Edebiyyat.az » Proza » Ziqmund Freyd fərziyyələrinin süqutu

Ziqmund Freyd fərziyyələrinin süqutu

Ziqmund Freyd fərziyyələrinin süqutu
Proza
Necef Esgerzade
Müəllif:
14:33, 03 iyul 2019
2 105
0
19-cu əsrə hakim kəsilmiş ateist-materialist cərəyan bütün elm sahələrinə olduğu kimi psixologiyaya nüfuz etmişdi. Psixologiya sahəsindəki ateist təlimlərin öndərliyini isə avstriyalı psixiatr Ziqmund Freyd edirdi. Freydin nəzəriyyəsi insanın bütün zehni-mənəvi dünyasını cinsi instinktlərlə açıqlamağa çalışır və bütün metafizik qüvvələrin, dolayısıyla ruhun da varlığını inkar edirdi. Freyd böhranların mənbəyini açıqladığını iddia edirdi, lakin həqiqətdə, onun fərziyyələri cəmiyyətdə tez bir zamanda yayılacaq böyük bir mənəvi böhran və psixoloji travmanı başlatmışdı. İnsanı bir heyvan növü və öz istəklərini təmin etmək instinktlərilə hərəkət edən məxluq kimi görən bu nəzəriyyə insanları tənhalıq, qorxu və depressiyaya sürüklədi. Bütün əxlaqi dəyərlərə xor baxan Freyd həyatın da məqsədsiz və mənasız olduğunu iddia edirdi:
“Bir insan həyatın mənasını və dəyərini sorğuladığı an xəstə sayılır, çünki, obyektiv olaraq, heç biri (nə mənası, nə də dəyəri) yoxdur”.1
Freydin təsirində qalmış sənətkarların tabloları da bu qaranlıq təlimin daxili dünyasını təsvir edirdi. Rəssamlığın sürrealizm kimi modernist cərəyanlarına nüfuz etmiş freydizm özünü tablolardakı anormal, qeyri-estetik görüntülərlə büruzə verirdi.
Solda Edvard Munkun “Qışqırıq” adlı rəsmi (1893), sağ tərəfdə isə Pablo Pikassonun “Avinonun gənc qızları” rəsmi (1907) görünür. Bu rəsm “əsərləri”, əslində, freydizmin daxili dünyasını əks etdirən nümunələrdir.

Cənubi İllinoys Universitetindən professor Henri Morris bioloq T. Hakslidən diktator A. Hitlerə qədər tarixdəki bir sıra məşhur təkamülçünün mənəvi həyatlarının araşdırıldığı və tənqid edildiyi “Qara pərdənin arxası” başlıqlı bir məqalə qələmə almışdır. Darvin, Uolles, Nitsşe və Marksın da şəxsi-mənəvi dünyasındakı zehni problemlər və əxlaqi pozuntulardan bəhs edilən məqalədə belə deyilir:
“…Bu qaranlıq təsirlər həmçinin təkamülçü psixologiyanın ən təsirli iki pioneri olan Karl Yunq və Ziqmund Freydin də karyeralarında mövcud idi”.2
Xüsusilə Ziqmund Freydin öz mənəvi dünyası araşdırıldığı zaman isə daha vahiməli bir əhvali-ruhiyyə özünü büruzə verir. Nyu-York Universitetindən psixologiya üzrə professor Pol Vits Freyd haqda hərtərəfli bir bioqrafiya qələmə almışdır. Bir icmalçı isə bu haqda belə yazır:
“Freydin inanca qarşı şüursuz düşmənçiliyi, Vitsin də təfsilatlı izah etdiyi kimi, İblis, Lənət və Dəccala olan obsessiv marağının bir nəticəsi idi… Vits hətta Freydin iblislə Faust sazişi* bağlayıb-bağlamadığını sorğulayır”.3
                                                           
