Edebiyyat.az » Proza » Şamil Həsən - Növbədə (hekayə)

Şamil Həsən - Növbədə (hekayə)

Şamil Həsən - Növbədə (hekayə)
Proza
admin
Müəllif:
08:15, 09 avqust 2024
637
0
Şamil Həsən - Növbədə (hekayə)




 —Xahiş edirəm, növbəni gözləyin, saat 9-da birinci adam keçəcək!, — polis serjantı bu sözləri deyib qəzəblə xəstələri geri itələdi.

Tahir xəstəxananın astanasından insanların çoxluğunu görüb özünü itirdi. Onun qarın nahiyəsində ağrı vardı, çox güman kor bağırsağı şiddətli spazm edirdi, ağrının dəhşətli olması növbədəkilərin hədsiz çox olması qədər təsir etmirdi. Xəstəlxananın giriş pilləkənləri yer tutmurdu, şüşələr barmaq, sifət ləkələri ilə dolmuşdu, arxadan gələnlər öndəkiləri şüşələrə sarı elə sıxırdı ki, Davinçi belə o sifət cizgilərini aynadakı kimi nəfis çəkməmişdir.

Bu Mingəçevir xəstəxanası üçün adi haldır, bura gələn xəstələrin qəbul limitinə düşməmək üçün öz həmvətənlərinin portret eskizini aynaya çəkməkdən başqa çarələri qalmır. Tahir belə şeyi ilk dəfə görürdü, o, nə xəstələnmiş, nə də xəstəxana qapısı görmüşdü, hələ ömründə bir dəfə sancısı tutmuş, onda da belə olmuşdu.

O, sağ əli ilə qarnını tutub axsaya-axsaya bir təhər pilləkənin dəmirlərinə yaxınlaşa bildi; hay-küydə kimsə ona nəsə deyir, amma o, heç nə eşidə bilmirdi, nəhayət, qulağını şəkləyəndən sonra nömrə ilə bağlı bir söz eşidə bildi.

—Nə nömrəm?, — qəribə halda sual verdi. O, həqiqətən, məsələnin nə olduğunu anlamamışdı.

Arvad yenə qışqırıb: —Sıra nömrən neçədir, neçənci adamsan?, —soruşdu, bildi ki, xamdır: —qapıçıdan istə, versin.

Qapıçı kütləni yarıb bir neçə nəfərə, eləcə də ona əzilmiş kağız uzatdı. “Sıra 103”. Tahir balaca kağız parçasında əllə iri rəqəmlər yazılmış olduğunu gördü, aydın idi ki, məhz sıranın ona çatması müşkül məsələdir. Gərək gecəyədək gözləyə. Səhər növbə təzələnirdi deyə bu heç mümkün olmazdı. Yanındakı qoca kişi deyirdi ki, qonşusu səhər saat 5-dən burdadır, elə ona görə birinci yer onundur; bu bədbəxt isə hələ həkimlər gəlməmişdən burda olsa da, “doxsan birinci”dir.

Tahir mütləq bir şey fikirləşməli idi: ya kor bağırsağın pilləkəndəcə partlamasına şahid olmalı, ya da tez həkimin qəbuluna düşməlidir. Budur, həkimlər və tibb bacıları yavaş-yavaş gəlirlər, lakin polis insanları yerə salmasa, qapının ağzını təmizləməsə, onlar keçə bilməyəcəklər. Əslində, qapıçı bu işdə ustalaşmışdı; Tahir elə bildi ki, o, bu boyda kütlə ilə bacarmaz. Bir azdan içəridən nəzarətçinin səsi gəldi:

—İlk üç sıra gəlsin!

Tahir sevindi, amma dərhal sevinci boğazında düyümləndi, çünki hələ 103-cüdür. Aram-aram nəzarətçinin batmış səsi cırıldayır, kütlə damla-damla seyrəlir; hərdən hansısa həkimin bugünkü limitinin dolduğunu da söyləyib camaatda narazılıq yaradırdı.

Artıq əllinci adam qapıdan içəri buraxılır, xeyli vaxt ötür, Tahirin sancısı get-gedə şiddətlənir, dözülməz olurdu, sanki incə appendisit partlamağa başlayıb. Onun ağlına fikir gəldi. Cəld cibindən kağızı çıxarıb dili ilə isladır, rəqəmləri oxunmaz hala salıb əlil arabaları üçün nəzərdə tutulmuş pilləkəni qalxaraq üç nəfər içəri girən kimi sıyrılıb keçir. Nəzarətçi bunu görürdü, ancaq Tahirə heç nə etmədi, rənginin boğunuq olması vəziyyətinin ciddi olduğunu göstərirdi.

O, qeydiyyat şöbəsinə yaxınlaşıb dedi: —Xanım, kor bağırsağım ağrıyır, özü də çox pis...

—Təəssüf edirəm, cərrahımızın qəbul limiti dolub. Sabah lap erkən gəlin!

Tahir həm əsəbdən, həm də sancının dəhşətindən qeyri-ixtiyari qışqırdı:

—Nə?!


                                    15 İyul 2024

                                                

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)