Edebiyyat.az » Ədəbi tənqid » Məleykə Mirzəli - Əziz Nesinin “Taxtalıköydən məktublar”ı bu gün də aktualdır...

Məleykə Mirzəli - Əziz Nesinin “Taxtalıköydən məktublar”ı bu gün də aktualdır...

Məleykə Mirzəli - Əziz Nesinin “Taxtalıköydən məktublar”ı bu gün də aktualdır...
Ədəbi tənqid
nemət
Müəllif:
00:23, 18 fevral 2020
2 699
0
Məleykə Mirzəli - Əziz Nesinin “Taxtalıköydən məktublar”ı bu gün də aktualdır...




 “Taxtalıköy haradır?” – deyə ilk öncə soracağıq. Bizə yaxşı məlumdur ki, vəfat edən hər bir kəsi dəfn edərkən torpaqdan əvvəl üzərinə bir qat taxta düzülür. Beləcə taxta arakəsmə ilə iki dünya arasında sərhəd yaranır, taxtanın altında ölülər, taxtanın üstündə isə dirilər yaşayır. Taxtanın altında “taxtalıköy”ün əhalisi məskunlaşıb. Əsərdən xəbəri olan hər kəs o dəqiqə anlayır ki, əsərin özündə də bir qat aşağı ilə bir qat yuxarılar bəzən kəskin satirik şəkildə, bəzən də yumoristik şəkildə müqayisə olunur. Əsərdə danışan ölülər var, yəni ölü(ölmüş) dirilər. C. Məmmədquluzadə isə diri ölülər yaratmışdı... Povest Ölmüş Eşşəkdən Eşşəkarısına yazılmış 19 məktubdan ibarətdir. Məktubların hər biri cəmiyyətin bir problemini əhatə edir desək, yəqin ki, yanılmarıq. Elə ilk məktubdan Ölmüş Eşşək sağlığında ona dəyər verilmədiyini, lakin indi “burnunun ucundan uzağı görməyən gözlərinə sürməli gözlər, baxışları canalan gözlər” deyə onu yad etdiklərinin şahidi oluruq. Elə burada C. Novruzun “Sağlığında qiymət verin insanlara” şeiri yada düşür:

Ölən kimi yaxşılar da yaxşılaşır,
Yamanlar da yaxşılaşır...
Xatirələr söyləyirik, nekroloqlar qollayırıq,
Hamısını ucdantutma yaxşı deyib o dünyaya yollayırıq.