Z. Freydin qaranlıq dinsizlik təlimindəki mənasız həyat, heyvani instinktlərlə yaşayan sərgərdan insan modelinin mənşəyi isə freydizmdən daha qaranlıq və təhlükəli bir cərəyan – darvinizm idi. Kaliforniya Universitetindən psixologiya üzrə professor Frenk Sallouvey bunu belə izah edir:
“…Əslində, bu cür naturalist təkamülçü bir təməl olmadan freydist psixoanalizin necə mövcud olacağını belə düşünmək çox çətindir”.4
Ən çox da fransız təbiətşünas J. B. Lamarkın və alman bioloq E. Hekkelin təsirində qalmış olan Freyd öz fərziyyələrini bu təkamülçülərin sonradan yalnış olduğu ortaya çıxacaq nəzəriyyələri üzərində inşa etmişdi. Freydin yaxın dövrlərə qədər nəşr edilməmiş bir əlyazmasının kəşfi də onun təkamül nəzəriyyəsinə, Lamark və Hekkelin düşüncələrinə nə dərəcədə güclü bel bağladığını göstərir:
“1915-ci ilə aid bir sənəddə Freyd təkamül nəzəriyyəsinə olan düşgünlüyünü ifadə edir. Darvinin və qazanılmış xüsusiyyətlərin nəslə ötürüldüyünə inanan Lamarkın nəzəriyyələrinə dalmış Freyd zehni xəstəliklərin təkamülün erkən dövrlərində funksional olmuş davranışların qalıqları (rudimentləri) olduğunu söyləyirdi”.5
Lamarkın fərziyyələrinin elmi təkzibini buradan öyrənin
Freyd öz əlyazmasında digər bir qatı təkamülçü olan Ernst Hekkelin də iddialarını arxayınlıqla qəbul edirdi:
“Freydin əlyazmasında ən çox etibar etdiyi təkamülçü ideya “ontogenez filogenezin təkrarıdır” şüarı idi, hansı ki, bu, bir fərdin inkişafının bütün bir növün təkamülünü təkrar etdiyi düşüncəsidir”.6
Hekkelin fərziyyələrinin elmi təkzibini buradan öyrənin

