Edebiyyat.az » Proza » Nemət Mətin - Mənim Tanrım... (hekayə)

Nemət Mətin - Mənim Tanrım... (hekayə)

Nemət Mətin - Mənim Tanrım... (hekayə)
Proza
nemət
Müəllif:
01:31, 15 sentyabr 2019
1 805
0
Nemət Mətin - Mənim Tanrım... (hekayə)




 Ucsuz- bucaqsız meşələrdə  ağacların xışıltısı, quş və yırtıcı heyvanların ara bir eşidilən səsləri, çayın şırıltısı məni çox düşünməyə qoymurdu. Fikirlərim bir - birinə dolaşıb qalmışdı. Sürgündə keçirdiyim altı ildə nələr gördüm, nələr... Üç Azərbaycan boyda Tayqa meşəsinə qaçıb kor peşman geri dönənləri, üstümüzdə ağalıq edən komandirləri baltalayıb sonra özünü dağdan atanları, aclıqdan insan əti yeyənləri gördükcə vəhşiləşirdim. Tayqa meşəsinə qaçan Vasifin üstündə kibritdən başqa heç nə yox idi. Gecə tonqal qalayıb aclığı ilə bərabər yuxuya getmək istəyəndə ona sarı gələn tüklü məxluqdan qorxub ağarmışdı. Ağır addımlarla tonqala tərəf gələndə üzü işıqlansa da heç nə görünmürdü. Üzünü tük basmışdı. Nəinki üzünü, hətta bütün bədəni, əlləri, ayaqları, alnı tük içində idi. Bığ saqqala, saqqal da bığa qarışmışdı. Vasif qorxulu məxluqun insan olduğunu lap yaxına gələndə sezib. Vadim imiş. İllər öncə sürgündən qaçmağa cəhd edib. 8 ildir meşədə dolaşır, dırnaqlarını daşlara sürtməklə yonturmuş, üzünü isə qırxmağa heç nəyi yox idi. Söhbət zamanı cibindən qara saqqıza oxşayan qurumuş ət tikəsini çıxarıb ağzına atır. 3 gündür yediyi quru ət onu aclıqdan xilas edirdi. Axırda dediyi sözlərdən Vasif təsirlənib həbs düşərgəsinə geri dönüb. Vadim deyirdi: 

- Buradan çıxa bilməyəcəksən. Cəmi iki yolun var. Ya öləcəksən, ya da cəhənnəmə geri qayıdacaqsan. Can şirin şeydir. Geri dön.

 - Bəs, əl, ayaq və alnında niyə tüklər uzanıb?

 Vadim gülümsəyərək cavab verib:

 - Çiy ət yeməkdən. Bax ona görə heyvanlar tüklü olurlar. 

Vadimlə sağollaşıb düşərgəyə geri dönən Vasif bütün əhvalatı azərbaycan dili bilənlərə danışırdı. Sonralar rus dilini öyrəndi. Və rusca bilənlərə də danışdı. 

Meşədə ağacları kəsəndə məhbuslardan ən azı 5-10 nəfəri zədələnir, xəsarət alırdı. Ölənlər də olurdu. Bəziləri heç çatdırmırdı da. Ya ağacdan yıxılır, ya da dalaşıb bir - birini itələyib dağdan aşırdırdılar. Oradan qayıtmaq mümkün deyildi. Çünki yıxılanda sağ qalanı belə ağac hissələri əzib torpağa yapışdıracaq. Yontalanmamış ağac hissələri dağın döşünə qədər diyirlənib çaya düşürdü. Oradan isə  axın aparırdı. Sonra maşınlara yüklənib yola salınırdı.

  Həftədə bir dəfə hər kəsə beş litr su verilirdi. Məhbuslar suyu başlarından tökməyə çalışsalar da, su havada buz bağlayırdı. Kim çatdırdısa, sevinirdi. Şaxtalı havada tez çimməsən dona bilərdin. Tüpürcək şaxtadan havada donurdu. İşəyəndəsə ziq-zaq trayektoriya cızan xətt yerə buz şəklində çatırdı. Gecələr o qədər soyuq olurdu ki, baltanı bir az çox əlimdə saxlayanda qulpuna yapışırdı. Soba olan otağa qaçıb əlimin isinməyini gözləyirdim. 

