Edebiyyat.az » Söhbət » ASİF ATA İLƏ MÜSAHİBƏ: ƏDƏBİYYAT - DÜNYANIN, HƏYATIN, İNSANIN MƏNASINA ÇATMAQ YOLUDUR

ASİF ATA İLƏ MÜSAHİBƏ: ƏDƏBİYYAT - DÜNYANIN, HƏYATIN, İNSANIN MƏNASINA ÇATMAQ YOLUDUR

ASİF ATA İLƏ MÜSAHİBƏ: ƏDƏBİYYAT - DÜNYANIN, HƏYATIN, İNSANIN MƏNASINA ÇATMAQ YOLUDUR
Söhbət
admin
Müəllif:
00:34, 20 sentyabr 2024
317
0
ASİF ATA İLƏ MÜSAHİBƏ: ƏDƏBİYYAT - DÜNYANIN, HƏYATIN, İNSANIN MƏNASINA ÇATMAQ YOLUDUR



İnam Ata (Asif Ata) ilə bu ruhani təmasdan (müsahibədən) 31 il ötdü, 6 Köçəri ayı, 14-cü ildə (06.02.1993) yazılıb. Yazıda imperiyanın caynağından yenicə qurtulmuş, çaşqın durumda olan Azərbaycanın ədəbiyyatla bağlı çoxlu problemlərinə Ata münasibəti var.

İŞIQLI ATALI

***

İşıqlı Atalı: - Müqəddəs Ata, bu təmasım ədəbiyyat mövzusundadır. Məqsədim Atamızın ədəbiyyatla bağlı düşüncələrini təqdim etməkdir. İlk sual belədir: Ocaq və ədəbiyyat. Doğrudanmı ədəbiyyat zamanın, şəraitin məhsuludur?

İnam Ata: - Ocağın məqsədi İnam, yalansız etiqad əsasında İnsanlaşma əməli yaratmaq, Azərbaycanda mahiyyətcə müqəddəslik səviyyəsində yaşayan xalq becərməkdir. Ədəbiyyatın məqsədi həyat hadisələrini mənalandırmaq, onun Mütləq - Əzəli, Əbədi, Sonsuz, Kamil Mahiyyətini aşkara çıxarmaqdır. Bu baxımdan Ocaq ilə Ədəbiyyat arasında qırılmaz bir birlik var.

Çoxları elə bilir ki, ədəbiyyat dünyanı yalnız əks etdirir. Bu, kökündən yanlış bir fikirdir. Ədəbiyyat hadisələri Mənaya, Mahiyyətə yüksəldir. Bu səbəbdən də yaxşı ədəbiyyat mütləq şəraiti ötür, mühiti ötür, yaxşı ədəbiyyat, hətta realist ədəbiyyat belə zamandan üstün olur. Bizdə isə yalnız bir şeyi daim təkrar edirlər ki, ədəbiyyatı zaman yetişdirir, şərait yetişdirir, mühit yetişdirir; unudurlar ki, şərait, mühit, zaman - siyasət yetirir, ayrı-ayrı ictimai quruluşlar yetirir, müəyyən hadisələr yetirir, lakin ədəbiyyatı zaman yetirmir. Əgər ədəbiyyatı zaman yetirirsə, onda ədəbiyyat zamanla gərək heç döyüşməsin. Ədəbiyyat daim zamanla döyüşür. Əgər ədəbiyyatı şərait yaradırsa, onda gərək ədəbiyyat şəraitlə döyüşməsin. O şərait əgər onun anasıdırsa, onda o, "şərait" adlanan anasıyla döyüşməsin. Həmçinin də mühit. Əgər ədəbiyyatı mühit yaradırsa, onda ədəbiyyat gərək öz yaradıcısı ilə döyüşməsin, onu mədh eləsin, vəsf eləsin. Əslində isə dünya ədəbiyyatında böyük nə varsa, ali nə varsa, ülvi nə varsa, o, zamana qarşıdır mühitə qarşıdır, şəraitə qarşıdır. Füzulilər, Nəimilər, Nəsimilər; onların heç biri zamançı olmayıb, şəraitçi olmayıb, mühitçi olmayıb. Hamısı şəraitə qarşı olub, mühitə qarşı olub, zamana qarşı olub, əsas odur ki, dünyaya qarşı olub.

