Edebiyyat.az » Təqdimat » Yazıçı Osama Dazai

Yazıçı Osama Dazai

Yazıçı Osama Dazai
Təqdimat
nemət
Müəllif:
21:43, 29 fevral 2020
1 859
0
Yazıçı Osama Dazai








“Həyatım utanılacaq hadisələrlə doludur. İnsan həyatının necə bir şey olduğu haqqında heç bir fikrim yoxdur. Doğulduğum üçün üzr istəyirəm.” 


Osamu Dazai (太宰治) 19 iyun 1909-cu ildə Tsuqaru yarımadasının mərkəzinə yaxın yerdə yerləşən kiçik Kanaqi qəsəbəsində doğulmuş yaponiyalı yazardır. O, XX əsrin ən qabaqcıl Yaponiya yazarlarından hesab edilir. Ömrünün böyük bir hissəsini vərəm xəstəliyindən əziyyət çəkərək yaşayıb. Bununla yanaşı, onun spirtli içkilərə və narkotikə bağımlılığı var idi. Əsl adı Şūci Tsuşima (津島修治) olan yazar varlı ailədə doğulmasına baxmayaraq, həyatının hər bir dövründə problemlərlə üzləşib. Atası “Zadəganlar evi”nin bir üzvü idi və buna görə, çox vaxt evdən uzaqlarda olurdu. Anası isə, Şuci hələ 11 yaşında olanda xroniki xəstəlik səbəbilə vəfat etmişdi. Şuci`nin böyüməsində ən böyük rolu onların qulluqçuları oynayıb.


Tsuşima Aomori məktəbində təhsil alıb. O, məktəb dövründə çox savadlı şagird sayılırdı. Xüsusilə də, yazı yazma sənətində. Hətta məktəbin nəşriyyatında redaktə işlərinə də kömək edirdi. Həyatının dəyişməyə başlaması isə, ən çox sevdiyi yazar – Ryunosuke Akutaqava`nın 1927-ci ildə intihar etməsi ilə başladı. O, artıq dərslərinə fikir vermir və spirtli içkilərə meyli günü-gündən artırdı. 10 dekabr 1929-cu ildə son imtahanından bir gün əvvəlki gecə artıq dozada yuxu dərmanı qəbul edərək intihara cəhd etsə də bu, uğurlu alınmadı. İntihar səbəbi isə, səhər olacaq imtahandan keçmə şansının olmaması idi. Ancaq bu hadisədən sonra yalnız növbəti il məzun ola bildi.

Ailədə hamının siyasətə qoşulmaq adətlərinə qarşı çıxaraq yazar olmaq qərarına gəlir və 20 yaşında Tokio Universitetində Fransız ədəbiyyatı bölümünə yazılır. Ancaq sonra təcili dayandırır və oktyabr ayında Hatsuyo Oyama (小山初代) adlı geişa ilə qaçır və bunu eşidən ailəsi onu övladlıqdan çıxarır. Bu hadisədən 9 gün sonra Kamakurada bir çimərlikdə başqa bir qadınla (tam dəqiq olmasa da bu qadının həmin çimərlikdəki barda işləyən 19 yaşlı Şimeko Tanabe (田部シメ子) olduğu aşkar olunur) intihara cəhd edir. Bu hadisədə Tanabe ölsə də Tsuşima yenə ölməyi bacarmır. Onu suda boğulan zaman gəmiçilər xilas edir və o, Tanabe`nin ölümünə görə özünü günahkar hesab edirdi. Bu olanlardan sonra ailəsi polisin araşdırmasına müdaxilə edir və Tsuşima`nın istəyilə dekabr ayında onu Hatsuyo Oyama ilə evləndirirlər. Ancaq bu xoşbəxt ailə həyatı çox çəkmir və Tsuşima Yaponiya Kommunist partiyası ilə olan əlaqələrinə görə yenidən həbs edilir. Bunu öyrənən böyük qardaşı Bunci təcili ona kömək edir və Tsuşima`nı gizlədir. Həmin vaxtda da onun adını təmizə çıxardır. Bunci onun qarşısına dilemma qoyur; ya universitetə diqqət edib, oranı bitirəcək və partiya ilə əlaqələrini kəsəcək, ya da təslim olub həbs cəzası çəkəcək. Tsuşima da birinci təklifi qəbul edir və bütün partiyalardan uzaqlaşaraq yazarlığa başlayır. O, Masuci İbuse adlı yazıçının köməkçisi olmaq şansını əldə edir.

