Edebiyyat.az » Təqdimat » Kənan Hacı - Səs sözə çevrilir | “Dil instinkti və ya dilin tarixi” kitabından (II yazı)

Kənan Hacı - Səs sözə çevrilir | “Dil instinkti və ya dilin tarixi” kitabından (II yazı)

Kənan Hacı - Səs sözə çevrilir | “Dil instinkti və ya dilin tarixi” kitabından (II yazı)
Təqdimat
admin
Müəllif:
10:31, 10 iyun 2022
1 030
0
Kənan Hacı - Səs sözə çevrilir | “Dil instinkti və ya dilin tarixi” kitabından (II yazı)

                  


Hər doğulan uşaq dili yenidən kəşf edir. Heyrətedici faktdır. Dilçi alimlər modern dillərin izlərini öncəki dillərdə tapmasına rəğmən, bu durum bizi tarixin daha dərin qatlarına aparıb çıxarır. Bizim məqsədimiz isə insan oğlunun dili necə yaratdığına şahidlik etməkdir. Yeni dövr Avropa romanının yaradıcısı Fransua Rable “Qarqantua və Pantaqruel” romanında Pantaqruelin diliylə belə yazır:

“Bu, doğru deyil ki, guya bizim təbiət tərəfindən verilmiş hansısa bir dilimiz var. Bütün dillər müxtəlif xalqların sərbəst və şərti yaradıcılığının mahiyyətidir. Dialektlər təsdiqləyir ki, sözlər özlüyündə heç bir məna kəsb etmir, onlara hansı anlamı desən, vermək olar”. 

Yazıçı cəmi iki abzas sonra özünü təkzib edir və əlavə edir ki, Neron zamanında Romaya bir əcnəbi qonaq gəlir, onu teatra aparırlar. Təbii ki, qonaq italyan dilini bilmirmiş, amma səhnədəki aktyorların işarələrlə və bədən hərəkətləri ilə bütün ifadə etdiklərini başa düşürmüş. Xüsusilə bir komediant jestlərlə anlaşmağı elə gözəl bacarırmış ki, sanki onun barmaqları danışır. Mimika və jestlər təbiətin insana bəxş etdiyi anlatma bacarığı deyilmi? Bu yerdə ustad yazıçımız Vaqif Nəsibin “Lalların əli danışır” şeiri yada düşür. 

Sahilsiz göy üzündə

çırpınan əllər görünür.

Neçə lal dənizində

Əl boyda dillər görünür.

İlk insandan başlayan,

əsrləri xışlayan

sözün təməli danışır,

lalların əli danışır.

Sözün təməli... Mahiyyət bu söz birləşməsində gizlənir. İnsan dünyaya gəldiyi andan dil bilgisi mexanizmi işə düşür. İbtidai dövrdə insan səs və hərəkətlərlə danışırmış. Sonra müəyyən çətinliklərlə qarşılaşır və əşyalara ad qoymağa başlayır. Beləcə, dil yaranır.  S.R. Fişer dilin tarixini araşdırarkən nəsli kəsilmiş insan növlərini - homo habilis, homo erektus – tədqiqata cəlb edir. Onların bir-biriylə ünsiyyəti necə yaranıb? Alim belə düşünür ki, erektusun dilinin bizim anladığımız danışıq tərzi olması çox zəif ehtimaldır. Sözlərin embrionik forması haqqında fərziyyələr, gümanlar əsrlər boyu baş alıb gedib, amma konkret bir nəticəyə gəlmək hələ ki, mümkün olmayıb. Fişerin əsəri bu istiqamətdə aparılan araşdırmalara təkan verən ipucları ilə zəngindir. Danışmağa adam tapmayanda belə insan özüylə, itlə, pişiklə, çiçəklərlə, quşlarla danışır. Bu fasiləsiz iç və dış monoloqları dilin inkişafını şərtləndirən amillərdir. 

Texniki inqilablar dövrü isə dilin qarşısında daha geniş imkanlar açdı. Kommunikasiya, qlobal dünya xalqlar arasındakı dil mübadiləsini sürətləndirdi. Sözlər sərhədlər aşır, başqa dillərdə yuva qurur və o dilin tərkib hissəsinə çevrilir. Bu, tamamilə yeni bir paradiqma diktə edir. Bu gün az qala, komyuterlər insan düşüncəsini əvəz etməyə can atır. Kompüterlərin şüurlu olub-olmaması, kainatımızın bir növ simulyasiya olub-olmaması, ağılın insanların unikal keyfiyyəti olub-olmaması və ya çörəyin üzərinə çəkilən kərə yağı kimi kainatın hər tərəfinə yayılıb-yayılmadığı barədə müzakirələr yaranmağa başlayır. Əksər filosoflar inanır ki, təcrübəmiz kəllə sümüyümüzdə kilidlənib və kənarda tamamilə fərqli bir reallığın etibarsız bir təmsilçisidir. Bizə təlqin edilir ki, rəng, qoxu və səs yalnız başımızda olur. Bununla belə, nevroloqlar nə baş verdiyini görmək üçün beynimizin içərisinə baxdıqda, elektrik impulslarını mübadilə edən və kimyəvi maddələr buraxan milyardlarla neyron tapırlar.

Beş il əvvəl, təsadüfi bir söhbətdə Tim Parks bu şərhi alt-üst edən radikal yeni şüur nəzəriyyəsi ilə qarşılaşdı. Bu fakt onu həmin maraqlı mövzu haqqında  kəşflər axtarışına çıxardı.

O, kompleks metafizik mülahizələri və texniki laboratoriya təcrübələrini hamımızın başa düşə biləcəyimiz terminlərlə əhatə edir. Hər şeydən əvvəl, bizi məkanı, zamanı, rəngi, qoxuları, səsləri və hissləri tamamilə yeni bir şəkildə görməyə dəvət edir. Onun yazdıqlarını oxuduqdan sonra bu düşüncələr insana daha real görünür. Təbii, bu proses dillərdə yeni sözlər əmələ gətirir və təbiətin dilini daha dərindən öyrənmək imkanı yaradır. 

Səsdən sözə keçid insanlığın inkişaf tarixini özündə əks etdirir. Növbəti yazımızda bu haqda danışacağıq.


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)