 Vərəm xəstəliyi o qədər yayılmışdı ki, vərəmi xəstəlik saymırdıq. Vərəm olan sevinirdi ki, bir az uzun ömür sürəcək. Bədəni yara olanlar ayrıca yatırdılar. Bütün bədəni yara olanları aparıb güllələyirdilər. Ona görə təmiz qalmağa çalışırdıq.

  Vaxt ayağımıza bağlanmışdı. Biz Rusiya cəngəlliklərində azıb qaldığımız kimi vaxt da azmışdı. Uzun illərdən bəri kimlərsə oğuldan ataya çevrilmişdi. Məktubla ata olmaqlarını xəbər tuturdular. Ağlayıb səhərə qədər içirdilər. İçki isə maşın yağının qaynadılmasından alınan göy rəngdə maye idi. Bildiyimiz zəhər. Çay narkotik vasitə sayıldığından kimdə tutsaydılar cəzası üç il artırılırdı. Elə məndə də artırılıb. Məhbus düşərgəsində on ildir çürüyürəm. Sarı saçlarım vitamin çatışmazlığından və əsəbdən tökülüb. Arıqlayıb qırx yeddi kiloqram olmuşam. Bu gün səhər eşitdik ki, ağ çörək var imiş. Gün aşırı sıxanda suyu süzülən qara çörək yeyirdik. O da olanda. Qarğa, ayı, dovşan ovlayanda yeyirdik. Ayının üstünə balta ilə hücum çəkən ac insanlar idik. Əsl mübarizə meydanı idi. Ya qarğalar insan cəsədini dimdikləyib udur, ya da insanlar qarğa ətini qızardıb iştahla yeyirdi.

Özümə balaca blaknot tutmuşam. Maraqlı və qorxulu hadisələri qeyd edirəm. Yazmaq məni inkişafdan geri düşməyə qoymur. Dünən qeyd  dəftərçəmdə yazmışam:

“İlahi, nə yaxşı ki, itlər var. Onlar olmasaydı, biz bu gün dovşan əti yeməzdik.”

 Günəşli günlərin birində yenə də meşəyə odun yarmağa getdik. Tək idim. Uzaqdan aşan ağacların səsi eşidilirdi. Sanki ağlayırdılar. Son vaxtlar həssas olmuşdum. Baltanı yerə atıb oturdum. Xəyalım uzaqlarda idi. Birdən gözüm üstündə hərflər cızılmış ağaca sataşdı. Ayağa duranda baltanı da götürdüm. Ağaca yaxınlaşıb sözü oxudum. "Cavid" - yazılmışdı. Ürəyimə isti gəldi. Sanki ağac Cavid idi. Onu qucaqlayıb hönkür-hönkür ağladım. Sakitləşəndə düşərgəyə geri döndüm. Bu düşərgəyə bir ildir gəlmişdim. Yerimi tez-tez dəyişirdilər. Cavid kim idi? Vasifdən Cavidin kim olduğunu soruşdum. O, mənə dedi:

 - Şair idi. Bəlkə də sağdır, bilmirəm. Keçən il apardılar. Sən gələn gündən bir neçə gün öncə. Adı Hüseyn olmalıdır. Gecələr şeir yazıb azərbaycan dilini bilənlərə yüksək səslə oxuyurdu. Ondan heç bir yadigar şeir qalmadı. Şeirlərini, yazdığı kağız parçalarını bizim üçün oxuyandan sonra sobaya atırdı. 

 Vasiflə sağollaşıb mənə hərbi xidmət illərimi xatırladan naraya tərəf getdim. Sən demə bu son söhbətimiz idi. Bir həftə sonra məni başqa düşərgəyə göndərəcəkdilər. Oradan sağ çıxmağı bacaracağam. Və nəhayət 12 ildən sonra Azərbaycana qayıdacam. 

 Amma ağaca cızılmış “Cavid” sözünü unuda bilmirdim. Sonralar evləndim, uşaqlarım dünyaya gəldi. Oğlum 7- ci, qızım isə 4-cü sinifdə oxuyurdu. Həmin illərdə onlara tez-tez Hüseyn Cavidin şeirlər toplusu kitabından şeir oxuyurdum. Sonuncu dəfə “Mənim Tanrım” şeirini oxuyanda özüm də kövrəldim...

Həzz еtmədim firqədən, cəmiyyətdən,
 Zövq alamam hərbdən, siyasətdən,
 Bir şеy duymam fəlsəfədən, hikmətdən,
 Mənim ruhum gözəllikdir, sеvgidir.



Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)