“Totem və Tabu” kitabının cildi

Freydin təkamül nəzəriyyəsinə bağlılığı nəticəsində psixologiyaya gətirilən bir sıra anlayışlar isə olduqca təhlükəli oldu. Bunların başında isə, irqçilik düşüncəsi gəlirdi. 1913-cü ildə çap olunan “Totem və tabu” adlı kitabında Freyd Avstraliyanın yerli əhalisi olan aborigenləri və müasir mədəniyyətdən uzaq olan bəzi qəbilə və tayfaları “vəhşilər” adlandırmış və bu insan irqlərini bəşəriyyətdən uzaq heyvan cinsləri kimi dəyərləndirmişdi. Bu sapqın fikrini hətta “Totem və tabu”nun başlığında belə vurğulayırdı. İrqçiliyin əsas alındığı bu kitabın uzun ismi belədir: “Totem və tabu: vəhşilərin və nevrotiklərin zehni həyatları arasındakı oxşarlıqlar”. Ziqmund Freyd kimi irqçilərin yönləndirmələri isə sonradan “sosial darvinizm” adlanan bəlanın bütün dünyaya yayılmasına geniş surətdə yol açmış oldu…
Təkamül nəzəriyyəsinin Ziqmund Freydin əli ilə psixologiyaya vurduğu digər zərbə isə qadınların əqli cəhətdən kişilərdən geridə olması xurafatı idi. XIX əsrdə “ikinci sinif qadın” düşüncəsi biologiyada dərin kök salmışdı və bu sahənin mütəfəkkirləri – Darvin başda olmaqla, Romens, Le Bon, Broka və Foxt kimi dövrünün bir çox elm adamları “ikinci sinif qadın” düşüncəsini dərhal mənimsəmişdilər. Ziqmund Freyd də qadınları alçaldan bu düşüncəni bir prinsip kimi qəbul edirdi.7
Freyd qadınların “passiv”, “şöhrətpərəst”, “qısqanc” və “məhdud ədalət hissinə malik” olduqlarını düşünürdü. “Psixoanalizə giriş haqqında mühazirələr” əsərində Freyd qadınların kişilərdən daha zəif super-eqo (yüksək mənlik) hissinə malik olduğunu bildirir və onların məhdud ədalət hissinin və zəif əxlaqi-etik şüurunun olmasının səbəbini bununla əlaqələndirir. Freyd qadının “faydasız” xarakteri haqında belə yazır:
“Qadınların məhdud ədalət hissinin olmasına dair qənaət, şübhəsiz ki, onların psixologiyasındakı qısqanclıq hissinin üstünlüyü ilə əlaqədardır… Biz də qadınların bu sosial maraqlarının zəif olduğunu və öz instinktlərini sublimasiya etməkdə kişilərdən daha az qabiliyyətə malik olduqlarını qəbul edirik”.8
Amerikalı bioloq Cerri Berqman Freydin bu düşüncələri darvinizmin təsirindən aldığını belə yazır:
“…Qadınların bioloji olaraq aşağı tutulması inancının müdafiə edilməsinin altında yatan səbəblər mürəkkəbdir, lakin darvinizm olduqca zəruri bir amil idi, xüsusilə də, Darvinin təbii və cinsi seçmə ideyaları. Bu doktrinin təsir dairəsini “aşağı dərəcəli qadın” hökmünün Ziqmund Freyddən Hevlok Ellisə qədər bir çox nəzəriyyəçinin üzərindəki güclü təsirinə görə dəyərləndirə bilərik, hansı ki, bu insanlar bəşəriyyətin formalaşmasında çox böyük rol oynamışdılar”.9
C. Berqmanın izahından da gördüyümüz kimi, Freyd kimi şəxslər cəmiyyətin formalaşmasında çox böyük rol oynayıblar və onların da qadınlara qarşı belə bir baxış bucağına sahib olmaları isə bəşəriyyət üçün böyük təhlükədir. Buna görə də, freydizm kimi elmdənkənar cərəyanların həbs etdiyi “qadın” anlayışının yerinə dinin qadınlara gətirdiyi azadlıq və keyfiyyəti cəmiyyətimizə aşılamaq gərəkdir.
İrqçiliyi və “kişi üstünlüyü”nü təbliğ edən freydizm XX əsrin ortalarına gəldikdə “neofreydizm”ə çevrildi. İnsanın bütün davranışlarını instinktlərlə izah etməyə çalışan neofreydizm bütün sosial hadisələri, adətləri və hətta müharibələri belə (!) insanların instinkləri ilə şərtləndirməyə çalışırdı10. Heyvanların bir-birləri ilə instinktiv mübarizəsini insan cəmiyyətlərinə tətbiq etmək və cinayətləri, qətliamları, soyqırımları “daxildən gələn stimul” kimi dəyərləndirmək isə freydizmin bəşəriyyətə vurduğu digər bir qanlı zərbə idi.
Freydin ən böyük mübarizəsi isə dinə qarşı idi. 19-cu əsrin digər bir qanlı ideoloqu olan Fridrix Nitsşedən də təsirlənmiş Freyd eynilə onun kimi dinə qarşı barışmaz bir mövqe tutmuşdu. 1927-ci ildə nəşr edilən “Bir illüziyanın gələcəyi” adlı kitabında dini inancın guya bir növ əqli çatışmazlıq olduğunu irəli sürür və bəşəriyyətin tərəqqisi ilə birlikdə dini inancların tamamilə sıradan çıxarılacağını müdafiə edirdi.
XX əsrdə ateizm psixologiyaya o dərəcədə nüfuz etmişdi ki, sadəcə Freyd deyil, dövrün bir çox nüfuzlu psixoloqu da dinsizliyi mənimsədi. Bunların başında qatı ateistlər olan davranışçı məktəbin qurucusu Berres Skinner və rasional-emosional terapiyanın banisi Albert Ellis var idi. Nəticədə, psixologiya dünyası ateizmin qaranlıq zirzəmisinə çevrildi. 1972-ci ildə Amerika Psixologiya Dərnəyinin üzvləri arasında aparılan araşdırmaya əsasən, ölkədəki psixoloqların sadəcə 1%-i dini inanca sahib idi.11
                                                                 B. Skinner (solda) və A. Ellis

