş verdi. Heç nə başa düşə bilmədi. Hər yer qaranlıq idi. Heç nə hiss etmirdi. Yalnız başı fırlanırdı və sonra onu da hiss etmədi. Ayılanda Bakıda"Semaşko"xəstəxanasında olduğunu bildi. Yaralanmışdı. Bir ayağını yarıdan itirmişdi, amma onu ən çox ağrıdan, ən çox yandıran ayağı deyil, sifəti idi. Sevil tankın içində yanmışdı. Yava-yavaş özünə gəlməyə başlayırdı. Qorxusu yox idi. Döyüşə getməyi planlaşdırırdı. Heç nədən çəkinmirdi. Bircə güzgüyə baxmaqdan çəkinirdi. Onun yaraşıqlı sarışın üzü yanmışdı və bu dəhşətli idi… 

Müalicəsi bitməmiş, tam sağalmamış gecə ikən xəstəxanadan qaçdı. Sanki döyüş bölgələrindən onu kimsə səsləyirdi. Əslində müəmmalı çağrı səsi onu Amasiyadan çıxdığı gündən səsləyirdi, lakin o bu səsin ünvanını əvvəllər bilmirdi. İndi isə ünvan bəlli idi. 

Döyüşdən deyil, amma tanklardan qorxurdu. Daha tanka yaxın gedə bilmirdi. Onu kəşfiyyat rotasına yazdılar. Tankçı Sevil kəşfiyyatçıya çevrilmişdi. Kəşfiyyatçı olmaq çox çətindir, amma o bunu bacardı. Kəşfiyyatçı bumeranq kimidir. Sevil məhz ilk kəşfiyyata gedən gün əbədi olaraq sifətinə hopmuş yanıq xəsarətlərini də maskalayıb gizlətməyi öyrəndi. Sonralar da həmişə saçını bir tərəf üstə sifətinin yanmış hissəsinə tökər, bütün şəkillərdə, tədbirlərdə, mərasimlərdə və elə hər yerdə fərqli bir duruşla dayanardı. Üzünün yanmış tərəfi heç vaxt görünməzdi. 

Müharibə dəhşətləri insanı yaşamağa qoymur. Bəzən nəfəsi üstündə insan olsan da ruhən ölü olursan. Canlı ölü olmaq çox dəhşətlidir. Qazançı istiqamətində ağır döyüşlər gedirdi. Havadarları tərəfindən yaxşı silahlandırılmış düşmən tərəfi quduz it kimi hər tərəfdən həmlə edirdi. O gün çox dəhşətli idi. Yaralılarımız və itkilərimiz vardı. Mühasirəni yarmışdılar. Yerdə bir nəfər xırıldayırdı. Meyitlər tanınmaz hala dümüşdü. Allahverdi Bağırovu sadəcə sənədlərindən tanıya bilmişdilər. Yaralı əsgərə su vermək istəyirdi.  Dili-dodağı çatlaq-çatlaq olmuş bu əsgərin gözlərindən son həyat nişanələri oxunurdu. Zarıyırdı. Su istəyirdi. Onsuz da onun ölməsi bir-neçə dəqiqədən sonra gerçəkləşəcəkdi və Sevil can üstə olan bu adamın son duasını yerinə yetirmək üçün ona yaxınlaşdı. Başının arxasından tutub su qabını əsgərin çatlaq dodaqlarına yaxınlşadırdı, lakin başının tükləri biz-biz olmuşdu. Əsgər su içə bilmədən canını tapşırmış, Sevul isə donub qalmışdı. Onun əli başından qəlpə yarası alan əsgərin beyninə girmişdi. Psixoloji təsirə düşmüşdü. Affekt halda idi. Kimsə qışqırırdı və bu tanış qışqırıq səsi onu ayıltdı. Xan idi. Əfsanəvi kəşfiyyatçı. Ağır yaralanmasına baxmayaraq yaralı olan gənc əsgəri döyüş mövqeyindən çıxarmaq lazım olduğunu bildirdi. Sevil canlı-cüssəli yaralı əsgəri daşımaq iqtidarında deyildi, ancaq onu köməksiz vəziyyətdə qoymaq kimi bir fikri də yox idi. Əsgərin orda qalması ölüm ya da əsir düşmək təhlükəsi demək idi. Birtəhər özündən çox-çox ağır olan huşsuz əsgəri ancaq sürüyə-sürüyə apara bildi. Dizləri param-parça olmuşdu. Yeriyə bilmirdi, taqətdən düşürdü, amma yaralı əsgəri daşımaqdan da vaz keçmirdi. Elə bil yüz ilin tənhalığı və yorğunluğu vardı onda. Hərdən ağır döyüşlərdən sonra valideynləri üçün, əzizləri üçün darıxırdı. Nə olsun ki, səngərdə döyüşən əsgər idi, axı onun da insanlıq duyğuları vardı. O zərif cinsin nümayəndəsi idi. Bəzən ürəyindən keçənlər elə ürəyində də qalırdı. O hisslərini, gəncliyini, ömrünü fəda etmək, gələcək nəsilləri, qan bahasına, can bahasına əmanət kimi qorunan torpaqlarımızı azad görmək üçün burda idi. Bir Sevillə heç nə olmaz, amma min sevincli üz üçün fəda olmağa dəyər. Valideynləri onun döyüşə qatılmasına, kişilərlə bir səngərdə döyüşməsinə, onlarla bir kazarmada yatmasına qarşı idilər. Valideynləri və qardaşı onun ardınca hərbi hissəyə gəlmişdilər. Sevil çəkinə-çəkinə onlara yaxınlaşdı. Qardaşı qalxıb onu vurmaq istəyəndə polkovnik-leytenant Şirin Mirzəyev onun sinəsindən itələyib yerində oturtdu və heç kimin Sevili burdan aparmaq hüququ olmadığını bildirdi. Sevinirdi. Onu himayə edən komandirinə təşəkkür edirdi. Qəfil yerindən qalxan valideynləri sərt şəkildə onun kimi övladlarının olmadığını söyləyib həyatını fəda edən, hisslərini içində boğan,  balacaboy, sarışın qızcığazı təkəmtənha qoyub getdilər. Sevilin iç dünyası tarmar olmuşdu. Boşluğa düşmüşdü. Sanki uçmaq istəyən bir sərçə idi, amma qolları qırılmışdı. Ona stimul verən yenə də komandiri və hərbçi dostları oldu. Valideynləri onu başa düşmürdülər ya da…amma sonralar Sevil hər yaralanandan sonra gözünü açanda anasını başının üstündə görərdi. Ana ürəyi… 

