Edebiyyat.az » Söhbət » Pol Oster və Kutzee (məktublaşma)

Pol Oster və Kutzee (məktublaşma)

Pol Oster və Kutzee (məktublaşma)
Söhbət
nemət
Müəllif:
10:44, 23 iyul 2019
1 462
0
Pol Oster və Kutzee (məktublaşma)



14-15 İyul, 2008
Əziz Pol,
Dostluğu, dostluğun necə qurulduğunu, bəzi dostluqların belə uzun, bəzilərinin isə (yanlış təyinatla) açıb ağardılmasa da, qəribə şəkildə şərh olunan hissi bağlardan da çox yaşamasının səbəblərini düşünürdüm. Sənə bu mövzuda bir məktub yazıb dostluğun sosial həyatda necə önəmli olması, bizim üçün, xüsusilə də uşaqlıqda necə böyük əhəmiyyət kəsb etməsindən, ancaq bu barədə nə qədər az şey yazılmasından danışacaqdım. Sonra özümdən soruşdum ki, bu həqiqətənmi belədir? 

Bu barədə məktub yazmamışdan əvvəl ötəri bir araşdırma üçün kitabxanaya getdim. Və heyrətə düşdüm, bu qədər yanıla bilməzdim. Kitabxana kataloqundakı siyahıda bu mövzuda yazılmış, çoxu da yeni tarixli bir xeyli kitab gördüm. Amma işi belə qoymadım, bir addım da atıb o kitablara göz gəzdirdim, bax onda, özümü olan hörmətimi az da olsa təzədən qazandım. Haqlıydım, ən azı əlli-əlliyə haqlı çıxmışdım; o kitablardakı dostluq, yoldaşlıq haqqında yazılmış yazıların çoxu maraqsız idi. Deyəsən dostluq müəyyən mənada hələ də müəmmalıdır; dostluğun önəmli olduğunu bilirik, amma insanların niyə dost olduqlarını və nədən dost qaldıqları haqqında ancaq təxminlərimiz var. (Yazıların maraqsız olduğunu deyərkən nəyi nəzərdə tuturam? Dostluğu sevgiylə müqayisə et. Sevgi barəsində deyiləcək yüzlərcə maraqlı şey var. Məsələn, kişilər analarına bənzəyən qadınlarla evlənirlər, daha doğrusu analarını həm xatırladan, həm də xatırlatmayan, həm anaları olan, həm də olmayan qadınlarla. Düzdürmü? Bəlkə hə, bəlkə yox. Maraqlıdırmı? Yüz faiz. İndi keçək dostluğa. Kişilər dost adına kimi seçirlər? Aşağı-yuxarı öz yaşlarında, məsələn, kitabsevərlik kimi ortaq maraq dairəsi olanları seçirlər. Düzdürmü? Bəlkə də. Maraqlıdırmı? Qətiyyən yox.) Kitabxanada oxuduğum yazıların içindən həqiqətən maraqlı olan bəzi müşahidələrin siyahısını yazmaq istəyirəm.

Maddə bir. Aristotel deyir ki, insan cansız nəsnələrlə dost ola bilməz. Əlbəttə ola bilməz! Kim deyib ki, ola bilər? Amma yenə də maraqlıdı: insan qəfildən modern dil fəlsəfəsinin hardan təsirləndiyini başa düşür. Aristotel fəlsəfi təkliflər kimi görünən şeylərin, əslində, qrammatika qaydalarından başqa bir şey olmadığını 2400 il əvvəl deyib. O deyir: “Mən X ilə dostam,” – cümləsində X canlıya aid isim olmalıdır. 

Maddə iki. Çarlz Lamb yazır ki, insanın görmək istəmədiyi dostları da ola bilər. Düzdür, həm də maraqlıdı; dostluq hisslərinin erotik vərdişlərə oxşamadığını göstərməyin bir yolu da budur. 

