Edebiyyat.az » AZAD QARADƏRƏLİ - YETMİŞƏ ÇATMAĞIN CƏFASI VƏ SƏFASI

AZAD QARADƏRƏLİ - YETMİŞƏ ÇATMAĞIN CƏFASI VƏ SƏFASI

AZAD QARADƏRƏLİ - YETMİŞƏ ÇATMAĞIN CƏFASI VƏ SƏFASI
---
admin
Müəllif:
16:00, 06 avqust 2026
140
0
AZAD QARADƏRƏLİ - YETMİŞƏ ÇATMAĞIN CƏFASI VƏ SƏFASI


 

                  (Dostum Vaqif Osmanlının 70 yaşına sığallı bir yazı)


 

            Sosial şəbəkəni söyənlərdən fərqli olaraq deyim ki, mən o platformadan xeyli razıyam. Kimin ad günüdür, kimin yubileyidir, iraq-iraq kim dünyasın dəyişib, həmin saatdaca xəbər tuta bilirsən... İllah da olasan ədəbiyyat adamı və qocalıq boynunun ardından basmaq istəsə də, təslim olmadan elə o sosial şəbəkənin verdiyi həzdən xumarlanırsan: “Gürcüstanda hekayən çıxıb”, “Bir gənc xanım sənin yaradıcılığından magistr işi müdafiə edib”, “Əsərlərinin 14-cü cildi çapdan çıxıb”, “Vaqif Osmanlıya həsr olunmuş 70 yaşın işığında” kitabı çapdan çıxıb...


            Pəh! Bu sonuncu xəbərdən keflənməzmiyəm!?

            Uzun illərin dostlarından daha səbatlı, daha vəfalı və daha etibarlı Vaqif Osmanlının 70 yaşı biz dostları üçün bir bayramdır, bir seyrandır və bir də evin sahibəsinin gözündən yayınıb məclis qurmaq kimi bir bəhanədir, qardaşım!

            Vaqif bəyin 70 illiyinə həsr olunmuş kitabı vərəqləyirəm, elə bil dostumun özü ilə söhbətləşirəm. Burada nələr yoxdu?! Hekayələr, xatirələr, anımlar, deyimlər...

            Hekayələrdən biri “Xoşbəxt...” adlanır. Bütün ömrü bədbəxtliklər içində keçən bu qadının adının Xoşbəxt, oğlunun adının Bayram olması da bir əlavə dərddir: ərini, yeganə oğlunu itirən ana axırda havalanır...

            Bütün mənalı ömrünü Xəzərdə keçirən müəllifin Müşfiq haqqında yazısını həyəcansız oxumaq mümkün deyil. Xəzərin sularına baxdıqca nakam şairin məzarını da sanki bu dalğaların qoynunda axtarır...

            Azərbaycan Milli Azadlıq Hərəkatının öncüllərindən olmuş Oqtay Eldəgiz haqqında yazı məndə dərin təəssürat yaratdı. Axı bədii yazılarımdan birində mən də bu azadlıq aşiqinin ömür yoluna qısa da olsa, nəzər yetirmişdim.

            Və dostum, gözəl yazıçı, nakam taleli Tofiq Qəhrəmanovun kitabından bəhs edən mükəmməl yazı! Əslində, o kitabı Vaqifə mən vermiş və xahiş etmişdim ki, oxusun, onu tərpətsə, bir şey yazsın. O isə gözəl bir tədqiqat iş ortaya qoydu...

            ...Fikir verdinizsə, dostum Vaqif talesiz insanlardan yazmağa daha çox üstünlük verir. Görünür, uzun illər talesizlər ölkəsinə çevrilən Vətənimizin insanlarının alın yazısı olmuş talesisliyi bu kitabı ilə silib atmaq istəyib...

            ...Vaqif bəy haqqında kiçik bir yazım var. Osmanlıdan qalan Vaqif Osmanlı” adlanan o yazıdan bəzi parçaları burada xatırlamaq istədim:

            “...Səmimi dost, istedadlı insan Vaqif Osmanlıdan danışmaq istəyirəm.

             Zarafatla ona “Sən Osmanlıdan qalan doğmamızsan” deyirəm. Elə Osmanlı kişilərinə də oxşarı var. Yazı-pozusunda da o köhnə kişilərdən qalma “nırx” boy verir...

             ...Vaqif bəylə tanışlığımızın tarixi çox qısadır. Cəmi bir neçə ildir ki, tanış olmuşuq. Amma tezliklə bu tanışlıq əməkdaşlığa, sonra isə dostluğa çevrildi. Hətta çox qısa müddətdə yaradıcılığım haqqında yazdığı bir neçə məqalənin özəyi əsasında sanballı bir kitab ortaya qoydu...


            Vaqif bəy son dərəcə işgüzar bir qələm adamıdır. Həm də prinsipaldır. Yalnız qəlbinin səsi ilə yazır. Onun maraqlı elmi-tənqidi məqalə və kitabları bir yana, həm də son dərəcə diqqətçəkən şeirləri var. Düşünürəm ki, əgər bu poetik yazılarına bir qədər ciddi yanaşsa idi, indi bəlkə də tanınmış şair idi. Bu yaxınlarda vəfat etmiş ustad Məmməd İsmayıla həsr etdiyi gözəl şeiri də bunu diktə edir.

            O həm də yaxşı ailə başçısıdır. Ailəsinə, övladlarına çox bağlıdır.

            Dostluqda da tayı yoxdur. Hərəkət imkanında azaçıq məhdudiyyət olmasına baxmayaraq gecənin hansı vədəsi çağırsan, hayına yetəndir...

            Bu gün onun doğum günüdür. Səhhətindəki yüngülvari rahatsızlıq imkan vermədi məlum yerdə dostların əhatəsində görüşək.

            Neynək?

            Təki tez sağalsın! Tezliklə görüşərik, dost!

            Doğum günün qutlu olsun! 26.08.2025 ”



            ...Yazının altındakı tarixi elə-belə göstərmədim. İş burasındadır ki, dostumuzun məhz bu tarixdə təkcə doğum günü deyil, həm də 70 illik yubileyidir!

            Cəfa çəkib 70-cən gəlib, onun səfasını da görsün!

            Gözəl insanı, usta qələm sahibini bu müdriklik yaşı münasibəti ilə cani-könüldən təbrik edirəm!

 

                                                                                              06.08.2026.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)