Edebiyyat.az » Təqdimat » Zəhra Hüseynzadə(Klinik psixoloq) - “AĞILLI UŞAQ” TRAVMASI

Zəhra Hüseynzadə(Klinik psixoloq) - “AĞILLI UŞAQ” TRAVMASI

Zəhra Hüseynzadə(Klinik psixoloq) - “AĞILLI UŞAQ” TRAVMASI
Təqdimat
admin
Müəllif:
18:12, 29 mart 2023
2 227
0
Zəhra Hüseynzadə( Klinik psixoloq) - “AĞILLI UŞAQ” TRAVMASI





 

Vatsapımın qəfil atəş sayağı bir neçə ardıcıl dınqıltısını eşidib otağa girdim, mobil telefonumu götürdüm. Asistentim idi, görünür, təcili sözü vardı. Tətbiqi açdım, “Müəllimə, saat dörddəki seans olmayacaq!” mesajını oxudum, ənənəvi “Ok” sözünü yazıb telefonu taxtın üstünə atdım.

Bir neçə dəqiqədən sonra yenə eyni sürətlə lakin bu dəfə daha çox mesaj gəldi. Onları bir-birinin ardınca oxuyanda belə bir şey alınırdı: “Anası yazdı ki, oğlumu razı salmışıq, gəlmək istəyirik. Dedim ki, mən seansı ləğv etmişəm, Zəhra xanıma da söyləmişəm. Xahiş etdi ki, sizinlə danışım; deyir uşağın vəziyyəti ağırdır, həm də güclə razı salmışıq”. Bu dəfə də ənənəyə sadiq qalmağa macal tapmadan ananın yazdıqlarının ekran görüntüsünü mənə yolladı.

Ana oğlunu vasvasılığına, dəfələrlə əllərini yuduğuna və son zamanlar aqressiv davrandığına görə seansa gətirmək istəyirdi, o isə anasına acıqlı cavab verir, gəlmək istəmirmiş. Nəhayət, bir neçə vasitəçinin xahişindən sonra gəlməyə razılıq vermişdi.

Əslində, ilk seansa zorla gətirilən yeniyetmə və gənclərlə çox rastlaşmışam. Hamısının valideyninə deyirəm ki, psixoterapiya psixoloqla pasiyentin birlikdə işlədiyi müalicə prosesidir, bu baxımdan, o, növbəti seanslara mütləq könüllü şəkildə gəlməlidir.

Ailənin ortancıl övladı idi: bir böyük bacısı, bir də kiçik qardaşı vardı. Ortaboylu, enlikürək, sarışın oğlan idi, tez-tez başını aşağı salırdı. Utancaq nəzərə çarpsa da, özünü rahat göstərməyə, ucadan danışmağa çalışırdı. Qısa tanışlıqdan sonra əsas mövzuya keçdik:

- Səni narahat edən əsas məsələ nədir?

- Təklik. İnsanlardan qaçıram.

- Həm təkliyi sevmirsən, həm də insanlardan qaçırsan. Bəs qaçma səbəbin nədir?

- Çünki təhlükəlidirlər, etibarsızdırlar, adamın yumşaqlığından istifadə edirlər.

Anası başqa problemdən şikayətlənirdi, özü başqa. Təbii ki, əsas olan pasiyentin özünün şikayətləridir. Odur ki, belə də davam etdim:

- Deməli, insanlara inanmırsan.

- Mən heç özümə də inanmıram.

- Necə yəni?

- Məsələn, bir işi dəfələrlə təkrarlayıram. Həmişə düşünürəm ki, görəsən, düzgün yerinə yetirdimmi, - deyə anasının dediyinə yaxınlaşdı.

- Məsələn, əllərini dəfələrlə yuyursan, qorxursan ki, təmiz olmaz...

- Bəli, dəfələrlə... çox...

- Bir yerə gedəndə qapının kilidləndiyindən əmin olmaq üçün dəfələrlə yoxlayırsan?

- Bəli, bəli, - gözlərini daha geniş açdı və gülümsəyərək dedi, - baxıb görürəm ki, kilidləmişəm, amma yenə özümə inanmıram. Qazı da hər gecə yoxlayıram, bacıma yoxlatdırıram.

- Məsələn, əllərini niyə bu qədər diqqətlə yuyursan? Qorxursan ki, xəstələnərsən?

- Mən ən çox, pis xəstəliklərdən qorxuram. Onların adı çəkiləndə qulaqlarımı dartıram, “kiş-kiş” deyirəm, - deyib güldü. – Dəli-dəli hərəkətlər! Bu xəstəliklər beynimdən keçəndə də belə edirəm, atam görəndə hirslənir, deyinir.

- Bu hərəkəti etməsən, nə olar?

- Elə bilirəm ki, ya mən, ya da bir yaxınım həmin xəstəliyə tutular.

Dediklərinin hamısı vasvasılığın – obsessiv-kompulsiv pozuntunun əlamətləri idi. Özü bu hərəkət və düşüncələrin məntiqsiz olduğunu bilirdi, amma beyni onunla oyun oynayır, o da təkbaşına öhdəsindən gələ bilmirdi.

- Bu fikirlərdən bezəndə, yorulanda nə edirsən?