Elə Ocağın da əsas fəlsəfəsi odur ki, İnsan gərək şəraitə sığmasın, mühitə sığmasın, zamana sığmasın, şəraiti, mühiti, zamanı ötsün. Bu səbəbdən də ədəbiyyatla Ocağın yönündə bağlılıq var, o bağlılığı açmaq gərək.

Ədəbiyyatı bizim estetika, bizim tənqid, bizim ədəbiyyat çox balacalandırır, ədəbiyyatın yaradıcı mənası çox qısalır. Onun inikas mənası, əksetdirmə mənası çox şişirdilir; nəinki ədəbiyyat, ümumən insan təfəkkürünün özü təkcə əks eləmir bu dünyanı, onu yaradır, özü də təzədən yaradır. Dünyada aşiqlər olub, Məcnunu isə Füzuli yaradıb. Füzulinin yaratdığı Məcnun Füzulininkidir. Dünyada balaca Hamletlər çox olub, ancaq Şekspirin yaratdığı Hamlet olmayıb dünyada. Çoxlu balaca Qobseklər olub, ancaq Balzakın yaratdığı Qobsek Balzakın yaratdığı Qobsekdir və sairə.

Mənim zənnimcə, vaxt gəlib çatıb ki, ədəbiyyatın Mütləqliyindən əməlli-başlı, heç bir sıxılmadan danışmaq lazımdır. Ədəbiyyat - dünyanın, həyatın, insanın mənasına çatmaq yoludur. Ona görə də Asif Ata Ocağına gərəkli olan, çox emosional, idraki bir vasitədir.

İşıqlı Atalı: - Ədəbiyyatda forma-məzmun məsələsi barədə Ata fikri necədir?

İnam Ata: - Ədəbiyyatın başqa növlərindən fərqi ondadır ki, ədəbiyyatda məzmun gözəlliyi olduğu dərəcədə forma gözəlliyi var. Ədəbiyyat - məzmun gözəlliyi ilə forma gözəlliyinin birliyidir. Forma burada elə-belə yalnız ifadə deyil, o, Mənanın gözəllik səviyyəsində təzahürüdür. Ona görə də ədəbiyyat sözün gözəlliyidir, təkcə mənası deyil. Bu, məsələnin bir tərəfidir.

Başqa idrak növlərində fikir gözəl olmaya bilər, ədəbiyyatda isə gözəl olmayan fikir qeyri-ədəbidir. Ona görə də çox yazıçılar var ki, yaxşı mənalı sözlər deyirlər, fikirlər söyləyirlər, gözəl olmur. İstedad - müəyyən mənada gözəl fikir deməkdir, gözəl söz deməkdir, gözəl səs deməkdir, gözəl rənglərin ahəngi deməkdir. İkinci bir tərəfdən sənətdə məzmunla forma arasında zahirilik və daxililik əlaqələri olmur. Haradasa fikir deyəndə daxili məzmunun zahiri izharı nəzərdə tutulur. Ümumiyyətlə, fikir xaricilik mənasındadır.

İşıqlı Atalı: - Atanın fəlsəfi-bədii tənqidi dünya ədəbi tənqidçiliyində Göy halıdır - bu vaxtacan olmayan. Bu barədə Atanın özündən eşitmək oxucularımız üçün çox maraqlı olardı.

İnam Ata: - İndiyə qədər olan tənqiddə zirvə Belinski tənqididir, eyni zamanda Brandes tənqidi də yüksək qiymətləndirilir. Başqa tənqidçilər də var, ancaq bu iki qütb - Belinski və Georq Brandes əsas sayılır. Bədiyyat da, ayrı-ayrı fəlsəfi fikirlər, düşüncələr də var, inkar etmək olmaz, ancaq mənə bunlar az gəldi: oradakı bədiilik də, fəlsəfilik də az gəldi. Onlar nə qədər istəsələr də, istəməsələr də, hər halda ədəbiyyatın özündən asılı oldular, hədsiz dərəcədə asılı oldular və fəlsəfə burada tam aşkarlanmadı, bədiiyyat da burada tam aşkara çıxmadı. Mən isə Şərq adamı və fəlsəfəyə bağlı olduğum üçün, eyni zamanda bədii ədəbiyyata çox meyil elədiyim üçün elə ilk tənqidçiliyimdən tənqidin yönünü tamamilə dəyişdim. Mənim əsas məqsədim - ədəbiyyatı yaxşı mənada vasitəyə çevirməkdir. Bunun ədəbiyyata qəti ziyanı yoxdur və qəti onu alçaltmır. Ədəbiyyatı vasitəyə çevirmək, ədəbiyyat vasitəsilə dünyanın, həyatın böyük fəlsəfi problemini həll eləmək.

