Edebiyyat.az » Təqdimat » EDEBİYYAT.AZ SAYTININ 5 YAŞI TAMAM OLDU

EDEBİYYAT.AZ SAYTININ 5 YAŞI TAMAM OLDU

EDEBİYYAT.AZ  SAYTININ 5 YAŞI TAMAM OLDU
Təqdimat
admin
Müəllif:
22:37, 06 aprel 2024
817
0
EDEBİYYAT.AZ SAYTININ 5 YAŞI TAMAM OLDU




    Əziz edebiyyat.az-çılar!

    Beş il əvvəl, mart ayının 5-i, yəni mənim doğum günümdə, həm də yarım yubileydə - 65 yaşımın tamamında bir dost zəng etdi ki, müəllim, bəs, bizi nə vaxt başına yığırsan? 

    Dedim ki, elə bu axşam!

    Və qərarlaşdırdıq ki, şəhərdə, adı NZS olan qəsəbədəki Mübariz Örənin sevdiyi bir mübhəm restoranda bu işi yoluna qoyaq, yəni yığışaq bir yerə. Rasim Qaraca, Mübariz Örən, Pərviz Cəbrayıl, Şərif Ağayar və eləcə də bir neçə gənc dostumuzla həmin məkanda toplaşdıq. (Şəkil də olmalıdır, tapa bilsəm, qoyaram bura. Adını xatırlamadığım dostları orada görə bilərsiniz...  Az sonra ustad Əkrəm Əylisli də, gərək ki, Mübarizin aracılığı ilə tədbirə telefonla qatıldı, xəstə olduğu üçün gələ bilmədiyini bildirdi, xoş sözlər dedi və həkaza... Nə isə, yazının məqsədi bu olmadığından bir faktı qeyd edib, başqa məsələyə adlayacağam.)

    Yeyib-içməyin, sağlıqların şirin yerində mənim dəvət etdiyim gənclərdən biri (belə məclislərə gəncləri hökmən dəvət etmişəm həmişə; yaşlılardan hər mənada nümunə götürsünlər və gör-götür dünyasında nisbətən yaşlı yazıçıların yaxşı və pis cəhətlərini görsünlər) dedi ki, biz bir neçə dost qərara gəlmişik ki, edebiyyat.az adlı sayt açaq və ədəbiyyatımızın inkişafı üçün nələrsə edək; ona görə də xahiş edirik ki, bizim sayta öz yazılarınızla kömək edin. Və o da məlum oldu ki, saytın əsas qurucusu olan  gənc nasir Nemət Mətin gecə növbəsində işdə olduğu üçün bizim məclisə qatıla bilməyib... 

    Mən oradaca üzümü həmin gəncə (o gəncin adını, bilərəkdən çəkmirəm, zira duyumlu ədəbiyyat adamı olsa da, “Yazı”da hekayəsini çap etsəm də, mən ona açıq şəkildə demişdim ki, sənin bədii istedadın yetərli deyil, amma elmi-tənqidi potensialın var və məsləhətdir, yolunu bu səmtdən salasan; deyim ki, o gənc ağıllı adammış, deyəsən, ədəbiyyat adlı bu qorxunc mühitdən birdəfəlik getməyi tərcih etdi...)  tutub dedim ki, bax, burada, ədəbiyyatımızın oturuşmuş adamlarının yanında sizə söz verirəm ki, ədəbi, bədii, publissistik – hər cür yazılarımı ilk dəfə sizin sayta göndərəcəyəm!..

    ...O vaxtdan düz 5 il keçib. Heç bir oliqarxa, deputata, nazirə arxalanmayan edebiyyat.az saytı öz yolu, öz xətti olan bir ədəbiyyat ocağı kimi oxuculara xidmət edir. Deyim ki, bu beş ildə mən verdiyim sözə qismən də olsa, əməl etmişəm. Çoxlu sayda hekayələrim, esselərim, geniş oxucu kütləsi toplayan, yaxşı mənada səs-küyə səbəb olan “Morq çiçəkləri” romanım ilk dəfə bu saytda yayımlanıb. Saytın qurucusu və baş redaktoru Nemət Mətin bu ədəbiyyat ocağının ətrafına istedadlı yazarların cəlb olunmasına çalışır. Düzdür, qonararsız bu iş çox çətindir, amma mümkündür. Məncə, artıq edebiyyat.az mümkün olmayanı edə bilib...