Maddə üç. Dostlar, ən azından qərbdəki dost kişilər, bir-birlərinə qarşı hansı duyğunu bəslədiklərini haqqında danışmazlar. Bunu sevgililərin boşboğazlığı ilə müqayisə et. Bura qədər elə də maraqlı deyil. Amma həmin dost öləndə, itkinin ağrısı necə dilə gətirilir: “Əfsus, çox gecdi!”(Montenin La Butye ilə, Miltonun Edvard Kinqlə bağlı sözləri). (Sual: Dostluq paradoksallığı olmayan açıq-aşkar bir hiss olduğu üçün bu mövzuda danışılmasa da, sevgi təbiəti etibarilə paradoksal və qərarsız bir duyğu olduğu üçünmü haqqında bu qədər çox söhbət gedir? – Şekspir, Sonetlər.) Sonda, Ford Madoks Fordun “Paradın sonu” adlı əsərində Kristofer Tityensin bir sözü: “Kişi qadınla dost olmaq üçün yatır. Mənası: İnsanın bir qadını özünə məşuqə etməsi sadəcə birinci mərhələdi; əsas ikinci mərhələdi, yənin dost olmaqdır; yatmadığın bir qadınla dost olmaz praktiki olaraq mümkün deyil, çünki aranızda dilə gəlməmiş çox şey var.” Əgər dostluq haqqında maraqlı nəsə demək həqiqətən bu qədər çətindirsə, başqa bir anlayış mümkünlük qazanır: Göründükləri kimi olmayan sevgi və siyasətdən fərqli olaraq, dostluq olduğu kimi görünür. Dostluq şəffafdır. Dostluq haqqında ən maraqlı fikirlər antik dünyadan gəlir. Niyə belədi? Çünki antik dövrdə insanlar fəlsəfi düşüncəni şübhəçi olmaq məcburiyyətində saymırdılar, ya da əksinə, bu qənaətə gəlmişdilər ki, dostluq olduğu kimi görünürsə, fəlsəfənin mövzusu ola bilməz. 

Ən xoş arzularla, Con. 


*** 

Bruklin
29 iyul, 2008 

Əziz Con, 
Bu, illər boyu düşündüyüm məsələlərdən biridi. Deyə bilmərək ki, dostluq barəsində tutarlı bir fikir formalaşdırmışam, amma (beynimdə düşüncələr və xatirələr girdabını qamçılayan) məktubuna cavab kimi, bəlkə də indi bu düşüncəni formalaşdırmağın vaxtıdır. Əvvəlcə düşüncələrimi kişilərin dostluğuyla, kişilərin arasındakı dostluqla, oğlan uşaqlarının yoldaşlığı ilə məhdudlaşdıracam.

1. Bəli, (sənin dediyin kimi) paradoksal duyğular daşımayan, şəffaf dostluqlar var; amma öz təcrübəmdən bunun nümunəsini çox da görməmişəm. Bu da sənin başqa bir deyiminlə bağlı ola bilər: susqunluq. Kişilər dostluqda (ən azı qərbdə) “bir-birlərinə qarşı hansı duyğunu bəslədikləri haqda danışmazlar” fikrində haqlısan. Mən bu fikri bir az da inkişaf etdirib əlavə etmək istəyirəm: kişilər duyğuları haqqında danışmamağa meyillidirlər, nöqtə. Və əgər dostunun hisslərinin necə, ya da nə cür, yaxud nə üçün olduğunu bilməsən, dostunu həqiqətən tanıdığını deyə bilərsənmi? Yenə də dostluq bu xəbərsizliyin qeyri-müəyyənliyi içində çox vaxt illərlə davam edir.

Romanlarımın ən azı üçü birbaşa kişilərin dostluğundan bəhs edir; bir növ kişilərin dostluğu haqqında əhvalatlardı – “Kilidli otaq”, “Levifan”, “Kəhanət gecəsi” – və hər birində də dostlar arasındakı qeyri-müəyyənliyin bu neytral bölgəsi dramaların baş verdiyi səhnələr olur.

Həyatdan bir örnək. Son iyirmi beş ildi ən yaxın dostlarımdan biri (bəlkə də yetkinlik dövrümün ən yaxın dostu), tanıdıqlarımın arasında ən az lal-dinməzlərindən idi. Məndən (on bir yaş) böyükdür; amma xeyli ortaq nöqtəmiz var: İkimiz də yazıçıyıq, ikimiz də dəlicəsinə idman xəstəsiyik, ikimiz də uzun müddətdir mükəmməl qadınlarla evliyik; ən önəmlisi və təsvir edilməsi çətin olanı da, kişinin öz əxlaqını necə yaşaması haqqında dilə gətirilməmiş, amma bölüşdüyümüz ortaq duyğumuz var. Onu çox istəsəm də, dara düşəndə onun üçün hər cür şeyi etməyə hazır olsam da, söhbətlərimizin demək olar ki, hamısı elə-belə, havadan-sudan, maraqsız, çox adi şeylərdir. Başqalarının qəribə gələcək şəkildə stenoqramma kimi qısa donqultularla bir-birimizi başa düşürük. İşimizə (ikimizin də həyatında təkanverici güc olan peşəmizə) gəldikdə isə bu barədə çox nadir hallarda danışırıq.