Ləqəbi”Sarışın” olan Sevilə bütün əsgər və zabitlər hörmət edər, ehtiramla yanaşardılar. Taborda yeganə xanım döyüşçü idi. Çəlimsiz amma inadcıl. Fiziki imkanları xaricində olanları belə özünəməxsus şəkildə icra edər, kimsədən geri qalmamağa çalışardı. Onun bu tərsliyi, inadkarlığı, fədakarlığı, əzmkarlığı hər zaman yüksək dəyərləndirilərdi. Hamı onun xətrini istəyər, onu ərköyün uşaq kimi əzizləyərdi. Taborda hamıdan çox isinişdiyi əsgər ağdamlı Şamil idi. Sanki əkiztay idilər. Bir-birini çox gözəl anlayardılar. Şamil onun həm qardaşı, həm də dostu idi. Onlar həmişə döyüşlərdən və xüsusi kəşfiyyat tapşırıqlarından qayıdandan sonra Şamilgilə gedər, üst-başlarını yuyub-qurudar, özləri də yuyunub rahatlanar, yeyib-içər və geri qayıdardılar. Şamilin anası həmişə onlara layiqli süfrə açardı. Xanım-xatın bir qadın idi. O pəhləvan cüssəli oğlunun yanındakı bu balacaboy, sarışın, mərd qızcığazı uşaq kimi sevərdi. Döyüş tapşırığını icra edirdilər. Şamillə danışmışdılar. Onlara gedəcəkdikər, amma. Şelli istiqamətində ağır döyüş gedirdi. Düşmən onların planından xəbər tutmuşdu. Cəmi doqquz nəfər idilər. Qarşıdakı təpənin arxasında gizlənmişdilər. Lakin, düşmən onları görmüşdü. Ağır artilleriyadan açılan atəş onlara göz açmağa imkan vermirdi. Daha burda durmaq olmazdı. Hamının məhv olma risqi vardı. Atışa-atışa, yer dəyişə-dəyişə geri çəkilirdilər. Qəfildən yanlarına düşən top mərmisi torpağın altını üstünə çevirmişdi. Güclü zərbənin təsirindən hərə bir tərəfə səpələnmişdi. Birtəhər toparlanıb ayağa qalxdılar, lakin iki nəfər əskik idi. Qəlpə Şamilin qolunun altından girib ürəyini dağıtmışdı. Daha Şamil yox idi. Onu dostu, qan qardaşı, cəbhə yoldaşı gözlərini əbədi olaraq yummuşdu. Hamı məyus halda bayrağa bürünmüş şəhid nəşini evlərinə aparırdılar. Sevil qadın olduğu üçün onu önə salmışdılar. Əllərini qaldırıb dəmir darvazanın dəstəyini aşağı basdı. Elə bil yüzlərlə kilo daş asılmışdı qollarından, ayaqlarından. Sanki bütün vücudu ağır bir yükün altında idi. Nə deyəcəkdi?  Necə izah edəcəkdi? O , bu qapıya həmişə Şamillə bir gələrdi. Indi də bir gəlmişdilər, lakin Şamil daha canlı deyildi. Şamilin anası samovar qaynadırdı. Onu görən kimi dedi: "Niyə durmusan keç içəri. Bəs Şamil hanı?  Yeməyiniz hazırdır, keçin"