İbusenin yayım orqanları və s. yerlərlə yaxın əlaqələri var idi. Növbəti illər ərzində bir neçə yazılar yazmağına baxmayaraq, ilk dəfə Osamu Dazai adından 1933-cü ildə çıxartdığı ilk qısa hekayə olan “Reşşa” (列車) adlı kitabında istifadə etdi. 1935-ci ildə bəlli oldu ki, Dazai yenə universiteti bitirə bilmədi. Bu azmış kimi onun Tokio qəzetində işləmək istəyi də rədd edildi. Bu uğursuzluqların ardından 19 mart 1935-ci ildə o yenə intihara cəhd etsə də cəhdi uğursuz alındı.
Bu illər ərzində spirtli içkilərlə yanaşı, artıq narkotik də istifadə etməyə başlamışdı. 1936-ci ildə o, narkotikdən xilas olmaq üçün müalicə aldığı dövrdə heç gözləmədiyi bir hadisə baş verir. O xanımı Oyama`nın Dazai`nin ən yaxnı dostu olan Zenşirō Kodate ilə münasibəti olduğunu görür. Bundan sonra Dazai və xanımı Oyama yuxu dərmanı içərək intihar etmək qərarına gəlirlər amma hər ikisi də sağ qalır. Bu hadisədən sonra Dazai ondan ayrılır və çox qısa müddətdə orta məktəb müəllimi olan Miçiko İşihara (石原美知子) ilə evlənir. Dazai`nin ilk qız övladı Sonoko (園子) 1941-ci ildə anadan olur.
Nəhayət ki…
1930-1940-cı illərdə Dazai yazarlığa davam edirdi. Onun ilk hekayəsi olan “Gyofukuki” 1933-cü ildə çıxdı. Sonra isə, “Doke no Hana və Gyakko” (1935)“Kyogen no Kami” (1936) əsərlərini yazdı və bu əsərlərin hər biri 1936-cı ildə “Bannen” adlı kolleksiyada birlikdə yayımlandı.
Müharibə dövründə yenə çətinliklərlə qarşılaşsa da bu illərdə onun 2 övladı dünyaya gəldi. İlk oğlu Masaki (正樹) 1944-cü ildə, ikinci qızı Satoko (里子) (o, gələcəydə Yuko Tsuşima adı ilə yazarlıq edəcək) isə, 1947-ci ildə doğulub.

Müharibədən sonrakı illər isə, Dazai`nin məşhurluğunun pik nöqtəsinə çatdığı dövr hesab olunur. Onun ən məşhur əsəri sayılan “Şayo” 1947-ci ilin iyul ayında yayımlanır. Bu əsər daha çox Şizuko Ota`nın gündəliklərinə əsaslanır ki, bu xanım Dazai ilə 1941-ci ildə tanış olmuşdu və Dazai`nin ən böyük fanatlarından biri idi.
Dazai`nin həyatının hər dövründə spirtli içkilər onun ən yaxın dostu olmuşdu və elə içkinin sayəsində o, Tomie Yamazaki (山崎富栄) ilə tanış oldu. Tomie evləndikdən 10 gün sonra müharibəyə görə ərini itirmiş bir dul qadın idi. Dazai ona o qədər bağlanmışdı ki, hətta həyat yoldaşı və uşaqlarını tərk edərək onunla yaşamağa başladı və elə həmin dövrdə 1948-ci ildə Dazai`nin öz həyatını əks etdirən avto-bioqrafik kitabı sayılan “Ningen şikkaku” əsərini yazdı. “Ningen şikkaku” günümüzdə Yaponiya ədəbiyyatının klassikası sayılır və çoxlu sayda fərqli dillərə tərcümə olunub.

1948-ci ildə Dazai “Guddo bai” (ingiliscə “Goodbye”) adlı uzun metrajlı roman yazmağa başlamışdı ki, bu roman Asahi qəzetində yayımlanacaqdı. Ancaq bu əsər tamamlanmadı. 13 iyun 1948-ci ildə Tomie və Dazai nəhayət ki, həyatlarına son verə bildilər. Güclü yağış yağan və dumanlı bir gündə evlərinin yaxınlığındakı Tamaqava kanalından suya özlərini buraxaraq intiharlarını reallaşdırdılar. Onların ölü bədənləri isə, təsadüf nəticəsində Dazai`nin anadan olduğu gün – 19 iyunda aşkarlanır. Dazai vəfat edəndə 38 yaşında idi və cəmi 6 gün sonra 39 yaşı tamam olacaqdı. Onun məzarı isə, Mitake, Tokioda yerləşən Zenrin-ci məbədindədir.

2009-cu ildə “Aoi Bunqaku” adlı bir anime yayımlandı. Burada 6 klassik Yaponiya ədəbiyyatı nümunəsinin anime versiyaları izləyicilərə təqdim olundu və bunlardan ikisi: “Ningen şikkaku” (“İnsanlıqdan məhrum”, 1-4-cü epizodlar) və “Haşire, Melos!” (“Qaç, Melos!”, 9-10-cu epizodlar) əsərləri Dazai`yə məxsus idi.

Rəşid Ələsgərov © yapon.az 2015
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)