Ədəbiyyat buna çox gözəl imkan verir. Buna ədəbiyyat qədər imkan verən heç nə yoxdur. Yəni əgər filosoflar fikirlərini təsdiq etmək üçün həyata müraciət edirlərsə, burada sən həyatdan artq olana - ədəbiyyata müraciət edirsən: burada filosofluq üçün təzə üfüqlər açılır.

Mənim bütün yazılarım bu filosofluqdur: "Sənət və şəxsiyyət", "Sənət və kəşf", "Fəlsəfə və poeziya", "Yerdəkilərin Göy Həsrəti", "Həqiqət və Yarımhəqiqət", "İnam və Şübhə"...

Bunlar hamısı fəlsəfi məsələlərdir. Beləliklə, burada üstünlük fəlsəfənin özünə verilir. Əgər  Belinskidə ədəbiyyat üstünlük təşkil edirdisə, burada fəlsəfənin özü əsas olur və bu, ədəbiyyatın xüsusiliyini inkar etmir, onu heç cür də alçaltmır, əksinə, onu daha da böyüdür.

Onda rüşeym halında olan balaca fikirlər böyüyür. O dərəcədə ki, yazıçı özü bilmədiyini burada görür. Burada ədəbiyyat öz imkanlarından artıq olur. Bu, həmçinin bədiiyyata da aiddir.

Onu da deyim ki, Azərbaycan ədəbiyyatı nə qədər böyük olsa da, Azərbaycan tənqidi onun yanında balacadır. Hər kəs, mənim zənnimcə, azdan-çoxdan ədəbiyyatçı olan, yaxud özünü ədəbiyyatçı kimi qələmə verən adam başa düşür ki, Mirzə Fətəli Axundov tənqidi mifdir. O, tənqidi əsər yazmayıb, tənqid necə olmalıdır haqda məktublar yazıb. Onun dramaturgiyası özfəaliyyət səviyyəsindədir. Fəlsəfəsi yoxdur. "Kəmalüdövlə məktubları" fəlsəfi əsər deyil, yaxşı bir publisistikadır olsa-olsa. 

Belinskidən öyrəndim, Brandesdən öyrəndim, onlar məni təmin etmədi, özümdən öyrəndim. İndi Azərbaycan ədəbiyyatında Asif Atanın yaratdığı fəlsəfi-bədii tənqid var, heç kəs bunu dana bilməz. Tamamilə təzə və dünya tənqidinin fövqündə.

İşıqlı Atalı: - Müasir Azərbaycan ədəbiyyatı haqqında Ata fikrini bilmək istəyirəm.

İnam Ata: - Müasir Azərbaycan ədəbiyyatı gərək indi tövbə eləsin. Tövbə ədəbiyyatı gərəkdir məncə. Tövbə eləsin ki, yolunu azmışdı. Ayrı-ayrı əsərlər yəqin ki, var. Söhbət yöndən gedir və "sosializm" adlanan bir varlığı süni şəkildə mədh eləyirdi.

Ədəbiyyat özünün mahiyyətindən uzaqlaşmışdı. Ədəbiyyat heç zaman şəraitlə, zamanla uyğunlaşmır, zamanı ötür. Zamana bərabər ədəbiyyat olmayıb. Burada isə hər şey sosializmə bağlanmışdı, kommunizmə bağlanmışdı. O dərəcədə ki, heç kəs görmürdü sosializm də həmişəlik deyil. Konkretlik adıyla ədəbiyyatı cılızlaşdırdılar, Əbədiyyətdən uzaqlaşdırdılar.  Əbədi məsələləri mücərrəd məsələ adıyla damğaladılar. O tendensiya qalıb, beşgünlük ədəbiyyat yarandı. Kommunizmə ilişib qalan ədəbiyyat yarandı, partiyalılıq prinsipinə ilişib qalan ədəbiyyat yarandı. Ədəbiyyatın üfüqləri hədsiz dərəcədə daraldı.