Bu adamın hisslərini necə gizlətdiyi haqqında bir əhvalat danışım. Bir neçə il əvvəl yeni romanının siqnal nəşri olmalıydı. Ona dedim ki, romanını oxumaq üçün səbrsizliklə gözləyirəm (bəzən bir-birimizə tamamlanmış əlyazmalar göndəririk, bəzən siqnal nəşrlərini gözləyirik), dedi ki, çox yaxında mənə siqnal nəşrini göndərəcək. Kitab sonrakı həftə poçtla gəldi, paketi açdım, kitabın səhifələrinə göz gəzdirdim və qəfildən gördüm ki, kitab mənə ithaf edilib. Təbii ki, çox təsirləndim, həqiqətən çox mütəəssir oldum, amma əsas önəmli olan, dostumun bu haqda bir kəlmə də danışmamış olmasıydı. Xırda bir eyham belə vurmamışdı, kitabı mənə ithaf edəcəyi barədə ən xırda bir şey belə deməmişdi, heç nə. 

Nə demək istəyirəm? Onu tanıdığımı və həm də tanımadığımı demək istəyirəm. Bu bilinməzliyə baxmayaraq, onun dostum, ən yaxın yoldaşım olduğunu söyləmək istəyirəm. Bu adam sabah gedib bank qarət etsə, başıma hava gələr. Digər tərəfdən, arvadını aldatdığını, hansısa binadakı bir evdə gizlətdiyi bir məşuqəsi olduğunu öyrənsəm, xəyal qırıqlığına düşərəm, amma təəccüblənmərəm. Hər şey ola bilər və kişilərin ən yaxın dostlarından belə gizlətdikləri sirrləri var. Dostum arvadına xəyanət etsə, xəyal qırıqlığına düşərəm (çünki onu xətrini çox istədiyim həyat yoldaşına haqsızlıq etmiş sayaram), amma eyni zamanda (mənimlə bunu bölüşmədiyi, deməli dostluğumuzun düşündüyüm qədər yaxın olmadığını aşkara çıxardığı üçün də) inciyərəm. 

(Birdən ağlıma gəldi. Ən yaxşı və ən uzun ömürlü dostluqların təməlində heyranlıq var. İki nəfəri uzun vədədə bir-birinə bağlayan əsas duyğu heyranlıqdır. Bir insanın etdiyi şeylərə, şəxsiyyətinə, dünyada özünə seçdiyi yolda irəliləməsinə heyran olursan. Bu heyranlıq həmin adamı sənin gözündə ucaldır, nəcibləşdirir, onu özündən üstün gördüyün bir mərtəbəyə yüksəldir. O adam da eyni şəkildə sənə heyran olsa və beləcə, səni ucaldıb, nəcibləşdirib, sonra səni özündən üstün gördüyü bir mərtəbəyə yüksəltsə, mütləq bərabərlik məqamına çatmış olursuz. İkinizdə aldığınızdan artığını verir, verdiyinizdən artığını almış olursunuz; bu alış-verişin qarşılıqlı olması ilə dostluq tumurcuqlanır. Juberin qeyd dəftərlərindən bir sitat: “İnsan sadəcə dostlarını inkişaf etdirməklə qalmamalı, dostluğunu da öz içində inkişaf etdirməlidir. Dostluqların böyüməsi üçün qayğı lazımdı, diqqət lazımdı.” Və yenə Juberdən: “Hörmətimizi itirən adamların dostluğunu da itirmiş oluruq”.) 

2. Oğlan uşaqları. Uşaqlıq həyatımızın ən qaynar dövrüdür; çünki bu dövrdə nə ediriksə, çox vaxt ilk dəfə etmiş oluruq. Bu haqda bir xatirəmi bölüşməkdən başqa sözüm yoxdu, amma bu xatirə uşaq olanda, hətta çox balaca ikən belə dostluğa verdiyimiz sonsuz dəyəri təsdiq edir. Beş yaşındaydım. İlk dostum Billi indi xatırlamadığım formada həyatıma daxil oldu. Onu sərrast fikirləri və dəcəllikdə (mənim heç yaxınından keçmədiyim) çox inkişaf etmiş istedadı olan, qəribə, şən biri kimi xatırlayıram. Ciddi nitq qüsuru vardı; danışanda sözləri udar, ağzında əmələ gələn tüpürcək sözləri elə boğardı ki, onun tərcüməçiliyini edən balaca Poldan başqası nə dediyini başa düşməzdi. Zamanımızın çoxunu Nyu-Cersidəki ara məhəllələrdə gəzib ölmüş balaca heyvanları axtararaq – daha çox quş, amma arada bir qurbağa, ya da sincab ölüsü – və leşləri bizim evin yanındakı çiçək bağında basdıraraq keçirirdik. Ciddi mərasimlər təşkil edər, əldəqayırma taxta xaçlar basdırar, gülmək yasağı qoyardıq. Billi qızlara nifrət edər, qadın fiqurları olan boyama kitablarını rəngləməyə yaxın durmazdı və ən sevdiyi rəng yaşıl olduğu üçün, inanardı ki, oyuncaq ayısının damarlarında yaşıl rəngdə qan axır. Ecco Billy. (Nitşenin məşhur “Ecco Homo” kitabına işarədir – tərcüməçidən) Sonra altı yarım, ya da yeddi yaşımıza çatanda, Billi və ailəsi başqa şəhərə köçdülər. Çox kədərləndim, həftələrcə, hətta aylarca dostum üçün darıxdım. Axırda anam boğaza yığıldı və bizə çox bahalıya başa gələn bir şəhərlərarası telefon zəngi ilə Billini yığmağa icazə verdi. Nə danışdığımızı unutmuşam, amma o anda keçirdiyim hissləri bu gün səhər yeməyində nə yediyimi xatırladığım qədər dəqiq xatırlayıram. Sonralar yeniyetməlikdə aşiq olduğum qızla telefonda danışarkən hiss etdiyim hissin eynisiydi. Məktubunda dostluqla sevgi arasında ayrım aparırsan. Çox uşaq olanda, erotik həyatımız hələ başlamamışkən, belə bir ayrım olmur. Dostluqla sevgi eyni şey olur.

