Edebiyyat.az » Proza » Nemət Mətin - İnanılmaz təklif (hekayə)

Nemət Mətin - İnanılmaz təklif (hekayə)

Nemət Mətin - İnanılmaz təklif (hekayə)
Proza
nemət
Müəllif:
19:56, 20 noyabr 2019
2 178
0
Nemət Mətin - İnanılmaz təklif (hekayə)
 


 

 Elçin Sərvinazı sevirdi. Ona heç vaxt xəyanət etməyi ağlının ucundan belə keçirtməmişdi. Lakin bu gün başqa gün idi. Hər şey gecə yatağa uzananda başladı. Sərvinaz Elçinə göz ucu baxıb dedi:
-Əzizim, işığı söndür gəl.
-Baş üstə.
 Elçin soyuna-soyuna işığı söndürüb çarpayı tərəfə tələsdi. Tullanaraq cəld hərəkətlə yorğanın altına girdi. Sərvinazı arxadan qucaqlayıb saçını qoxuladı. Xoş bir hiss ürəyinə yayıldı. Bədəni rahatlaşdı və bu rahatlıqdan gülümsəyib Sərvinazın boynundan öpdü. Sərvinaz pişik kimi qıvrıldı və gülə-gülə dedi:
-Bəsdi, səninlə söhbətim var.
-Bura gəl.
-Dayan, eləmə. Seks sonraya qalsın. Qulaq as. Ya da lazım deyil.
 Ani maraq hissi Elçinə qalib gəldi.
-Nə olub?
-Söz ver ki, hirslənməyəcəksən.
 Adətən belə deyəndə qarşı tərəf hirslənir. Sonradan səslənən fikir isə Elçinə şok effekti verdi.
-Söz verirəm.
-Neçə ildir kasıbçılıq içində yaşayırıq. Oğlumuz ən ucuz baxçaya gedir. Rütubətdən yaranmış kifsəmiş qoxudan baxçanın qapısından içəri keçmək olmur. Talehi baxçaya aparanda vicdan əzabı çəkirəm. Amma müəllimləri yaxşı insanlardır. Kim istəməz ki, övladı bahalı baxçaya getsin? Dil öyrənsin, ət və meyvə yesin. Baxçada makaron yeməkdən uşaq gücdən düşüb. Hələ özümüzü demirəm. Hər gün səhər basabas olan, tər qoxusu verən avtobusda işə getməyini yada sal. 

