Edebiyyat.az » Təqdimat » Pablo Nerudanın Nobel çıxışı: “Şeir qan və qaranlıqla yazılır”

Pablo Nerudanın Nobel çıxışı: “Şeir qan və qaranlıqla yazılır”

Pablo Nerudanın Nobel çıxışı: “Şeir qan və qaranlıqla yazılır”
Təqdimat
admin
Müəllif:
03:38, 12 iyun 2024
455
0
Pablo Nerudan ın Nobel çıxışı: “Şeir qan və qaranlıqla yazılır”





10 dekabr 1971-ci il

Çox uzaqlardan gəlmişik biz, indi aramızda olan və içimizdə gəzdirdiyimiz uzaqlardan… Başqa bir dildən, bir-birini sevən ölkələrdən gəlmişik. Və burda, Stokholmda toplaşmışıq, ki bu gecə dünyanın mərkəzi buradır. Kimyadan, mikroskoplardan, kibernetikadan, cəbrdən, barometrdən, şeirdən qopub burda toplaşmışıq. Laboratoriyalarımızın qaranlığından, bizi şərəfləndirən və gözümüzü qamaşdıran bu işıqla görüşmək üçün gəlmişik. Biz laureatlar üçün bu işıq həm nəşə, həm də kədər mənbəyidir.


 

Lakin təşəkkürlərimi bildirməzdən və bir nəfəs dərib toparlanmazdan əvvəl, icazə versəydiniz, özümü uzaqlara aparmaq, ölkəmə qayıtmaq və yurdumun gecəsini, sübh vaxtını bir daha gəzmək istəyirəm.

Uşaqlığımın küçələrinə qayıtdım; Cənubi Amerikanın qışlarına, Araukaniyanın yasəmən bağçalarına, qoynuma aldığım ilk qıza, qaldırımın nə olduğunu bilməyən o palçıqlı küçələrə, o torpaqları fəth edərkən qırmızıdərililərdən bizə miras qalan yas libaslarına, bir ölkəyə, işıq axtaran qaranlıq bir qitəyə qayıtdım. Əgər bu zalın işıqları sahilləri və dənizləri aşıb keçmişimi aydınlatsa, şərəf, azadlıq və həyat uğrunda mübarizə aparan Amerika xalqlarının gələcəyi də aydınlanacaqdır.

 

Mən bu cür zamanların təmsilçisiyəm, onların bugünkü mübarizəsidir mənim şeirlərimi dolduran. Əgər hiss etdiyim bu təşəkkür duyğusunu məni mən edən hər kəsi, hətta bu dünyanın unutduqlarını belə əhatə edə biləcək qədər genişlətdimsə, bağışlayın. O unudulanlar həyatımın bu ən xoşbəxt anında mənə öz cümlələrimdən daha gerçək, sıra dağlardan daha yüksək, okeanlardan daha geniş görünür. İnsanlığın belə qələbəlik hissəsinə aid olmaqdan qürur duyuram. Azlığa yox, çoxluğa aidəm, ki onların gözəgözünməz varlığı bu gün burda ətrafımı sarıb.

Bütün bu insanlar adından və öz adımdan bir şair kimi yazdığım əsərlərə görə mənə bu gün yaşadığım bu şərəfi bəxş edən İsveç Akademiyasına təşəkkür edirəm. Əzəmətli meşələri, dərin qar çöküntüləri, bərabərlik və sülh sevgisi, tarazlığı və comərdliyilə dünyanı özünə heyran etdirən bu ölkəyə təşəkkür edirəm. Təşəkkürlərimi etdim və indi əsərlərimə, biz şairləri gözləyən boş səhifələrə qayıdıram. O səhifələr ki, biz onları qan və qaranlıqla doldurmalıyıq, çünki şeir yalnız qan və qaranlıqla yazılır.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)