3. Dostluq və sevgi eyni şey deyil. Kişilər və qadınlar. Evliliklə dostluq arasındakı fərq. Juberdən son sitat: “Kişi olsaydı dostun olmayacaq qadını, arvadın olaraq seçmə.”

Deyəsən bir az absurd ifadədi (Bir qadın necə kişi ola bilər?), amma nə demək istədiyi aydındı, həm də ki, mahiyyət etibarilə sənin Ford Madoks Fordun “Paradın sonu” əsərindən sitat çəkdiyin o qəribə, “Kişi qadınla danışmaq üçün onunla yatar” cümləsinə verdiyin şərhə də uyğun gəlir.

Evlilik hər şeydən əvvəl söhbətdir və ər-arvad dost olmağı bacarmasalar, o evliliyin uzun ömürlü olmaq şansı çox azdır. Dostluq evliliyi tamamlayan elementdir; amma evlilik, daim inkişaf edən, daim təkamül keçirən, hamıya açıq bir yarış, davamlı şəkildə irəliləyən bir məşğuliyyət, adamı həmişə qarşısındakının dərinliklərinə enməyə və özünü də qarşısındakı ilə əlaqəli şəkildə yenidən yaratmağa məcbur edən münasibətdir; fəqət dostluq saf və bəsitdir (evlilikdən kənar dostluğu nəzərdə tuturam), daha statik, daha kübar, daha səthi, daha detalsızdır. Başqa varlıqlardan dünyaya gələn və öləcəyimiz günə qədər başqa varlıqların arasında yaşamağa məhkum olan sosial varlıqlar olduğumuz üçün dost axtarırıq; amma bir də ən yaxşı evliliklərdə belə zaman-zaman baş verən dava-dalaşları, ehtiraslı fikir ayrılıqlarını, qəzəbli həqarətləri, çırpılan qapıları və sındırılan boşqabları düşün, o saat anlayacaqsan ki, dostluğun tərbiyəli otaqlarında bu cür davranışlara yer yoxdur. Dostluq tərbiyəli davranışlar, nəzakət və dəyişməz mehribanlıq deməkdir. Bir-birinin üstünə qışqıran dostlar çox nadir hallarda yoldaş qalırlar. Bir-birinin üstünə qışqıran ər-arvadlar isə adətən evliliklərini davam etdirir, əksərən də xoşbəxtlik içində yaşayırlar.

Kişilərlə qadınlarla dost ola bilərmi? Məncə, ola bilər. Hər iki tərəf də fiziki arzu hiss etmədiyi müddətcə. İşin içinə cinsəllik girən kimi, bütün hesablar alt-üst olur. 

4. Davamı var. Amma dostluğun başqa özəlliklərini də analiz etmək lazımdır: a) zamanla yox olan və ölən dostluqlar; b) ortaq maraq dairəsi lazım olmayan dostluqlar (iş dostluğu, məktəb dostluğu, əsgər yoldaşlığı); c) ortaq mühit olan dost çevrələri: çox səmimi olan dostlar, daha az səmimi olan, amma çox bəyənilən dostlar, uzaqda yaşayan dostlar, xoş tanışlar və bu kimi dostluqlar; d) Məktubundakı digər nöqtələrə baş vurmadım. 

Nyu-Yorkdan ən səmimi hisslərlə, Pol. 

Tərcümə etdi: Qismət 
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)