Edebiyyat.az » Söhbət » Ədəbi tənqidçi Vaqif Osmanov (Müsahibə)

Ədəbi tənqidçi Vaqif Osmanov (Müsahibə)

Ədəbi tənqidçi Vaqif Osmanov (Müsahibə)
Söhbət
admin
Müəllif:
05:00, 13 iyun 2020
2 365
0
"Onların yazdıqlarını tərifləmək hələ tezdir".



 

Qısa məlumat: Vaqif Osmanov 1956-cı ildə Balakən rayonunun Qamıştala kəndinə anadan olub, 1973-cü ildə Qaravəli kənd orta məktəbini bitirib. 1973-1977- ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda ( əvvəlki APİ) təhsil alıb. İnstitutu bitidikdən sonra dörd il Balakən rayonunda müəllim işləyib. Balakən rayonunun "Şən həyat", APİ-nin "Gənc müəllim, eləcə də "Azərbaycan gəncləri", "Azadlıq", "Rezonans", "Azad qələm", "Ədalət", "Aktual qəzet", "Ruzigar", İnamın gəlişi" qəzetlərində, "Elm və həyat", "Xəzan", "Əfsun", Türkiyədə nəşr olunan "Hece taşları" dərgilərində şeirləri, hekayələri, publisistik yazıları, elmi, ədəbi-tənqidi yazıları dərc olunub. 1982-ci ildən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətində dəniz hidrometeorologiya sahəsində sahəsində işləyir.

 

 

- Pandemiya şəraitində hamının bir-birinə ünvanladığı sual ilə başlamaq istəyirəm. Karantində günlər necə keçir? Bu günlərdə nə oxuyursunuz?

 

- Karantində günlər çox cansıxıcı keçir. Əslində, həyatın planlaşdırılmamış anlarını ömrün itirilmiş hissəsi adlandırmaq olar. Yaradıcılıq baxımından isə bir az vəziyyət başqadır. Boş vaxt var. İşləmək həvəsi olsa, nəsə etmək olar. İndi Zahid Sarıtorpağın "Dərdin sarı çəpkəni və Xaliq Azadinin "Qəm yağışı" romanlarını oxuyuram. Aysel Xanlarqızı Səfərlinin "Karantin boşluğu" şeirlər kitabı məni məftun etdi. Rəfail Tağızadənin "Qarabağ rüzgarları" kitabındakı "Çadır şəhərciyi" poeması məni çox düşündürdü.

 

 

- Ədəbi tənqidə nə vaxtdan başlamısınız? Sualı başqa cür də vermək olar... Sizdə tənqidi məqalələr yazmaq istəyi necə yarandı? 

 

 

-  Ədəbi tənqidə 1979- cu ildə Gəray Fəzlinin "Yeddi ulduzlu səma" romanını oxuyandan sonra başladım,- desəm, düz olar. Balakəndə müəllim işləyirdim. Romanı oxuyub heç ünvanını bilmədiyim Gəray Fəzliyə məktub yazdım və cavab aldım. Gəray müəllim mənim, özü demişkən, nöqtəsi, vergülü yerində olan məktubumdan sevindiyini bildirdi. Az keçməmiş Azərbaycan Televiziyasının Gəray Fəzlinin yaradıcılığına həsr olunmuş verilişində şair Qasım Qasımzadə həmin məktubdan bir neçə cümlə oxudu.

 

 

- Azərbaycan nəsrinin bu gününü necə qiymətləndirirsiniz? 