Lakin psixologiyanın qapıldığı bu ateist cərəyan elə psixoloqların öz araşdırmaları nəticəsində təkzib edildi. Aparılan araşdırmalar sayəsində, freydistlərin düşüncələrinin əksinə, dini inancın insan mənəviyyatında çox mühüm bir yer tutduğu məlum oldu. Təkamüli psixologiyanın tənqidi üzrə yazılmış “Təkamül məni buna sövq etdi!” başlıqlı bir elmi mənbədə bir zamanlar psixiatriya ixtisasının və cəmiyyətin ziyalı təbəqəsinin “freydist izahların məngənəsində” olduğu bildirilir və ardınca belə deyilir:
“Freydin əl işi hər şeyə qadir və davranışlar barədə hər şeyin açıqlaması kimi görünürdü. O vaxta qədər ki, bəziləri bunun, əslində, freydizmin zəif cəhəti olduğunun fərqinə vardılar. Bu gün freydizm geniş şəkildə bir psevdoelm (saxta elm) nümunəsi kimi dəyərləndirilir”.12
Araşdırmalar nəticəsində məlum oldu ki, Freydin hipotezlərinin, demək olar ki, heç bir elmi əsası yox imiş. Dinin zehni sağlamlığın çox əhəmiyyətli bir elementi olduğu üzə çıxdı. Amerikalı yazıçı Petrik Qlinn psixologiya sahəsindəki bu mühüm irəliləyişləri belə yekunlaşdırır:
“20-ci əsrin son rübü Freydin qurduğu psixoanalitik görüşlə heç də uzlaşmadı. Bunun ən diqqət çəkən cəhəti isə Freydin din haqqındakı görüşlərinin tamamilə səhv çıxması idi. Son 25 ildə psixologiya sahəsində aparılan araşdırmalar dini inancın Freydin və tələbələrinin iddia etdiyi kimi bir növ nevroz və ya nevroz mənbəyi olmaq bir tərəfə qalsın, ümumi zehni sağlamlıq və xoşbəxtliyin ən məqsədyönlü amillərindən biri olduğunu üzə çıxardı. Ard-arda aparılan bir çox araşdırma dini inanc və ibadətlərlə intihar, alkohol və narkotika aludəçiliyi, boşanma və depressiya kimi mövzulardakı sağlam davranışlar arasında güclü bir əlaqə olduğunu göstərdi”.13
Başqa bir sözlə, ateizm psixologiya sahəsində də məğlubiyyətlə üzləşdi. Mənəviyyatın və əxlaqi dəyərlərin dirçəlməsi üçün dini inancların zəruriliyi bu gün elm tərəfindən təsdiq edilir. Kvant fizikası və neyrobiologiyanın ruhun varlığını təsdiq etməsi də bu cəhətdən diqqətçəkicidir. Həmçinin dua etməyin sağlamlığa gətirdiyi möcüzəvi faydalar, gənclər arasındakı degenerasiyanın və ümumi depressiyanın dindar cəmiyyətlərdə göstərdiyi statistik azlıqlar da din və psixologiyanın nə dərəcədə uzlaşdığının bariz göstəricilərindəndir.
 
*Faust sazişi – bir alman əfsanəsinə əsasən, uzun illər davam edən güc və həzz qarşılığında iblisə öz ruhunu satmaq üzrə verilən razılıq

Mövzu ilə əlaqədar videolarımız:

Mənbələr:

  1. Kumar, S., Sarfati. J., Christianity for Skeptics, 2012, Creation Book Publishers, Atlanta, Georgia, USA. p. 89
  2. Henry Morris, Ph.D. 1999. Behind the Dark Curtain. Acts & Facts. 28 (11)
  3. G.A. Cevasco, “Freud versus God,” reviewing Sigmund Freud’s Christian Unconscious (New York: Guilford Press, 1988) in Intercollegiate Press (vol. 24, Fall, 1988), p. 39
  4. Frank J. Sulloway, Freud, Biologist of the Mind, Beyond the Psychoanalytic Legend, Harvard University Press, Cambridge, Massachusetts, and London, England, 1992 edition, p. 391
  5. Daniel Goleman, “Lost Paper Shows Freud’s Effort to Link Analysis and Evolution,” New York Times (February 10, 1987), p. 19
  6. Daniel Goleman, “Lost Paper Shows Freud’s Effort to Link Analysis and Evolution,” New York Times (February 10, 1987), p. 22
  7. Shields, S.A., Functionalism, Darwinism, and the psychology of women; a study in social myth, American Psychologist 30(1):739–754, 1975
  8. Sigmund Freud, New Introductory Lectures on Psychoanalysis, 1993:168-169
  9. The History of the Teaching of Human Female Inferiority in Darwinism, by Jerry Bergman, April 1, 2000
  10. Ярошевский М.Г., История психологии, М., 1976; Лейбин В.М., Психоанализ и психология неофрейдизма, М., 1977
  11. Edwin R. Wallace IV, “Psychiatry and Religion: A Dialogue”, in Joseph H. Smith and Susan A. Handelman, eds., Psychoanalysis and Religion, John Hopkihs University Press, Baltimore, 1990, p. 1005
  12. Creation, June 2000, 22(3):4
  13. Patrick Glynn, God: The Evidence, The Reconciliation of Faith and Reason in a Postsecular World, Prima Publishing, California, 1997, səh. 61

Mənbə: tekamulculerecavab.com                                                                                                        
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)