 Onların belə söhbətləri tez-tez olurdu. Çox vaxt ya Sərvinaz küsürdü, ya da Elçin hirslənirdi. Bu dəfə Elçin fikrə getdi. Sonuncu dəfə avtobusdakı hadisəni xatırladı. Basabas, insan yığını, işdən qayıdan yorğun üzlər və nəfəskəsən sakitlik. Birdən avtobusun qapıları özbaşına açılıb bağlanmağa başlayır. Sürücü avtobusu saxlayaraq düşür. Qapılara baxır. Onlar isə dayanmaq bilmirlər. Uçmağa hazırlaşan qu quşu kimi dayanmadan qanadlarını havada yelləyirlər. Sürücü dilxor olur. Bu an hamının üzündən zəhrimar yağır. Amma heç kim danışmır. Və birdən bir uşaq anasına deyir: -Mama, avtobus xəstələnib. Elçini və digər bunu eşidən sərnişinləri gülmək tutur.  Elçin fikirdən ayrılıb Sərvinaza cavab verməyə tələsir:
 -Bəs, nə edək? Bir çıxış yolu varmı?
 -Var! Amma başa düşəcəksənmi?
 -Çalışaram. -Bax, sən yaraşıqlı kişisən. Savadlısan, dünya görüşün var. Musiqilərdən və rəsm əsərlərindən başın çıxır. İlanı dilinlə yuvadan çıxara biləcək potensiala maliksən. (İkisi də gülür) Təklif edirəm ki, bir pullu, varlı, imkanlı xanım ilə tanış olasan. Həm biz yaşayaq, həm də sən. Elçin özünü itirmişdi. Belə təklif gözləmirdi. Kimdən də gözləsəydi, ömür gün yoldaşından heç gözləmirdi. Sükut çökmüşdü. Axırda Sərvinaz dilləndi:
 -İstəyirsən unut getsin. Yaddan çıxart.
 -Yox, sadəcə gözləmirdim. Bəs, sən qısqanmayacaqsan?
 -Əzizim, biz 6 ildir bir yerdə yaşayırıq. Sevgimiz öz yerində qalacaq. Bu təklifə iş təklifi kimi yanaş. Elə düşün ki, lotoreyada cekpotu partlatmısan.
 -Düz deyirsən.
 -Onda sabahdan plan quraq.
 -Yaxşı.
 Onlar uzun müddət öpüşüb sevginin ağuşuna atıldılar. Arxasınca gecə ehtirasa büründü. Səhər yuxudan ayılanda əllər sarmaşıq kimi bir-birini qucaqlamışdı. Sərvinaz birinci qalxıb səhər yeməyi hazırladı. İki yumurtanı sarısı dağılmamaq şərti ilə tavaya vurdu. Əncir mürəbbəsini və Masallıdan gəlmiş şoru stola qoydu. 
-Elçiiin, əzizim, dur!
 Elçin isə gec ayılanlardan idi. Lap birinci sinifdə belə idi. Onu oyatmaq çox çətin iş sayılırdı. Sərvinaz isə bu 6 ildə yolunu öyrənmişdi. Televizorda musiqinin səsini artırırdı. Deyilənə görə musiqi yuxuya da daxil ola bilir. Elçin nəhayət ayıldı. Bir gözünü açıb pəncərədən gözünü qamaşdıran günəşi söydü.  Süfrə başında çox oturmadılar. Planı qurmağa tələsirdilər. Sərvinaz ilk olaraq fikirlərini söylədi: 
- Birinci mən varlı biznes lediləri axtarıb araşdırım. Sonra guya işə düzəlmək adı ilə münasibət qurum. Sən məni götürməyə gələndə xanımı gör. Hər şey primitiv və dəqiq olacaq.
-Sərvinaz səni 7 ildə heç tanımamışam. (Uğunub özlərindən getdilər) 
-Bəs, nə bilmişdin?!
-Sonra nə edəcəyik?
-Sonra sən edəcəksən. Özünə qulluq et. Saçını dəbdə olan saç formasında qırxdır və əyin-baş al. Bahalı ətir də seç. Evdə pul azdı. Dost-tanışdan borc al.
-Oldu əzizim, biz bu işin öhdəsindən gələcəyik. 
Onlar öpüşərək öz işlərinin arxasınca getdilər. Hər şey plan üzrə gedirdi. Sərvinaz beş günə izləyib araşdırdığı gözəl və varlı xanımı tapdı. Elçin isə ovu ələ keçirmək üçün fürsət gözləyirdi. Sərvinaz şərait yaradandan sonra Elçin Lala adlı şirkət rəhbərinin gözünə girmək üçün hücuma keçdi. Hər şey yolunda getdi. Lala Elçinlə tanış oldu. Bir həftədən sonra onlar sevgili idilər. Sərvinaz araşdıranda Lalanın dul olduğunu sezmişdi. Həyat isə planları sevmir. Sən saydığını day, gör fələk nə sayır. Lala Elçinə tezliklə maşın aldı. Hər gün onlarda keçirdiyi gecənin səhərisi cib xərcliyi verdi. Elçin bu vaxta kimi belə asan yolla ev almamışdı. Açarları ona təqdim edəndə Elçin həqiqətən Lalaya vurulur. İlk dəfə idi ki, bir qadın ona qiymətli bir şeyini verirdi. Onun ürəyinin qiyməti bir evin açarı qədər imiş.
  Elçin Sərvinazı ata bilməzdi. Axı kasıbçılıqdan onları Sərvinaz qurtarıb. Sərvinaz Elçini sevirdi. Qısqanırdı da. Amma yaxşı yaşamaq hissləri üstələmişdi. Kasıbçılıq insanları sakit yaşamağa məcbur edir. Sərvinaz Elçinin aldığı pullarla gözəllik salonu açdı. Sonra ikincini də açdı. Artıq övladları şəhərin ən "xod" gedən baxçasına gedirdi. Dayəsi də var idi. Ailənin sürücüsü isə rus idi. Qoca dayı. Üz-gözü qırışmış, içkini tərgitmiş dayı...

 Servinaz ikinci salonu açandan sonra oğruluq cəhdi oldu. Ona görə də sonuncu açılan salonu qoruyacaq adam lazım olur. Vakansiya tərtib olunur. Eanlar jurnallara, qəzetlərə və saytlara yayılır. Müraciət edənlər içindən boylu-buxunlu bir bəy seçilir. İşə başlayan gün Sərvinaz ona vurulur. Oğlan sakit, gülərüz, yaraşıqlı görünür onun gözündə...Üç ay keçib. İndi Sərvinaz həmin oğlana maşın alıb. Hərdən Elçin Lala gildə olanda evinə qonaq dəvət edir. Sərvinaz oğlana vurulub. Sanki cavanlaşıb. Birinci kurs tələbəsidir.  Varlandıqları üsulla tələyə düşən ailə, artıq dağılmaq üzrədir. Sərvinaz şikar rolunda idi. Özü də heç nədən şübhələnmirdi.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)