Sevil donub qalmışdı. Nə deyəcəyini bilmirdi. Ana asta -asta ona yaxınlaşdı. Diqqətlə üzünə baxdı, sonra darvazanın ağzındakı əsgərlərin çiynində bayrağa bükülmüş tabuta baxdı və birdən… ilahi bu nə oynamaq idi. Qadın sanki oğlunun ən şad günündə oynayırdı. Dayanmadan yarım saat oynadı və birdən elə nalə çəkdi ki, Sevilin başının tükləri biz-biz oldu. O lal-dinməz ananın qarşısında diz çökdü. 

“Fərrux”yolunda, “Qazançı” ”Sarıqaznağ” istiqamətində şiddətli döyüşlər gedirdi. Onlar rəşadətlə döyüşürdülər, lakin müəmmalı hadisələr baş verirdi. Ard-arda bir neçə rayon ermənilərin nəzarətində keçmiş və bu ordu içində ruh düşkünlüyü yaratmışdı. Canları, qanları bahasına əldə saxladıqları, azad etdikləri ərazilər çox rahatca düşmən nəzarətinə keçirdi. Nə qədər ruh düşkünlüyü, psixoloji travmalar olsa da Sevil qələbə ümidini itirməmişdi. Müharibədən sonra onu Türkiyədə təhsil almağa göndərdilər, lakin bu dəfə də yarımçıq qaldı. Onun hərbçi olmaq arzusu məhz hər iki dəfə mənfur  düşmənə görə yarımçıq qalmışdı. Bu dəfə də erməniəsilli bir kursant qızın millətimizi və bayrağımızı təhqir etməsi səbəbindən Sevil tərəfindən yaxşıca əzişdirilmişdi və bu Sevilin hərbi məktəbdən xaric edilməsinə səbəb oldu. O əsla peşman deyildi. Yenə edərlərsə yenə də o cür davranaram. Millət ,dövlət və bayraq hər şeydən üstündür. Mən hər zaman, hər yerdə , hər vəchlə dövlətimi, bayrağımı, millətimi qorumağa çalışmışam. Bilirsən, Nihad, biz heç vaxt məğlub xalq ola bilmərik. Mən bu xalqı görmüşəm. Biz mütləq  mənfur düşmənin ayaqlarını yurdumuzdan kəsəcəyik. Mən keçmiş döyüşçü kimi buna əminəm. Sadəcə zaman məsələsi var. 

Hava soyuq idi. Sevili üşütmə tuturdu. Yaxınlaşıb restoranda kabinetlərin birində çay içmək istədiklərini bildirdilər, lakin cavab gözlənilməz və ağır oldu. 

Kabinetdə yalnız yemək yeyə bilərsiniz! Əks təqdirdə içəri buraxılmayacaqsınız. 

Sevil yenə dəliyə dönmüşdü. Onu birtəhər sakitləşdirməyə çalışırdılar. Gör biz kimlər üçün döyüşmüşük e!Bəlkə bu restoranın sahibi o vaxt iki-üç yaşında uşaq olub. Bizlərin hesabına sərvət toplamısınız indi bizi qapının çölündə qoyursunuz. Tfu sizə! İçəridən buğlana-buğlana çıxan imkanlı müştərilər laqeyd şəkildə bu balacaboy, sarışın qadına baxır başlarını bulayaraq bahalı , lyüks avtomobillərinə minərək gedirdilər. Nihat, məni müharibənin travmaları və bu gördüyüm haqsızlıqlar öldürəcək! Üşüyürəm !Gedək, sizi də ötürüm. 

Sevil, bir az səbirli ol! Bəlkə həkim çağıraq?! 

Yox heç nə lazım deyil. Keçdi, amma sizə deyirəm, şahid olun. Məni travmalar öldürəcək… 

Onlar Sevilin qazilər üçün dövlət tərəfindən verilən avtomobilinə əyləşdilər. Soyuq noyabr küləyi hamını bir anlıq üşütdü. Sevilin gözlərində dünyanın kədər yükü vardı. Avtomobil yola düşdü. Arxadan yüksək sürətlə gələn "CİP"markalı avtomobil manevr etmək istədi, lakin sürücü idarəerməni itirdi və tank kimi maşın Sevilin avtomobilinin üstünə çıxdı. Sarışın yenə tankın içində idi. Bu dəfə deyəsən yanmamışdı, amma dəhşətli ağrıları vardı. Yenə yolda hərəkət vaxtı vurulmuşdu. Yenə başı fırlanır, qulaqları uğuldayırdı. Az sonra onlar da kəsildi. Sevilin həyatla bağı kəsilən kimi. 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)