 

- Əslində, söz sənətini hər dövrünün özünəməxsusluğu var. Bugünkü nəsr artıq cild-cild romanlar dövrünü arxada qoyub. İndi vaxtın qıtlığı, informasiyaların bolluğu zamanıdır. Ona görə də hekayə, povest, roman həcmini dəyişib. Yığcam, konkret, geniş informasiyalı nəsr əsərləri çox oxunur. Özüm də böyük həcmli əsərləri oxumuram. Hövsələm və vaxtım çatmır. Son zamanlarda oxuduğum Zahid Sarıtorpağın "Quşların intiharına inanmayın" romanındakı hadisələr məni, necə deyərlər, yerimdən tərpətdi. Yazıçı bu günün reallıqlarını ustalıqla həcmə kiçik, mənaca dolğun romana yerləşdirib. Kənan Hacının, Ataqamın, Yaşar Bünyadın, Ayaz İranooğlunun hekayə və povestləri, Pərvanə Bayramqızının hekayələri, Əli bəy Azərinin Qarabağ müharibəsi haqqında əsərləri maraqlıdır. Ən başlıca məsələ isə gerçəkliyi, həqiqəti yazmaqdır. Bəzək-düzəksiz olsun, oxucunu inandırsın. Əsas meyar budur mənim üçün.

- Nəsrin parlaq gələcəyinə ümid varmı?

 

- Ümidverici gənclər çoxdur. Onların yazdıqlarını tərifləmək hələ tezdi. Həm də tərif eşitməyə öyrəşməsinlər. İndi tərif də, tənqid də onların yaradıcılığına mane olur. 

 

-  İxtisasca coğrafiyaşünassınız, ona görə də istədim ki, sualımın biri də bu haqda olsun, Bakının küləklər şəhəri olması nə ilə əlaqədardır? 

 

 

-  Mənim ixisasım coğrafiya müəllimi, pedaqoqdur, peşəm hidrometeoroloqdur. Sırf mənim peşəmlə bağlı sualdır. Bəli, Bakı küləkər şəhəridir. Amma Bakı toponimi küləklər şəhəri mənasını vermir. Bəzi tədqiqatçılar onun adının "təpə" mənasında olduğunu yazırlar. Sara Aşurbəyli bu coğrafi adın "Bagi" qəbiləsinin adından yarandığını qeyd edir. Bu versiya daha inandırıcıdır. Ərəb səyyahları Bakıya gəlib onu "Badi-kubə" adlandıranda "Bakı" toponimi vardı. Hətta Xəzər dənizinin coğrafi adlarından biri Bakı olub. O ki qaldı niyə küləklər şəhəridir? Bəli, Bakının və Abşeron yarımadasının azı 250-300 günü küləkldir. Küləklərimiz də millidir -  xəzri və gilavar. Bakının və Xəzər dənizinin küləkli olmasının əsas səbəbi coğrafi mövqeyidir. Şimal Büzlu okeanından gələn Kra antisiklonu Xəzərin şimalından Azərbaycana sanki dar dəhlizdən daxil olur. Yelçəkər yaradır. Mülayim qurşaqdan gələn hava kütlələri isti hava axını gətirir.

- Hansı film və əsərləri tövsiyə edərdiniz?

 

- Mənim ən zəif yerim filmə tamaşa etmək istəyim olmamasıdır. Azərbaycanın retro filmləri mənim üçün Hollivudun məşhur filmlərindən maraqlıdır. Kərbəlayi İsmayıl, Gəray bəy, Qəmlo, hamamçı Xəlil kimi obrazlara indi rast gəlmək olmur. Mən birinci növbədə milli ədəbiyyatımızı mütaliə etməyin tərəfdarıyam. Sabirin "Hophopnamə"si, İsa Muğannanın "İdeal"ı, G.Fəzlinin "Yeddi ulduzlu səm"ası, Sabir Əhmədlinin, Bayram Bayramovun romanlarını oxuyanlar dilimizin zənginliyinə, milli ruhumuzun özəlliyinə bələd olarlar. Dünya ədəbiyyatından V.Hüqonun "Səfillər"i, T.Drayzerin "Cenni Herhardt"ı misilsizdir. Cek Londonun "Həyat eşqi", İ.Turgenevin "Mumu"su şedevrdir.

 

 

- Müsahibəyə görə təşəkkür edirəm.

 

 Söhbəti apardı: Elvin Rizvangil

 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)