- Papçi oynayıram, - deyib gülümsədi, sonra başını aşağı salıb əlavə etdi: - Bəzən üç-dörd saat dayanmadan oynayıram.

- Üç-dörd saat! Papçi üzrə mütəxəssis olmalısan!

- Əlbəttə, - qürurla dilləndi; sanki bayaqdan büzüşüb oturmuş adam deyildi, - kimsə Papçidən danışanda deyirəm ki, gəl yarışaq, sənə Papçinin nə olduğunu göstərim!

Bir anın içində özüylə fəxr etməyə başladı. “Demək ki, Papçi oyunu onun zəif və aciz eqosuna çox yaxşı təsir edirmiş” – deyə öz-özümə düşünüb soruşdum:

- Dostların varmı? Onlarla görüşürsənmi?

- Yaxşı dostlarım olub, amma son zamanlar bir-bir hamısını itirirəm.

- Niyə?

- Çünki hamısıyla aqressiv davranıram. Amma günahkar özləridir, hədlərini aşırlar.

- Məsələn, nə edirlər?

- Şit zarafat edirlər, adamı ələ salırlar...

- Belə edəndə etirazını necə bildirirsən?

- Acılayıb gedirəm və bir də onlarla görüşmürəm; vəssalam. Neçəsi ilə əlaqəni belə kəsmişəm. Onlar küçədə olanda mən evdən çıxmıram, - dedi, qısa pauzadan sonra əlavə etdi: - Əvvəllər belə deyildim, çox dəyişmişəm. Əvvəllər olsaydı, onların yüngül zarafatlarına sadəcə gülümsəyərdim, hirsimdən boğulsam da, büruzə verməzdim, onlara heç nə deməzdim.

- Nə vaxtdan belə dəyişmisən?

- Məncə, doqquzuncu sinifdən sonra. Elə anamgil də belə deyirlər.

Lövhəyə yaxınlaşıb üçsütunlu bir cədvəl çəkdim. Sütunların birincisinə “Passiv”, ikincisinə “Normal”, üçüncüsünə də “Aqressiv” sözlərini yazdım. Hər birini izah edəndən sonra doqquzuncu sinfə qədərki və ondan sonrakı vəziyyətlərinin hansından olduğunu soruşdum.

- Hə, başa düşdüm, - bir az fikirləşəndən sonra dedi. – Əvvəllər passiv olmuşam, indi də aqressivəm.

- Deməli, doqquzuncu sinfə qədər heç kimə etiraz etməmisən, “yox” deməmisən, yəqin ki, hamı da sənə “ağıllı uşaq” deyirmiş – düz başa düşdüm?

- Düzdür, evdə də, məktəbdə məni ən ağıllı uşaq adlandırırdılar, - deyib ağzını əydi, bəlkə, özü də bilmədən bu sözdən yaralı olduğunu nümayiş etdirdi.

- Sənin xoşuna gəlmirdi? – belə “ağıllı uşaq”ların necə psixoloji əzablar çəkdiyini bildiyim üçün soruşdum.

- Yox! Müəllim məni dəcəl uşaqlara, dərsdə danışanlara, deyib-gülənlərə nümunə göstərəndə daxildən çox hirslənirdim, qışqırıb demək istəyirdim ki, müəllim, mən də onlar kimi olmaq istəyirəm, amma bacarmıram. O isə elə bilirdi ki, mən ağıllı, tərbiyəli olduğuma görə yerimdən tərpənmirəm, sinifdə səsim çıxmır, - deyib gözlərini yerə dikdi, amma baxışlarını gizlətsə də, səsindəki çox zəif kövrək tonu gizlədə bilmədi.

- Müəllim səndən dərs soruşanda, lövhəyə çıxaranda nə hiss edirdin?

- Çox həyəcanlanırdım, ürəyim yerindən çıxırdı, - deyə əlini ürəyinin başına qoydu. – Səsim elə titrəyirdi ki, biabır olurdum, əlim buz kimi soyuyurdu.

- Bəs indi necə? İndi də adam içində danışanda stresin olur?

- İndi bir az düzəlmişəm, - göz təması qurmadan, yerə baxaraq söylədi.

Üstündən illər ötsə də, uşaqlıq çağından, “ağıllı uşaq” dövründən acı-acı danışırdı. Onun valideynləri və müəllimləri heç vaxt düşünməzdilər ki, evin, nəslin, hətta məktəbin ən ağıllısı gün gələcək uşaqlıq və yeniyetməlik dönəmini təəssüflə yad edəcək, “ağıllı uşaq” olduğuna görə heyifsilənəcək.

Hekayəmizin qəhrəmanında sosial fobiya, təşviş, depressiya və obsessiv-kompulsiv pozuntuları vardı. Bütün bunların səbəbi isə onun uşaq ikən yanlış istiqamətləndirilməsi, tərbiyəsində ciddi psixoloji nöqsanlara yol verilməsi, qorxularının nəinki aradan qaldırılmaması, hətta “ağıllılıq” və “tərbiyəlilik” adlandırılması idi.

Və belə “ağıllı uşaq”lardan indi də cəmiyyətimizdə nə qədər desən var!

 


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)