    Əziz edebiyyat.az və Nemət Mətin!

    Saytınıza, çoxsaylı oxucularınıza böyük uğurlar diləyirəm! Və 70-i adlasam da, mümkün qədər yeni yazılar yazmaqda davam edir, elə həmin yazıların bir çoxunun da ilk görücüsü sizin oxucular olmasına cəhd edirəm. Bu günlərdə bitirdiyim “Özünüyaradanlar” romanımın birinci hissəsi artıq sizdə yayımlanıb və mənə xoşdur ki, ilk reaksiya da elə edebiyyat.az-çılardan gəlib!

    Uğurlar arzulayır və 5 yaşınızı ürəkdən qutlayıram!

    Sizin oxucunuz və müəllifiniz AZAD QARADƏRƏLİ.

                                                      05.04.2024


    Kitabsızlığa sürüklənən çağdaş boz-bulanıq cəmiyyətdə kitaba, həqiqi sözə, ədəbiyyatın sabahına tapınan dərgi, sayt yaratmaq, dünya və Azərbaycan ədəbiyyatının incilərindən tutmuş, hələ sözünün qanadları bərkiməmiş gənclərin düşüncələrinə qol-qanad vermək sözün bu gününə, sabahına təmənnasız xidmətdir. İndiki maddiyyat mənəviyyata, mədəniyyətə, əxlaq meyarlarına  meydan oxuyan dövrdə belə işi gənclər öz çiyinlərinə götürüb yeni fikir, fərqli düşüncə axtarışına çıxıblarsa, bu artıq ilahi işdir.

    Mən özümü bəxtəvər sayıram ki, yaşımın ahıl vaxtının son 5-6 ili yaradıcılıq enerjisi, öyrənmək istəyi aşıb-daşan gənc söz adamlarının əhatəsindəyəm. Onlar məndən, mən də onlardan öyrənirəm. Bax, buna görə gənc dostlarımızın ərsəyə gətirdiyi, bu gün yaşından böyük işlər görməyi bacaran edebiyyat.az saytı mənim üçün doğmadır.

    Saytın rəhbərliyinin yazılarıma xüsusi sayğı göstərməsi, fikir mübadiləsi aparması məni ruhlandırır. Gənclərin yaradıcılığını incələdiyim yazılarıma saytın işıq tutması əslində gəncliyə örnəkdir. Yəni onlar qələmdaşlarına, gənc söz mühitinin nümayəndələrinə anladırlar ki, təcrübəli söz adamları gənclik üçün bir məktəbdir.  Saytda yayımlanan “Çağdaş ədəbi gəncliyin düşüncələri”, “Milli ruh milli güzgüdür”, “Gələcəyimizə qalan acı miras”, “Sən niyə yazırsan?”, “Dəli Mehmanın nağılı” və bir çox düşüncələrim  gənclərin yaradıcılığına həsr olunub.

    Sevindiricidir ki, bu gün ədəbi mühitin aparıcı və dartıcı qüvvəsi – lokomotivi gənclərdir.

    Edebiyyat.az saytı və baş redaktor Nemət Mətin doğru yoldadır. İnanıram ki, hələ 5 yaşını – körpəlik çağını yaşayan sayt 50 illik yubileyini də sözsevərlərlə qutlayacaq.

    Sözün, ədəbi fikrin meydanı, səması genişdir, gənc edebiyyat.az-çılar. Sizə möhkəm qanadlar, yaratmaq və yaşamaq enerjisi, təxəyyül sonsuzluğu, söz ömrü arzulayıram.

    5 yaşınız mübarək!


                                    Vaqif  OSMANLI

                                    Araşdırmaçı yazar

                                        05.04.2024

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)