Edebiyyat.az » Təqdimat » Elvin Rizvangil - Qaratelin "Güdaz"ına gedən "Köhnə kişi"

Elvin Rizvangil - Qaratelin "Güdaz"ına gedən "Köhnə kişi"

Elvin Rizvangil - Qaratelin "Güdaz"ına gedən "Köhnə kişi"
Təqdimat
admin
Müəllif:
15:00, 05 may 2022
1 326
0
Elvin Rizvangil - Qaratelin "Güdaz"ına gedən "Köhnə kişi"



 Həmişə Kənan Hacı ilə 20-ci sahədəki Zakirin çayxanasında ədəbiyyatdan, müasir yazıçılardan söhbət düşərkən çayından dərin bir qurtum alıb, boğazını arıtlayıb: "Əliabbas Bağırovun "Köhnə kişi" povestini tapıb oxuyun"- deyirdi. Sözün düzü, Kənan Hacı ilə hər görüşüm mənim üçün ustad dərsidir. Yazı texnikasından tutmuş müasir dünya ədəbiyyatına kimi xeyli faydalı məlumatlar verir. Məncə, mənim kimi köntöy yazı üslubu və pinti dili olan bir yazıçı üçün Kənan Hacı kimi bir dost tanrının hədiyyəsidir. Tək-tük yazıçılardandır ki, paxıllıq etmir və hər yazıçının layiq olduğu qiyməti verir. Hətta onun arxasınca ağzını büzüb: "Kənan dostumuzdur, yaxşı yazıçıdır, amma onun əsərlərini dünyaya çıxartmaq olmaz. Müasir dünya üçün uğursuz yazıçıdır. Kənan Buzovna ilə 28 May metrosunun arasındadır",- deyən müəllif haqqında belə "Nəsri güclü olmasa da, bir neçə yaxşı hekayəsi var. Nəzminə isə söz ola bilməz", demişdi.

Mətləbdən uzaqlaşmayım, pandemiya qadağalarının ən sərt vaxtlarında - 2020-ci ilin fevral ayında Xan əminin xəzinəsindəki kitabların arasından bir kitab tapdım. Kənan da yanımda idi. Kitabın adı "Güdaz" idi. Kənan kitabı əlimdən alıb mündəricatına baxdı və: "Əla... "Köhnə kişi"ni mütləq oxu!" dedi. Ordan çıxaraq 6 nömrəli avtobusa minib gecə növbəsinə yollandım. Elə avtobusdaca kitabı oxumağa başladım. Öncə 4-5 qız atası olan Muradı qınadım. Əri əsgərlikdə olan bir qadını yoldan çıxartmaq bir kişiyə yaraşan hərəkət deyil. Ancaq Qaratelin qardaşının və qaynının Murada etdiklərini öyrənəndə ona bir az haqq verirsən. Ancaq yenə də Muradın hərəkətinə haqq qazandırmaq olmaz. Bəlkə də, Mövlud Süleymanlının o vaxt baş redaktoru olduğu "Azərbaycan" jurnalında bu povesti səkkiz il çap etməməsinin səbəbi də Muradın Azərbaycan kişisinə yaraşmayan hərəkətidir. Povestdə Murada tələ qurulur və həbsə göndərilir. Bu ərəfədə Muradın arvadı Qəndab isə növbəti uşağı dünyaya gətirəndə ölür və Qaratel  gəlib Muradın qızlarına analıq edir. Murad əsərdə Qaratelin güdazına gedən Köhnə kişidir. 

Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında, yəqin ki, bütün tənqidçilər mənimlə razılaşar ki, "Qiyamçı" romanı ən yaxşılardandır. "Köhnə kişi " haqqında yazdığım iki cümləlik status Əliabbas Bağırovla mənim aramda bir körpü oldu. Statusa yazdığı təşəkkür rəyindən sonra  söhbətimiz  məktub qutusunda davam elədi. Bu başı bəlalı qırx səhifəlik povest Əliabbas Bağırovla mənim dostluğuma vasitə oldu.

Mən heç vaxt hər hansı bir əsər və müəllif haqqında yazı yazmamışam. "Yazı yazmamışam" cümləsi bir az böyük səslənir. Daha doğrusu, bacarmıram. Ancaq əsərlərini bir dərs vəsaiti kimi oxuduğum və yazı yazmaq, hadisələri qurmaq, onlar arasında keçidləri öyrəndiyim bu müəllif haqqında bir neçə cümləlik yazı yazmağı özümə borc bildim.

Bu kiçik  yazını əslində bir ad günü təbriki olaraq qəbul etsəniz, yerinə düşər. Bu yazının son cümləsində isə çayımdan dərin bir qurtum alıb sizlərə deyirəm: "A kişilər, "Köhnə kişi"ni  oxuyun! Mütləq oxuyun!"

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)