İndi tövbə vaxtıdır. Təzə Füzulilərə qayıtmaq vaxtıdır, Nəsimilərə qayıtmaq vaxtıdır. Ədəbi ideyalar vaxtıdır. Ədəbiyyatın özü olması vaxtıdır: özgələşib ədəbiyyat. 

İşıqlı Atalı: - Ədəbiyyatda xəlqilik və dünyəvilik məsələsinə Ata necə baxır?

İnam Ata: - İndikilər belə düşünürlər ki, əgər məni dünyanın hansısa bir əcnəbi ölkəsi çap edirsə, deməli, mən böyük adamam. İkincisi, əgər kimisə dünya tanıyırsa, o, böyükdür. Bu, illüziyadır. Səni dünya tanıyar, sən dünyada olmazsan. Səni dünya tanımaz, sən dünyada olarsan. Dünyəvilik coğrafi anlayış deyil, dünyəvilik məna anlayışıdır. Dünya boyda məna var sənin yaradıcılığında. Budur dünyəvilik. Sən Nizami Gəncəvi kimi Gəncədən qırağa çıxmazsan, dünyəvi ədəbiyyat yaradarsan. Və sən bizimkilər kimi orada-burada, Fransada, hardasa bir əyalətdə çap olunarsan, sənin ədəbiyyatın heç özünə də lazım olmaz, balaca bir otağına da, nəinki dünyaya.

Şəxsən mənim heç arzum yoxdur ki, məni tanısınlar haradasa. Mən burada otura-otura öz dünyəvi işimi görürəm. Heç dünya məni tanımasın da.

Hədsiz dərəcədə formalçı olmuşuq. Füzulini dünyada tutaq ki, Folknerdən az tanıyırlar, Heminqueydən az tanıyırlar. Məgər onlar bir yerdə Füzulinin bir beytinə bərabərdirlərmi? İndi deyək ki, Folkner böyükdür, Füzuli böyük deyil? Bu səviyyədə anlam var. Bu səviyyədə anlamaq - anlamsızlıqdır. Dünyəvilik - xəlqilik deməkdir. Xüsusi dünyəvilik yoxdur. Əgər xəlqilik əsildirsə, o, elə dünyəvidir. Şərq ölkələrindən başqa muğamatı tanıyan yoxdur. Məgər bunun muğamatın dünyəvi mahiyyətinə bir ziyanı var? Özündən küssün. Mahiyyətcə olan dünyəvidir, mənası dünyəvi mənadır, insanın pillə-pillə artması, müəyyən bir səviyyədə ilahiləşməsidir. Camaat savadsızlığından, idraksızlığından hər şeyi çox bəsitləşdirir, çox asanlaşdırır. Filan sənətkar getdi Amerikada qastrolda oldu, deməli, bu, dünyəvidir. Bu isə burada oturdu "Bayatı-Şiraz" yaratdı, dünyəvi deyil.

Son 70 ildə insanların beyni azaldı. Ona görə çox bəsit, çox yanlış, tələm-tələsik fikirlərlə dolub tənqid də, ədəbiyyat da, fəlsəfə də.    

İşıqlı Atalı: - Atamızın romantizm və naturalizmə qiyməti.

İnam Ata: - Ümumən "izm"lərin əleyhinəyəm indiki səviyyəmdə. Burada çox ehtiyatlı olmaq lazımdır. Yazıçıları bağlayırlar məktəblərə, cərəyanlara bölməyə və yazıçı şəxsiyyəti itir. Məgər Bayron romantik məktəbin nümayəndəsi idi, yoxsa böyük şair idi?

Bu nümayəndəlik, bu məktəblər, bu sxemlər hamısı buxovdur, ədəbiyyat üçündür. Realizm: Balzak olmasaydı, realizm olacaqdı? Mən belə deyərdim: xəyalın gerçəklik üzərində üstünlüyü olur ki, sonra o da gətirib fəlakətə çıxardır və "romantizm" adıyla sxematik şəkildə təsvir olunan hadisə budur. Xəyala vurulurlar, hadisəyə vurulurlar, istəyə vurulurlar Bayronlar; sonra həyat bunların bütün bu istəklərinin hamısını məhv eləyir, onlarda dəhşətli bədbinlik əmələ gəlir. 

 15-ci, Bakı (1993-cü il, fevral)  

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)