 Ümumiyyətlə, əsərdə məhz baş obraz kimi bir heyvanın, xüsusilə eşşəyin seçilməsi maraq oyadır. Qeyd edək ki, bu obraz heç Azərbaycan ədəbiyyatı üçün də yad obraz deyil. 1888-ci ildə M.Ə.Talıbovun qələmə aldığı “Kitab yüklü eşşək” romanında, 1894-cü ildə dahi söz ustadı Mirzə Cəlilin ərsəyə gətirdiyi “Danabaş kəndinin əhvalatları” povestində də əsas hadisələr bir eşşəyin ətrafında cərəyan edirdi. İndi təbii haldır ki, Əziz Nesin kimi qələmi qılıncdan iti satirik yazıçının obrazının özündə də bir ifşa məqsədi var imiş. Əsərdə hər cümlə, hətta hər kəlmə böyük sərrastlıqla öz tənqid hədəfini seçmişdir ki, bunlar bəzən bütöv cəmiyyət olur, bəzən isə cəmiyyətin hər hansı bir hissəsi. Bütöv cəmiyyəti əhatə edən məsələlərdən ən başlıcası ictimai bərabərsizlik, varlı və yoxsul təbəqənin arasındakı amansız fərqlərdir. Povestdə xüsusilə bu məsələyə işarə edən bir çox məqamlar var, məsələn: ölmüş Eşşəyi görən biri onun ayaqqabısı ilə bağlı deyir: “ayaqqabısına baxın, çəkməsinin birinin bağı qaradır, o biri ağ”. Eşşək isə özlüyündə “Elə utandım ki... İstədim ayağımın birini gizləyib çəkmə bağımın ayrı rəngdə olduğunu ört-basdır edəm. Amma ölmüş olduğumu yadıma salıb qımıldanmadım”. Daha sonra Eşşəyin xəstəxanada tanış olduğu ölülərdən biri deyir: “Məni təzə qəbiristanlıqda basdıracaqlar. Orada qəbirlər lüks qəbirlərdir. Adlı-sanlı adamları orada basdırırlar”. Digər bir məqamda pullu və pulsuz xəstəxanaların müqayisə edildiyini, pulsuz xəstəxanada ölünün arıqladığını, pullu xəstəxanada isə ölünün kökəldiyini deyir. Yenə başqa məqamda Eşşəyin “öz yeri-yuvası olmayan adamlar üçün fərqi yoxdur. Hara gəldi, ora vərdiş edirlər. Onların “bu yerdə yata bilmərəm” deməyə haqları yoxdur. Bunu ancaq varlılar edə bilər...” fikirləri ilə də qarşılaşırıq. Povestdən cəmiyyətdəki bu fəqliliyi göstərən istənilən qədər nümunə göstərə bilərik. Müəllif hər cümləsində insan faciəsini törədən bu sinfi səbəbləri sərrastcasına göstərir. Povestdə qabardılan ən əsas problemlərdən biri də dövlət idarəçiliyi, buradakı süründürməçilik, görülən işlərdə nizamsızlıq və ya heç bir iş görməmək kimi məsələlər başlıca yeri tutur. Əslinə qalsa, bu məsələnin kökü daha qədimlərə gedib çıxır, XVI əsrdə də Füzuli Osmanlıdakı halı öz “Şikayətnamə” əsərində gözəl şəkildə təsvir edir: “Gördüm ki, sualıma cavabdan qeyri nəsnə verənlər və bu bərat ilə hacətim rəva qılmağa rəva görməzlər, naçar tərki mücadilə qıldım və məyüsu məhrum guşeyi-üzlətimə çəkildim”. Əsərdə süründürməçiliyin ən qırmanclı formada ifşası var – ölünün basdırılmaq üçün süründürülməsi, aylarla gözləməsi və s. Təbii ki, belə bir reallıqdan söhbət gedə bilməz, amma vəziyyətin nə halda olduğunu göstərmək üçün bundan uğurlu təsvir forması ola bilməzdi. Burada sətiraltı mənada yazıçı dövlət orqanlarının, dövlət məmurlarının insanın taleyinə biganə yanaşmasını daha qabarıq göstərməyə çalışır. Bir ölünün basdırılmaq üçün təsdiqini alması, hansısa ölünün morqdan tez çıxarılması digər ölülər tərəfindən “bəxti gətirdi” deyə dəyərləndirilməsi – bunlar hamısı cəmiyyətə işarə idi. Söhbət yalnız həkimdən, xəstədən, səhiyyə sistemindən getmir. Bu əsərin ifşa hədəfləri daha geniş miqyası əhatə edir, Ölmüş Eşşək onu bu şəkildə ifadə edir: “Dövlət idarələrində adamları qulluqçular necə ötürhaötürə salırlarsa, məni də həkimlər eləcə ötürhaötürə saldılar”. Bəzi mənbələrdə əsərin yalnız xəstəxanaların, həkimlərini vəziyyətini göstərən əsər kimi verirlər. Doğrudur, “Səhərdən bəri xəstəxanaları gəzirik. Gah həkim tapılmır, gah tibb bacısı. Həkimlə tibb bacısı tapılanda dərman tapılmır. Bunları tapanda rentgen olmur. Rentgen olanda da xarab çıxıb işləmir” deyilir, lakin əsərə birtərəfli yanaşıb, bununla məhdudlaşdırmaq olmaz. Əziz Nesin məhz o cəmiyyəti təsvir edir ki, ideya daha böyük ifşa məqsədi daşıyır. Əsərdə diqqətimizi çəkən ən ümdə məsələlərdən biri də siyasətlə bağlı sətiraaltı ifşalar idi. Ölmüş Eşşək 8-ci məktubunda yazırdı: “Xoşbəxtlikdən ayrıldığım o dünyada iki cür adamlar – dəlilərlə krallar və bir də cümhuriyyət başçıları mühakimə edilmirlər. Nə istəsələr, edə bilirlər. Onlara sorğu-sual yoxdur”. Bir neçə cümlə ilə artıq hər şey aydınlaşır, əlavə şərhə ehtiyac yoxdur. Ən çox təsirli və maraqlı səhnələrdən biri ölmüş Eşşəyin sorğu-sualı zamanı baş verir. “Taxtalıköyə nə məqsədlə gəlmisən?” deyə soruşulan zaman Eşşək “Azadlıq üçün gəlmişəm” deyir... Povestdə özünü öldürmək istəyən bir gəncdən söhbət açılır, məlum olur ki, bu gənc nə qədər yola baş vursa da, özünü öldürə bilmir: qazla boğmaq istəyir, amma qazı yox imiş; yuxu dərmanı içmək istəyir, amma dərmanlar əks təsir edir; zəhər içir, amma zəhər İstanbulun havası kimi imiş, təsir etmir; ipdən asır, amma ip qırılır; ülgüclə damarını kəsmək istəyir, amma ülgüclər heç saqqal kəsmir; binadan atlanmaq istəyir, yenə alınmır... Məsələ ondadır ki, bunlar intihar problemi kimi təqdim edilsə də, yazıçı kiçik məişət problemi fonunda böyük mətləbləri ifadə edir. Yəni bir insan əlini nəyə atırsa, hamısı zay çıxır, bir insanın ürəyi istəyən heç nəyi edə bilmir. Ə. Nesin cəmiyyətdəki sadə insanları də tənqid etməkdən çəkinmir. Yolda ölüb qalmış Eşşəyə heç kəsin yardım etməməsi, hər kəsin tamaşa etməsi, hərənin bir məsləhət verməsi bunun göstəriciləri idi. Əsərin sonunda Cəhənnəm və Cənnət təsvir olunur. Bu dünyada hər əziyyətə qatlaşan Eşşək Cəhənnəmi özünə ən gözəl məkan bilir, Cənnətdəki hazır-nazırlıq isə ona xoş təsir bağışlamır. Belə çıxır ki, Eşşəyə görə Cəhənnəm Cənnət idi, Cənnət isə Cəhənnəm. İnsanlar bu cəmiyyətdə yaşamaqdansa, ölməyi daha üstün tuturlar. Sonda deyə bilərik ki, Türk dünyasının böyük satiriki Əziz Nesinin “Taxtalıköydən məktublar” povestində qaldırdığı hər bir məsələ bu gün üçün də aktual səslənir.
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)